Məhkəmə qərarları › İş №e-2(010)-1259/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1259/2023

11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1259/2023 11.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X5 qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı X4 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İşin halları:

1. Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2012-ci il tarixli 09L000003135 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2019-cu il tarixli 09L000003135S saylı sazişlə kredit xəttinin müddəti 193 ay, məbləği 100000 ABŞ Dolları müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 056R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 056R**********SB saylı, xx.xx.2021-ci il tarixli 056R**********SD saylı sazişlə rzaılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 1815.23 manat ödəmiş, onun 8184.77 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 356 gün üçün hesablanmış faiz borcu 2714.61 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 356 gün üçün hesablanmış cərimə 1351.98 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir.

İddiaçının tələbi.

2. Cavabdeh2 ilə İddiaçı QSC arasında imzalanmış xx.xx.2019-ci il tarixli 056R********** saylı kredit razılaşması və ona əlavə bağlanmış sazişlərin ləğv edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 056R********** saylı kredit razılaşması üzrə 8184,77 manat məbləğində kredit borcu, 2714,61 manat məbləğində faiz və 1351,98 manat məbləğində cərimə borcu olmaqla, cəmi 12251,36 manat məbləğində borcun və ödənilmiş 126.76 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

3. İddiaçı QSC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, bildirdi ki, bankdan kredit götürmüş və hər ay vaxtında müqavilə üzrə ödənişləri ödəmişdir. Pandemiya elan olundudan sonra iş yeri bağlanmış və o, ödənişləri ödəməyə çətinlik çəkmişdir. Bu barədə banka bildirsə də, bank güzəşt etməkdən imtina etmişdir. Banka olan borcunu ödəməyə razıdır amma borcu ancaq hissə-hissə icra edə bilər.

5. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları.

6. AccessBank QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 09L000003135 nömrəli uzunmüddətli kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 30000 ABŞ dolları kredit xətti açmağı öhdəsinə götürmüşdür.

7. Kredit müqaviləsinin 1.2-ci bəndindən müəyyən olunur ki, bu müqavilə və kedit razılıaşmaları əsasında istənilən məbləğ 120 ay, xx.xx.2022-ci il tarixdən gec olmayaraq verilməlidir.

8. Kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit üzrə kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə bank müqaviləyə vaxtından əvvəl xitam vermək və hər qaytarılmalı kredit üçün kredit borcunu, faizləri, xərcləri və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb etmək hüququna malikdir.

9. AccessBank QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 09L000003135 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli 056R********** saylı kredit razılaşmasından müəyyən olunur ki, bank məbləği 10000 manat olan krediti aylıq faiz dərəcəsi 1,9167 % olmaqla 24 ay müddətinə qaytarmaq şərti ilə kredit alana verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür.

10. Kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən, borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyə borcludur.

11. AccessBank QSC-nin xx.xx.2019-cu il tarixli qəbzindən müəyyən olunur ki, bank ayırdığı kreditə görə 10000 manatı Cavabdeh2 vermişdir.

12. AccessBank QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 09L000003135 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli ödəniş planından müəyyən olunur ki, borcalan Cavabdeh2 13.1.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində əsas borca görə 10000 manat, faiz borcuna görə 2611,57 manat olmaqla cəmi 12611,57 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür.

13. AccessBank QSC ilə Cavabdeh2 arasında bağlanmış 09L000003135 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixli ödəniş planından müəyyən olunur ki, borcalan Cavabdeh2 xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində əsas borca görə 8623,84 manat, faiz borcuna görə 2533,19 manat, hesablanmış faiz borcu 506,43 manat olmaqla cəmi 11663,46 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür.

14. AccessBank QSC ilə Cavabdeh2 arasında bağlanmış 09L000003135 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixli ödəniş planından müəyyən olunur ki, borcalan Cavabdeh2 xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində əsas borca görə 8525,22 manat, faiz borcuna görə 2648,8 manat, hesablanmış faiz borcu 1156,98 manat olmaqla cəmi 12331 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür.

15. Ödəniş planından daha sonra müəyyən olunur ki, zamin Cavabdeh1 ödəniş planı ilə tanış olaraq razı olduğunu imzası ilə təsdiq etmişdir.

16. Borcverən AccessBank QSC, zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2019cu il tarixli 056S**********01 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh1 borcalan Cavabdeh2 xx.xx.2012-ci il tarixli 09L000003135 saylı uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəlikləri ilə bağlı bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

17. Zaminlik müqavilələrinin 4.1-ci bəndlərindən müəyyən olunur ki, zaminlik müqavilələri imzalandığı gündən qüvvəyə minir və uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qəvvədədir.

18. AccessBank QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 09L000003135 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli 056R********** saylı kredit razılaşmasına xx.xx.2019-cu il tarixdə bağlanmış 09L000003135S saylı sazişdən müəyyən olunur ki, kredit xəttinin müddəti 193 ay, məbləği 100000 ABŞ dolları olması barədə razılığa gəlmişlər.

19. AccessBank QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 09L000003135 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli 056R********** saylı kredit razılaşmasına xx.xx.2020-ci il tarixdə bağlanmış 056R**********SB saylı sazişdən müəyyən olunur ki, tərəflər ödənişlərin xx.xx.2020-ci il tarixli ödəniş planına uyğun ödənilməsi barədə razılığa gəlmişlər.

20. AccessBank QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 09L000003135 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli 056R********** saylı kredit razılaşmasına xx.xx.2021-ci il tarixdə bağlanmış 056R**********SD saylı sazişdən müəyyən olunur ki, tərəflər ödənişlərin xx.xx.2021-ci il tarixli ödəniş planına uyğun ödənilməsi barədə razılığa gəlmişlər.

21. AccessBank QSC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh2 xx.xx.2019-cu il tarixli 056R********** saylı kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə əsas borca görə 8184,77 manat, faiz borcuna görə 2714,61 manat, cərimə borcuna görə 1351,98 manat olmaqla cəmi 12251,36 manat borcu vardır. Gecikmə günlərinin sayı 356 gün təşkil edir.

22. AccessBank QSC-nin Cavabdeh2 və Cavabdeh1 ünvanladığı xəbərdarlıqlardan müəyyən olunur ki, bank birgə borclulara borc qaytarılmadığı halda kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, borcun tam həcmdə tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

23. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən məhkəməyə ərizə verilərkən 126.76 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

Tətbiq edilən hüquq.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

26. Məhkəmə tərəflərin izahatlarını dinləyib iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

27. Belə ki, məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (MM-nin 421.1.,421.2.,422.2.-ci mad.)

28. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla birgə borclular olan cavabdehlərin müqavilə öhdəliklərini icra etməmələri nəticəsində borc verənə əsas borca görə 8184,77 manat, faiz borcuna görə 2714,61 manat borclarının yaranması öz təsdiqini tapdığından məhkəmə iddiaçının kredit razılaşmasının və sazişlərin ləğv edilməsinə, kredit müqaviləsi üzrə birgə borclulardan müştərək qaydada əsas borca görə 8184,77 manat, faiz borcuna görə 2714,61 manat tələblərini əsaslı hesab edib təmin edir.

29. Məhkəmə eyni zamanda iddia tələbinin digər Cavabdeh1 qarşı hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, Cavabdeh1 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun və digər pul tələblərinin ödənilməməsi üçün məsuliyyət daşıyır.

30. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin birgə borcluların borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.)

31. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, kreditor pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, kreditor bağladığı müqavilənin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi.

32. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehlərdən 100 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Mülki Məcəllənin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 100 manat məbləğində saxlanılması kreditorun əmlak mənafelərinə elə bir ciddi zərəri olmamaqla yanaşı, borclu şəxsin mülkiyyət maraqlarının da qorunması və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısının alınması baxımından daha məqsədə müvafiqdir.

33. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.

Məhkəmə xərcləri.

34. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 126.76 manat dövlət rüsumu ödəmişdir.

35. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

36. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, kredit razılaşması və sazişlərin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 8184,77 manat məbləğində kredit borcu, 2714,61 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə borcu olmaqla, cəmi 10999,38 manat məbləğində borc və ödənilmiş 126,76 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddia ərizəsi qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 056R********** nömrəli kredit razılaşması, xx.xx.2019-cu il tarixli, 09L000003135S nömrəli saziş, xx.xx.2020-ci il tarixli 056R**********SD nömrəli saziş və xx.xx.2021-ci il tarixli 056R**********SD nömrəli saziş ləğv edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 056R********** nömrəli kredit razılaşması üzrə əsas borca görə 8184,77 manat, faiz borcuna görə 2714,61 manat, cəriməyə görə 100 manat olmaqla cəmi 10999,38 (on min doqquz yüz doxsan doqquz manat otuz səkkiz qəpik) manat pul və dövlət rüsumuna görə 126,76 manat məbləğində pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar