Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1217/2023 13.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Mirzəyeva Ünsüyyət Hacımehdi qızı- İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “pul” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.
1. İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “pul” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 MMC-dən İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə 180 manat məbləğində pul vəsaitinin və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri.
2. İddiaçı Sığorta Şirkəti ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh2 MMC-yə məxsus olan və yol vərəqəsi əsasında Cavabdeh1 tərəfindən idarə olunan “Daweoo BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Honda Accort” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq “Honda Accort” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 180 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh1 hadisə yerini tərk etdiyinə görə Cavabdeh1 qarşı subroqasiya hüququ yaranmışdır. Buna görə də 180 manat pul Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır.
Cavabdehlərin iddia ərizəsinə etirazının dəlilləri:
3. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC məlum olan ünvanı üzrə lazımı qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri onlara göndərilmiş və iddiaçının tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir, lakin cavabdehlər iddiaya dair etirazını məhkəməyə bildirməmişdir.
İş materiallarına əlavə edilmiş: 4 . Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh2 MMC-yə məxsus olan və yol vərəqəsi əsasında Cavabdeh1 tərəfindən idarə olunan “Daweoo BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (avtobus) Xətai rayonu, R.Bağırov küçəsində “Honda Accort” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur.
5. Cavabdeh1 tərəfindən verilən xx.xx.2020-ci il tarixli izahatdan görünür ki, xx.xx.2020-ci il tarixdə 18:50 radələrində o, yol vərəqəsi ilə idarə etdiyi “Daweoo BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Rəşid Behbudov küçəsi ilə üzü Nobel prospekti istiqmətində hərəkətdə olarkən ona əks istiqamətdə olan “Honda Accort” markalı, **-VT-*** dövlət nömrə nişanlı avtomobilin sağ tərəfindən sürmüş, həmin avtomobil onun hərəkət zolağında dayanmışdır. O, (cavabdeh) hadisə yerində təqribən 10 dəqiqə gözləmiş, yolun bağlandığını görmüş, hadisə yerindən uzaqlaşmışdır.
6. xx.xx.2020-ci il tarixdə verilmiş Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə Hesabatdan görünür ki, hadisə nəticəsində “Honda Accord” markalı, **-VT-*** dövlət nömrə nişanlı avtomobilə 180 manat məbləğində zərər dəymişdir.
7. 084264 №-li sığorta aktından görünür ki, “Daweoo BS090” markalı, **-TG-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək İddiaçı Sığorta Şirkəti ASC-də icbari sığorta növündə sığortalanmışdır. xx.xx.2020-ci il tarixdə Cavabdeh2 MMC-yə məxsus olan və yol vərəqəsi əsasında Cavabdeh1 tərəfindən idarə olunan “Daweoo BS090” markalı, **-TG-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsində “Honda Accort” markalı, **-VT-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 180 manat təşkil edir.
8. Xətai rayon DYPŞ-in xx.xx.2020-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinmişdir.
9. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən vurulmuş zərərin əvəzi olaraq 180 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
10. xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh1 və Cavabdeh2 MMC-yə borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur.
11. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edən zaman 30.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Tətbiq edilən hüquq.
12. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
13. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
14. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2.-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
16. Həmin Məcəllənin 1114.1.-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
17. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
18. Həmin Məcəllənin 936.5-ci maddəsinə görə, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
19. Göstərilən Məcəllənin 1099.1-ci maddəsinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
20. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il Qərarına əsasən, işəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır.
22. Həmin Qərardan həmçinin görünür ki, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər.
Məhkəmənin mövqeyi.
23. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir.
24. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən vurulmuş zərərin əvəzi olaraq 180 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Deməli, iddiaçının subroqasiya hüququ yaranıb.
25. İş materiallarından həmçinin müəyyən olunur ki, Xətai rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh1 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddədə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Cavabdeh həmçinin hadisə yerini tərk etmişdir. Bu hal, iddiaçıya ödədiyi sığorta ödənişinin geri tələb etmək hüququ verir. Bununla belə, cavabdehlərin mülki hüquqi məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı.
26. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 MMC-dən vurulmuş zərərə görə müştərək qaydada ümumilikdə 180 manat məbləğində pul tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir.
Məhkəmə xərcləri.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
28. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.40 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə.
30. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 180 manat məbləğində pul tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilməlidir.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 MMC-dən vurulmuş zərərə görə 180 (yüz səksən) manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.40 (otuz manat qırx qəpik) manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.