Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1273/2022 06.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı İB-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı xeyrinə tərtib olunmuş akt üzrə 3678,56 manat, təbii qazdan istifadəyə görə 399,9 manat, 61,19 manat dövlət rüsumunun əvəzi və 65 manat vəkil xərci olmaqla, cəmi 4504,65 manat məbləğində pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı İB-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək öz izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10.03.2020-ci il tarixli 12-70 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı **********2 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı, sayğaca müdaxilə etmələri aşkar olunaraq aktlaşdırılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin qaz xəttinə özbaşına qoşulmasına görə 29.06.2018-ci il tarixli ******* saylı akt əsasında 1944 manat, 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 756 manat, 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, 10.03.2020-ci il tarixli ******* saylı akt əsasında 84 manat, 29.01.2021-ci il tarixli ******* saylı akt əsasında 216 manat İddiaçı İB-nə zərər dəymişdir. Bundan başqa 29.01.2019-cu il tarixdə G-4 markalı **********25 nömrəli qaz sayğacı Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və sayğacın hesablama mexanizminin plastmas qapağının üst hissəsinin deşici alətlə deşilməsi aşkarlanmışdır. Bu barədə 29.01.2021-ci il tarixli akt tərtib edilmişdir. 22.01.2021-ci il tarixli ******* saylı akt ilə sayğac yenisi ilə əvəz edilmişdir. Bundan başqa cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. Belə ki, 2018-ci ilin mart ayından cavabdehin təbii qazdan istifadə nəticəsində yaranmış borcu 399.9 manat təşkil edir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 3252 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan əlavə də cavabdehin istifadə etdiyi qaza görə iddiaçıya borcu vardır. Cavabdeh istifadə edilmiş təbii qazın dəyərini ödəməməsi 426.56 manat nəticəsində yaranmış borcu ilə birlikdə iddiaçıya cəmi 4078.46 manat pul ödəməlidir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10.03.2020-ci tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləsindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayan Cavabdeh arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı Bakı RQSD müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq Cavabdeh evini keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq İddiaçı Bakı RQSD tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin Müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini ödəmək istehlakçının vəzifəsidir. Həmin Müqavilənin 2.3.4-cü bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin ödəmək istehlakçının vəzifəsidir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, bü Müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1(bir) m3 üçün 0,10 manat məbləğində müəyyən edilir. İş materiallarına əlavə edilmiş **********00000 saylı abonent Cavabdehnın saldosundan və Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” tərtib edilmiş aktlardan müəyyən edilir ki, İddiaçı tərəfindən cavabdehə 29.06.2018-ci il tarixli ******* saylı akt əsasında 1944 manat, 29.01.2021-ci il tarixli ******* saylı akt əsasında 216 manat, 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 756 manat, 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, 10.03.2020-ci il tarixli ******* saylı akt əsasında 84 manat İddiaçı İB-nə zərər dəymişdir. İş materiallarına əlavə edilmiş foto şəkillərdən və aktlardan görünür ki, ünvan 2 ünvanında cavabdeh tərəfindən qaz xəttinə sayğacdan kənar qeyri-qanuni qoşulma olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəf cavabdehə itirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq dəymiş ziyan hesablanmışdır. Hazırda iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə tərtib olunmuş akt üzrə 3678,56 manat, təbii qazdan istifadəyə görə 399,9 manat, 61,19 manat dövlət rüsumunun əvəzi və 65 manat vəkil xərci olmaqla, cəmi 4504,65 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin hesabına ödənilməsini xahiş etmişdir. Beləliklə də iş üzrə müəyyən olunmuş hallar ondan ibarətdir ki, iddiaçı cavabdehin kənar xəttə qoşulduğu və qaz sayğaclarına müdaxilə etdiyi üçün aktları tərtib edərək məhkəməyə təqdim etmiş və həmin aktlara əsasən borcun hesablandığını iddia edir. Mübahisəli ünvanda kənar xəttin qoşulması ilə bağlı aktlara əlavə olunmuş fotoşəkillərdən aydın olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ilk dəfə aşkar olunmuş kənar xətt iddiaçının əməkdaşları tərəfindən eyni vəziyyətdə saxlana bilməzdi. Bununla yanaşı iddiaçı kənar xəttin təkrar aşkar etməsi halında cavabdehi bununla bağlı xəbərdar etməsi, qanunsuz qoşulmanın aradan qaldırmasına dair hərəkət etməsi müəyyən olunmur. Belə olan halda təkrar aktların tərtib olunması vaxtı kənar xəttin olmaması aşkar olaraq müəyyən olunmuş olur. İddiaçı tərəfin cavabdehin kənar xəttə qoşulmasını təsdiq edən yeganə sübutu fotoşəkildir, lakin həmin fotoşəkillərin aktların tərtib olunduğu vaxt çəkilməsi müəyyən edilməmiş olur. Belə olan halda da cavabdehin iddiaçının göstərdiyi əsaslarla borcunun yaranması təsdiq olunmur, bu vəziyyətdə isə cavabdehdən iddia tələbində göstərilən məbləğdə pulun tutulması yolverilən hesab edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 756 manat dəymiş zərərin tutulması hissəsində iddia tələbi sübuta yetirildiyindən təmin edilməli, digər aktlara əsasən dəymiş zərərin tutulması hissəsində isə iddia tələbi sübuta yetirilmədiyindən təmin edilə bilməz. Belə ki, yuxarıda qeyd olunan normanın tələblərinə görə iddiaçı ötürülən qaza və qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iddiaçı daşıyır. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Göründüyü kimi cavabdehin evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək iddiaçının vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız və qanunsuz olaraq qaz sayğacına qanunsuz müdaxiləyə görə tələb irəli sürmüşdür. Ona görə də məhkəmə həmin hissədə iddia ərizəsini əsaslı hesab etmir və hesab edir ki, həmin hissədə ərizə rədd olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə tərtib olunmuş akt üzrə 756 manat, təbii qazdan istifadəyə görə 399,9 manat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddia tələbi qismən təmin edildiyindən 31,55 (otuz bir manat, əlli beş qəpik) manat məbləğində dövlət rüsumu və 65 manat vəkil xərci Cavabdeh tutularaq iddiaçının hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə tərtib olunmuş akt üzrə 756 manat, təbii qazdan istifadəyə görə 399,9 manat, 31,55 manat dövlət rüsumunun əvəzi və 65 manat vəkil xərci olmaqla, cəmi 1252,45 (bir min iki yüz əlli iki manat, qırx beş qəpik) manat tutularaq İddiaçı İB-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-1273/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1273/2022
06.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver