Məhkəmə qərarları › İş №e-2(010)-1253/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1253/2023

19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1253/2023 19.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC «Bank Standard» KB-nin (Ləğv prosesindədir) Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. QSC «Bank Standard» KB ilə Cavabdeh arasında bağlanmış 06 noyabr 2014-cü il tarixli, 1xx/xx/125736/14 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh Kreditor tərəfindən illik 25%-lə 24 ay müddətinə 716 manat məbləğində kredit verilmişdir.

2. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə banka 278.07 manat əsas, 234.03 faiz, 405.19 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 87.56 manat olmaqla, cəmi 1004.85 manat borcu vardır.

3. xx.xx.2022-ci il tarixli bankın xəbərdarlıq məktubundan müəyyən olunur ki, cavabdehə banka olan borcun 3 iş günü ərzində tam ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.

İşin faktiki halları

4. Cavabdeh ilə QSC «Bank Standard» KB arasında 06 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin bağlanması, həmin kredit müqaviləsi üzrə cavabdehə 716 manat məbləğində kredit verilməsi işin mübahisəsiz halıdır.

İddia tələbi

5. İddiaçı QSC «Bank Standard» KB Cavabdeh qarşı kredit borcu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 278.07 manat əsas, 234.03 faiz, 405.19 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 87.56 manat olmaqla, cəmi 1004.85 manat borcun və iş üzrə ödənilmiş 30.5 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

6. QSC “Bank Standard” KB (bundan sonra -Bank) ilə Cavabdeh (bundan sonra - Cavabdeh) arasında 06 noyabr 2014-cü il tarixli 1xx/xx/125736/14 saylı müqavilə (bundan sonra - Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 716 (yeddi yüz on altı) manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin Banka 278.07 (iki yüz yetmiş səkkiz manat,yeddi qəpik) manat məbləğində əsas borc, 234.03 (iki yüz otuz dörd manat,üç qəpik) manat məbləğində faiz borcu, 405.19 (dörd yüz beş manat, on doqquz qəpik) manat məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 87.56 (səksən yeddi manat, əlli altı qəpik) manat məbləğində faiz məbləği, ümumilikdə isə 1004.85 (min dörd manat, səksən beş qəpik) manat məbləğində borcu qalmışdır. Kredit Müqaviləsində isə göstərilir ki: “Alınmış krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək “Borc alan”ın vəzifəsidir”. Eynilə Kredit Müqaviləsinin 5.4.9-cü bəndinə əsasən: “Müqavilə şərtlərini tam və vaxtında icra etmək “Borc alan”ın vəzifəsidir”.

Tərəflərin izahatları

7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1-ci Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.4 Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarı Qeyd olunan qərarda göstərilmişdir ki, kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər.

Məhkəmənin mövqeyi

11. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

12. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, cavabdeh isə üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməmiş və onun banka ödənilməmiş borcu qalmışdır. Hazırda bank cavabdehdən borcun ödənilməsini tələb edir.

13. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh kredit müqaviləsi üzrə 278.07 manat əsas, 234.03 faiz, borcun tutulması barədə tələb əsaslıdır, lakin cərimə pulu yüksəkdir.

14. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 405.19 manat dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 50 manat müəyyən edilməlidir.

15. Məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 87.56 manat hissəsində də əsaslıdır.

16. Yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, cavabdehdən kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonrakı dövr üzrə illik 5 faiz olmaqla tələb edilən məbləğ tutulmalıdır.

Məhkəmə xərcləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

18. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Mədaxil qəbzindən görünür ki, iddiaçı QSC «Bank Standard» KB tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30.50 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

20. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.50 manat məbləğində pul Cavabdeh iddiaçı QSC «Bank Standard» KB-nin (Ləğv prosesindədir) xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

21. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh iddiaçı QSC "BANK STANDARD" KB-nin (Ləğv prosesindədir) xeyrinə 278.07 manat əsas borc, 234.03 manat faiz borcu, 50 manat məbləğində cərimə borcu və gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 87.56 manat faiz borcu olmaqla cəmi 649.66 manat pul vəsaiti və iş üzrə ödənilmiş 30.50 manat məbləğində dövlət rüsumu tutularaq ödənilməlidir.

22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı QSC "BANK STANDARD" KB-nin (Ləğv prosesindədir) xeyrinə 278.07 manat əsas borc, 234.03 manat faiz borcu, 50 manat məbləğində cərimə borcu və gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 87.56 manat faiz borcu olmaqla cəmi 649.66 manat pul vəsaiti və iş üzrə ödənilmiş 30.50 manat məbləğində dövlət rüsumu tutularaq ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetlə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar