Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1110/2024 02.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehdən İddiaçı xeyrinə 6000 manat və dövlət rüsumu kimi ödənilmiş 80 manat pulun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında şifahi razılaşmaya əsasən iddiaçı 2022-ci ilin dekabr ayında cavabdehə 5800 manat borc vermiş, cavabdeh isə həmin məbləğdən 1800 manatı iddiaçıya qaytarmış və 4000 manat borcu qalmışdır. Bundan başqa iddiaçı cavabdehin xahişi ilə 2021-ci ilin sentyabr ayında ona dəyərini özü (yəni cavabdeh) ödəmək şərtilə qiyməti 2000 manat olan “İphone” markalı telefon almış, lakin cavabdeh telefonun satış qiymətini ödəmədiyi üçün iddiaçı həmin məbləği ödəmişdir. Hazırda cavabdehin iddiaçıya 6000 manat borcu vardır. Cavabdeh Səbail RPİ 41-ci PB-də verdiyi xx.xx.2023-cü il tarixli izahatında iddiaçıya 6000 manat borcunun olduğunu etiraf etmiş, lakin borcu ödəməmişdir. Odur ki, borc məhkəmə qaydasında tutulmalıdır. Tərəflərin izahatları Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, hazırki mübahisə üzrə tərəflər tanışdırlar. Cavabdeh iddiaçının evində qulluqçu (aşbaz) işləyib. Cavabdeh anasının müalicəsi üçün iddiaçıdan borc pul istəmiş, lakin aldığı borcun tam qaytarmamışdır. Həmin borcdan hazırda 1800 manat ödənilsə də, 4000 manat məbləğində borc hələ də qalmaqdadır. Qeyd edilənlərdən əlavə olaraq cavabdeh iddiaçıdan telefon almaq məqsədilə 2000 manat məbləğində borc da almışdır. Cavabdeh polis bölməsində olarkən aldığı borcları özü etiraf etsə də, həmin borcun ödənilməsini təmin etməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsində İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli izahatından və ərizəsindən müəyyən olunur ki, yaşadığı evdə xadimə işləyən Kifayət adlı şəxs 4-5 il olar ki, bu işdə çalışır. İl yarım bundan qabaq Kifayətin ehtiyacı olduğu üçün ona 5800 manat məbləğində borc pul vermişdir. Kifayət işlədiyi müddətdə borcunun 1800 manatını geri qaytarsa da, qalan 4000 manat borcunu geri qaytarmamışdır. Həmçinin 2000 manat dəyərində mobil telefon onun vasitəsilə dükandan götürülmüş və telefonun da ödənişini etməmişdir. Beləliklə, ona olan 6000 manat məbləğində borcunu geri ödəməmişdir. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsində Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli izahatdan müəyyən olunur ki, o, qızı X2 ilə birliktə izahatda göstərilə ünvanda (Bakı şəhəri, Yasamal rayonu “Jasmin Park” yaşayış kompleksi) yaşayır. O, Tural müəllimin evində 3 il xadimə və aşbaz işlədiyi dövrdə anası X1 xəstəliyinə görə 5800 manat məbləğində pulu Tural müəllimdən borc almışdır. İşlədiyi müddətdə 1800 manatı ödəmiş, 4000 manatı isə ödəyə bilməmişdir. Həmçinin Tural müəllimin tanışı ona 2000 manat dəyərində “İphone 12” markalı telefon vermişdir. Tural müəllimin və telefonun pulunu işdən çıxdığına görə ödəyə bilməmişdir. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan müəyyən olunur ki, şikayət ərizəsində göstərilən məsələlər mülki xarakterli olduğu üçün ona rayon (şəhər) məhkəməsinə müraciət edilməsi tövsiyə olunmuşdur. xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən müəyyən olunur ki, İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəları gözləməlidirlər. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: Maddə 114.1.1. qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə; Maddə 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçı cavabdehə 5800 manat məbləğində borc vermişdir, cavabdeh həmin məbləğdən 1800 manat geri qaytarmış, lakin 4000 manatı ödəməmişdir. Bundan əlavə cavabdehin 2000 manat dəyərində telefonun pulunu ödəyə bilmədiyi üçün də həmin pulu iddiaçı ödəyərək ona geri verməsini tələb etmişdir. Lakin cavabdeh işləməməsi səbəbindən ondan tələb olunan məbləği ödəməmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləğindən asılı olaraq qanunverici onun etibarlı əqd olması üçün forması ilə bağlı qaydalar müəyyənləşdirmişdir. Belə ki, borc müqaviləsi tərəflərin razılaşması ilə əlaqədar şifahi və yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır Tərəflər arasında borc münasibətləri ayrı-ayrı məbləğlərə görə yaranmışdır( 2000 manat və 5800 manat). 2000 manat məbləğində borca münasibətdə məhkəmə qeyd edir ki, tərəflər müqavilənin etibarlılıq şərtlərinə riayət etmiş, iddiaçı cavabdehə qaytarılması şərti ilə 2000 manat məbləğində borc pul vermiş, lakin cavabdeh həmin məbləği geri qaytarmayaraq üzərinə düşən öhdəliyi icra etməmişdir. Cavadehin bu davranışı ilə MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Məhkəmə tələb olunan 4000 manat məbləğində pula münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Məhkəmə qeyd edir ki, tərəflər 5800 manata münasibətdə borc müqaviləsinin bağlanmasında qanunvericiliklə tələb olunan formaya riayət etməmişdirlər ( predmet üç min manatdan çox olduğu üçün yazılı forma mütləq hesab edilmişdir). Belə halda iddiaçının etibarlı əqd üzrə tələb hüququ mövcud deyildir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Məhkəmə qeyd edir ki, borc müqaviləsi etibarsız hesab edilsə də, İddiaçı əhəmiyyətsiz əqd əsasında əsassız varlanmaya görə cavabdehdən həmin məbləğin qaytarılmasını tələb etmək hüququ vardır. Belə ki, Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçı tərəfindən ona verilən pul vəsaiti hesabına əsassız varlanmışdır. Məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İş materialında olan cavabdehin polis bölməsində verdiyi izahatı ilə iddiaçının qeyd olunan məbləğdə pulu cavabdehə verməsi və cavabdehin həmin pulu iddiaçıya qaytarmaması sübut olunmuşdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etdiyi halda cavabdeh bunu təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən iddia tələbi təmin edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüquq müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bununla da iddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanunu ilə müəyyən edilmiş dövlət rüsumunu artıq ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 80 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən artıq ödənilmiş 20 manat məbləğində dövlət rüsumu isə dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6000 manat məbləğində pul və 80 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməli və artıq ödənilmiş 20 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 6000 (altı min) manat pul və dövlət rüsumu kimi ödənilmiş 80 (səksən) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Artıq ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu (xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-1110/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1110/2024
02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver