Məhkəmə qərarları › İş №e-2(010)-1182/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1182/2025

14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1182/2025 14.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiаçı İddiaçı QSC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dаir iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi. 1.İddiaçı QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada “borcun tutulması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə xx.xx.2023-cü il tarixli 009A********** saylı müqavilə üzrə 7476.3 manat məbləğində kredit borcu, 600.52 manat məbləğində faiz borcu və 138.23 manat məbləğində cərimə, cavabdehlər Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə xx.xx.2023-ci il tarixli 009KK**********01 saylı kart krediti müqaviləsi üzrə 298.75 manat məbləğində kredit borcu, 138 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə cəmi 8651,8 manat məbləğində borcun və ödənilmiş 106,52 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2023cü il tarixdə bağladığı 009A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən Cavabdeh2 aylıq faiz dərəcəsi 1.8333% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9000 (doqquz min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 1523,7 manat ödəniş etmiş və onun iddiaçıya 6524.3 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Belə ki, cavabdehin, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 137 gün üçün hesablanmış faiz borcu 600,52 manat təşkil edir. Kredit müqviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmaqdıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 137 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 138,23 manat təşkil edir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrası təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Bundan başqa, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli 00KK**********01 saylı kart kredit müqaviləsi əsasında cavabdehə “X1 Cards” növlü kart hesabı və 36 (otuz altı) ay müddətinə, 300 (üç yüz) manat məbləğində kredit limiti açılmışdır. Cavabdeh2 əsas borcu üzrə 298,75 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə müvafiq olaraq, xx.xx.2024-cü il tarixə 228 gün hesablanmış faiz borcu 138 manat təşkil edir. Cavabdehə yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləği ödəməkdən yayınmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

Tərəflərin izahatları.

3. İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi Nicat Ələkbərov ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə onun iştirakı olmadan baxaraq, tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Cavabdeh2 əvvəlki məhkəmə iclasında iştirak edərək iddia tələbini qəbul etdiyini bildirmişdir.

İş materialları.

5. DİN-in BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır.

6. İddiaçı QSC-nin “Azadlıq” Filialı tərəfindən təqdim olunmuş ərizənin surətindən müəyyən olunur ki, müştəri tərəfindən kredit sifarişi verilmiş və İddiaçı QSC ilə Cavabdeh2 bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 48 ay müddətinə illik 22 faiz ödəmək şərti ilə 9000 manat məbləğində aylıq əsasla qaytarmaq şərti ilə kredit verilmişdir.

7. xx.xx.2025-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh2 009A********** saylı xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə banka 6524.3 manat əsas borc, 951.85 manat faiz borcu, 208.88 manat cərimə borcu, cəmi 7685.03 manat məbləğində borcu vardır.

8. xx.xx.2024-cü il tarixli Bank İddiaçı QSC tərəfindən Cavabdeh1 ünvanlanmış Xəbərdarlıqdan görünür ki, bank borcluya borcun ödənilməsi barədə xəbərdarlıq etmişdir.

9. xx.xx.2023-cü il tarixli 009G**********01 saylı Zaminlik müqaviləsindən görünür ki, borclunun kredit müqaviləsindən irəli gələn öhdəlikərini tamamilə icra etməsi üçün Cavabdeh1 (Zamin) Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır.

10. xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı QSC Cavabdeh2 009KK**********01 SAYLİ xx.xx.2023-cü il tarixli X1 Card kartı üzrə 298.75 manat əsas, 138 manat faiz olmaqla cəmi 436.75 manat məbləğində borcu vardır.

11. xx.xx.2024–cü il tarixli Mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən məhkəməyə ərizə verilərkən 106,52 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

12. İddiaçı QSC-nin tərəfindən təqdim olunmuş ərizənin surətindən müəyyən olunur ki, müştəri tərəfindən kart krediti sifarişi verilmiş (kart krediti –OK Kart) və İddiaçı QSC ilə Cavabdeh2 bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 36 ay müddətinə 300 manat məbləğində aylıq əsasla qaytarmaq şərti ilə kredit verilmişdir.

İşin faktiki halları.

13. İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə Cavabdeh2 ilə bağladığı 009A********** saylı ərizəyə əsasən, Cavabdeh2 aylıq faiz dərəcəsi 1.8333% (illik 22%) olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9000 (doqquz min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrası təmin etmək məqsədilkə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Bundan başqa, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli 00kk**********01 saylı kart kredit müqaviləsi əsasında cavabdehə “X1 Cards” növlü kart hesabı və 36 (otuz altı) ay müdətinə, 300 (üç yüz) manat məbləğində kredit limiti açılmışdır. Cavabdeh2 əsas borcu üzrə 298,75 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə müvafiq olaraq, xx.xx.2024-cü il tarixə 228 gün hesablanmış faiz borcu 138 manat təşkil edir, cavabdehə yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləği ödəməkdən yayınmışdır.

Tətbiq edilən hüquq.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 743. Kredit müqaviləsinin anlayışı 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. Borc müqaviləsi üzrə faizlər 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Maddə 742. Borcun qaytarılması 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi. 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi

Məhkəmənin mövqeyi.

17. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki cavabdehin hərəkətləri müqavilə öhdəliyinin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.

18. Belə ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə bu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunu tələb etməkdə haqlı olmuşdur.

19. Odur ki, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2023cü il tarixli 009A********** saylı müqavilə üzrə 6524.3 manat məbləğində kredit borcu, 600.52 manat məbləğində faiz borcu və 138.23 manat məbləğində cərimə, cəmi 7263.05 manat və 106.52 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Həmçinin Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə xx.xx.2023-ci il tarixli 009KK**********01 saylı kart krediti müqaviləsi üzrə 298.75 manat məbləğində kredit borcu, 138 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə cəmi 436.75 manat məbləğində borc tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

Məhkəmə xərcləri.

20. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 106,52 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.

21. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

22. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2023-cü il tarixli 009A********** saylı müqavilə üzrə 6524.3 manat məbləğində kredit borcu, 600.52 manat məbləğində faiz borcu və 138.23 manat məbləğində cərimə, cəmi 7263.05 manat və 106.52 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

23. Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə xx.xx.2023-ci il tarixli 009KK**********01 saylı kart krediti müqaviləsi üzrə 298.75 manat məbləğində kredit borcu, 138 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə cəmi 436.75 manat məbləğində borc tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

24. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2023-cü il tarixli 009A********** saylı müqavilə üzrə 6524.3 manat məbləğində kredit borcu, 600.52 manat məbləğində faiz borcu və 138.23 manat məbləğində cərimə, cəmi 7263.05 (yeddi min iki yüz altmış üç manat, beş qəpik) manat və 106.52 (yüz altı manat, əlli iki qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə xx.xx.2023-ci il tarixli 009KK**********01 saylı kart krediti müqaviləsi üzrə 298.75 manat məbləğində kredit borcu, 138 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə cəmi 436.75 (dörd yüz otuz altı manat, yetmiş beş qəpik) manat məbləğində borc tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar