Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1125/2025 07.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə xx.xx.2022-c il tarixdın xx.xx.2022-ci il tarixi aralığında olan ödəniş qəbzlərinə əsasən 17275 manat məbləğində borcun tutulması, həmçinin iddia ərizəsi üçün ödənilmiş 141,83 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ildən 2023-cü ilədək olan müddət ərzində əvvəllər birlikdə işlədiyi Cavabdeh vasitəsilə müəyyən məişət texnikaları və mobil telefonlar sifariş etmişdir. Cavabdeh əlavə olaraq ölkə xaricindən məişət texnikalarının və mobil telefonların gətirilməsi işi ilə də məşğul olduğunu və həmin malların Azərbaycan Respublikasındakı bazar qiymətindən əhəmiyyətli məbləğdə ucuz qiymətə satması barədə ona məlumat vermişdir. Bu istiqamətdə 2022-ci ilin oktyabr ayında aralarında razılaşma baş tutmuş və bundan sonra xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixi aralığında müəyyən məişət texnikaları və mobil telefonları almaq məqsədi ilə tərəfindən Cavabdeh ümumilikdə 20.275,00 (iyirmi min iki yüz yetmiş beş) manat məbləğində pul vəsaiti ödənilmişdir. Pul vəsaitlərinin ödənilməsini hissə-hissə olmaqla ödəniş terminalları vasitəsi ilə həyata keçirmiş və bütün ödənişləri təsdiq edən qəbzlərin surətlərini iddia ərizəsinə əlavə qismində təqdim etmişdir. Cavabdeh sifariş etdiyi məişət texnikaları və mobil telefonları onların ödənişlərinin həyata keçirilməsindən sonra 2 (iki) həftə ərzində təhvil verməsi barədə öhdəlik götürmüşdür. Daha sonra sifariş etdiyi malların təhvil verilməsində gecikmələr baş vermiş və cavabdeh il sonu ilə əlaqədar gömrük orqanlarında yüklənmələrin çox olmasını bəhanə gətirərək malların çatdırılmasını qeyrimüəyyən müddətə kimi gözləməyini bildirmişdir. Bundan sonra Cavabdeh bu istiqamətdəki fəaliyyəti onda ciddi şübhələr doğurmuşdur. Bir qədər araşdırma apardıqdan sonra iş yerlərində bir çox əməkdaşları bu üsulla aldatdığını öyrənmişdir. Bu barədə özü ilə dəfələrlə danışıqlar aparmış və ödədiyi vəsaitlərin tam şəkildə dərhal geri qaytarılmasını tələb etmişdir. Beləliklə, müəyyən olundu ki, sifariş etdiyi məişət texnikaları və mobil telefonlar ümumilikdə xaricdən gətirilmir. Belə ki, Cavabdeh son illərdə cəmiyyətdə müxtəlif adlarla (Piramida, Səadət zənciri, Şəbəkə və s) məşhur olan fırıldaqçılıq mexanizmi qurmuş və bu üsulla xeyli məbləğdə əlində vəsait cəmləşdirmişdir. Daha sonra ödədiyi vəsaitlərin dərhal geri qaytarılması istiqamətində Cavabdeh ilə ciddi danışıqlar aparmış və ödənişləri qaytarmadığı halda onun barəsində hüquq mühafizə orqanlarına şikayət edəcəyini bildirmişdir. Bu minvalla Cavabdeh 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar ayında ümumilikdə 3000 (üç min) manat məbləğində vəsaiti hissə-hissə ona geri qaytarmış və daha ödəniş etmək iqtidarında olmadığını və vəsaiti ödəməyəcəyini açıqca bildirmişdir. 2023-cü ilin fevral ayında Bakı şəhəri Yasamal RPİ-yə Cavabdeh dələduzluq faktları barədə şikayət etmişdir. Yasamal RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Nadir Heydərov tərəfindən aparılan araşdırmanın nəticəsi olaraq, toplanmış materiallarda cinayət hadisəsinin olmaması səbəbindən xx.xx.2023-cü il tarixində Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərar qəbul edildi. Müstəntiq tərəfindən aparılan araşdırma zamanı Cavabdeh izahatı alınmış və o öz izahatında həqiqətən də pul vəsaitlərini aldığını, 3000 (üç min) manat məbləğində hissəsini geri qaytardığını və 17300 (on yeddi min üç yüz) manat məbləğində borclu qaldığını etiraf etmiş və bu barədə Qərarda təsdiqedici məlumatlar öz əksini tapmışdır. Tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli borcun ödənilməsinə dair bildiriş göndərilsə də, tələb onun tərəfindən icra edilməmişdir. Eyni zamanda, tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 141,83 manat dövlət rüsumu ödənilmişdir. Cari tarixdə Cavabdeh ilə hər hansı formada əlaqə yaratmaq mümkün deyildir. Borc yarandığı gündən bu günədək dəfələrlə cəhd etməyinə baxmayaraq borcun ödənilməsini təmin edə bilməmiş və cavabdeh tərəf ödənişlərin həyata keçirilməsi istiqamətdinə hər hansı addım atmır.
Tərəflərin izahatları.
3. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır.
İş materialları.
5. Ödəniş qəbzlərinin ksero-surətlərindən müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh 855 manat, 900 manat, 810 manat, 1450 manat, 3350 manat, 4400 manat, 1890 manat, 3700 manat pul vəsaitinin ödənilməsini həyata keçirilmişdir. 6.İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış Bildirişin surətindən müəyyən olunur ki, borc üzrə öhdəliyin yerinə yetirilməsi və öhdəlik yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəkdir. 7.xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən müəyyən olunur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət hadisəsi olmadığı üçün material üzrə cinayət işi başlanması rədd edilməsi qərara alınmışdır.
8. Cavabdeh Yasamal RPİ-nin 28-ci polis bölməsinə verdiyi izahatdan müəyyən olunur ki, gömrükdə malların gətirilməsinə limit qoyulduğundan o, Nəcəfin və digər şəxslərin sifariş verdiyi malları gətirə bilməmişdir. Buna görə də o Nəcəfə borclu qaldığı 20300 manat pul vəsaitindən 3000 manat pul vəsaitini qaytarmış və ona 17300 manat borclu qalmışdır.
İşin faktiki halları.
9. İddiaçı 2021-ci ildən 2023-cü ilədək olan müddət ərzində əvvəllər birlikdə işlədiyi Cavabdeh vasitəsilə müəyyən məişət texnikaları və mobil telefonlar sifariş etmişdir. Bu istiqamətdə 2022-ci il tarixdə Cavabdeh ümumilikdə 20.275,00 (iyirmi min iki yüz yetmiş beş) manat məbləğində pul vəsaiti ödənilmişdir. Cavabdeh sifariş etdiyi məişət texnikaları və mobil telefonları onların ödənişlərinin həyata keçirilməsindən sonra iki həftə ərzində təhvil verməsi barədə öhdəlik götürmüş olsa da, bu öhdəliyi yerinə yetirməmiş və İddiaçı ödədiyi vəsaitlərin dərhal geri qaytarılmasını tələb etmişdir. Cavabdeh 3000 (üç min) manat məbləğində vəsaiti hissə-hissə ona geri qaytarmışdır. İddiaçı Cavabdeh barəsində şikayət ərizəsi ilə Yasamal RPİ-nə müraciət etmiş və Bakı şəhəri Yasamal RPİ tərəfindən xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanılması rədd edilmişdir. Cavabdeh Yasamal RPİ-nin 28-ci polis bölməsinə verdiyi izahatdan müəyyən olunur ki, gömrükdə malların gətirilməsinə limit qoyulduğundan o, Nəcəfin və digər şəxslərin sifariş verdiyi malları gətirə bilməmişdir. Buna görə də o Nəcəfə borclu qaldığı 20300 manat pul vəsaitindən 3000 manat pul vəsaitini qaytarmış və ona 17300 manat borclu qalmışdır.
Tətbiq edilən hüquq.
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 779. Vəkalət alanın məsuliyyəti 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Maddə 786. Tapşırıq müqaviləsinin qüvvəsinə xitam verilməsi 786.1. Tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
11.Azərbaycan Respublikasının Gömrük Məcəlləsi
Maddə 299. Fiziki şəxslər tərəfindən malların gömrük sərhədindən keçirilməsi qaydaları 299.1. Gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması bu Məcəllənin 214cü maddəsi, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qadağan edilmiş mallar istisna olmaqla, fiziki şəxslər istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi güzəştli və sadələşdirilmiş qaydada keçirirlər. 299.2. Malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, onların fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında müəyyən edilir. 299.3. Fiziki şəxslər gömrük sərhədindən malları istehsal, yaxud kommersiya məqsədləri üçün keçirərkən, gömrük rəsmiləşdirilməsinin bu Məcəllə ilə müəyyən olunmuş ümumi qaydaları tətbiq olunur. 299.4. Fiziki şəxs gömrük sərhədindən keçirmək istədiyi malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin əvvəlcədən müəyyənləşdirmək məqsədilə gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Həmin müraciət əsasında bu Məcəllənin 50-ci maddəsinə müvafiq olaraq malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından icrası gömrük orqanları üçün məcburi olan qərar qəbul edilir. 12 .Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci tarixli qərarı.
Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
14. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi
Məhkəmənin mövqeyi.
15. İşin faktiki hallarından görünür ki, İddiaçı 2021-ci ildən 2023-cü ilədək olan müddət ərzində əvvəllər birlikdə işlədiyi Cavabdeh müəyyən məişət texnikalarının və mobil telefonların gətirilməsini sifariş vermişdir. Bu istiqamətdə 2022-ci ildə Cavabdeh ümumilikdə 20.275,00 (iyirmi min iki yüz yetmiş beş) manat məbləğində pul vəsaiti ödənilmişdir. Cavabdeh ona sifariş olunan məişət texnikaları və mobil telefonları onların ödənişlərinin həyata keçirilməsindən sonra iki həftə ərzində təhvil verməsi barədə öhdəlik götürmüş olsa da, bu öhdəliyi yerinə yetirməmiş və İddiaçı ödədiyi vəsaitlərin dərhal geri qaytarılmasını tələb etmişdir. Cavabdeh 3000 (üç min) manat məbləğində vəsaiti hissəhissə ona geri qaytarmışdır. İddiaçı Cavabdeh barəsində şikayət ərizəsi ilə Yasamal RPİnə müraciət etmiş və Bakı şəhəri Yasamal RPİ tərəfindən xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanılması rədd edilmişdir. Cavabdeh Yasamal RPİ-nin 28-ci polis bölməsinə verdiyi izahatdan müəyyən olunur ki, gömrükdə malların gətirilməsinə limit qoyulduğundan o, Nəcəfin və digər şəxslərin sifariş verdiyi malları gətirə bilməmişdir. Buna görə də o Nəcəfə borclu qaldığı 20300 manat pul vəsaitindən 3000 manat pul vəsaitini qaytarmış və ona 17300 manat borclu qalmışdır.
16. İddiaçı tərəf onun tərəfindən pul vəsaitinin hissə-hissə ödənilməsini təsdiq edən ödəniş qəbzlərini və ona əlavə olunmuş sənədləri təqdim edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
17. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.
18. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçı tərəf xarici ölkələrdən məişət texnikalarının və mobil telefonların gətirilməsi ilə bağlı cavabdeh tərəflə şifahi qaydada tapşırıq müqaviləsi bağlayıb və tərəfə bu barədə tapşırıq vermişdir. Hazırda tapşırığın icra olunması üçün pul vəsaitinin verilməsi iddiaçı tərəfindən təqdim olunmuş sübutlarla və tapşırığı həyata keçirməyi öhdəsinə götürən cavabdehin polis idarəsində verdiyi izahatla müəyyən olunur.
19. Məhkəmə hesab edir ki, tərəflər arasında şifahi qaydada tapşırıq müqaviləsi bağlansa belə, həmin müqavilə Mülki Məcəllənin tələblərinə uyğun bağlanmamışdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).
20. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda, iddiaçı ilə cavabdeh arasında tapşırıq müqaviləsinin mövcud olması qeyd edilsə də, həmin müqavilənin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun bağlanması vacibdir. Lakin iş materiallarından cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olması və onun həmin tapşırığı icra edə bilməsi səlahiyyətində olması müəyyən olunmur. Bu halda məhkəmə hesab edir ki, cavabdeh əsassız varlanma nəticəsində əldə etdiklərini qaytarmaq vəzifəsi daşıyır.
Məhkəmə xərcləri.
21. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 141,83 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.
22. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi - 141,83 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
23. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 17275 manat pul vəsaiti və 141,83 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 17275 (on yeddi min iki yüz yetmiş beş) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh 141.83 (bir yüz qırx bir manat, səksən üç qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Talıbova