Məhkəmə qərarları › İş №e-2(010)-1255/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1255/2023

02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1255/2023 02.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı LPO "xxxx" KB QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı LPO "xxxx" KB QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 1026.02 manat məbləğində əsas, 4097.13 manat məbləğində faiz, 1602.32 manat məbləğində cərimə, 650.58 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə isə 7376.05 manat məbləğində pulun və 94 manat dövlət rüsumunun Cavabdeh ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC "xxxx" KB (Bank) ilə Cavabdeh (cavabdeh) arasında 18 dekabr 2008-ci il tarixində kredit verilməsi haqqında ********** saylı müqavilə (kredit müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən, bank tərəfindən cavabdehə illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 3431 manat məbləğində kredit verilmişdir. Lakin, cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 1026.02 manat məbləğində əsas, 4097.13 manat məbləğində faiz, 1602.32 manat məbləğində cərimə, 650.58 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 7376.05 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətlər məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərdən cavabdehə yazılı xəbərdarlıq edilmişdir, lakin, bundan sonra da kredit müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. Tərəflərin izahatları. İş üzrə iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş materialları. İddiaçı LPO "xxxx" KB QSC tərəfindən 17 noyabr 2022-ci il tarixli 22/200804525 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2008-ci il tarixli ********** nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 1026,02 manat məbləğində əsas borc, 4097,13 manat məbləğində faiz borcu, 1602,32 manat məbləğində cərimə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 650,58 qəpik məbləğində faiz borcu olmaqla, ümumilikdə 7376,05 manat məbləğində kredit borcu olmuşdur. KMFŞ 3024/T saylı xx.xx.2007-ci il tarixli kreditin verilməsi haqqında müqaviləyə əlavə olunan ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh xx.xx.2007-ci il tarixdən başlayaraq xx.xx.2009-ci il tarixədək hər ay 178,80 manat ödəniş etməlidir. QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 23 noyabr 2007-ci il tarixli, KM FŞ 3024/T saylı kredit müqaviləsinə əsasən, Cavabdeh kreditor tərəfindən illik 25%-lə 24 ay müddətinə 3431 manat məbləğində kredit verilmişdir. Müqavilənin 4.3-cü bəndinə görə, borc alan bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən, icranı geckdirdiyi halda əsas borc məbləğindən və faizlədən (xidmət haqqından) əlavə ödənişin gecikdirdiyi hər gün üçün kreditora vaxtında qaytarılmayan məbləğin ödənilməmiş məbləğin 1 faizi miqdarında cərimə ödəyir. 28 aprel 2017-ci il tarixdə bankın xəbərdarlıq məktubundan müəyyən olunur ki, Cavabdeh banka olan borcun 3 iş günü ərzində tam ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir. Həmin xəbərdarlıq xx.xx.2017-ci il tarixində Cavabdeh çatdırılmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı LPO "xxxx" KB QSC məhkəməyə ərizə göndərək 18 dekabr 2008-ci il tarixli ********** nömrəli kredit müqaviləsi üzrə maliyyə arayışının məlumatları ilə qovluğa əlavə edilmiş kredit müqaviləsinin nömrə və tarix məlumatları arasında ziddiyətin açıqlaması olaraq bildirilir ki, krdedit müqaviləsinin nömrəsi və tarixi maliyyə arayışında və iddia ərizəsində texniki səhv olaraq yanlış göstərilmişdir. Maliyyə arayışına kredit müqaviləsinə uyğun olaraq müvafiq dəyişiklik edilməklə təqdim ediləcəyi bildirilmişdir. 02 may 2023-cü il tarixində LPO "xxxx" KB QSC Məhkəmələrlə iş şöbəsi tərəfindən verilən sorğuda müqavilə məlumatları ilə qovluğa əlavə edilmiş qoşmada göstərilən müqavilə arasında nömrə və tarix məlumatları arasında ziddiyyətin səbəbini bildirilməsi xahiş edilib. 02 may 2023-cü il tarixdə LPO "xxxx" KB QSC prablemli kreditlərə nəzarət şöbəsindən sorğuya cavab olaraq müstəri Cavabdeh ilə bank arasında bağlanılmış xx.xx.2007-ci il tarixli KM FŞ 3024/T saylı kredit müqaviləsi üzrə qalıq borcun miqrasıya sistem üzrə xx.xx.2008-ci il tarixli ********** saylı müqavilə kimi göstərilməsi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/7022/2023 saylı rəyindən görünür ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 23 noyabr 2007-ci il tarixində bağlanmış KM FŞ 3024/ T saylı kredit müqaviləsi şərtləri əsas götürməklə, Cavabdeh xx.xx.2010-cu il və xx.xx.2023-cü il tarixlərə “LPO "xxxx" KB QSC-yə olan borcu aşağıdaki kimi müəyyən edilir: xx.xx.2010-cu tarixə (sualda qeyd edilən tarixə): əsas borc üzrə 2.162,51 manat, fazi borcu üzrə 443,63 manat. xx.xx.2023-cü il tarixə (sualda qeyd edilən tarixə, xx.xx.2010-cu il tarixdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla): əsas borc üzrə 2.162,51 manat, faiz borcu üzrə 1.795,96 manat məbləğində borc müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2023-cü il tarixli 9/7022 bildirişdən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 439. Pul öhdəliklərinin icrası ...439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.... Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 462.4. Əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilmiş razılaşma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır. Maddə 463. Dəbbə pulu haqqında razılaşmanın forması 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 463.2. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 742. Borc müqaviləsinə xitam verilməsi və borcun qaytarılması 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq müqavilə üzrə əsas və faiz borcunu tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda, məhkəmə qeyd edir ki, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Tərəflər arasında olan münasibətlər “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən əvvəl yarandıqdan, həmin münasibətlərə müqavilə bağlandığı dövrdə qüvvədə olan müddəalar tətbiq edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı “LPO "xxxx" KB QSC və Cavabdeh arasında KM FŞ 3024/T saylı xx.xx.2007-ci il tarixli kredit müqaviləsi bağlanmış və ona 24 ay müddətinə, illik 25 % dərəcəsi ilə 3431 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. Borcalan Cavabdeh xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə əsasən, götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş, iddiaçı “LPO "xxxx" KB QSC -yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq müqavilə üzrə əsas və faiz borcunu tələb etməkdə haqlı olmuşdur. Lakin, hesablaşmalara gəldikdə isə, məhkəmə qeyd edir ki, ekspert rəyində göstərilmiş hesablaşmalar əsas götürülməli və əsas borc üzrə 2.162,51 manat, fazi üzrə isə 443,63 manat borc müəyyən edilməlidir. Yuxarıda göstərilmiş qanunvericiliyin tələblərinə müvafiq olaraq, iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb etməkdə haqlı olmuş, lakin, hesablaşmalar ekspert rəyində göstərilmiş şəkildə olmalı və xx.xx.2010-cu il tarixdən xx.xx.2023-cü il tarixə illik faiz dərəcəsi 5% hesablanmaqla 1.795,96 manat məbləğində borc müəyyən edilməlidir. Məhkəmə iddianın 1602,32 manat dəbbə borcunun qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, cavabdehə hesablanmış cərimə borcu azaldılmalıdır. Belə ki, cavabdeh 2008-ci ilin sentyabr ayından ödənişlər həyata keçirmir. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 1602,32 manat dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu azaldılaraq 50 manat müəyyən edilməlidir Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh iddiaçı LPO "xxxx" KB QSC-nin xeyrinə 2162.51 manat əsas borc, 443.63 manat faiz borcu, 50 manat məbləğində cərimə və 1795,96 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla ümumilikdə 4452,1 manat pul vəsaiti tutularaq ödənilməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 64,6 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, 100 manat ekspertiza xərci cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** (VÖEN: **********, Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3.) hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı LPO "xxxx" KB QSC-nin xeyrinə 2162.51 manat əsas borc, 443.63 manat faiz borcu, 50 manat məbləğində cərimə və 1795,96 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla ümumilikdə 4452,1 manat pul vəsaiti və iş üzrə ödənilmiş 64,6 manat məbləğində dövlət rüsumu tutularaq ödənilməlidir. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri qismində 100 manat Cavabdeh alınaraq dövlət büdcəsinə göstərilən hesaba keçirilsin: AZ34CTRE******************** (VÖEN: **********, Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3.) Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar