Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-130/2024 12.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı, nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2364 manat məbləğində borc və ödənilmiş 120 manat dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2018-ci il tarixdən 2022-ci il tarixədək İran İslam Respublikası və Azərbaycan Respublikasının İranla sərhəd zonasında yerləşən Astara şəhərinə alış-veriş məqsədilə gedib-gəlmişdir. Bu müddət ərzində həm öz ailəsi üçün, həm də digər şəxslərin xahişi ilə onlar üçün müxtəlif mallar almışdır. Həmin vaxt Binəqədi rayon, Binəqədi qəsəbəsində yaşayan tanışı Cavabdeh2 ondan müxtəlif ərzaq malları gətirməsini xahiş etmişdir. O da həmin malları razılaşdırılmış qiymətə gətirib onlara satmışdır. Cavabdeh2 və onun oğlu Cavabdeh1 2020-ci ilədək həmin malların dəyərinin təxminən 700 manatını hissə-hissə ödəsə də, 800 manat borc qalmışdır. 2020-ci il tarixdə Cavabdeh2 ağır xəstələnmiş, onun oğlu Rəşid yenə də ondan ərzaq mallarının gətirilməsini xahiş etmiş, o da öz növbəsində razılaşdırılmış qiymətə ərzaq mallarını cavabdehlər üçün gətirmişdir. Bundan sonra cavabdehlər ona heç bir ödəniş etməmiş və bütün malları nisyə almışlar. İnandığı üçün bu barədə heç bir qeydiyyat aparmamışdır. Malları evə yerləşdirməyə də Rəşid özü kömək etmişdir. Daha sonra 2022-ci il tarixdən o, İran İslam Respublikasına və Astara şəhərinə gediş-gəlişi dayandırdıqdan sonra cavabdehlərdən borclarını tələb etməyə başlamış, cavabdehlər isə “3 gün sonra, 5 gün sonra, 10 gün sonra qaytaracağıq” deyə söz vermiş, lakin borcu qaytarmamış və ona maddi ziyan vurmuşlar.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, onun oğlu X2 veteranı olmuş, 2017-ci ildə vərəm xəstəliyindən rəhmətə getmişdir. Digər cavabdehin anası olan Cavabdeh2 oğlunun yas mərasimində mollalıq etmişdir. Cavabdeh2 onun İrana gedib-gələrək mal satdığını bildikdən sonra ondan xahiş etmişdir ki, ona da mal gətirsin, pulunu verəcək. O da Cavabdeh2 sifarişi ilə düyü, duru yağ, xurma, tomat, sabun, şampun və s. kimi mallar gətirib ona satmış, cavabdeh də aldığı pensiya ilə malların pulunu hissəhissə ödəmişdir. Cavabdeh2 yataq xəstəsi olduqdan sonra onun oğlu olan digər Cavabdeh1 anasının pensiya kartını özünə götürmüşdür. Anası xəstələndikdən sonra digər Cavabdeh1 özü də ona mal gətirməsini sifariş etmiş, o da gətirmişdir. Bundan sonra ödənilməmiş malların pulunu Rəşiddən istədikdə hər dəfə bir bəhanə gətirərək onu “kukla”ya çevirmişdir. Cavabdehlər onun başına belə oyun açmış, pulunu qaytarmamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil bildirdi ki, iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
5. Məhkəmənin hazırlıq iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının onun anasına gətirdiyi mallardan xəbəri olmamışdır. Lakin iddiaçı gəlib ondan malların pulunu istəyəndə o, bundan imtina etməmiş, iddiaçıya demişdir ki, anasına satdığı malların siyahısını gətirsin ki, hesab-kitaba baxıb, nəyin verilib-verilmədiyini müəyyənləşdirdikdən sonra borcu ödəsin. Həmin vaxt iddiaçı ona siyahını cırıb atdığını demişdir. Halbuki malın pulu tam ödənilməmiş heç kim malın siyahısını cırıb atmır. Bundan sonra iddiaçı hər dəfə onların evinə gəldikdə o, iddiaçıya 100 manat-100 manat pul vermişdir. İddiaçı isə hər dəfə gələndə pul üçün gəlmədiyini demişdir. Lakin o, iddiaçı ilə anasını evdə qoyub çıxan kimi hər dəfə anasının halı pisləşmiş, şəkəri qalxmışdır. Bu hadisələrdən sonra o, iddiaçıya demişdir ki, bir daha ona pul verməyəcək. İddiaçı ona siyahını vermədiyinə görə sonradan nə pul ödəməmişdir. Daha sonra iddiaçı ona demişdir ki, 2400 nə qədərsə borcları var. O isə demişdir ki, bu qədər qiymətə mal satmış ola bilməz. Ümumiyyətlə, onun malların heç birindən xəbəri yoxdur. O, üç ildir ki, anasına baxır, ona qulluq edir, həkimləri başının üstündən əskik etmir. Anası üçün pul xərcləmək onun üçün problem deyil. Lakin iddiaçı hər dəfə onların evlərinə gəldikdən sonra evdən pul, eləcə də anasının qızılının oğurlandığını görmüş, bundan sonra iddiaçıya demişdir ki, bir daha onların evinə gəlməsin, onlara mal gətirməsin. Həmçinin demişdir ki, nə borcları varsa, siyanı gətirsin ki, siyahı üzrə pulunu ödəsin. Daha sonrakı məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul etdiyini, iddiaçıya 1500 manat məbləğində pul ödəməyə etiraz etmədiyini, lakin pulu ayda 50 manat hissələrlə ödəməyə maddi imkanı çatdığını bildirmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh2 məhkəmə iclaslarında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
7. Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis leytenantı Anar Aydəmirov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan İddiaçı müraciəti əsasında toplanmış HK-1/1257 saylı material üzrə cinayət işinin başlanması cinayət tərkibi olmadığına görə rədd edilmişdir.
İşin faktiki halları.
8. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nisyə mal satmışdır. İddiaçı iddia etmişdir ki, cavabdehlər nisyə aldıqları malların pulunu (2364 manat) qaytarmamışdır. Cavabdeh1 iddianı qismən – 1500 manat hissəsində etiraf etmişdir. Tətbiq edilən hüquq.
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 329. Əqdlərin formaları. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Maddə 567. Alğı-satqı müqaviləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601. Əşyanın hissə-hissə ödənilməsi. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220. Qətnamənin məzmunu. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
Məhkəmənin mövqeyi.
11. İşin hallarından görünür ki, Cavabdeh1 iddianı qismən – 1500 manat məbləğində pul hissəsində etiraf etmişdir. Məhkəmə hesab edir ki, bu etiraf qanuna zidd deyil, həmçinin hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Belə ki, Cavabdeh1 qəbul etmişdir ki, iddiaçı ilə aralarında malların nisyə-alqı satqısı ilə bağlı şifahi müqavilə münasibətləri olmuş, iddiaçının satdığı malların pulunun bir hissəsi – cavabdehin etirafına görə 1500 manat – ödənilməmiş qalmışdır. Bununla da cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.
12. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 iddianı qismən etiraf etməsi həm qanuna uyğundur, həm də heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qəbul edilməli və iddia etiraf edilən hissədə təmin edilməlidir.
13. Məhkəmə, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsinə dair qərardan görünən izahatları, eləcə də Cavabdeh2 oğlu olan Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatı nəzərə alaraq, iddianın 1500 manat məbləğində pulla bağlı hissədə Cavabdeh2 münasibətdə sübut edildiyi nəticəsinə gəlir. Belə ki, həmin izahatlardan görünür ki, iddiaçıdan Cavabdeh2 da nisyə mal almışdır. Bu səbəbdən məhkəmə, alınmış mallara görə ödənilmədiyi cavabdehin etirafı əsasında sübut edilən pulun hər iki cavabdehdən müştərək qaydada tutulmalı olduğunu hesab edir.
14. Lakin qalan hissədə məhkəmə iddianı sübut edilməmiş hesab edir. Belə ki, İddiaçı cavabdehlərin ondan nisyə aldıqları mallara görə ona 2364 manat məbləğində borcu olduğunu iddia etsə də, iddianın cavabdeh tərəfindən etiraf olunan 1500 manat hissəsindən başqa hissəsi sübuta yetirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qalan hissədə təmin edilə bilməz.
Məhkəmə xərcləri.
15. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən 45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə (1500 manat) mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 35 manatı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
16. Həmçinin məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı ona hüquqi yardım göstərən vəkili Vəkil fəaliyyət göstərdiyi 12 saylı Vəkil Bürosunun hesabına 120 manat məbləğində pul ödəmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər də işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçının vəkil üçün çəkdiyi xərc onun peşəkar hüquqi yardımla təmin edilməsi ilə bağlı olduğundan və iddia qismən təmin edildiyindən həmin xərc də cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
17. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1500 manat məbləğində borc, 35 manat məbləğində dövlət rüsumu və 120 manat məbləğində vəkil xərci tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
18. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1500 (min beş yüz) manat məbləğində borc, 35 (otuz beş) manat məbləğində dövlət rüsumu və 120 (yüz iyirmi) manat məbləğində vəkil xərci tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva