Məhkəmə qərarları › İş №e-2(010)-114/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-114/2025

22.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-114/2025 22.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X4 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh dəymiş maddi ziyanın əvəzi kimi 14380 manat, dövlət rüsumu qismində ödənilmiş 133.14 manat, cəmi 14513.14 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 13:30 radələrində Cavabdeh idarə etdiyi “Opel İnsigna” markalı, ** GH *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospekti ilə Hava limanı istiqamətindən Koroğlu metrostansiyası istiqamətinə hərəkətdə olarkən qarşıda eyni istiqamətdə hərəkət edən X2 idarə etdiyi, "xxxx" MMC-yə məxsus “BMC Procity” markalı, ** JK *** dövlət qeydiyyat nişanlı avtobusun arxası ilə toqquşmuşdur. Hadisə nəticəsində təyin edilmiş müvafiq ekspertiza ilə müəyyən edilmişdir ki, Cavabdeh hadisə zamanı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozmuş və hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Suraxanı RPİ tərəfindən xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilərək, Cavabdeh barəsində AR İXM-in 327.1-ci maddəsi ilə inzibati tənbeh görülməsi üçün qərarın surəti Suraxanı RPİ DYPŞ-yə göndərilmiş və xx.xx.2024-cü il tarixdə Cavabdeh barəsində AR İXM-in 327.1-ci maddəsi ilə inzibati cərimə qərarı qəbul edilmişdir. Baş vermiş hadisə nəticəsidə zərərçəkmiş avtomobilin mülkiyyətçisi "xxxx" MMC-yə 14380 manat məbləğində maddi ziyan dəymişdir. Qeyd edilən maddi ziyan bu günə kimi cavabdeh şəxs tərəfindən ödənilməmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh ilə aralarında barışıq üçün danışıqlar olmuş, cavabdehə avtobusa vurduğu ziyana görə 5000 manat məbləğində ödəniş etməsi, bununla da aralarındakı mübahisənin həll edilməsi təklif edilmişdir. Baxmayaraq, ekspert rəyində avtobusa dəymiş ziyanın məbləği bundan iki dəfə artıq qiymətləndirilmişdir. Lakin cavabdeh bu təkliflə razı olmamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, hadisə nəticəsində sözügedən avtobusa maksimum 2-3000 manat maddi ziyan dəyə bilərdi. Məhkəməyə təqdim etdiyi fotoşəkillərdən görünür ki, onun vurduğu avtobusun yox, vurulmuş başqa bir avtobusun təmir xərcləri ondan tələb edilir. Belə ki, şəkillərdən açıqaydın görünür ki, onun vurduğu avtobusun yalnız aşağıdan cüzi bir hissəsi zədələnmişdir. Lakin digər fotoşəkillərdə yuxarı hissəsi zədələnmiş başqa bir avtobusun olduğu görünür. Ondan faktiki olaraq, daha çox zədələnmiş başqa bir avtobusun təmir xərci tələb edilir. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsini, yalnız onun tərəfindən vurulmuş avtobusun təmir xərcinin ondan tutulmasını xahiş etdi.

İş materialları.

5. Bakı şəhəri Suraxanı RPİ TŞ-nin baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, X2 və Cavabdeh əməllərində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

6. Bakı şəhəri Suraxanı rayon DYPŞ-də tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixində saat 13:30-da “Opel İnsigna minik” markalı, 77GH 386 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarını pozmuş, nəticədə İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində 40 manat məbləğində cərimə edilməsinə dair inzibati tənbeh tədbiri tətbiq edilmişdir.

7. xx.xx.2019-cu il tarixdə verilmiş, AD 745510 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMC Procity” markalı, ** JK *** dövlət qeydiyyat nişanlı avtobus İddiaçı mülkiyyətindədir.

8. İddiaçı MMC tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, ehtiyat hissələr və təmir-bərpa xərci ilə birlikdə ümumi xərc 14380 manat məbləğində müəyyən edilmişdir.

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/6426 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2018-ci il “BMC Procity” markalı, ** JK *** dövlət qeydiyyat nişanlı avtobusun hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən: dəyişilməli hissələrin qiyməti (təzə hissələrin qiymətinə müvafiq) 11100 manat, təmir bərpa işlərinin qiyməti 2400 manat olmaqla, cəmi 13500 manat; dəyişilməli hissələrin qiyməti (aşınma tətbiq edilməklə) 9051 manat, təmir-bərpa işlərinin qiyməti 2400 manat olmaqla, cəmi 11451 manat məbləğindədir.

İşin faktiki halları.

10. Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 13:30-da “Opel İnsigna minik” markalı, ** GH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən ara məsafəsi qaydalarını pozmuş, nəticədə "xxxx" MMC-yə məxsus “BMC Procity” markalı, ** JK *** dövlət qeydiyyat nişanlı avtobusu vurmuşdur.

11. Baş vermiş hadisəyə görə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş, 40 manat məbləğində inzibati cərimə edilmişdir.

Tətbiq edilən hüquq.

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

14. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh idarə etdiyi avtomobillə təqsirli olaraq törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində iddiaçı "xxxx" MMC-yə məxsus avtobusa zərər dəymişdir. Hadisənin cavabdehin təqsirli olaraq törətdiyi hüquqa zidd əməllər nəticəsində baş verməsi, məhz bu hadisə nəticəsində iddiaçıya məxsus avtobusa zərər dəyməsi iş materialları əsasında müəyyən olunur. Belə ki, Cavabdeh iddiaçı MMC-yə məxsus avtobusa maddi zərər dəyməsi ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş, barəsində inzibati cərimə növründə tənbeh tədbiri tətbiq edilmişdir.

15. Nəzərə alınmalıdır ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 15.1. törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 15.2. əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 15.3. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 15.4. zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.

16. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı).

17. Yuxarıda qeyd edilənləri hazırkı işin hallarına tətbiq edən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətmişdir və törətdiyi əmələ görə iddiaçı "xxxx" MMC qarşısında mülki məsuliyyət daşıyır.

18. Məhkəmə, cavabdehin törətdiyi hüquq pozuntusu nəticəsində iddiaçıya dəymiş zərərin məbləği, yəni mülki məsuliyyətin həcmi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində avtobusa 14380 manat məbləğində zərər dəydiyini iddia etmişdir. İş materiallarında olan qüsur aktından görünür ki, "xxxx" MMC tərəfindən avtobusun təmir xərci ümumilikdə 14380 manat məbləğində qiymətləndirilmişdir.

19. Lakin iş üzrə Cavabdeh dəymiş zərərin məbləğini mübahisələndirdiyindən məhkəmə tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Aparılmış ekspert tədqiqatı nəticəsində verilmiş ekspert rəyindən görünür ki, “BMC Procity” markalı, ** JK *** dövlət qeydiyyat nişanlı avtobusun hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən: dəyişilməli hissələrin qiyməti (təzə hissələrin qiymətinə müvafiq) 11100 manat, təmir bərpa işlərinin qiyməti 2400 manat olmaqla, cəmi 13500 manat; dəyişilməli hissələrin qiyməti (aşınma tətbiq edilməklə) 9051 manat, təmir-bərpa işlərinin qiyməti 2400 manat olmaqla, cəmi 11451 manat məbləğindədir.

20. Məhkəmə hesab edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində maddi zərər dəymiş avtobus 2018-ci il buraxılışlı olduğundan və yol-nəqliyyat hadisəsinin baş verdiyi 2023-cü ildə artıq beş ildir ki, istismarda olduğundan avtobusun ehtiyat hissələrinə dəymiş zərərin məbləği hesablanarkən aşınma mütləq nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçı "xxxx" MMC-yə məxsus avtobusa dəymiş zərərin məbləği ekspert rəyində aşınma nəzərə alınmaqla müəyyən edilən məbləğdə - dəyişilməli hissələrin qiyməti 9051 manat, təmir-bərpa işlərinin qiyməti 2400 manat olmaqla, cəmi 11451 manat məbləğində qiymətləndirilməlidir.

21. Bu vəziyyətdə məhkəmə hesab edir ki, cavabdehin təqsirli hərəkətləri ilə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtobusa vurduğu zərər – 11451 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri.

22. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 133.14 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə (11451 manat) mütənasib olaraq ödənilmiş 124.35 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

23. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş zərərə görə 11451 manat məbləğində pul və 124.35 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

24. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 11451 (on bir min dörd yüz əlli bir) manat məbləğində pul və 124.35 manat (yüz iyirmi dörd manat otuz beş qəpik) məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar