Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1194/2024 22.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddia tələbi. 1.İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə hər birinin miras payı həcmində BPM**********734 nömrəli xx.xx.2021-ci il tarixli, X10 müqaviləsinə əsasən nağd kredit üzrə 2729.4 manat əsas borc, 16.18 manat faiz borcu olmaqla, cəmi 2745,58 manat borcun, eyni zamanda həmin müqavilə üzrə ayrılmış kredit xəttinə görə borc 95.5 manat əsas borcun və ödənilmiş 48,41 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Nəsimi filialı ilə X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********734 saylı X10 müqaviləsinə əsasən X5 illik 19% olmaqla 48 ay müddətinə 3950 manat məbləğində nağd kredit, 4.1.1.2-ci maddəsinə əsasən isə illik 24% olmaqla 36 ay müddətinə 300 manat məbləğində Tam kart krediti vermişdir. Kreditin təyinatı borc alanın borc verən qarşısında mövcud olan 3950 manat məbləğində kredit borcunun və 300 manat məbləğində Tam kart kreditinin ödənilməsidir. Kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X3 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 4 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən X6 vərəsələri Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2021-ci il tarixli BPM**********734 saylı X10 müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə cavabdehin nağd kredit üzrə 2729.4 manat əsas borc, 16.18 manat faiz borcu olmaqla, cəmi 2745,58 manat borcu mövcuddur. Eyni zamanda xx.xx.2021-ci il tarixli BPM**********734 saylı X10 müqaviləsinə əsasən ayrılmış kredit xəttinə görə xx.xx.2023-cü il tarixinə əsas borc üzrə 95.5 manat borcu mövcuddur. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 48,41 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
Tərəflərin izahatları.
3. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
4. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul edir. Belə ki, X7 onun atasıdır və atası ilə "xxxx" ASC aralarında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmış və Bank tərəfindən onun atasına 3950 manat məbləğində pul vəsaiti və 300 manat məbləğində olan kart verilmişdir. Mərhum atası X7 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Vərəsəlik qaydasında qəbul etdikləri mənzil olmuşdur. Banka olan borcla bağlı onların atasının vəfatından sonra məlumatları olmuşdur. Digər cavabdeh olan Cavabdeh1 isə onun anasıdır və o hal-hazırda xəstədir. "xxxx" ASC tərəfindən anası Cavabdeh1 pensiya kartından 3-4 aydır ki borcla bağlı pul tutulur. Hazırda iddianı qəbul edərək həmin bankın tələb etdiyi məbləği bir dəfəlik ödəmək iqtidarında deyildir və bu əsasla həmin məbləği hissə-hissə ödənilməsi üçün nəzərə alınmasını xahiş etmişdir.
İş materialları.
5.xx.xx.2021-ci il tarixli BPM**********734 saylı X10 müqaviləsindən və Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, X5 illik 19% olmaqla 48 ay müddətinə hər ay 118,11 manat ödəmək şərti ilə 3950 manat məbləğində kredit verilmişdir.
6. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X1 limiti üzrə 95.5 manat borcu vardır.
7. xx.xx.2023-cü il tarixli Bank kartına kredit limitinin təyin olunmasına dair razılaşmadan görünür ki, X5 illik 24% olmaqla 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır.
8. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC tərəfindən X4 vərəsələri cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 yaranmış mövcud borcun ödənilməsi barədə xəbərdalıq edilmişdir.
9. AZ-İİ 305272 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə ölmüşdür.
10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat Ofisi tərəfindən Suraxanı rayon Məhkəməsinə ünvanlanmış 2V- 408,409 nömrəli Notariat işindən müəyyən olunur ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 vərəsələri hesab olunmuşdur və miras əmlak ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin miras qoyana məxsus 1/3 hissəsi, "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən X2 haqq-hesab məbləği 2008,08 manat pul məbləğindən ibarətdir.
İşin faktiki halları.
11. "xxxx" ASC ilə X7 arasında xx.xx.2021-ci il tarixli BPM**********734 saylı X10 müqaviləsi bağlamışdır. Həmin Müqaviləyə əsasən bank X5 illik 19% olmaqla 48 ay müddətinə 3950 manat məbləğində nağd kredit vermişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixli BPM**********734 saylı X10 müqaviləsinə əsasən bank X5 illik 24% olmaqla 36 ay müddətinə 300 manat məbləğində xətti ayrılmışdır. X3 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 2V-408,409 nömrəli, xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən müəyyən edilmişdir ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 vərəsələri hesab olunmuşdur və miras əmlak ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin miras qoyana məxsus 1/3 hissəsi, "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən X2 haqq-hesab məbləği 2008,08 manat pul məbləğindən ibarətdir.
Tətbiq edilən hüquq.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1309. Mirasın açılması barədə kreditorlara məlumat vermək vəzifəsi Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
13.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Borclunun ölümü halında onun vərəsələrinə qarşı tələb irəli sürülmədən birbaşa ipoteka qoyana qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə tələbin mümkünlüyü ilə bağlı müraciətdə qaldırılmış məsələyə gəlincə isə qeyd edilməlidir ki, əvvəldə də göstərildiyi kimi, mirası qəbul etmiş vərəsələr miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Lakin vərəsələr icra vaxtı çatmış əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikləri təqdirdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun ipoteka qoyana qarşı tələb irəli sürmək hüququ yaranır.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarı Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1152-ci maddəsinə görə isə miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir. On bir min manat məbləğində birdəfəlik ödəmə isə hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ölümü ilə əlaqədar onların ailə üzvlərinə verilməklə sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyana məxsus əmlak dəyəri olmadığından miras əmlak sayıla bilməz.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.
Məhkəmənin mövqeyi.
17. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki cavabdehin hərəkətləri müqavilə öhdəliyinin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
18. Belə ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı ilə borclu arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Lakin borclu vəfat etmiş və bu səbəbdən öhdəliyi icra edə bilməmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlak vərəsə tərəfindən qəbul edilmiş və qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Miras əmlak X5 məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin miras qoyana məxsus 1/3 hissəsi və 2008,08 manat pul məbləğindən ibarətdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən müvafiq kredit müqaviləsi üzrə əsas və faiz borcunu tələb etməkdə haqlı olmuşdur.
Məhkəmə xərcləri.
19. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 48,41 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.
20. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
21. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 birgə qaydada xx.xx.2021-ci il tarixli BPM**********734 saylı nağd kredit üzrə 2729.4 manat əsas borc, 16.18 manat faiz borcu, eyni zamanda həmin müqavilə üzrə ayrılmış kredit xəttinə görə borc 95.5 manat borc, ümumilikdə 2841.08 (iki min səkkiz yüz qırx bir manat, səkkiz qəpik) manat və ödənilmiş 48,41 (qırx səkkiz manat, qırx bir qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ :
İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 birgə qaydada xx.xx.2021-ci il tarixli BPM**********734 saylı nağd kredit üzrə 2729.4 manat əsas borc, 16.18 manat faiz borcu, eyni zamanda həmin müqavilə üzrə ayrılmış kredit xəttinə görə borc 95.5 manat borc, ümumilikdə 2841.08 (iki min səkkiz yüz qırx bir manat, səkkiz qəpik) manat və ödənilmiş 48,41 (qırx səkkiz manat, qırx bir qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Leyla Talıbova