Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1252/2024 30.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiаçı İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx xxxxxxx 1978-ci il təvəllüdlü Cavabdeh xx.xx.2019-cu il tarixli, ARFK5714673 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1675 manat əsas borc, müqavilə üzrə hesablanmış 500 manat faiz borcu və 42 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmii 2217 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 1252/2024 saylı qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh ilə İddiaçı MMC arasında müddəti 15 ay olmaqla 27 avqust 2019-cu il tarixli ARFK5714673 saylı nisyə alqı-satqı müqaviləsi bağlanılıb. Həmin müqaviləyə əsasən, cavabdeh iddiaçıdan dəyəri 2339 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 1675 manat borcu qalıb. Qeyd edilən kredit müqaviləsinə əsasən borclu (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% məbləğində faiz borcu ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 19.095 manat faiz borcu yaranmışdır (1675 manat x 1140 x 1% = 19095 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 500 manat məbləğində tələb edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 27 avqust 2019-cu il tarixli ARFK5714673 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1675 manat əsas borc, müqavilə üzrə hesablanmış 500 manat faiz borcu və 42 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2217 manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq xx.xx.2024-cü il tarixə təyin olunmuş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, iddia ərizəsinə iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı MMC ilə həqiqətən də nisyə alqı-satqı müqaviləsi bağlasa da, müqavilə üzrə aldığı əşyanı özü üçün deyil tanışı üçün əldə etmişdir. Həmin şəxslə karantin dövrü tanış olmuş və ailəvi münasibətləri yaranmışdır. Həmin şəxslər 1-2 ay sözügedən müqavilə üzrə müəyyən ödənişlər etsələr də, əşyanın tam dəyəri bu günədək ödənilməmişdir. Həm müqavilə, həm də ödənişlərlə bağlı sənədlər həmin şəxslərdə qalmışdır. Eyni zamanda İddiaçı MMC tərəfindən ona heç bir zəng olunmamışdır. Həmin müqavilənin bağlanmasından da artıq 4-5 il keçmişdir. Onun həmin müqavilə üzrə alınan əşyaya ehtiyacı olmamışdır. Əgər o, vaxtında ödənişlərin olmadığını bilsəydi bu işlə əvvəlcədən məşğul olardı və iş məhkəməyə qədər gəlib çıxmazdı. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmişdir. Hazırkı mübahisəyə iddia müddətinin tətbiq edilməsi ilə bağlı İddiaçı MMC-nin ofisinə yaxınlaşmış, lakin ödənişlər ilə bağlı sənəd və ya çekləri tələb etsə də ala bilməmişdir. Ona İddiaçı MMC-nin ofisindən sadəcə olaraq bildirilmişdir ki, xx.xx.2019-cu ildə 164 manat ödəniş edilmişdir. Odur ki, məhkəmədən hazırkı mübahisəyə iddia müddətinin tətbiq edilərək təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SRFK5714673 nömrəli borc müqaviləsinə əsasən, İddiaçı MMC alqı-satqı qiyməti 2339 manat məbləğində məişət avadanlığını 164 manat ilkin ödəniş olmaqla, 15 ay müddətinə aylıq 145 manat ödəmək şərtilə müştəri Cavabdeh mülkiyyətinə verir, müştəri isə müqavilədə qeyd olunan avadanlığı qəbul edərək onun dəyərini İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli, 3925 nömrəli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2019-cu il tarixli SRFK5714673 saylı müqavilə üzrə Cavabdeh ödənilməmiş 1675 manat əsas (qalıq) borcu vardır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 42 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh qismində iştirak etdiyi mülki iş üzrə yekun qətnamə çıxarılarkən iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır Maddə 427.3 Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.5, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli qərarı ...Qeyd edilməlidir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ... - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Azərbaycan Respublikasnını Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini, cavabdehin izahatını, işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edilir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli, SRFK5714673 nömrəli borc müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, iddiaçı alqı-satqı qiyməti 2339 manat məbləğində məişət avadanlığını 164 manat ilkin ödəniş olmaqla, aylıq 145 manat ödəmək şərtilə cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə müqavilədə qeyd olunan avadanlığı qəbul edərək onun dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin müddəti 15 ay müəyyən edilmişdir. Müqavilənin icra müddəti xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək müəyyənləşdirilmişdir. İddiaçı həmin müqavilənin icrası müddəti başa çatmasından 3 ildən çox müddət keçdikdən sonra (xx.xx.2024-cü il tarixdə) iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə cavabdehin təqdim etdiyi ərizə əsasında iddia müddətinin hazırki mübahisəyə tətbiq edilib-edilməməsi ilə bağlı qeyd edir ki, iddiaçı vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. İddia müddəti ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001ci il tarixli Qərarında qeyd etmişdir ki, “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İş materiallarıni tədqiq edərək məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2019-cu il müqavilədə nəzərdə tutulan öhdəliklərin icra müddəti müqavilə imzalandığı tarixdən başlamış və müqavilə müddəti 15 ay müəyyən edilməklə xx.xx.2020-ci il tarixədək hissəhissə icra edilməsi müəyyənləşdirilmişdir. İddiaçı həmin müqavilənin üzrə öhdəliklərin icra müddətinin başa çatmasından 3 ildən çox müddət keçdikdən sonra (xx.xx.2024-cü il tarixdə) iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilənin bağlanması və həmin müqavilə üzrə cavabdehin öhdəliklərini icra etməməsi məhkəməyə təqdim olunmuş sübutlarla təsdiq olunduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası, qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən (buraxıldığından) iddia müddəti tətbiq olunmaqla təmin edilməməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 42 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi rədd edilsin Ödənilmiş 42 manat məbləğində dövlət rüsumu İddiaçınə aid edilsin. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş 42 (qırx iki) manat məbləğində dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-1252/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1252/2024
30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver