Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1265/2023 17.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının (bundan sonrakı mətndə ləğv prosesində olan QSC "xxxx" KB) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları
1. QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 20 noyabr 2014-cü il tarixli 1xx/xx/126416/14 №-li kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 1023 manat məbləğində kredit verilmişdir.
2. Hesabdan çıxarışdan görünür ki, Cavabdeh hesabına 24 noyabr 2014-cü il tarixdə 1023 manat məbləğində pul köçürülmüşdür.
3. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə Banka 574,45 manat əsas, müqavilə müddəti üçün hesablanmış 432,49 manat faiz, 531,83 manat cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 174 manat borc, ümumilikdə 1712,77 manat manat məbləğində borcu vardır.
4. xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh 3 gün müddətində banka olan borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur.
5. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, ləğv prosesində olan QSC "xxxx" KB tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 37,20 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
6. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, cavabdeh iddia müddəti ötdüyü üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İşin faktiki halları
7. İddiaçı QSC "xxxx" KB ilə Cavabdeh arasında 20 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.
İddia tələbi
8. İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 574,45 manat əsas, müqavilə müddəti üçün hesablanmış 432,49 manat faiz, 531,83 manat cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 174 manat borc, ümumilikdə 1712,77 manat məbləğində borcun və 37,20 manat dövlət rüsumunun Cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB-nın xeyrinə tutulmasına dair məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 20 noyabr 2014-cü il tarixli 1xx/xx/126416/14 №-li kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 1023 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 574,45 manat əsas, müqavilə müddəti üçün hesablanmış 432,49 manat faiz, 531,83 manat cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 174 manat borc, ümumilikdə 1712,77 manat məbləğində borcu qalmışdır. Cavabdeh kredit borcu üzrə iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2(010)-5865/2019 saylı qərardadı ilə mülki iş Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanla əlaqədar baxılmamış saxlanılmışdır. Lakin fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər bank tərəfindən təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli e- 2(010)-5865/2019 saylı qərardadında müvafiq fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddətin bankların ziyanına istifadə oluna bilməyəcəyi qeyd olunmuşdur.
Tərəflərin izahatları
10. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
11. İddiaçı QSC "xxxx" KB xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəmə ərizə ünvanlayaraq, iş yükünün çox olması səbəbindən iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nın nümayəndəsinin baxış iclasında iştirakının təmin edilməsinin mümkün olmayacağını bildirmiş və mülki iş üzrə məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və təmin olunmasına dair qətnamə qəbul edilməsini, təxirə salındığı təqdirdə növbəti iclasın yeri və vaxtı barədə məlumat verməyi xahiş etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 368. Müddətin başlandığını bildirən vaxt Vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. Maddə 399. Müqavilənin qüvvəsi 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373. İddia müddətləri 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 377. İddia müddətinin başlanması 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 375. İddia müddətinin tətbiqi 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. İddia müddətinin əlavə tələblərə tətbiqi Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.
13. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarı.
Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
Məhkəmənin mövqeyi
14. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir.
15. Belə ki, iş üzrə Cavabdeh iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsini məhkəməyə təqdim etmişdir.
16. İş materiallarında olan 20 noyabr 2014-cü il tarixli 1xx/xx/126416/14 №-li kredit müqaviləsindən görünür ki, borcluya verilən kreditin müddəti 24 ay müddətinə müəyyən olunmuş və kreditin müddəti xx.xx.2016-cı il tarixədək təyin edilmişdir.
17. Beləliklə, tərəflər arasında bağlanmış müqavilədə kreditin müddəti xx.xx.2016cı il tarixədək müəyyən olunmaqla eyni zamanda, öhdəliklərin icra edilməsi vaxtı, yəni müqavilənin icra müddəti də həmin müddətə müəyyən olunmuşdur.
18. Məhkəmə sözügedən müqavilənin icra müddətini müəyyənləşdirdikdən sonra qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir.
19. İddiaçı ilə cavabdeh arasında müqavilə 20 noyabr 2014-cü il tarixdə bağlandığından və müqavilənin icra müddəti 20 noyabr 2016-cı il tarixədək müəyyənləşdirildiyinə görə iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 368-ci maddəsinə əsasən, xx.xx.2016-cı il tarixdən sonrakı gün, yəni xx.xx.2016-cı il tarixdən başlamışdır.
20. Kredit münasibətlərindən yaranan mübahisələrə müqavilə tələbləri üzrə iddia müddəti şamil edildiyindən hazırki mübahisə üzrə iddia müddətinin axımı xx.xx.2019-cu il tarixdə bitmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh kredit borcu üzrə iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2(010)-5865/2019 saylı qərardadı ilə mülki iş Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanla əlaqədar baxılmamış saxlanılmışdır. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2(010)-5865/2019 saylı qərardadında müvafiq fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddətin bankların ziyanına istifadə oluna bilməyəcəyi qeyd olunmuşdur.
21. Məhkəmə iddiaçının istinad etdiyi faktla bağlı qeyd edir ki, məhkəmənin qərardadında qeyd olunan halın bankların ziyanına istifadə oluna bilməyəcəyi qeyd olunsa da, bu hal, iddiaçının istənilən zaman iddia ərizəsilə məhkəməyə müraciət etməsinə əsas yaratmır. Belə ki, iddia ərizəsində iddiaçının özünün qeyd etdiyi məlumatlardan görünür ki, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər bank tərəfindən təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Göründüyü kimi kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu xx.xx.2019-cu il tarixdə başa çatmış və iddiaçı öz hüququnun pozulduğunu artıq xx.xx.2020-ci il tarixdən bildiyi halda, yalnız xx.xx.2023-cü il tarixdə, yəni hüququnun pozulduğunu bildiyi andan 3 il 1 ay sonra hazırki iddia ərizə ilə məhkəməyə müraciət etmiş və iddia müddətini ötürmüşdür.
Məhkəmə xərcləri
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
24. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının (bundan sonrakı mətndə ləğv prosesində olan QSC "xxxx" KB) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” tələbi üzrə iddia müddəti keçdiyindən iddia rədd edilməlidir.
25. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia rədd edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.