Məhkəmə qərarları › İş №e-2(010)-1210/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1210/2023

04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1210/2023 04.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi X1 qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İşin halları:

1. Cavabdeh İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 021A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1283,63 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dələlərlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan ödəniş etməmiş və onun iddiaçıya 1283,63 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilmişdir ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 795 gün üçün hesablanmış faiz borcu 21,73 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 % məbləğində, lakin ümumi məbləği 5 il ərzində 0.1% artıq olmaması şərti ilə cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 795 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 766,83 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir.

İddia tələbi.

2. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 021A********** saylı kredit müqaviləsinin ləğv edilməsi; Cavabdeh İddiaçı QSC-nin xeyrinə 1283,63 manat məbləğində kredit borcu, 21,73 manat məbləğində faiz borcu və 766,83 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 2072,19 manat məbləğində borcun və bank tərəfindən ödənilmiş 40,72 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları.

3. İddiaçı QSC “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxış iclasının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları.

5. 021A********** saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, İddiaçı QSC “restrukturizasiya olunmuş borc” üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə Cavabdeh 60 ay müddətinə qaytarmaq, illik 1% ödəmək şərti ilə 1283,63 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür.

6. İddiaçı QSC tərəfindən təsdiq olunmuş “kreditin verilməsi-köçürmə” qəbzindən müəyyən olunur ki, Cavabdeh hesabına xx.xx.2019-cu il tarixdə 1283,63 manat məbləğində kredit köçürülmüşdür.

7. 011A********** saylı Kredit müqaviləsinin 2.3-cü maddəsinə əsasən faiz kreditin qalıq məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Həmin müqavilənin 4.2.2-ci bəndinə uyğun olaraq borclu bu müqavilə ilə müəyyənləşdirilən öhdəliyini icra etmədiyi və ya lazımınca icra etmədiyi, o cümlədən icranı gecikdirdiyi halda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 faiz məbləğində, lakin ümumi məbləği 5 il ərzində 0.1 faizdən artıq olmaması şərti ilə cərimə ödəyir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, müqaviləyə xitam verilən günə qədər hesablanmış faizi və bank tərəfindən hesablanmış başqa ödənişləri kredit alandan qaytarmağı tələb etmək hüququna malikdir.

8. AccessBank QSC tərəfindən verilən xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək olan Cavabdeh hesabından çıxarışdan müəyyən olunur ki, Cavabdeh hesabına xx.xx.2019-cu il tarixdə 1283,63 manat miqdarında pul vəsaiti mədaxil edilmişdir.

9. AccessBank QSC ilə Cavabdeh arasında bağlanmış 021A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli ödəniş planından müəyyən olunur ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində əsas borca görə 1283,63 manat, faiz borcuna görə 40,12 manat olmaqla, cəmi 1323,75 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. 10 İddiaçı QSC-nin arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2019-cu iİ tarixli 021A********** saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə 1283,63 manat əsas, 21,73 manat faiz və 766,83 manat cərimə olmaqla, cəmi 2072,19 manat borcu vardır. Cərimə hesablanmış gecikdirilən günlərin sayı 795 gündür.

11. İddiaçı QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə borc tələbinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.

12. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ərizə verilərkən 40,72 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları.

13. İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə kredit müqaviləsinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır. Tətbiq edilən hüquq.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

16. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

17. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (MM-nin 421.1.,421.2.,422.2.-ci mad.)

18. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuş, lakin öhdəliyini lazımınca icra etməmişdir.

19. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla cavabdehin müqavilə öhdəliklərini icra etməməsi nəticəsində borc verənə əsas borca görə 1283,63 manat və 21,73 manat faiz borcunun yaranması öz təsdiqini tapdığından məhkəmə iddiaçının kredit müqaviləsinin ləğv edilməsinə, kredit müqaviləsi üzrə əsas borca görə 1283,63 manat, faiz borcuna görə 21,73 manat tələblərini əsaslı hesab edib təmin edir.

20. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur.

21. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin borclunun borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.)

22. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, kreditor pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, kreditor bağladığı müqavilənin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi.

23. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən 50 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir.

24. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.

Məhkəmə xərcləri.

25. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 40,72 manat dövlət rüsumu ödəmişdir.

26. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Məhkəmə hesab edir ki, İddiaçı QSC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 40,72 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

28. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 021A********** nömrəli müqavilə ləğv edilməli, cavabdehdən 1283,63 manat məbləğində kredit borcu, 21,73 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə borcu, cəmi 1355,36 manat məbləğində borc və ödənilmiş 40,72 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddia tələbi qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 021A********** nömrəli müqavilə ləğv edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 021A********** nömrəli müqavilə üzrə 1283,63 manat əsas, 21,73 manat faiz və 50 manat cərimə olmaqla, cəmi 1355,36 (min üç yüz əlli beş manat otuz altı qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 40,72 (qırx manat yetmiş iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar