Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1135/2023 31.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı “X8 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı “X8 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh “X8 Azərbaycan” QSC-nin xeyrinə 1614,91 manat əsas borc, 244,85 manat faiz borcu, 1072,01 manat cərimə borcu olmaqla, cəmi 2931,77 manat borcun və 49,31 manat ödənilmiş dövlət rüsumunun barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-cü il ildə “X8 Azərbaycan” QSC və Rzayev Nadir Vəli oğlu arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Rzayev Nadir Vəli oğluna istehlak yönümlü 3600 manat məbləğində pul ayrılmışdır və о, 36 ay müddətində kreditin əsas məbləği və оna illik 25 % dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. Odur ki, iddianın təmin edilməsi xahiş edilmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən “X8 Azərbaycan” QSC-yə əsas məbləğ üzrə borc: 1614.91 manat, faiz borcu 244.85 manat, cərimə borcu 1072.01 manat, cəmi borc 2931.77 manat təşkil edir. Rzayev Nadir Vəli oğlunun xx.xx.2020-tarixində vəfat etməsi müəyyən edilmişdir. Vərəsəliyin müəyyən edilməsi ilə bağlı sorğu verilmiş 35 saylı notariat ofisinin cavabına əsasən, Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildirmişdir ki, həyat sığortası ilə bağlı araşdırma aparmış, müəyyən olunmuşdur ki, sığorta şirkətinə bank tərəfindən müraciət olunmuşdur. Lakin, sığorta şirkəti cavab olaraq bildirmişdir ki, sığortalanan şəxs özü barədə düzgün məlumatlar verməmiş, ürək xəstəliyi olmasına baxmayaraq bunu bildirməmişdir. Bu səbəbdən sığorta şirkəti ödənişi həyata keçirilməsindən imtina etmişdir. Vərəsə olan Cavabdeh borcun və dövlət rüsumunun tutulmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, atası Rzayev Nadir Vəli oğlunun ürək xəstəliyi barədə məlumatı olmayıb. Əgər şəxs ürəkdən vəfat etmişdirsə, bu demək deyil ki, o, ürək xəstəliyindən əziyyət çəkib. Atası ailəsini düşünürək, həmin krediti sığortalamışdır. Bu kredit barədə məlumatı atası vəfat etdikdən sonra bankın onlarla əlaqə saxlamasından sonra məlumatları olmuş, banka yaxınlaşaraq, ölüm haqqında şəhadətnaməni təqdim etmişlər. Bank isə onlara heç bir problem olmadığını, özləri məlumat verəcəklərini bildirmişlər. Daha sonra, onlar bu barədə maraqlanan zaman bank artıq məsələnin həll olunduğunu bildirmişdir. Bu səbəbdən də onlar sığorta şirkətinə də getməyi düşünməmişlər. Odur ki, iddianın rədd olunmasını xahiş edir. İş materialları. xx.xx.2018-ci il traixli 247944 nömrəli kredit müqaviləsi üzrə kreditin qaytarılma qrafikindən (ödəniş cədvəli) görünür ki, ödəniş cədvəlinə uyğun olaraq borcalan Rzayev Nadir Vəli oğlu xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək hər ay 143,14 manat ödəniş etməlidir. “X8 Azərbaycan” QSC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Rzayev Nadir Vəli oğlunun əsas borc üzrə 1614,91 manat, faiz borcu üzrə 244,85 manat, cərimə borcu üzrə 1072,01 manat olmaqla, cəmi 2931,77 manat məbləğində borc yaranmışdır. “X8 Azərbaycan” QSC və Rzayev Nadir Vəli oğlu arasında bağlanmış 247944 nömrəli 30 oktyabr 2018-ci il tarixli Kredit müqaviləsindən görünür ki, ona 36 ay müddətinə, illik 25 % dərəcəsi ilə 3600 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 5-ci maddəsinə əsasən, borcalan aldığı kreditin və ona hesablanmış faizlərin bu müqavilə ilə müəyyən edilmiş qaytarılması müddətlərini və /və ya şərtlərini pozduqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş məbləğ üzrə illik 40 % miqdarında cərimə ödəyir. xx.xx.2020-ci il tarixli bildiriş-xəbərdarlıq məktubundan görünür ki, Rzayev Nadir Vəli oğluna 30 oktyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borc barədə məlumat verilmiş, borcun 5 gün müddətində ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 503 nömrəli məktubdan + və 30 yanvar 2021-ci il vərəsəlik qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş Rzayev Nadir Vəli oğlundan miras qalmış əmlaka dair 2-V-18 reyestr nömrəli vərəsəlik işi açılmış və onun əmlakını qəbul etməsi barədə 30 yanvar 2021-ci il tarixdə Cavabdeh adına vərəsəlik şəhadətnaməsi verilmişdir. 2 saylı Bakı Asan Xidmət X4 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 133510 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Rzayev Nadir Vəli oğlu 12 noyabr 2020-ci il tarixdə sol mədəcik çatışmamazlığı səbəbindən Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 1007 nömrə ilə qeyd edilmişdir. LAP ********** nömrəli xx.xx.2018-ci il tarixli Həyat Sığortası Müqaviləsindən görünür ki, "xxxx" Sığorta Şirkəti ilə Rzayev Nadir Vəli oğlu arasında həyat sığortasına dair xx.xx.2018-xx.xx.2021-ci il tarixləri üzrə 3600 manat məbləğində sığortalanmışdır. "xxxx" Sığorta Şirkəti tərəfindən xx.xx.2021-ci il tarixdə “X8 Azərbaycan” QSC-yə ünvanlanmış O-H-2021-0163 nömrəli məktubdan görünür ki, Rzayev Nadir Vəli oğlu sığorta müqaviləsini bağlayarkən özündə ürək-damar xəstəliyinin mövcud olmadığını bildirmişdir. Sığorta şəhadətnaməsinin 1 nömrəli əlavəsinin (sığorta ödənişinin verilməsi qeyd-şərti və əlavə şərtlər) 7-ci bəndinə əsasən, Sığorta olunan sığorta müqaviləsi bağlanan zaman özündə ürək-damar xəstəliklərinin olmadığını bəyan edir, və əgər belə şəxslə sığorta müqaviləsi bağlanarsa, o bağlandığı andan etibarsız sayılır. Bu səbəbdən də "xxxx" Sığorta Şirkəti qeyd edilən hadisə ilə əlaqədar sığorta ödənişinin verilməsindən imtina etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134. Vərəsələr 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.... Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).... Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1257. Mirası qismən qəbul etməyin yolverilməzliyi 1257.1. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. 1257.2. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.... Maddə 1309. Mirasın açılması barədə kreditorlara məlumat vermək vəzifəsi Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Maddə 1321. Vərəsəlik şəhadətnaməsi anlayışı 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir.... Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Maddə 463. Dəbbə pulu haqqında razılaşmanın forması 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 463.2. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Maddə 464. Qanun üzrə dəbbə pulunun ödənilməsi 464.1. Kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. 464.2. Əgər qanunla qadağan edilməyibsə, tərəflər qanun üzrə dəbbə pulunun miqdarını artıra bilərlər. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi ...465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.... Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 742. Borc müqaviləsinə xitam verilməsi və borcun qaytarılması 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı “X8 Azərbaycan” QSC və Rzayev Nadir Vəli oğlu arasında kredit müqaviləsi bağlanmış və ona 36 ay müddətinə, illik 25 % dərəcəsi ilə 3600 manat məbləğində kredit verilmişdir. Rzayev Nadir Vəli oğlu xx.xx.2020-ci il tarixdə vəfat etdiyindən, onun adına olan miras əmlakları vərəsəlik şəhadətnamələri üzrə onun arvadı Cavabdeh adına keçirilmişdir. Qanunun tələbinə görə, Rzayev Nadir Vəli oğlunun mirasına həmçinin miras passivi olaraq banka olan borcları da daxildir. Hüquq və vəzifələr qanun üzrə vərəsəsi olan Cavabdeh keçdiyindən, o, (vərəsə) miras qoyanın kreditorlarına olan borcunu mütənasib hissədə ödəməyə borcludur. Eyni zamanda, cavabdeh məhkəməyə həyat sığortası müqaviləsini təqdim edərək, haqlı olaraq hesab etmişdir ki, sığorta hadisəsi baş verdikdən, bank artıq kredit müqaviləsi üzrə təzminatı almışdır. Lakin, bank tərəfindən təqdim olunmuş "xxxx" Sığorta Şirkəti tərəfindən xx.xx.2021-ci il tarixdə “X8 Azərbaycan” QSC-yə ünvanlanmış məktubdan məlum oldu ki, "xxxx" Sığorta Şirkəti qeyd edilən hadisə ilə əlaqədar sığorta ödənişinin verilməsindən imtina etmişdir. Bununla da müəyyən olunur ki, bank təzminat almamış, və cavabdehdən borcun ödənilməsini tələb etməklə əsassız varlanmış hesab olunmur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq müqavilə üzrə əsas və faiz borcunu tələb etməkdə haqlı olmuşdur. Məhkəmə iddianın 1072,01 manat cərimə borcunun qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, cərimə müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Sığorta müqaviləsi mövcud olduğuna görə cavabdeh haqlı olaraq həmin məbləğin sığorta şirkəti tərəfindən ödəniləcəyi qənaətinə gəlmişdir. İddiaçı sığortadan imtina məktubu aldığına baxmayaraq, bu barədə cavabdehə məlumat verməmişdir. Buna görə də, cavabdeh tərəfindən miras passivi kimi ona keçən kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi müşahidə olunmur, eyni zamanda, cavabdeh tərəfindən gecikmələr də baş verməyibdir. Qanunvericiliyin tələblərinə müvafiq olaraq, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Bu səbəbdən də iddiaçının cavabdehdən cərimə borcunun tələb etmək hüququ yoxdur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə qənaətinə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1614,91 manat əsas, 244,85 manat faiz borcu olmaqla cəmi 1859,76 manat məbləğində borc alınaraq, iddiaçı “X8 Azərbaycan” Qapalı Səhmdаr Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 49,31 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1614,91 manat əsas, 244,85 manat faiz borcu olmaqla cəmi 1859,76 manat məbləğində borc və ödənilmiş 49,31 manat məbləğində dövlət rüsumu tutulаrаq iddiaçı “X8 Azərbaycan” Qapalı Səhmdаr Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və ya Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-1135/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1135/2023
31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver