Məhkəmə qərarları › İş №e-2(010)-1087/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-1087/2023

03.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-1087/2023 03.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh əsas məbləğ üzrə 20485.20 manat, faiz borcu üzrə 1677 manat, cərimə borcu üzrə 225.63 manat, cəmi 22388.73 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 243.88 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə məhkəmədə sadələşdirilmiş icraat qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Hazırda iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı qaldırılmış “borc” tələbinə dair iddianın qiyməti 22388.73 manat olduğu halda kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Halbuki belə iddialara sadələşdirilmiş icraat qaydasında baxılması yolverilməzdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.1.2-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Lakin iddia ərizəsi artıq məhkəmənin icraatına qəbul edildiyindən ərizənin qəbul olunmasından imtina edilməsi mümkün deyil. Belə olan halda iş üzrə icraata xitam verilməlidir. Çünki 22388.73 manat məbləğində qiyməti olan iddiaya kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılması mümkün deyil. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş iddianın qiyməti beş min manatdan yuxarı olduğundan və belə iddiaya kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılması mümkün olmadığından iş üzrə icraata xitam verilməlidir. O da nəzərə alınmalıdır ki, iş üzrə icraata bu əsasla xitam verilməsi iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, ödənilmiş 243.88 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 284-4-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D I: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair iş üzrə icraata xitam verilsin. Ödənilmiş 243.88 manat (iki yüz qırx üç manat səksən səkkiz qəpik) məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia icraatı qaydasında yenidən iddia qaldırmağa mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar