Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1284/2022 04.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X6 iclas katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi X4 iştirakları ilə, İddiaçı "xxxx" X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı "xxxx" X5 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən "xxxx" X2 vurulmuş ziyandan qalan 2560 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 30.04.2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, İ.Musayev küçəsində yol vərəqəsi əsasında idarə etdiyi mülkiyyət hüququ Cavabdeh2 MMC-yə məxsus “Kamaz KC55732 Xüs Təy” markalı ** JS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "xxxx" X2 məxsus bir ədəd iki çıraqlı “Fonar” tipli işıq rəyini vuraraq sıradan çıxarmış və nəticədə müəssisəyə 4701 manat dəyərində maddi ziyan yetirmişdir. Hadisə yerinə gəlmiş Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı inzibati xəta haqqında protokola və 30.04.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs mülkiyyət hüququ Cavabdeh2 MMC-yə məxsus “Kamaz KC55732 Xüs Təy” markalı, ** JS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 tanınmışdır. Cavabdeh1 tərəfindən idarə edilən “Kamaz KC55732 Xüs Təy” markalı, ** JS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən "xxxx" ASC tərəfindən "xxxx" X1 bank hesabına mütənasib qaydada 2141 manat məbləğində sığorta ödənişi ödənilmişdir. 30.04.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisəyə dəymiş 4701 manat məbləğində maddi ziyandan qalıq olaraq qalan 2560 manat pul vəsaiti cavabdehlərdən tutularaq "xxxx" X2 ödənilməlidir. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə etdi ki, Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində tam yararsız hala düşmüş (hadisə nəticəsində dirək qatlandığından onun qaynağı mümkün deyil) elektrik dirəyinə dəymiş ziyan 4701 manat məbləğində qiymətləndirilmişdir. Hansı ki, elektrik dirəyinin bundan daha yüksək qiymətə alındığı iş materiallarında olan qaimə-fakturadan görünür. Yararsız hala düşən elektrik dirəyinin 2011-ci ildən bəri istismarda olduğu nəzərə alınaraq, amortizasiya payı çıxılmış, cavabdehlərdən dəymiş zərər kimi 4701 manat məbləğində pul tələb edilmiş, bu pulun 2141 manatı sığorta tərəfindən ödənilmişdir. Hadisə nəticəsində başqa “Opel” markalı avtomobil də zərər çəkdiyindən sığorta 5000 manat məbləğində sığorta ödənişini iki hissəyə bölərək bir hissəsini həmin avtomobilin sahibinə, qalanını isə "xxxx" X2 ödəmişdir. Ödənilmədiyindən qalıq qalmış 2560 manat məbləğində pul isə cavabdehlərdən məhkəmə qaydasında tələb edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, təqsirli bildindiyi yol nəqliyyat hadisəsinin baş verməsinə “Opel” markalı başqa bir avtomobil səbəb olmuşdur. O özü isə Cavabdeh2 işçisi olmuş və hadisə iş vaxtı ərzində baş vermişdir. Hadisənin baş verməsində tək təqsirli özü olmamasına baxmayaraq, o, hadisə ilə bağlı tərtib edilmiş protokola etiraz etməmişdir, çünki əgər belə etsə idi, vaxt uzanacaq və cərimənin üzərinə faiz hesablanacaqdı. Hər bir halda yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan, dolayısı ilə işıq dirəyinə ziyan vuran o deyil. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X7 iddianı qəbul etməyib, vəsatət verərək bildirdi ki, baş vermiş yol nəqliyyat hadisəsində təqsirli olan yalnız Cavabdeh2 işçisi olan Cavabdeh1 deyil, eyni zamanda digər “Opel” markalı avtomobilin sürücüsdür. Bu səbəbdən hesab edir ki, həmin avtomobilin sürücüsü bu iş üzrə üçüncü şəxs qismində cəlb edilməlidir. Bundan başqa, baş vermiş yol nəqliyyat hadisəsi yenidən araşdırılmalı və “Opel” markalı avtomobilin sürücüsü barəsində inzibati xəta haqqında protokol tərtib edilməlidir. Belə ki, həmin avtomobilin sürücüsü nasaz vəziyyətdə olan avtomobilini yol kənarında saxlayaraq maşından düşmüş, lakin qəza dayanması işıq siqnalını yandırmamış, qəza dayanması nişanını quraşdırmamışdır. Hansı ki, bütün bunlar qanunun tələbidir. Bundan əlavə, Cavabdeh1 idarə etdiyi və Cavabdeh2 balansında olan avtomobil icbari sığorta olunmuş və elektrik dirəyinə dəymiş zərərin bir hissəsi sığortaçı tərəfindən ödənilmişdir. Nəzərə alınsa ki, elektrik dirəyi yeni dirək olmamış, eyni zamanda hadisə nəticəsində tam yararsız hala düşməmiş, sadəcə olaraq əyilmişdir, onu əyildiyi yerdən kəsib qaynaq etməklə işlək vəziyyətə salmaq olardı. Hər bir halda hadisənin baş verməsində Cavabdeh1 başqa şəxsin də təqsiri olmuşdur. Sığortaçı Cavabdeh1 vurduğu zərəri ödəmişdir. Sığorta ödənişinin bir qismi isə “Opel” markalı avtomobilin sahibinə ödənilmişdir. İşıq dirəyinə vurulmuş qalan zərəri ödəmək isə digər təqsirli şəxsin vəzifəsidir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İş materialları. AD seriyalı, 433162 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kamaz KC55732 Xüs Təy” markalı, ** JS *** dövlət nömrə nişanlı avtomobilin sahibi Cavabdeh2 MMC-dir. 30.04.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 30.04.2021-ci il tarixdə, saat 11:00-da “Kamaz KC5573 Xüsusi təy” markalı, ** JS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Quliyev X8 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. 30.04.2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Suraxanı rayonu, İlqar Musayev küçəsində naməlum sürücünün idarə etdiyi “Kamaz” markalı 99JS 657 dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulmuş dirəyin bərpasına sərf olunan xərclərin smetasından görünür ki, “Fonar” tipli 2 çıraqlı işıq dirəyinin tumba hissəsinin 1 ədədi 4701 manatdır. İşin faktiki halları. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, “X10” MMC-nin mülkiyyətində olan “Kamaz KC55732 Xüs Təy” markalı avtomobili yol vərəqəsi əsasında idarə edən X10” MMC-nin işçisi Cavabdeh1 30.04.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi törədərək, əvvəlcə “Opel” markalı, ** GM *** dövlət qeydiyyat nişanlı avtomobili, daha sonra yol kənarındakı işıq dirəyini vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində “Kamaz KC55732 Xüs Təy” markalı avtomobili idarə edən Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, 40 manat məbləğində cərimə edilmişdir. Hadisə nəticəsində işıq dirəyinin bərpa edilməsi üçün 4701 manat məbləğində pul lazım olduğunu müəyyən edən "xxxx" X5 həmin pulu tələb etmiş, bu pulun 2141 manat məbləği hadisəni törətməkdə təqsirli olan “Kamaz KC55732 Xüs Təy” markalı avtomobilin sığortaçısı tərəfindən ödənilmişdir (Bununla bağlı məhkəməyə sübut təqdim edilməsə də hər iki tərəf mübahisələndirmədən qəbul etmişdir). Bundan sonra "xxxx" X5 hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işıq dirəyinə dəymiş ziyanın qalan hissəsi olan 2560 (4701-2141) manat məbləğində pulu “X10” MMC və Cavabdeh1 tələb etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur “Yol hərəkəti” haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur: 43) yol-nəqliyyat hadisəsi — yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir. Maddə 36. Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları. İ. Yol hərəkətinin iştirakçıları: 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 2) yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 3) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar... İİİ. Yol hərəkəti iştirakçılarının: 1) təhlükəsiz və rahat yol hərəkəti şəraitinə malik olmaq, yolların, küçələrin, meydanların və dəmiryol keçidlərinin hərəkətin təhlükəsizliyi tələblərinə uyğunsuzluğu nəticəsində dəymiş zərərin ödənilməsini tələb etmək...hüquqları vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, "xxxx" X1 balansında olan işıq dirəyinin vurulması ilə nəticələn yol nəqliyyat hadisəsində təqsirli şəxs “X10” MMC-nin mülkiyyətində olan “Kamaz KC55732 Xüs Təy” markalı avtomobili yol vərəqəsi əsasında idarə edən Cavabdeh1dur. Belə ki, hadisənin baş verməsində məhz həmin şəxsin təqsirli olması hadisə ilə bağlı tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarla müəyyən edilir. Eyni zamanda, hadisə baş verən gün izahat verən Cavabdeh1 izahatında idarə etməni itirdiyini, nəticədə başqa bir avtomobili və işıq dirəyini vurduğunu etiraf etmişdir. Bundan başqa, hadisə ilə bağlı tərtib edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən açıq şəkildə görünür ki, yolun kənarında olan başqa bir maşına vurduqdan sonra işıq dirəyinə vuran “Kamaz KC55732 Xüs Təy” markalı avtomobil olmuşdur. Bütün bu səbəblərdən məhkəmə 30.04.2021-ci il tarixdə baş verən və işıq dirəyinin vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsində “X10” MMC-nin mülkiyyətində olan “Kamaz KC55732 Xüs Təy” markalı avtomobili yol vərəqəsi əsasında idarə edən Cavabdeh1 təqsirli olduğu nəticəsinə gəlir. Bunun davamı olaraq, məhkəmə Cavabdeh1 və digər cavabdeh “X10” MMC-nin nümayəndəsi tərəfindən baş vermiş hadisədə başqa bir avtomobilin sürücüsünün də təqsirli olması barədə qeyd edilənlərlə razılaşmır. İlk növbədə, ona görə ki, məhkəməyə təqdim edilmiş vəsatətdə və məhkəmə iclasında verilmiş izahatlarda hadisə vaxtı “Opel” markalı nasaz vəziyyətdə olan bir avtomobilin yol kənarında içərisində sürücü olmadan dayandığı, buna baxmayaraq, qəza dayanması işıq siqnalının yandırılmadığı, qəza dayanması nişanının quraşdırılmadığı, bununla da həmin avtomobilin sürücüsü tərəfindən yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulduğu və bu səbəbdən baş vermiş hadisədə həmin sürücünün də təqsirli olduğu qeyd edilsə də bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Əksinə, “Kamaz KC55732 Xüs Təy” markalı avtomobilin sürücüsü Cavabdeh1 hadisə baş verən gün verdiyi izahatda idarə etməni itirdiyini, bunun nəticəsində əvvəlcə başqa bir avtomobili, daha sonra isə işıq dirəyini vurduğunu etiraf etmiş, baş vermiş hadisədə vurduğu avtomobilin sürücüsünün hər hansı təqsiri olduğunu nə birbaşa, nə də dolayı yolla ifadə etmişdir. Eyni zamanda, nə tərtib edilmiş inzibati xəta haqqında protokoldan, nə də inzibati tənbeh vermə haqqında qərardan barəsində protokol tərtib edilən şəxs tərəfindən heç bir şikayət verilməmişdir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatda həmin vaxt heç bir şikayət verməməsini vaxtın uzanması və cəriməyə faiz hesablanması ilə izah etsə də məhkəmə artıq yuxarıda qeyd edilmiş səbəblərdən cavabdehin izahatını bu hissədə inandırıcı hesab etmir. Digər tərəfdən, məhkəmə iclasında iştirak edən hər iki tərəf mübahisələndirmədən qəbul etmişdir ki, “Kamaz KC55732 Xüs Təy” markalı avtomobilin sığortaçısı tərəfindən baş vermiş hadisəyə görə həm "xxxx" X2, həm də “Opel” markalı avtomobilin sürücüsünə sığorta ödənişi edilmişdir. Bu isə o deməkdir ki, baş vermiş hadisədə “Kamaz KC55732 Xüs Təy” markalı avtomobilin sürücüsünün təqsirli olduğu həm də bu avtomobilin sığortaçısı tərəfindən qəbul edilmiş, hadisə nəticəsində işıq dirəyinə dəymiş zərərə görə "xxxx" X2 sığorta ödənişi edilmişdir. Bu səbəblərdən məhkəmə baş vermiş yol nəqliyyat hadisəsinin yenidən araşdırılması, “Opel” markalı avtomobilin sürücüsünün hazırkı işə cəlb edilməsi ilə bağlı cavabdehin nümayəndəsi tərəfindən verilmiş vəsatəti əsassız hesab etmişdir. Belə ki, hər iki cavabdeh nəzərə almalıdır ki, əgər baş vermiş yol nəqliyyat hadisəsində başqa bir şəxsin də təqsirli olduğunu iddia edirlərsə, bununla bağlı sübutları təqdim etmək onların üzərinə düşür. Hər bir halda nəzərə alınmalıdır ki, yol nəqliyyat hadisəsinin yenidən araşdırılması və başqa bir şəxsin də hadisədə təqsirli bilinməsi tələb edilirsə, tərtib edilmiş inzibati xəta haqqında protokol mübahisələndirilməlidir. Cavabdehlər nəzərə almalıdır ki, hazırkı iş üzrə məhkəmə araşdırması tərəflərin təqdim etdiyi konkret sübutlar əsasında həyata keçirilir və bu sübutlardan baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli bilindiyi, hadisə vaxtı verdiyi izahatla öz təqsirliliyini etiraf etdiyi, təqsirli bilinməsi barədə qərardan heç bir şikayət vermədiyi müəyyən edilmişdir. Bütün bunların fonunda məhkəmə baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olduğu nəticəsinə gəlmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı "xxxx" X5 hadisə nəticəsində işıq dirəyinə dəymiş zərəri cavabdehlərdən tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda, hadisə baş verən vaxt Cavabdeh1 “X10” MMC-yə məxsus olan yük avtomobilini “X10” MMC-nin tapşırığı ilə iş üçün idarə etdiyindən iddiaçı dəymiş zərəri həm də “X10” MMCdən tələb etməkdə haqlı olmuşdur. Tələb edilən zərərin məbləğinə gəldikdə isə məhkəmə hesab edir ki, bu məbləğ ağlabatan olmaqla işin hallarına uyğundur. Belə ki, iş materiallarına əlavə edilmiş qaimədən görünür ki, hələ 2011-ci ildə "xxxx" X5 tərəfindən bu işıq dirəklərindən biri 5385.84 manata alınmışdır. Bu dirəyin hadisə baş verən vaxt artıq 10 ildir ki, istismar olunduğu nəzərə alınaraq, iddiaçı tərəfindən dəymiş ziyan kimi cavabdehlərdən 4701 manat məbləğində pul tələb edilmişdir ki, bu pulun sığortaçı tərəfindən ödənilmiş hissəsi çıxılaraq cavabdehlərdən yalnız 2560 manat hissəsi tələb edilmişdir. İş materiallarına əlavə edilmiş hadisə yerinin fotoşəkillərindən hadisə nəticəsində işıq dirəyinin tam aşaraq bir hissəsinin “Kamaz” markalı avtomobilin altında qaldığı müəyyən edilir. Məhkəmə hesab edir ki, bu cür bir zərbə “adi qaynaqla həll ediləcək xırda bir zərbə” kimi qəbul edilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı "xxxx" X5 cavabdehlərdən işıq dirəyinə dəymiş zərər kimi 2560 manat məbləğində pul tələb etməkdə haqlı olmuşdur. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı "xxxx" X5 tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən heç bir dövlət rüsumu ödənilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.14. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçının ödəməkdən azad olduğu 45.6 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmənin gəldiyi nəticə. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2560 (iki min beş yüz altmış) manat məbləğində pul tutularaq "xxxx" X2 ödənilməli, ödənilməmiş 45.6 (qırx beş manat altmış qəpik) məbləğində dövlət rüsumu Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2560 (iki min beş yüz altmış) manat məbləğində pul tutularaq "xxxx" X2 ödənilsin. Ödənilməmiş 45.6 (qırx beş manat altmış qəpik) məbləğində dövlət rüsumu Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(010)-1284/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1284/2022
04.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver