Məhkəmə qərarları › İş №e-2(010)-1199/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1199/2024

05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1199/2024 05.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızı İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2023-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 587.9 AZN əsas 88.1 AZN cərimə cəmi 676 AZN borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 131.9 AZN əsas 19.7 AZN cərimə cəmi 151.6 AZN borc, ümumilikdə iki müqavilə üzrə 719.8 AZN əsas, 107.8 AZN cərimə, 827.6 AZN cəmi borcun və 30 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi. Hazırki iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 284-1 Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1 Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2 Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə poçt vasitəsi ilə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququ, eləcə də digər prosessual hüquq və vəzifələrin izahı haqqında bildiriş və iddia ərizəsinin surəti göndərilmiş, lakin bugünə kimi cavabdehin iddia ərizəsinə etirazı məhkəməyə daxil olmamışdır. Qeyd edilənləri, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq, məhkəmə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. İddia tələbinin dəlilləri "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı "Samsunq" markalı paltaryuyana görə 18 ay ödəniş cədvəli üzrə, 17 ay ərzində hər ay 43 manat, sonuncu 19cu ayda 28,99 manat ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, sonuncu aldığı "Xiaomi" markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə, 11 ay ərzində hər ay 23 manat, sonuncu 12-ci ayda 16,99 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Cavabdeh xx.xx.2023-cü il tarixədək İddiaçı MMC-nə olan borcu 333,2 manat əsas, 49,9 manat cərimə, cəmi 383,1 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2023-cü il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı MMC "Samsunq" markalı paltaryuyanı Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 18 ay ərzində hər ay 43 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı MMC "Xiaomi" markalı mobil telefonu Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 12 ay ərzində hər ay 23 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, borclu Cavabdeh İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 587,9 manat əsas, 881,00 manat cərimə və xx.xx.2022-ci il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 131,9 manat əsas, 197,00 manat cərimə borcu vardır. İddiaçı MMC-nin bildirişindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1 Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2 Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4 Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1 Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 427.3 Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 759,90 manat olan özünə məxsus "Samsunq" markalı paltaryuyanı cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 18 ay ərzində hər ay 43,00 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli ********* saylı müddətli nisyə alqısatqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 269,90 manat olan özünə məxsus "Xiaomi" markalı mobil telefonu cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 12 ay ərzində hər ay 23,00 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan vəsaiti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı müqavilə üzrə 881 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i iddaçı tərəfindən güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 88,10 manat "xxxx" MMCyə ödənilməlidir. Cavabdehin xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı müqavilə üzrə 197,00 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i iddaçı tərəfindən güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 19,70 manat "xxxx" MMCyə ödənilməlidir. İş materiallarına əsasən məhkəmə müəyyən edir ki, cavabdehin xx.xx.2023-cü il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 587,9 manat əsas, 88.1 manat cərimə və xx.xx.2022-ci il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 131,9 manat əsas, 19.7 manat cərimə məbləğində borcu qalmışdır. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 587,9 manat əsas, 88.1 manat cərimə və xx.xx.2022-ci il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 131,9 manat əsas, 19.7 manat cərimə olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 827,6 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir.

Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 manat məbləğdə pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir.

Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə əsas borca görə 587,9 (beş yüz səksən yeddi manat doxsan qəpik) manat, cərimə borcuna görə 88.1 (səksən səkkiz manat on qəpik) manat; xx.xx.2022-ci il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 131,9 (bir yüz otuz bir manat doxsan qəpik) manat, cərimə borcuna görə 19.7 (on doqquz manat yetmiş qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, ümumilikdə 857,6 (səkkiz yüz əlli yeddi manat altmış qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar