Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1193/2025 10.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - ”Azərbaycan Beynəlxalq Bankı” ASC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, BPM**********83 nömrəli kredit müqaviləsi üzrə 5816.02 manat əsas və borclunun vəfat etdiyi tarixə qədər hesablanmış 2912.12 manat faiz borcu olmaqla, cəmi 8728.14 manat, xx.xx.2022-ci il tarixli, BPM**********83 nömrəli tam kart müqaviləsi üzrə 210.21 manat əsas və 16.24 manat faiz olmaqla, cəmi 226.45 manat, ümumilikdə 8954.59 manat borcun və ödənilmiş 109.55 manat məbləğində dövlət rüsumu və bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Binəqədi filialı ilə X10 arasında bağlanmış BPM**********83 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, X7 illik 22 faizlə, 48 ay müddətinə, 6600 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, "xxxx" ASC-nin Binəqədi filialı ilə X10 arasında bağlanmış BPM**********83 nömrəli, xx.xx.2022-ci il tarixli tam kart müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən, borcalana 300 manat məbləğində kredit xətti açılmış və o, qeyd edilən kredit xəttindən istifadə etmişdir. X10 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və ölüm faktı Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınaraq, xx.xx.2022-cü il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. Kredit müqavilələri üzrə borc qaldığından sorğu verilmiş və 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisindən əldə edilən xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev 45 ünvanında qeydiyyatda olan Cavabdehdur. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışlarından da göründüyü kimi, xx.xx.2024-cü il tarixə borcalanın banka BPM**********83 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən verilmiş kredit (nağd kredit) üzrə 5816.02 manat əsas borc və vəfat etdiyi tarixə qədər hesablanmış 2912.12 manat faiz borcu olmaqla, cəmi 8728.14 manat məbləğində kredit borcu, BPM**********83 nömrəli, xx.xx.2022-ci il tarixli tam kart müqaviləsinə əsasən, verilmiş kredit (kredit xətti) üzrə isə 210.21 manat əsas borc, 16.24 manat faiz borcu olmaqla, cəmi 226.45 manat məbləğində kredit borcu qaldığından, vərəsə olan cavabdehə öhdəliyin yerinə yetirilməsi haqqında xx.xx.2024-cü il tarixdə bildirişlər (mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması barədə) göndərilmiş, cavabdeh qeydiyyatda olduğu ünvanda bildirişi imza etməklə şəxsən qəbul etmişdir. Bu hal iddia ərizəsinə əlavə edilən poçt xidməti tərəfindən təqdim edilmiş bildiriş qəbzində təsdiqini tapır. Həmçinin notariat ofisindən əldə edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, cavabdeh Novruzov X1 rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev 45 ünvanında qeydiyyatdadır. Beləliklə, borcalanın müqavilələr üzrə kredit borcu mirası qəbul etmiş vərəsə tərəfindən ödənilmədiyi üçün, borcun məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti ümumilikdə 8954.59 manat olduğundan, tərəfimizdən 109.55 manat dövlət rüsumu və bank xidməti haqqı ödənilmişdir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, arvadı mərhum X6 iddiaçı bankdan kredit götürməsi barədə heç bir məlumatı olmamışdır. Belə ki, arvadının əvvəllər də lombarddan, müxəlif banklardan kredit götürməsi halları olmuş və bunun nəticəsində xeyli miqdarda borcları yaranmışdır. Aidənin götürdüyü kreditləri hara xərcləməsi ona məlum olmamış, hətta vəziyyət o həddə çatmışdır ki, birgə yaşadıqları və öz atasına məxsus fərdi yaşayış evini sataraq arvadının təxminən 40000 manata yaxın məbləğdə borclarını bağlamışdır. Bundan sonra hazırda yaşadığı ünvana köçmüş və kirayə yaşamağa başlamışdır. Bu hadisələrdən sonra arvadı ilə münasibətləri korlanmış, sadəcə olaraq oğlu azyaşlı olduğuna görə ona travma yaşatmamaq üçün arvadından rəsmi qaydada ayrılmamış, onunla birgə yaşamağa davam etmiş, amma faktiki olaraq ərarvad münasibətləri kəsilmişdir. Birgə nikah dövründə ümumi vəsait hesabına heç bir əmlak əldə edilməmiş, qeyd edilən fakt məhkəmə tərəfindən onun yaşadığı ünvana keçirilmiş yerli baxış zamanı da öz təsdiqini tapmışdır. Yerli baxış zamanı müəyyən edilmişdir ki, onun yaşadığı ünvanda arvadı ilə birgə nikah dövründə yalnız divan, kreslolar, stol və stullar əldə edilmişdir. Yerdə qalan digər əşyalar evin sahibinə məxsus olmaqla, ona aid deyil. Ona məxsus fərdi istifadə şeyləri (geyim, mobil telefon və s.) məhkəməyə təqdim olunmuşdur. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi.
İş materialları.
5. "xxxx" ASC (Bank) və X10 (Müştəri) arasında xx.xx.2022-ci il tarixdə bağlanmış BPM**********83 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqavilə “Bank” və “Müştəri” arasında kredit verilməsinə dair xüsusi şərtləri tənzimləyir. Bu müqaviləyə əsasən, “Bank” tərəfindən “Müştəri”yə şəxsi ehtiyacların ödənilməsi (istehlak) məqsədilə, 48 ay müddətinə, illik 22% ödənilmək şərti ilə 6600 manat məbləğində kredit verilmişdir.
6. "xxxx" ASC (Bank) və X10 (Müştəri) arasında xx.xx.2022-ci il tarixdə bağlanmış BPM**********83 nömrəli tam kart müqaviləsindən görünür ki, bu müqavilə “Bank” və “Müştəri” arasında sonuncunun adına “Bank” tərəfindən ikitərəfli ödəniş kartının buraxılmasına, “Müştəri”nin adına bank hesablarının, kredit xəttinin açılmasına, “Müştəri” tərəfindən tam kart vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarının ödənilməsinə, “Bank” tərəfindən ayrılmış kreditdən təyinatı üzrə istifadə edilməsinə, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditin qaytarılmasına və ona hesablanmış faizlərin “Bank”a ödənilməsinə dair xüsusi şərtləri tənzimləyir. Həmçinin, tam kart müqaviləsinə əsasən, “Bank” tərəfindən “Müştəri”yə şəxsi ehtiyacların ödənilməsi (istehlak) məqsədilə, 60 ay müddətinə, illik 24% ödənilmək şərti ilə 300 manat məbləğində kredit xətti açılmışdır.
7. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" ASC-nin müştərisi olan X5 xx.xx.2022-ci il tarixli, BPM**********83 nömrəli kredit müqaviləsi üzrə həmin tarixə 5816.02 manat əsas və 2912.12 manat faiz olmaqla, cəmi 8728.14 manat məbləğində borcu vardır.
8. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" ASC-nin müştərisi olan X5 xx.xx.2022-ci il tarixli, BPM**********83 nömrəli tam kart müqaviləsi üzrə həmin tarixə 210.21 manat əsas və 16.24 manat faiz olmaqla, cəmi 226.45 manat məbləğində borcu vardır.
9. xx.xx.2022-ci il tarixli, BPM**********83 nömrəli kassa məxaric orderindən görünür ki, borcalan X7 iddiaçı bankın kassasından 1549.25 manat məbləğində pul vəsaiti verilmişdir.
10. xx.xx.2023-cü il tarixli, 2V-221 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan əri – Cavabdehdur və o, miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak – Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Bakı Baş Səhiyyə Mərkəzi” X16 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 206 nömrəli məktuba əsasən, əmək haqqının 3 misli qədər müavinət olan 1147.38 manat pul vəsaitindən ibarətdir.
11. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 310152 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.2022-ci il tarixdə “asfiksiya” səbəbindən Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 926 nömrə ilə qeyd edilmişdir.
12. "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 02/25 nömrəli mütəxəssis rəyindən görünür ki, Cavabdeh yaşadığı ünvan 2 ünvanında yerləşən 01 ədəd divan, 02 ədəd kreslo, 01 ədəd stol, 04 ədəd stul, mərhum X7 məxsus geyim əşyaları və 01 ədəd mobil telefonun qiyməti ümumilikdə 750 manat müəyyən edilmişdir.
Şahid ifadələri.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, Cavabdeh onun qaynıdır. Əvvəllər cavabdeh ailəsi ilə birlikdə qayınatasına məxsus ünvan 1 ünvanında ayrı-ayrı inşa edilmiş fərdi yaşayış evlərində yaşamışlar. Təxminən, 2009 – 2010-cu illərdə cavabdeh öz evini ayıraraq satmışdır. Cavabdehin evi satmasına səbəb 40000 manata yaxın məbləğdə borcunun olmasıdır. Cavabdehin borc məbləğini tam dəqiq bilməsə də ümumi məbləğin 40000 manat təşkil etməsi onun xatirindədir. Çünki bu barədə cavabdeh ona məlumat vermişdir. Bundan sonra, cavabdeh arvadı ilə boşanmış, lakin boşanma səbəbi ona məlum deyil. Cavabdeh evi satdıqdan sonra arvadının borcu barədə eşitmiş, daha sonra arvadı ilə əlaqələri kəsilmişdir. Hətta onun əri cavabdehin evi satmasına və eyni zamanda cavabdehin borclarına görə fikir çəkmiş və infarkt keçirərək vəfat etmişdir. Qaynı və onun uşaqları həmişə onlara məxsus evə gəlib-getsə də Aidə xanım ev satılandan sonra onlara gəlib-getməmişdir. Aidənin hansı səbəbdən intihar etməsi ona məlum deyil. Çünki Aidə dərdini heç kimlə bölüşmürdü.
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, Cavabdeh 15 ildir ki, ona məxsus mənzildə kirayəçi qismində yaşayır. Cavabdehin arvadının adı Aidədir. Kirayə haqqı 160 manat məbləğində müəyyən edilməklə hər ay cavabdeh tərəfindən ödənilmişdir. Cavabdehin yaşadığı fərdi yaşayış evi ünvan 2 ünvanında yerləşir və həmin ev özbaşına tikilidir. Buna baxmayaraq, həmin tikiliyə dair kommunal xidmətlərlə bağlı müqavilələr onun adına bağlanmışdır. Onda olan məlumata görə, özlərinə məxsus evləri sataraq, kirayədə yaşamağa məcbur olmuşlar. Lakin həmin evin məhz cavabdehin borclarına görə satılması barədə eşitməmişdir. Ona məxsus fərdi yaşayış evində yerləşən əşyalar da ona məxsusdur, yalnız divan, kreslolar, stol və stullar cavabdehə məxsus olmaqla həmin evdə yerləşir. Həmin ərazidə belə evlərin kirayə haqqı 200 manat təşkil etsə də, cavabdehin maddi vəziyyətinin ağırlığı ilə əlaqədar kirayə haqqında artım etməmiş və kirayə haqqı 160 manat məbləğində razılaşdırılmışdır.
Yerində müayinə.
15. Cavabdeh yaşadığı ünvanda keçirilən yerində müayinə zamanı müəyyən edildi ki, evdə bir ədəd divan, iki ədəd kreslo, bir ədəd televizor, bir ədəd stol, dörd ədəd stul, bir ədəd soyuducu, iki ədəd dolab, bir ədəd çarpayı var. Həmçinin mərhuma məxsus geyim əşyaları və bir ədəd mobil telefon aşkar olunmuşdur. Cavabdehin bildirdiyinə görə, ev ona məxsus deyil, kirayədə yaşayır. On dörd il bundan əvvəl mərhum yoldaşının borclarını ödəmək üçün məcbur olub öz evlərini satmışlar. Həmin vaxtdan da kirayədə yaşamışlar. Evdə olan əşyalardan bir ədəd divan, iki ədəd kreslo, bir ədəd stol, dörd ədəd stul birgə nikah dövründə əldə olunmuşdur.
İşin faktiki halları.
16. İddiaçı "xxxx" ASC və mərhum X10 arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi və eyni tarixli tam kart müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank öhdəsinə götürmüşdür ki, Aidə Novruzovaya 48 ay müddətinə, illik 22% ödənilmək şərti ilə 6600 manat məbləğində kredit versin, sonuncu isə götürdüyü krediti hesablanmış faizlə birlikdə Banka geri qaytarsın. Tam kart müqaviləsinə görə isə Bank öhdəsinə götürmüşdür ki, Aidə Novruzovaya 60 ay müddətinə, illik 24% ödənilmək şərti ilə 300 manat məbləğində kredit xətti açsın, sonuncu isə götürdüyü krediti hesablanmış faizlə birlikdə Banka geri qaytarsın.
17. X2 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Mərhumun ölümündən sonra açılmış vərəsəlik işinə əsasən, əri Cavabdeh qanun üzrə vərəsəsi olaraq müəyyən edilmiş, müvafiq şəhadətnamədə mərhumun əməkhaqqının üç misli miqdarında müavinət – 1147.38 manat məbləğində pul üzərində vərəsənin tam həcmdə payı müəyyən edilmişdir.
Tətbiq edilən hüquq.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1146. Mirasın açıldığı vaxt. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151. Miras əmlak. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1307. Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
19. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
Maddə 31. Ər-arvadın əmlakının qanuni rejimi anlayışı. 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32. Ər-arvadın birgə mülkiyyəti. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 34. Ər-arvadın hər birinin mülkiyyəti. 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarı.
Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
21. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarı.
Vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
23. İşin faktiki hallarında görünür ki, Cavabdeh mərhum arvadı Aidə Novruzova ilə iddiaçı "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixli kredit və tam kart müqavilələri bağlanmışdır. Hər iki müqaviləyə görə, iddiaçı Bank öhdəsinə götürmüşdür ki, müqavilədə nəzərdə tutulmuş məbləğdə krediti mərhum borcalana versin (kredit xətti açsın), sonuncu isə öhdəsinə götürmüşdür ki, götürdüyü krediti müqavilədə nəzərdə tutulmuş şərtlərlə Banka qaytarsın. Lakin xx.xx.2022-ci il tarixdə borclu Aidə Novruzova vəfat etmişdir.
24. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı Bank tərəfindən hər iki kredit müqaviləsi üzrə öhdəliklər lazımınca icra edilsə də borclu müqavilə öhdəliyini lazımınca icra etmədən vəfat etmişdir. Nəzərə alınmalıdır ki, kredit müqaviləsi ikitərəfli müqavilə olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaradır. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Üstəlik, borclunun ölümü ilə kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilmir, bu öhdəliklər borclumiras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Ona görə ki, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olur.
25. Hazırkı işdən görünür ki, mərhumun ölümündən sonra açılmış vərəsəlik işi əsasında əri Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Bank mərhum borclu ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə ödənilməmiş borcu mərhumun vərəsəsi olan iş üzrə cavabdehdən tələb etməkdə haqlı olmuşdur.
26. Vərəsə-cavabdehin məsuliyyətinin həddi, yəni ondan tutulmalı olan borcun məbləği ilə bağlı məhkəmə qeyd edir ki, yuxarıda da istinad edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1307-ci maddəsinə görə isə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
27. Hazırkı işdən görünür ki, qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında cavabdehə çatmış əmlak mərhumun ölümü ilə əlaqədar iş yeri tərəfindən verilmiş əməkhaqqının üç misli miqdarında müavinətdən – 1147.38 manat məbləğində puldan ibarətdir. Hansı ki, bu vəsait miras əmlak anlayışına daxil deyil. Belə ki, yuxarıda da istinad edilmiş “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarına əsasən, vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir.
28. Məhkəmə hesab edir ki, hazırkı işdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilən əmlak Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə işəgötürən tərəfindən vəfat edənin vərəsəsinə orta aylıq əmək haqqının azı üç misli miqdarında ödənilən müavinət olmaqla, miras qoyanın sağlığında mövcud olmayan, yalnız onun ölümü ilə əldə olunan əmlak olduğundan miras əmlakın kütləsinə daxil deyil. Bu baxımdan vərəsə-cavabdehin qəbul etdiyi miras əmlakın həcmi müəyyən edilərkən həmin vəsait nəzərə alına bilməz.
29. Məhkəmə araşdırması nəticəsində mərhum Aidə Novruzovanın adına hər hansı daşınar-daşınmaz əmlak aşkar edilməmişdir. Elə bu səbəbdəndir ki, mərhumdan qalmış miras kimi yalnız yuxarıda qeyd edilmiş müavinətlə bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla belə mərhumdan qala biləcək mirasın yalnız rəsmi reyestrdə qeydə alınmış əşyalardan ibarət olmadığını nəzərə alan məhkəmə mərhum Aidə Novruzovanın əri (iş üzrə cavabdeh) Cavabdehla birlikdə yaşadığı evdə yerində müayinə keçirmişdir. Nəticədə müəyyən edilmişdir ki, evdə bir ədəd divan, iki ədəd kreslo, bir ədəd televizor, bir ədəd stol, dörd ədəd stul, bir ədəd soyuducu, iki ədəd dolab, bir ədəd çarpayı var. Həmçinin mərhuma məxsus geyim əşyaları və bir ədəd mobil telefon aşkar olunmuşdur. Cavabdehin bildirdiyinə görə, ev ona məxsus deyil, kirayədə yaşayır. On dörd il bundan əvvəl mərhum yoldaşının borclarını ödəmək üçün məcbur olub öz evlərini satmışlar. Həmin vaxtdan da kirayədə yaşamışlar. Evdə olan əşyalardan bir ədəd divan, iki ədəd kreslo, bir ədəd stol, dörd ədəd stul birgə nikah dövründə əldə olunmuşdur.
30. Həmçinin məhkəmə iclasında cavabdehin mərhum arvadı ilə birlikdə yaşadığı evin kirayəyə verəninin şahid kimi ifadəsi dinlənilmiş, həmin şəxs təsdiq etmişdir ki, cavabdeh mərhum arvadı ilə birlikdə uzun illər onun evində yaşamış, evdə olan əşyalardan yalnız bir ədəd divan, iki ədəd kreslo, bir ədəd stol və dörd ədəd stul onlara məxsus olmuş, qalan əşyalar ev sahibi kimi özünə məxsus olmuşdur.
31. Mərhumdan qalmış mirasın dəyərini müəyyən etmək məqsədilə evdəki bir ədəd divan, iki ədəd kreslo, bir ədəd stol və dörd ədəd stula, eləcə də mərhuma məxsus geyim əşyaları və mobil telefona baxış keçirməklə rəy verilməsi üçün qiymətləndirici-mütəxəssis işə cəlb edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş rəydə göstərilmişdir ki, sözügedən ünvanda yerləşən bir ədəd divan, iki ədəd kreslo, bir ədəd stol və dörd ədəd stulun qiyməti 580 manat, bir ədəd “Samsung” markalı mobil telefonun qiyməti 50 manat, geyim əşyalarının qiyməti isə 120 manatdır. Məhkəmə müvafiq rəyin əşyaların hər birinə yerində baxış keçirilməklə (fotoşəkillər rəyə əlavə edilmişdir) verildiyini nəzərə alaraq rəydəki məbləğləri ağlabatan hesab etmişdir. Həmçinin cavabdeh tərəfin də qiymətləndirmənin nəticəsi ilə bağlı əlavə dəlili olmamışdır.
32. Belə olan halda məhkəmə hesab edir ki, mərhumdan qalmış miras əmlakın həcmi yalnız cavabdehlə birgə yaşadığı evdə aşkarlanan yuxarıda qeyd edilmiş daşınar əşyalardan ibarətdir. Üstəlik, nəzərə alınmalıdır ki, evdə aşkar edilən bir ədəd divan, iki ədəd kreslo, bir ədəd stol və dörd ədəd stul tərəflərin birgə nikahı dövründə əldə edildiyindən, nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiya nəzərdə tutulduğundan və bu prezumpsiyanın əksini təsdiq edən heç bir hal müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, bu əşyaların yalnız 1/2 hissəsi mərhumdan ərinə miras qalmışdır. Mobil telefon və geyim əşyaları isə yalnız mərhuma məxsus olduğundan bu əşyalar tam həcmdə vərəsəyə miras qalmış hesab edilməlidir.
33. Beləliklə, məhkəmə hesab edir ki, mərhum Aidə Novruzovadan miras qalmış əmlakın dəyərinin cəmi 460 (580:2+50+120) manat məbləğində olduğu müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, vərəsə-cavabdeh miras qoyanın borcunun mirasdan çox olduğunu sübuta yetirmiş hesab edilməli, mərhumun iddiaçı Banka olan borcuna görə cavabdehdən yalnız qəbul etdiyi miras həcmində - 460 manat məbləğində pul tutulmalıdır. Odur ki, iddia qismən təmin edilməlidir.
Məhkəmə xərcləri.
34. İş materiallarından görünür ki, iddiaçı bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 109.55 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.
35. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş rüsumun qalan hissəsi iddiaçıya aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
36. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və mərhum X10 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi və həmin tarixli tam kart müqaviləsi üzrə ödənilməmiş 460 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və mərhum X10 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi və həmin tarixli tam kart müqaviləsi üzrə ödənilməmiş 460 (dörd yüz altmış) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.