Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1281/2022 10.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı «İrşad Electronics” MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, 24.03.2021 -ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 05.01.2022-ci il tarixinə yaranmış borcu 788.5 manat əsas, 118.2 manat cərimə, cəmi 906.7 manat, 04.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 2244.6 manat əsas. 336.6 manat cərimə, cəmi 2581.2 manat, ümumilikdə 3487.9 manat borcun və 54.90 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Acer” markalı kompüterə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 100 manat olmaqla cəmi 1188.5 manat, 04.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “HP” markalı kompüterə və “Panasonic” markalı üzqırxana görə 18 ay ödəniş cədvəli üzrə 125 manat olmaqla cəmi 2244.6 manat, ümumilikdə iki müqavilə üzrə 3433.1 manat ödəməyi öhdəsinə götürmüşdür Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, 24.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 09.04.2021-ci il tarixdə 200 manat və 04.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə isə heç bir ödəniş etməmiş və iki müqavilə üzrə qalıq qalmış 3033.1 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Bildiririk ki, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 4548 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər iki müqavilə üzrə 4548 manat təşkil ediyi halda,humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 454.8 manat "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 03.02.2022-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Lakin iş materialları ilə müəyyən olunur ki, Cavabdeh 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan iddiaçı «İrşad Electronics” MMC ilə Cavabdeh arasında bağlanmış 24.03.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 1188.5 manat olan “ACER” markalı kompüter satılmış, cavabdeh isə həmin məbləği ilkin ödəniş 0.50 manat olmaqla 11 ay 100 manat, sonuncu ay isə 88.50 manat olmaqla 12 ay müddətində ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı «İrşad Electronics” MMC ilə Cavabdeh arasında bağlanmış 04.05.2021-ci il tarixli müqavilədən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 2245.1 manat olan “HP” markalı kompüter və “Panasonic” markalı üzqırxan satılmış, cavabdeh isə həmin məbləği ilkin ödəniş 50 manat olmaqla 17 ay 125 manat , sonuncu ay isə 119.6 manat olmaqla 18 ay müddətində ödəməyi öz öhdəsinə götürmüşdür. İşin materiallarında olan «İrşad Electronics” MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh «İrşad Electronics” MMC-yə 24.03.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 788.5 manat məbləğində qalıq borc və 1182 manat cərimə borcu olmaqla cəmi 1970.5 manat borc, 04.05.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2244.6 manat məbləğində qalıq borc və 3366 manat cərimə borcu olmaqla cəmi 5610.6 manat borcu mövcuddur. İs materiallarında olan bildiriş məktubundan görünür ki, cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan etirazdan görünür ki, Cavabdeh iddia tələbində qeyd olunan borc məbləğini səhhəti ilə əlaqədar müalicə aldığı üçün ödəmək qabiliyyətinə malik olmadığını bildirmişdir. Məhkəmə etirazla bağlı qeyd edir ki, Cavabdeh mövcud borc məbləğini səhhəti ilə əlaqədar müalicə aldığı üçün ödəmək qabiliyyətinə malik olmadığını qeyd etsə də, lakin həmin halları sübut edən materialları etiraza əlavə etməmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır. Məhkəmə qeyd edir ki, iddia tələbi əsas və faiz borca münasibətdə əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə həmçinin qeyd edir ki iddia tələbi göstərilən cərimə borcuna münasibətdə qismən əsaslıdır. AR MM-nin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə qeyd edir ki, 24.03.2021-ci il tarixli müqavilədə göstərilən 118.2 manat cərimə borcu və 04.05.2021-ci il tarixli müqavilədə göstərilən 336.6 manat məbləğində cərimə borcu əsas borca münasib olmadığından azaldılaraq, 24.03.2021-ci il tarixli müqavilə üzrə cərimə borcu 30 manat məbləğində, 04.05.2021-ci il tarixli müqavilə üzrə isə cərimə borcu 50 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 24.03.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 788.5 manat məbləğində qalıq borc və 30 manat cərimə borcu olmaqla cəmi 818.5 manat borc, 04.05.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2244.6 manat məbləğində qalıq borc və 50 manat cərimə borcu olmaqla cəmi 2294.6 manat borc, ümumilikdə isə 3113.1 manat borc və 54.90 manat məbləğində dövlət rüsumunun 51.13 manat hissəsi tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in sadalanan maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 24.03.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 788.5 manat məbləğində qalıq borc və 30 manat cərimə borcu olmaqla cəmi 818.5 manat borc, 04.05.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2244.6 manat məbləğində qalıq borc və 50 manat cərimə borcu olmaqla cəmi 2294.6 manat borc, ümumilikdə isə 3113.1 manat borc və 54.90 manat məbləğində dövlət rüsumunun 51.13 manat hissəsi tutulub İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-1281/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1281/2022
10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver