Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1236/2024 16.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh1 qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanda yerləşən mənzildən istifadə hüququnun olmasının tanınması, cavabdehlər Cavabdeh2 MTK ilə Cavabdeh1 arasında bağlanmış ünvan 1 ünvanda yerləşən mənzilə dair müqavilədə İddiaçı həmin mənzilin əvəzinə veriləcək mənzildə istifadə hüququnun olmasına dair müddəaların əlavə edilməsi, yeni tikiləcək mənzilə köçürülənədək binada yaşayan digər sakinlərə olduğu kimi yaşayış yerinin təmin edilməsi öhdəliyinin Cavabdeh2 MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin azaldılması İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1 ünvanda yerləşən mənzildən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil X1na order əsasında məxsus olmuşdur. Qeyd olunan ünvana 1988-ci ildə gəlin köçmüş, həmin tarixdə də soyadını dəyişib həyat yoldaşının soyadını götürmüşdür və qeyd edilən tarixdən həmin ünvanda o, həyat yoldaşı X15, qayınatası və qayınanası yaşamışlar. 1992ci ildə formal olaraq həyat yoldaşı ilə nikahları pozulsa da, faktiki olaraq birgə nikahda qeyd olunan ünvanda yaşamış və nikahlarını yenidən 2008-ci il tarixdə rəsmiləşdirmişlər. 1992-ci ildə nikahları pozulduğu üçün onda həmin nikah şəhadətnaməsi olmasa da, soyadını dəyişməsi barədə şəhadətnamə vardır. Bu hal da həqiqətən 1988-ci ildə nikaha girməklərini təsdiq edir. X1 xx.xx.2004-cü il tarixdə vəfat etmiş və qayınatası vəfat edərkən o, həyat yoldaşı ilə birlikdə qeyd olunan mənzildə yaşamışlar. Qeyd olunan mənzil order əsasında X1nun adına olduğundan mənzili xx.xx.2015-ci il tarixdə X2nın adına özəlləşdirmişlər. Həyat yoldaşı X15 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Qeyd olunan ünvanda qayınanası və o yaşamışdır. X2 ağır xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün o, qayınanasının qulluğunda durmaqla ana-bala kimi bir yerdə yaşamış, mənzilin kommunal ödənişləri onun tərəfindən həyata keçirilmiş, qayınanası rəhmətə getməmişdən əvvəl qeyd olunan mənzilə pasport qeydiyyatına saldırmış, xx.xx.2021-ci il tarixdə qeyd olunan mənzili nəvəsi, hazırki iş üzrə Cavabdeh1 bağışlamış və mənzili bağışlayarkən sonuncuya mənzil satılarkən mənzilin 1/3 hissəsinin ona verilməsi barədə razılaşmışlar. Lakin hazırda onda olan məlumata əsasən, onun qeydiyyatda olmaqla 1988-ci ildən yaşadığı mübahisəli mənzili Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında olan razılaşmaya əsasən sökülməsi və qeyd olunan mənzilin əvəzinə Cavabdeh1 mənzil verilməsi barədə müqavilə bağlanmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-nın nümayəndəsi mənzili boşaltmalı olduğunu ona bildirdikdə, onun həmin mənzilə istifadə hüququnun olmasını, buna görə də onun da mənzillə təmin edilməli olduğunu bildirsə də, ona əhəmiyyət verməmişlər. Beləliklə, qeyd olunan mənzildə onun istifadə hüququnun olmasına baxmayaraq, onun mənafeyinə zidd olaraq müqavilə bağlanmış və qeyd olunan mənzil söküləcəyi təqdirdə onun harda yaşayacağı yaxud mənzilə olan istifadə hüququnun hansı qaydada həyata keçirilməsi müəyyən edilməmişdir. Qeyd olunan mübahisəli mənzilə 1988-ci ildə gəlin köçərək hal-hazıradək davamlı olaraq orda yaşadığından mübahisəli mənzilə qanunun tələbinə uyğun olaraq istifadə hüququ yaranmışdır. Qonşular da onun qeyd olunan ünvana 1988-ci ildən gəlin köçməyini və indiyədək orda yaşadığını təsdiq edə bilərlər. Lakin mənzil Cavabdeh2 MTK ilə bağlanmış müqaviləyə əsasən sökülərək yerinə yeni çoxmənzilli bina tikilərkən həmin mənzildən onun da istifadə edə bilməsi üçün qeyd olunan müqavilədə yeni veriləcək mənzildən istifadə hüququnun olmasına dair müddəalar əlavə edilməlidir. Qanunun tələbinə uyğun olaraq mübahisəli mənzilə istifadə hüququ olduğundan həmin mənzilin mülkiyyətçisinin dəyişməsi onun istifadə hüququna xitam verilməsi üçün əsas ola bilməz. Bundan başqa, qeyd edildiyi kimi mübahisəli mənzilin yerləşdiyi bina Cavabdeh2 MTK tərəfindən sökülərək yerinə yeni çoxmənzilli binanın tikilməsi nəzərdə tutulmuşdur. Həmin bina tikilənədək binada yaşayan sakinlərin yaşayış yeri ilə təmin olunması üçün əraziyə yaxın yerlərdə kirayə haqqı verilməklə yerləşdirilməsi nəzərdə tutulmuşdur. Lakin mənzildən çıxmalı olduğu ona bildirilsə də, ona nə kirayə haqqı verilməsi təklif edilməmiş, nə də yeni tikiləcək mənzildə yaşamaq hüququnun təmin olunacağı bildirilməmişdir. Əksinə, onun da mənzildən istifadə hüququnun olmasını, buna görə də digər qonşulara ödənildiyi kimi ona kirayə haqqı ödənilməli olduğu və onunla da yeni tikiləcək binadan mülkiyyətçiyə veriləcək mənzildən istifadə etmək hüququnun təmin edilməli olmasını bildirsə də, cavabdehlər ona mənzilə dair heç bir hüququnun olmamasını, mənzilin mülkiyyətçisi kimdirsə yalnız onunla müqavilə bağlanıldığı və kirayə haqqı, həmçinin yeni mənzillə mülkiyyətçinin təmin olunacağını bildirmişlər. Beləliklə, ünvan 1 ünvanda yerləşən mənzildə istifadə hüququnun olmasına baxmayaraq, onun hüquqları pozulmaqla qeyd olunan mənzilə dair müqavilə bağlanmaqla yeni tikiləcək mənzildə onun istifadə hüququnun olmasına dair müddəalar öz əksini tapmadığından hazırda olduğu kimi onun gələcəkdə də hüquqları pozulmaqda davam edəcəkdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, mübahisəli mənzilə 1988-ci il tarixdə gəlin köçmüş və qeydiyyata düşmüşdür, lakin sonradan əri ilə nikahları pozulmuş və o, həmin mənzildən qeydiyyatdan çıxaraq anasına məxsus evə qeydiyyata düşmüşdür. Əri ilə sənədə görə formal olaraq boşansalar da həmişə bir yerdə yaşamışlar. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək və iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçının qayınanası evi nəvəsi Zeynala bağışlayarkən nəvəsinə bildirmişdir ki, gəlinini də həmin mənzilə qeydiyyata saldırsın. Zeynal da nənəsinin şərtini yerinə yetirərək əvvəlcə iddiaçını həmin mənzilə qeydiyyata saldırmış, nənə vəfat etdikdən sonra isə iddiaçıya həmin mənzildən çıxması ilə bağlı təzyiqlər etmişdir. 2008-ci ildə iddiaçı ilə yoldaşı arasında nikah yenidən bağlanan zaman ev iddiaçının qayınatasının adına olmuş və iddiaçı Sənan yenidən həmin mənzilə çıxarış alan zaman qeydiyyata salınmışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı onun dayısı arvadıdır. Mübahisəli mənzili nənəsi ona bağışlamış və həmin anda iddiaçının qeydiyyatı olmadığı üçün ona bağışlanan mənzilə qeydiyyata düşməsinə razılıq vermişdir. İddiaçı həyat yoldaşı vəfat edən vaxta kimi, təxminən 5 il müddətində həmin mənzildə yaşamış və ona heç kim heç bir irad bildirməmişdir. İddiaçı yoldaşı ilə birlikdə bir müddət Almaniyada yaşamış, ora getməmişdən əvvəl evlərini satmış, gedib-gəldikdən sonra da yenə yoldaşı ilə həmin mənzildə yaşamışlar. Bu proseslər baş verən zaman iddiaçının həmin mənzilə dair rəsmi qeydiyyatı olmamış, məhz o, iddiaçını həmin mənzilə qeydiyyata aldırmışdır. Həmin mənzilə qeydiyyata düşməzdən əvvəl, bildiyi qədəri ilə anasının evində qeydiyyatda olmuş, yəni evsiz olmamışdır. Hazırda MTK 3 bina tikir və iddiaçı həmin binalardan birində kirayəçi olaraq yaşayır. O, ömürlük dayısının yoldaşı ilə birlikdə yaşamağa məcbur deyildir. İddiaçıya heç kim öz qayınanasına baxmasını və ya ona qulluq etməsini məcbur etməmişdir. Əgər nənəsi məsləhət bilsəydi, həmin mənzili gəlininə bağışlayardı. Sözügedən mənzillə bağlı iddiaçıya heç bir kompensasiya haqqı ödəmək fikrində də deyildir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahid ifadələri Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, Reyhanı gəlin köçəndən bəri tanıyır və onunla qonşu olmuşlar. Reyhangil onlardan yuxarı mərtəbədə yaşamışlar. Həmin binada 18 ailə yaşamışlar, Reyhanın yoldaşı Eldarı da tanıyırdı. Reyhan həmin mənzilə gəlin köçəndən sonra həmişə orada yaşamışdır. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X24 ifadəsində bildirdi ki, Reyhanı gəlin köçəndən bəridir ki, tanıyır. Reyhanla divar qonşusu olmuşlar. Reyhan 1988-ci ildə həmin mənzilə gəlin köçmüşdür. Əri Eldardır və rəhmətə getmişdir. Mərhum qayınanası Zərqələm, baldızı Almazın oğlu isə hazırkı iş üzrə cavabdeh Sənandır. Reyhan həmişə həmin ünvanda yaşamışdır. Qonşular binanı müxtəlif vaxtlarda tərk etsələr də, o, təxminən 3 ay olar ki, yaşadığı mənzildən çıxmışdır. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirdi ki, Reyhanla qonşu olmuşlar. Reyhan həmin mənzilə 1988-ci ildə Məmmədov Eldarla ailə həyatı qurduqdan sonra gəlin kimi köçmüşdür. Reyhan əri xəstə olan zaman ona baxmış, qulluğunda olmuş, eyni zamanda yoldaşı vəfat etdikdən sonra qayınanası da baxmış və ona qulluq etmişdir. Hamıya məlumdur ki, Reyhan gəlin köçdükdən sonra həmişə həmin mənzildə yaşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, Reyhanı ilk dəfə toy mərasimində görmüşdür. Onun toyu Reyhanın toyundan əvvəl olmuşdu. O, Eldargillə qonşuluqda yaşamışdır. 1988-ci ilin təxminən payız aylarında toy mərasimi keçirilmiş və Reyhan həmin mənzilə gəlin köçmüşdür. Reyhanın qayınanası Zərqələm xala idi ki, onların gəlin-qayınana kimi münasibətləri çox yaxşı idi. Qayınanası xəstə olarkən Reyhan ona qulluq etmiş, qayğısına qalmışdır. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1988-ci il tarixdə verilmiş 1-JQ seriyalı, 258819 nömrəli soyadın, adın və ata adının dəyişilməsi haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 Məmmədova kimi dəyişmiş, bu barədə soyadın, adın və ata adının dəyişilməsi haqqında akt qeydləri kitabında xx.xx.1988-ci il tarixdə 11 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1992-ci il tarixdə verilmiş 1-JQ seriyalı, 480869 nömrəli boşanma haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X16 və X17 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.1992-ci il tarixdə 96 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Məmmədli, qadına Məmmədli soyadı verilmişdir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 426738 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X15 və İddiaçı arasında xx.xx.2008-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1030 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədli, arvada Məmmədli soyadı verilmişdir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 021023 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X15 xx.xx.2019-cu il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 95 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı ünvan 2 ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan müəyyən olunur ki, ünvan 1 mənzil 07560 nömrəli, xx.xx.1961-ci il tarixli X7 məxsus orderin surətinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 51 nömrəli əmrə, keçmiş Orconikidze rayon Zəhmətkeş Deputatları İcraiyyə Komitəsinin xx.xx.1961-ci il tarixli, 28 nömrəli protokoluna, 1946 nömrəli, xx.xx.2015-ci il tarixli forma 2 arayışına, X15 tərəfindən verilmiş razılıq ərizəsinə əsasən, ilkin olaraq xx.xx.2015-ci il tarixdə X6 adına qeydiyyatdan keçmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-41 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Məhkəmə sorğusu əsasında əldə edilmiş xx.xx.1961-ci il tarixdə verilmiş 07560 nömrəli orderin təsdiq edilmiş surətindən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən 3 otaqlı, yaşayış sahəsi 47 m2 olan mənzil X7 verilmişdir. Məhkəmə sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş 51M nömrəli əmrin təsdiq edilmiş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, 1 saylı evin sahəsi 47.0 m3 olan 3 otaqdan ibarət 13 saylı mənzilin icarədarı X12 olmuşdur və o, xx.xx.2004-cü ildə vəfat etmişdir. Həmin mənzilin şəxsi hesabının X6 adına dəyişdirilməsi və onunla icarə müqaviləsi bağlanılması əmr edilmişdir. Məhkəmə sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 62.5 m2 mənzil X6 xüsusi mülkiyyətindədir və mənzil üzərində tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə sorğusu əsasında əldə edilmiş X13 (Hədiyyə verən) və Cavabdeh1 (Hədiyyə alan) arasında xx.xx.2021-ci il tarixdə notarial qaydada bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsinin təsdiq edilmiş surətindən müəyyən olunur ki, Hədiyyə verən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 62.5 m2 olan mənzilin tam mülkiyyət üzrə ona məxsus tam hissəni Hədiyyə alanın mülkiyyətinə verir. Bağışlanan daşınmaz əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə X8 verilmiş **********74-05101-093002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə Hədiyyə verənə məxsusdur. Tərəflər bağışlanan daşınmaz əmlakı qiymətləndirməmişlər. Məhkəmə sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 476623 nömrəli çıxarışın təsdiq edilmiş surətindən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 62.5 m2 olan mənzil Cavabdeh1 xüsusi mülkiyyətindədir və mənzil üzrə tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli ayayışın surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.2021-ci il tarixindən ünvan 3 ünvanında qeydiyyatdadır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq 8 iyul 1982-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuşdur) Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 1 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının və iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə hesab edir ki, hazırki mübahisənin düzgün həlli baxımından mənzil istifadə hüququna dair normalar nəzərdən keçirilməli, tərəflər arasında münasibətlərin yaranma müddətləri, iddiaçının mübahisəli mənzildə birlikdə yaşadığı şəxslərlə əlaqəsi, iddiaçının həmin mənzildən istifadə etdiyi müddətlər araşdırılmalıdır. Belə ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımından öz qüvvəsini itirməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, işin mübahisəsiz olaraq müəyyən olunmuş hallarından göründüyü kimi, iddiaçı Məmmədli Eldarla nikah münasibətlərinə daxil olaraq 1988-ci ildə qaynatasına order əsasında verilmiş mənzilə gəlin köçmüşdür. Tərəflər arasında bağlanan nikah 1999cu ildə pozulmuş və xx.xx.2008-ci ildə tərəflər yenidən nikah münasibətlərinə daxil olmuşdur. Məmmədov Müseyib (qaynata) xx.xx.2004-cü il tarixində vəfat etmiş, mübahisəli mənzilin şəxsi hesabı X6 (qaynana) adına dəyişdirilmiş və onunla icarə müqaviləsi bağlanmışdır. Mənzilə mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə X6 adına qeydiyyatdan keçmişdir. Məmmədova Zərqələm mənzili nəvəsi Cavabdeh1 bağışlamış və həmin mənzil xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Hazırda iddiaçı cavabdehə məxsus mənzildə istifadə hüququnun tanınmasını tələb edir. Məhkəmə qeyd edir ki, mübahisəli hüquq münasibətləri yarandığı zaman evin qaynana və qaynataya mülkiyyət hüququ ilə məxsus olmamışdır. Bu baxımdan, iddiaçının bildirdiyi faktik hallara əsasən iddia tələbi 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsi əsasında həll olunmalıdır. 8 iyul 1982-ci il tarixli Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. İşin hallarından göründüyü kimi iddiaçı mübahisəli mənzilə 1988-ci ildə gəlin köçmüş və həmin mənzildə fasiləsiz yaşamışdır. İddiaçının həmin mənzildə 1988-ci ildən fasiləsiz olaraq yaşayıb qaynana, qaynata və yoldaşının sağlamlığının qeydinə qalması məhkəmə iclasına çağırılmış şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Cavabdeh məhkəmə hazırlıq iclasında iddiaçının uzun müddət Almaniyada yaşadığını bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, işdə olan sübutlarla bu hal öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə tərəfindən tərəflərə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək üçün dəfələrlə hazırlıq iclası keçirilmiş, cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə alaraq, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı ünvan 3 ünvanında yerləşən mənzilə istifadə hüququ tanınmalıdır. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı ünvan 3 ünvanında yerləşən mənzilə istifadə hüququ tanınmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ünvan 3 ünvanında yerləşən mənzilə istifadə hüququ tanınsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-1236/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1236/2024
16.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver