Məhkəmə qərarları › İş №e-2(010)-1154/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1154/2024

07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1154/2024 07.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun vərəsədən tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – "xxxx" ASC) Cavabdeh qarşı “kredit borcunun vərəsədən tutulması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 381.17 manat əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Mahmudov Əflatun İsbəndi oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli BPM**********32 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə illik 27 faiz dərəcəsi ilə hesablanmaqla 3000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X8 İsbəndi oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 52 saylı Notariat ofisi tərəfindən verilən məlumata əsasən mərhum Mahmudov Əflatun İsbəndi oğlunun xx.xx.2022-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, xx.xx.2022-ci il tarixdə Cavabdeh tam hissədə pay almaqla vərəsəlik şəhadətnaməsi verilmişdir. Miras əmlakı İsmayıllı rayonu, Pirəbilqasım kənd ünvanında yerləşən 0.11. hektar torpaq sahəsindən və üzərində tikilmiş ümumi sahəsi 54.3 kv/m, o cümlədən yaşayış sahəsi 20.4 kv/m, yardımçı sahəsi 33.9 kv/m olan 1 otaqlı fərdi yaşayış evindən ibarətdir. Maliyyə arayışına əsasən Mahmudov Əflatun İsbəndi oğlunun kredit borcu üzrə banka ödənilməmiş borcu 381.17 manat əsas borc olmaqla, cəmi 381.17 manat borcu qalmışdır. Cavabdeh Mahmudov Əflatun İsbəndi oğlunun vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında tərəflərindən xx.xx.2023-cü il tarixli bildiriş göndərilərək xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 381.17 manat olduğundan, tərəflərindən 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. Cavabdehin etirazı Cavabdeh Ağalı qızı xx.xx.2024-cü il tarixdı iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tam əsassızdır və buna görə də təmin edilməməlidir. Birdirmişdir ki, onun mərhum oğlu “Azərbaycan Milli Qəhrəmanı” X2 hərbi xidmət zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş və 28 yanvar 1992-ci il tarixdə qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Prezidentin fərmanı ilə “Azərbaycan Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür. Bu yaxınlarda Bankın problemli kreditlərlə iş departamentindən xx.xx.2023-cü il tarixli məktub göndərilmiş və onun hansısa kredit borcunun olmağı göstərilmişdir. Məktubda onun mərhum oğlu Mahmudov Əflatun İsbəndi oğlunun "xxxx" ASC arasında xx.xx.2018-ci il tarixli kredit müqaviləsi olması, müqavilə əsasında oğluna 48 ay müddətinə 3000 manat məbləğində kredit verilməsi və həmin müqaviləyə əsasən əsas borc üzrə 381.17 manat borcunun olması göstərilmişdir. Onun oğlu müqavilə üzrə krediti tam ödəmişdir. Çünki ödəməsə idi, bank tərəfindən kreditin ödənilməsi barədə bildiriş gələrdi. Oğlunun ölümündən sonra ölüm haqqında şəhadətnamə banka təqdim olunmuşdur. Bundan başqa iddiaçı tərəfindən göndərilən məktubda qeyd edilir ki, xx.xx.2023-cü il tarixdə mərhum oğlundan qalan mirası o qəbul etdiyi üçün qalan faiz borcunu da o ödəməlidir. O, İsmayıllı rayonunun Pirəbilqasım kəndində anadan olmuş, orada yaşamışdır. Kənddə onların çox kiçik daxmaları var. Həyat yoldaşı dünyasını dəyişdikdən sonra o da yaşlı olduğu üçün həmin evi oğlunun adına sənədləşdirmişdir. Oğlu dünyasını dəyişdikdən sonra təzədən öz adına vərəsəlik yolu ilə evi qəbul etmişdir. Yəni həmin miras əmlakının oğlu ilə heç bir əlaqəsi yoxdur. Sənədləşmə ancaq formal xarakter daşımışdır. Kənddə olan kiçik daxma onun özünə məxsus olub. Qoca olduğu üçün oğlunun adına keçirmişdir. Oğlu da dünyasını dəyişdikdən sonra yenidən həmin əmlakı öz adına keçirmişdir. Yəni onun mərhum oğlunun banka borcu üzrə heç bir öhdəliyi yoxdur. Bundan başqa oğlunun ölümündən sonra ölüm haqqında şəhadətnamə də banka təqdim olunmuşdur. Həmçinin götürülən kredit banka tam ödənmişdir. Ona görə də iddianın əsassız olduğunu hesab edir. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəməyə ünvanladığı etiraz ərizəsində yataq xəstəsi olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmişdir. Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını məqsədəuyğun hesab etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2018-ci il tarixli, BPM**********32 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC X1 48 ay müddətinə kreditdən istifadəyə görə illik 27 % ödəmək şərti ilə 3000 manat məbləğində, kredit vermişdir. xx.xx.2018-ci il tarixli, BPM**********32 nömrəli kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə ödənişlərin xx.xx.2018 – xx.xx.2022ci tarixləri arasında hər ay 102.9 manat (sonuncu ay 98.33 manat olmaqla) ödənilməsi müəyyən edilmişdir. Maliyyə arayışından görünür ki, Mahmudov Əflatun İsbəndi oğlunun xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə görə "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixə 381.17 manat ödənilməmiş əsas borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nizami rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 204745 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Mahmudov Əflatun İsbəndi oğlu xx.xx.2022-ci il tarixdə durğunluq ürək çatışmazlığı səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 156 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 52 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Mahmudov Əflatun İsbəndi oğlundan miras qalmış əmlakı ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan xx.xx.1935-ci il təvəllüdlü, FİN:xxxxxxx, şəxsiyyət vəsiqəsinin nömrəsi AZE 0******* olan anası Cavabdeh qəbul etmiş və xx.xx.2022-ci il tarixdə 55/2022 nömrəli reyestrdə qeyd edilmiş vərəsəlik işi açılmışdır. xx.xx.2022-cü il tarixdə 2V-198 nömrə ilə reyestrdə qeyd edilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi rəsmiləşdirilmişdir. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Mahmudov Əflatun İsbəndi oğlunun vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdır. Şəhadətnamə verilən miras əmlak İsmayıllı rayonu, Pirəbilqasım kəndi ünvanında yerləşən 0,11 hektar torpaq sahəsindən və üzərində tikilmiş ümumi sahəsi 54,3 kv.m ,o cümlədən yaşayış sahəsi 20,4 kv.m, yardımçı sahəsi 33,9 kv.m olan 1 otaqlı fərdi yaşayış sahəsindən ibarətdir. xx.xx.2023-cü il tarixli 6-2-22/2-32588/2023 saylı bildirişdən (xx.xx.2023-cü il tarixli qaimə) görünür ki, mərhum borclunun vərəsəsi Cavabdeh müqavilə üzrə ödənilməmiş borc məbləği barədə xəbərdar edilmiş, borcun vaxtında ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş şəhid ailəsi üzvünün vəsiqəsinin surətindən görünür ki, Cavabdeh şəhid ailəsi üzvüdür. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, "xxxx" ASC tərəfindən məhkəməyə ərizə ilə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda – 30 manat. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-ci maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

Məhkəmənin mövqeyi

Məhkəmə iddia ərizəsini, ona əlavə edilən sənədləri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İşin faktiki hallarından görünür ki, mərhum X3 ilə "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmış və həmin müqavilə üzrə borclu vəfat etdiyindən öhdəlik tam icra edilməmişdir. Mərhumun miras əmlakı vərəsəsi Cavabdeh tərəfindən qəbul edilmiş və adına vərəsəlik şəhadətnaməsi rəsmiləşdirilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC həmin vərəsədən mərhum tərəfindən ödənilməmiş borcun ödənilməsini tələb etmək hüququ əldə etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında müəyyən edilmiş mövqeyə əsasən, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Vərəsənin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsənin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə göstərilən normaların məzmunundan çıxış edərək məhkəmə qeyd edir ki, mirası qəbul etmiş vərəsə miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, o, miras qoyanın kreditoru qarşısında öhdəliyin icrasına görə məsuliyyət daşıyır.

Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş üzrə Cavabdeh Ağalı qızı şəhid ailəsi üzvü olduğu üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmişdir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Mahmudov Əflatun İsbəndi oğlunun vərəsəsi Cavabdeh 381.17 manat əsas borc tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

qət etdi: İddia təmin edilsin. Mahmudov Əflatun İsbəndi oğlunun vərəsəsi Cavabdeh 381.17 (üç yüz səksən bir manat on yeddi qəpik) manat əsas borc tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar