Məhkəmə qərarları › İş №e-2(010)-1227/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1227/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1227/2023 26.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 617.20 manat əsas borc, 197.33 manat faiz borcu və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 1227/2023 saylı qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

İddia tələbinin əsaslandırıldığı hallar.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağladığı xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən X1na xx.xx.2020-ci ilədək, 24 ay müddətinə, illik 29% olmaqla 1000 manat məbləğində kredit verilmişdir. Borcalan krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. X1 xx.xx.2019-cu ildə vəfat etmişdir. xx.xx.2021-ci il tarixə onun banka olan borcunun məbləği əsas borc üzrə 617.20 manat, faiz üzrə 197.33 manat təşkil edir. Cavabdeh əri X3 miras qalan 900.72 manat pulu və ** GX *** qeydiyyat nişanlı, “Mercedes Benz C 220 CDİ” markalı avtomaşını onun vərəsəsi kimi notariat ofisinə ərizə ilə müraciət etməklə qəbul etmiş və bu barədə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mübahisənin məhkəməyəqədər həlli üçün cavabdehə poçt vasitəsilə pretenziya göndərilib. Lakin borc ödənilməyib. Odur ki, X4 banka olan borcu onun mirasını qəbul etmiş vərəsə olan cavabdehdən məhkəmə qaydasında tutulmalıdır.

Tərəflərin izahatları.

4. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

İş materialları.

6. İddiaçı ASC və X6 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 18032-4589/241966 nömrəli kredit müqaviləsindən görünür ki, müqaviləyə əsasən Kreditverən 1000 manat məbləğində, illik 29 faizlə, 24 ay müddətinə Borcalanın istifadəsinə krediti təqdim etməyi, Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Kreditverənə qaytarmağı öhdəsinə götürür.

7. xx.xx.2018-ci il tarixli, 18032-4589/241966 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş qrafikindən görünür ki, müqavilə üzrə ödənişlərin xx.xx.2018 – xx.xx.2020-ci il tarixləri arasında aylıq 55.81 manat (sonuncu ay 55.72 manat) olmaqla ödənilməsi təsdiq edilmişdir.

8. xx.xx.2021-ci il tarixli arayışından görünür ki, X4 İddiaçı ASC-yə xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 617.20 manat əsas; 197.33 manat faiz; cəmi 814.53 manat məbləğində borcu vardır.

9. xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, Bank tərəfindən Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş borcunun məbləği barədə məlumat verilmiş, borcun vaxtında ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəy barədə xəbərdarlıq edilmişdir.

10. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 001911 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 essensial (birincili) hipertenziyadan xx.xx.2019-cu il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 418 nömrə ilə qeyd edilmişdir.

11. Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli, 630 nömrəli məktuba əlavə edilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X4 arvadı Cavabdeh miras əmlakından 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" KB ASC tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş HD/2803 nömrəli arayışa əsasən vəfat etmiş X5 ödəniləcək 900.72 manat məbləğində puldan ibarətdir.

12. Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli, 630 nömrəli məktuba əlavə edilmiş xx.xx.2019-cu il tarixli (xx.xx.2019-cu il tarixli, 2-V-137 reyestr nömrəli işə əlavə) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X4 arvadı Cavabdeh miras əmlakından tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi QİŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AB947015 nömrəli şəhadətnaməsinə əsasən şassi nömrəsi **********0, mühərrikin nömrəsi ********** və buraxılış ili 2003 olan, “Mercedes C220CDİ minik” markalı, 99GX190 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir.

İşin faktiki halları.

13. İddiaçı ASC (Bank) və X6 (Borcalan) arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən Borcalana 24 ay müddətinə, illik 29% ödəmək şərtilə 1000 manat məbləğində kredit verilmiş, Borcalan isə götürdüyü krediti müqavilə ilə müəyyən edilmiş müddətdə faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür.

14. Müqavilə üzrə X1 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Hüseyn Hüseynovun ölümündən sonra ondan miras qalan əmlak (bir minik avtomobil və 900.72 manat məbləğində pul) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən arvadı Cavabdeh keçmişdir.

15. Bundan sonra Bank mərhumla aralarında bağlanmış kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc və ona hesablanmış faiz borcunu mərhumun vərəsəsi olan arvadı Cavabdeh tələb etmişdir.

Tətbiq edilən hüquq.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1146. Mirasın açıldığı vaxt. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151. Miras əmlak. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarı.

Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat.

Məhkəmənin mövqeyi.

20. İşin faktiki hallarından görünür ki, mərhum X6 İddiaçı ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə borclu olmuşdur. İş üzrə Cavabdeh isə mərhum borclunun vərəsəsidir. Yuxarıda istinad edilmiş qanunvericilik normalarından da göründüyü kimi borclunun ölümü ilə kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilmir, bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.

21. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Bank mərhum borclu ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə ödənilməmiş əsas və faiz borcunu mərhumun vərəsəsi olan iş üzrə cavabdehdən tələb etməkdə haqlı olmuşdur.

22. Vərəsə-cavabdehin məsuliyyətinin həddi, yəni ondan tutulmalı olan əsas borcun məbləği ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsənin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

23. İş materiallarından görünür ki, Cavabdeh mərhum əri Hüseyn Hüseynovdan miras əmlak kimi bir minik avtomobil və 900.72 manat məbləğində pul qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mərhum ərinin Bank qarşısında olan cəmi 814.53 manat məbləğində borcu onun vərəsəsi olan Cavabdeh tam həcmdə tutulmalıdır.

Məhkəmə xərcləri.

24. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.

25. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

26. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 617.2 manat əsas borc və 197.33 manat faiz borcu olmaqla, cəmi 814.53 manat (səkkiz yüz on dörd manat əlli üç qəpik) məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

27. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ:

İddia təmin edilsin. Cavabdeh 617.2 manat əsas borc və 197.33 manat faiz borcu olmaqla, cəmi 814.53 manat (səkkiz yüz on dörd manat əlli üç qəpik) məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar