Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1195/2023 18.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X7 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İşin halları:
1. X2 şəxsi (istehlak) məqsədləri üçün 24 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 3000 manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında xx.xx.2020-ci il tarixli ******* saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2020-ci il tarixli 1031206/20251 saylı zaminlik müqaviləsinə əsasən X3 bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh ona zamin durmuşdur. Zaminlik Müqaviləsinin 1.1-ci bəndinə görə, borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən X3 xx.xx.2023-cü il tarixinə əsas borcu 2261,25 manat, faiz borcu 44,84 manat, cəmi 2306,09 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, bank tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, X3 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununla da cavabdehlər, kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş və eyni zamanda hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiyindən kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Sonradan iş materiallarına əlavə olunmuş AZ-İİ №175708 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Halhazırda cavabdehin, kredit müqaviləsinə əsasən banka olan əsas və ona hesablanmış faiz borcu 2306,09 manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir.
İddia tələbi.
2. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2261,25 manat əsas, 44,84 manat faiz, cəmi 2306,09 manat borcun, həmçinin ödənilmiş 43,47 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
3. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə məhkəmə iclaslarının onun nümayəndəsinin iştirakı olmadan keçirməklə, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, krediti mərhum yoldaşı götürmüşdür, özü ona zamin durmuşdur, yoldaşı vəfat edib, maddi vəziyyəti ilə əlaqədar bankdan götürdüyü borcu ödəyə bilməmişdir. Xadimə işləyir, iki uşağa baxır.
İş materialları.
5. Azər-Türk Bank ASC ilə X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ******* saylı fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsindən müəyyən olunur ki, bank borcalana 24 ay müddətinə qaytarmaq, illik 23 % ödəmək şərti ilə 3000 manat kredit verməyi öhdəsinə götürmüşdür.
6. Azər-Türk Bank ASC-nin xx.xx.2020-ci il tarixli ******* saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan X3 xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində əsas borca görə 3000 manat, faiz borcuna görə 770,86 manat olmaqla cəmi 3770,86 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür.
7. Azər-Türk Bank ASC-nin xx.xx.2020-ci il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, bank ayırdığı kreditə görə 2940 manatı X2 vermişdir.
8. Borcverən Azər-Türk Bank ASC, zamin Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 1031206/20251 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, Azər-Türk Bank ASC ilə borcalan X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* saylı kredit müqaviləsi əsasında borcalana veriləcək 3000 manat məbləğində kreditlə əlaqədar borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.
9. Zaminlik müqaviləsinin 2.1-ci bəndindən müəyyən olunur ki, bu müqavilə ilə zaminliklə təmin olunan öhdəliyin əsası xx.xx.2020-ci il tarixdə bağlanmış müqavilədir.
10. Zaminlik müqaviləsinin 3.1-ci bəndindən müəyyən olunur ki, zamin bank qarşısında borcalanın xx.xx.2020-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə banka olan kredit və faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komissiya, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün məsuliyyət daşıyır.
11. Zaminlik müqaviləsinin 6.1-ci bəndindən müəyyən olunur ki, bu müqavilənin qüvvədə olma müddəti borcalan xx.xx.2020-ci il tarixində kredit müqaviləsindən irəli gələn öhdəliklərinin bank qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür.
12. AZ İİ seriyalı 175708 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.
13. Azər-Türk Bank ASC-nin cavabehə ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziyadan müəyyən olunur ki, bank zaminə kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə borc tələbinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.
14. İddiaçı ASC tərəfindən tərtib olunmuş maliyyə arayışından müəyyən olunur ki, X1 xx.xx.2020-ci iİ tarixli ******* saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borca görə 2261,25 manat, faiz borcuna görə 44,84 manat olmaqla, cəmi 2306,09 manat borcu vardır.
15. Azər-Türk Bank ASC-nin xx.xx.2023-cü il tarixli kredit hesabından çıxarışından müəyyən olunur ki, X1 xx.xx.2020-ci iİ tarixli, ******* saylı kredit müqaviləsi üzrə əsas borca görə 2261,25 manat, faiz borcuna görə 44,84 manat olmaqla cəmi 2306,09 manat borcu qalmışdır.
16. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ərizə verilərkən 43,47 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları.
17. İddiaçı ASC ilə X3 arasında xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin; İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.
Tətbiq edilən hüquq.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 470.1. zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
20. Məhkəmə cavabdehi dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir.
21. Belə ki, AZ İİ seriyalı 175708 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Cavabdeh kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşıyır.
22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli Plenumunun qərarında göstərilir ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur.
23. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır.
24. Digər tərəfdən iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində ona görə təmin edilməlidir ki, həmin hissələrdə iddia tələbi həm də cavabdehin özü tərəfindən etiraf edilərək, qəbul edilir.
25. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
26. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
27. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsas və faiz borcunun tutulması hissəsinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən etiraf edilərək, qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir.
28. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.
Məhkəmə xərcləri.
29. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 43,47 manat dövlət rüsumu ödəmişdir.
30. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
32. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə cavabdehdən 2261,25 manat məbləğində kredit borcu və 44,84 manat məbləğində faiz borcu olmaqla, cəmi 2306,09 manat məbləğində borc və ödənilmiş 43,47 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q ə t e t d i:
İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 2261,25 manat əsas və 44,84 manat faiz olmaqla, cəmi 2306,09 (iki min üç yüz altı manat doqquz qəpik) manat məbləğində pul və dövlət rüsumuna görə 43,47 (qırx üç manat qırx yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.