Məhkəmə qərarları › İş №e-2(010)-1161/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1161/2024

07.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1161/2024 07.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı "AZƏRİQAZ" İB-nin Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.

1. İddiaçı "AZƏRİQAZ" İB Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 12 657,60 (on iki min altı yüz əlli yeddi manat 60 qəpik) manat məbləğində zərərin və 127,97 (bir yüz iyirmi yeddi manat 97 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 12 785,57 (on iki min yeddi yüz səksən bes manat 57 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN : AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri.

2. İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2022-ci il tarixində 03-12846 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İBnin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********1081 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2 tələblərinə əməl etmək) və “X2 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni səkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən aktlar tərtib olunmuşdur. Cəmi 12657.60 (on iki min altı yüz əlli yeddi manat altmış qəpik) manat məbləğində İddiaçınə maddi zərər dəymişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, həmin evdə çox qısa müddətdə yaşamışdır, daha sonra həmin ünvandan onu qovmuşlar və orada qeyri-qanuni qaz xəttinin varlığından xəbəri olmamışdır.

İş materialları.

5. 01 dekabr 2022-ci il tarixli, 03-12846 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”dən görünür ki, Paylayıcı İddiaçı İB müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı Cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəməyi öz öhdəsinə götürür. İstehlakçının ünvanına Paylayıcı tərəfindən xx.xx.2022-ci il tarixdə G-4 markalı, **********952 nömrəli, 13547537 plomb nömrəli sayğac quraşdırılmışdır.

6. İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçı Cavabdeh dair tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, Abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi qeyd olunmuş və eyni zamanda dəymiş ziyanın hesablanması və ödənilməsi nəzərdə tutulmuşdur.

7. Bakı Regional Qazın Satış Departamenti İtirilmiş təbii qazın hesablanması Komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacına kənar qeyri-qanuni xətlə qoşulma nəticəsində 73440 m3 (8812.80 manat) itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir.

8. İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçı Cavabdeh dair tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, Abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi qeyd olunmuş və eyni zamanda dəymiş ziyanın hesablanması və ödənilməsi nəzərdə tutulmuşdur.

9. Bakı Regional Qazın Satış Departamenti İtirilmiş təbii qazın hesablanması Komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacına kənar qeyri-qanuni xətlə qoşulma nəticəsində 6120 m3 (734.40 manat) itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir.

10. İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçı Cavabdeh dair tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, Abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi qeyd olunmuş və eyni zamanda dəymiş ziyanın hesablanması və ödənilməsi nəzərdə tutulmuşdur.

11. Bakı Regional Qazın Satış Departamenti İtirilmiş təbii qazın hesablanması Komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacına kənar qeyri-qanuni xətlə qoşulma nəticəsində 6120 m3 (734.40 manat) itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir.

12. İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçı Cavabdeh dair tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, Abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi qeyd olunmuş və eyni zamanda dəymiş ziyanın hesablanması və ödənilməsi nəzərdə tutulmuşdur.

13. Bakı Regional Qazın Satış Departamenti İtirilmiş təbii qazın hesablanması Komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacına kənar qeyri-qanuni xətlə qoşulma nəticəsində 6120 m3 (734.40 manat) itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir.

14. İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçı Cavabdeh dair tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, Abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi qeyd olunmuş və eyni zamanda dəymiş ziyanın hesablanması və ödənilməsi nəzərdə tutulmuşdur.

15. Bakı Regional Qazın Satış Departamenti İtirilmiş təbii qazın hesablanması Komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacına kənar qeyri-qanuni xətlə qoşulma nəticəsində 6120 m3 (734.40 manat) itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir.

16. İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçı Cavabdeh dair tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, Abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi qeyd olunmuş və eyni zamanda dəymiş ziyanın hesablanması və ödənilməsi nəzərdə tutulmuşdur.

17. Bakı Regional Qazın Satış Departamenti İtirilmiş təbii qazın hesablanması Komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacına kənar qeyri-qanuni xətlə qoşulma nəticəsində 4536 m3 (544.32 manat) itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir.

18. AR Bakı şəhəri Xəzər rayonu Binə Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 380 nömrəli arayışından görünür ki, Cavabdeh, həqiqətən də, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ünvanında 2022-ci ilin iyul-avqust aylarında qeydiyyatsız olaraq yaşamışdır. Hal-hazırda həmin ünvanda yaşayıb-yaşamaması haqqında Binə bələdiyyəsində məlumat mövcud deyil.

19. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-5827/2023 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 1495/2023 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlər X7, X4 və X5 qarşı “özbaşına tikintiyə köçürülmə” tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, Cavabdeh bildirmişdir ki, evi aldıqdan sonra (xx.xx.2022-ci il tarixli müqavilə nəzərdə tutulur, hansı ki, sonradan yuxarı instansiya məhkəməsi tərəfindən etibarsız hesab edilmişdir) həmin evdə təxminən 1-2 ay aralığında yaşamış, sonradan Aynurə ( həmin iş üzrə cavabdeh) və atası onun evdə olmadığı vaxt pəncərəni çıxararaq evə daxil olub yaşamağa başlamış və onu evə buraxmamışlar. Buna qarşılıq olaraq, X6 izahatında bildirmişdir ki, 2018-ci il tairxdən 2022-ci il iyun ayına kimi o, ailəsi ilə birlikdə atasının icazəsi ilə həmin evə köçüb yşaamağa başlamış, 2022-ci ilin iyun ayında uşaqları ilə birlikdə tətil üçün rayona getmiş və sentyabr ayında qayıdanda evin başqasına satıldığını öyrənmiş, hasardan aşaraq içəri girəndə evdə kirayəçilərin yaşadığını görmüşdür və onlara evin ataının olduğunu izah etdikdən sonra onlar əşyalarını götürüb evdən çıxmışlar. Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-1495/2023 saylı qətnaməsi iddiaçı Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı Cavabdeh aid edilmişdir. Bakı Apellyasiya Məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, mübahisəli ev mülkiyyət kimi dövlət qeydiyyatına alınmamış, həmin əmlak üzərində hər hansı şəxsin mülkiyyət hüququ tanınmamış, əmlak hüquqi vəziyyətinə görə özbaşına tikintidir..... Bu baxımdan iddiaçı ilə cavabdeh X8 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi etibarsızdır. Həmin ev mülkiyyət kimi dövlət reyestrində qeydiyyata alındığı təqdirdə belə, yenə də onun özgəninkiləşdirilməsi cavabdeh X1 razılığı əsasında mümkün ola bilər.

İşin faktiki halları.

20. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı tərəf cavabdehlə aralarında bağlanan “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin şərtlərinin cavabdeh tərəfindən pozulduğunu və cavabdehin qazdan qeyriqanuni şəkildə kənar xətlə istifadə etməsi nəticəsində ona maddi ziyan vurulduğunu bildirir. İddiaçı tələbin əsası kimi “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib olunmuş müxtəlif tarixli aktlara və həmin ünvanda çəkilmiş fotoşəkillərə istinad edir. İddiaçı tərəf hesab edir ki, evin onlara məlum olan sahibi məhz cavabdehdir və ona görə də, kənar xəttin mövcudluğuna görə də, cavabdeh məsuliyyət daşımalıdır. Cavabdeh isə iddia tələbini qəbul etmir və bildirir ki, qazla təchiz edilmiş həmin fərdi yaşayış evini 2022-ci ilin iyun ayında alqı-satqı müqaviləsi əsasında almış və həmin evdə yalnız 2022-ci ilin iyul ayından sentyabr ayınadək yaşamış, daha sonra isə digər iş üzrə cavabdehlər onu həmin evdən çıxarmışlar. 2022-ci ilin sentyabr ayından etibarən həmin ünvanda yaşamamışdır. Bu səbəbdən hesab edir ki, iddia tələbi əsassızdır.

Tətbiq edilən hüquq.

21. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı.

4.2-ci bəndinə əsasən, Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 6.5.-ci bəndinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

22. AR Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

23. AR Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

Məhkəmənin mövqeyi.

24. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməməlidir.

25. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi Mülki Məcəllənin 1096-ci maddəsinin tələbi baxımından əsaslı deyildir. Belə ki, iddiaçı tələbində cavabdehlə bağladığı təbii qazın alqısatqı müqaviləsinə əsaslanaraq, qeyd edilən ünvanda müxtəlif vaxtlarda aşkar edilən qanunsuz qoşulma faktlarına görə məsuliyyətin cavabdehə aid olduğunu iddia edir. Mülki hüquq pozuntusunun yaranma əsası təqsirli və hüquqa zidd əməlin olmasıdır. Yani, deliktin baş verməsi üçün bir şəxs digər şəxsə təqsirli olaraq, hüquqa zidd əməllə ziyan vurmalıdır. Qaz xəttinə özbaşına qoşulma halları hüquqa zidd əməldir, lakin hazırkı işdə cavabdehin təqsiri olması halı müəyyən edilmir. Belə ki, iş materiallarına əlavə edilmiş məhkəmə aktlarından müəyyən edilir ki, cavabdeh iddiaçı tərəfindən kənar xəttin aşkar edildiyi bildirilən evə faktiki olaraq xx.xx.2022-ci il tarixində yiyələnmiş, bu sahiblik təxminən 2022-ci ilin sentyabr ayına kimi davam etmiş, həmin ayda cavabdeh evdən başqa şəxs tərəfindən çıxarılmışdır. Həmin qərarlardan o da müəyyən edilir ki, 2022-ci ilin sentyabr ayından sonra Cavabdeh həmin evdə yaşamamış, son olaraq da məhkəmə aktları ilə evin ona məxsus olmaması müəyyən edilmişdir. Qeyd edilməlidir ki, Cavabdeh göstərilən tarix aralığlarından sonra həmin evdə yaşamaması faktına iddiaçı tərəf də etiraz etmir. Bununla belə, həmin fərdi yaşayış evində ilk dəfə “Təbii qazdan istifadə qaydalarının pozulması” barədə akt xx.xx.2022-ci il tarixdə, sonrakı aktlar isə müvafiq olaraq xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə tərtib edilmişdir. Göründüyü kimi qeyd olunan fərdi yaşayış evində qazdan qeyriqanuni şəkildə istifadə edilməsi barədə ilk akt xx.xx.2022-ci il tarixdə, yəni cavabdehin artıq həmin fərdi yaşayış evində yaşamadığı dövrdə tərtib edilmişdir. Cavabdehin həmin evdə yaşamadığı zaman qaz xəttindən kənar qoşulma ilə istifadə etməsi halı əsaslı hesab edilə bilməz. Bunu, həmçinin daha sonrakı aktlar barəsində də qeyd etmək olar. Beləliklə, məhkəmə hesab edir ki, sözügedən ünvana kənar qoşulmanın cavabdeh tərəfindən həyata keçirilməsi işin halları ilə öz təsdiqini tapmır. Ona görə ki, artıq birinci akt, (eyni zamanda sonrakı aktlar da) tərtib ediləndə cavabdeh həmin ünvana faktiki sahibliyini itirmişdir. Bu baxımdan sadalanan xüsusatları rəhbər tutaraq məhkəmə hesab edir ki, hazırki iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

Məhkəmə xərcləri.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

27. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

28. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "AZƏRİQAZ" İB-nin Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

29. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı "AZƏRİQAZ" İB-nin Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 127.97 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar