Məhkəmə qərarları › İş №e-2(010)-1119/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1119/2023

13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1119/2023 13.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X3 qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İşin halları:

1. Tərəflər təxminən 3 ilə yaxındır ki, N Saylı Hərbi Hissədə bir yerdə işləyərək tanış olmuşdur və hal-hazırda bir yerdə işləyirlər. Bir müddət sonra onlar iş yoldaşları arasında növbəlilik prinsipi ilə lotereya oynamağa başlayıblar. İddiaçı iş yoldaşı olduğu üçün imtina etməmişdir. Lakin onun növbəsində yığılan 8000 manat pulu cavabdeh ona qaytarmamışdır. Bundan sonra onlar öz aralarında razılaşaraq ona olan borcunu hər ay 400 manat olmaqla qaytarmağa söz vermiş, bunu təsdiq etmək üçün 7 saylı Asan xidmət mərkəzinin notariat ofisində borc müqaviləsi bağlamışlar. Borc müqaviləsində cavabdeh həmin pulu 2024-cü ilin aprel ayına kimi hər ay 400 manat olmaqla ödəməyə söz vermişdir. Lakin Cavabdeh ona olan borcundan bu günə kimi cəmi 1 ay, yəni 400 manat ödəniş etmişdir. Onun cavabdehə borcunun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq o, borcunu ödəməkdən yayınır.

İddiaçının tələbi.

2. Cavabdeh İddiaçı xeyrinə 7600 manat məbləğində borcun və iddiaçı tərəfindən ödənilmiş 96 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

3. İddiaçı, onun nümayəndəsi və vəkili Zamiq İsayev məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər.

4. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək, izahatında göstərmişdir ki, qəza keçirtdiyi üçün ödənişləri edə bilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etdi.

İş materialları.

5. 7 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisində təsdiq olunmuş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh xx.xx.2024-cü il tarixinədək aylıq 400 manat ödəmək şərtilə 8000 manat məbləğində pul vəsaiti vermişdir.

6. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh 400 manat pul vəsaitini 410400D**********234 nömrəli hesaba köçürmüşdür.

7. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 96 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

8. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan ərizədən görünür ki, o, iddia tələbini qəbul edir, iddianın təmin olunmasına etiraz etmir.

İşin faktiki halları.

9. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.

Tətbiq edilən hüquq.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 428.4. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi.

12. Məhkəmə proses iştirakçılarını dinləyib iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

13. Belə ki, cavabdeh kredit müqaviləsi əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuş, lakin öhdəliyini lazımınca icra etməmişdir.

14. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün Cavabdeh 7600 manat məbləğində borcun tutulması barədə iddia tələbi əsaslıdır.

15. Beləliklə, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən lazmınca icra edilməməsi işin materialları, məhkəmə iclasında verilmiş iddiaçının və cavabdehin izahatları, həmçinin cavabdehin məhkəməyə ünvanladığı ərizə və işin digər materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı verdiyi borcu tələb etməkdə haqlıdır.

Məhkəmə xərcləri.

16. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 96 manat dövlət rüsumu ödəmişdir.

17. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

19. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə cavabdehdən 7600 manat məbləğində borc və ödənilmiş 96 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir.

20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 7600 (yeddi min altı yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 96 (doxsan altı) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar