Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-130/2025 23.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə qarşı (X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə qarşı (X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və "xxxx" Mənzil-Tikinti Kooperativindən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli, 2-xx-xx-2018-AF-QQ saylı kredit müqaviləsinə əsasən, 131269.14 manat əsas və 15743.39 manat faiz borcu olmaqla, ümumilikdə 147012.53 manat kredit məbləğində kredit borcunun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52.48 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 437.01 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının tutulması, tutmanın ipoteka müqaviləsinə əsasən, Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka Cavabdeh3 və X2 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxsin evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi "xxxx" ASC-nin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və "xxxx" Mənzil Tikinti Kooperativindən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli, 2-xx-xx-2018-AF-QQ saylı kredit müqaviləsinə əsasən, 131269.14 manat əsas və 15743.39 manat faiz borcu olmaqla, ümumilikdə 147012.53 manat kredit məbləğində kredit borcunun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52.48 manat məbləğində rüsumun və xidmən haqqının, eyni zamanda 437.01 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının tutulması, tutmanın ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin artırılması "xxxx" ASC-nin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsil iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və "xxxx" Mənzil Tikinti Kooperativindən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli, 2-xx-xx-2018-AF-QQ saylı kredit müqaviləsinə əsasən, 131269.14 manat əsas və 21898.39 manat faiz borcu olmaqla, ümumilikdə 153167.63 manat kredit məbləğində kredit borcunun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52.48 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 443.17 manat dövlət rüsumu və 0.80 manat xidmət haqqının tutulması, tutmanın ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 2-xx-xx-2018-AF-QQ saylı təminatlı kredit müqaviləsi kredit müqaviləsinə əsasən, Cavabdeh3 illik 8% olmaq şərti ilə, 210 ay müddətinə 146009 manat məbləğində kredit verilmişdir. xx.xx.2018-ci il tarixli, 2-xx-xx-2018-AF-QQ saylı təminatlı kredit müqaviləsinin təminatı kimi Cavabdeh3 ilə Bank arasında bağlanan xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh3 məxsus ünvan 1, mənzil 9 (Qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixi: xx.xx.2018-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********330-05301-093027) ipoteka ilə yüklü edilmişdir. Bununla yanaşı, "xxxx" Mənzil Tikinti Kooperativi ilə "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti filialı arasında xx.xx.2018-ci il tarixli, 2-xx-xx-2018-AF-QQ saylı zaminlik müqaviləsi imzalanmışdır. Həmçinin, Cavabdeh1 ilə "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti filialı arasında xx.xx.2018-ci il tarixli, 2-xx-xx-2018-AF-QQ saylı zaminlik müqaviləsi imzalanmışdır. Lakin, borcalan müqavilədə nəzərdə tutulmuş qaydada krediti və ona hesablanmış faizləri Banka qaytarmayaraq müqavilə şərtlərini pozmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən borcalana ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş göndərilmiş və həmin bildiriş xx.xx.2024-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bildirişin qeydə alınması üçün ümumilikdə 52.48 manat məbləğində rüsum və xidmət haqqı ödənilmişdir. Yuxarıda adı çəkilən kredit müqaviləsinə əsasən, cavabdehlərin 131269.14 manat əsas və 15743.39 faiz borcu olmaqla, cəmi 147012.53 manat borcu mövcuddur. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə cavabdehlər Cavabdeh3, X3, Cavabdeh1 və "xxxx" Mənzil Tikinti Kooperativinə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdehlər tərəfindən öhdəliklər yerinə yetirilməmişdir. Eyni zamanda, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 437.01 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. İddia tələbinə etiraz Cavabdeh3 iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddia tələbinə etirazın əsaslandırıldığı hallar İddia tələbinə etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh3 arasında kredit müqaviləsi mövcuddur. Kredit müqaviləsi üzrə iddiaçı cavabdehə kredit məbləğini vermişdir. Eldar Yusifovla isə iddiaçı arasında müqavilə yoxdur və tərəflər arasında qarşılıqlı öhdəliklər yaranmamışdır. Cavabdeh öhdəliklərini icra etmişdir. Hazırda da cavabdeh öhdəliklərini icra etmək niyyətindədir. Sadəcə cavabdehin maddi vəziyyətində yaranmış problemlər ödənişlərdə fasilələr yaratmışdır. Bu isə cavabdehin öz öhdəliyinin icrasından yayınması demək deyildir. Cavabdehin hazırda müvəqqəti maddi çətinliyi müqavilə öhdəliyindən yayınma kimi dəyərləndirilə bilməz. İddia tələbinin evə yönəldilməsi və digər bu kimi tələblər də əsassızdır. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək və əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2023-cü il tarixində olmuş və bu ödəniş 1000 manat təşkil etmişdir. 1 ildən çoxdur ki, cavabdehlər tərəfindən müvafiq müqavilə üzrə hər hansı ödəniş edilmir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh3 məhkəməyə teleqram ünvanlayaraq ekspert rəyi ilə tanış olmadığını bildirmiş, rəyin ona təqdim olunması və mövqeyinin bildirilməsi üçün işə baxılmasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X3 məhkəməyə teleqram ünvanlayaraq əsas və faiz borcu razı olmadığını bildirmiş və bu halın araşdırılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1999-cu il tarixdə verilmiş Vİ-JQ seriyalı, 489518 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 və X4 arasında xx.xx.1999-cu il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 100 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Yusifov, arvada Yusifova soyadı verilmişdir. "xxxx" ASC (Borc verən) və Cavabdeh3 (Borcalan) arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 2-xx-xx-2018-AF-QQ nömrəli təminatlı kredit müqaviləsindən müəyyən olunur ki, “Borc verən” “Borcalan”a “Borcalan” ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2018-ci il tarixli, ********* nömrəli müqavilənin predmeti olan mənzilin alınması üçün 146009 manat məbləğində kredit verilməsini, “Borcalan” isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri “Borc verən”ə qaytarmağı öhdəsinə götürür. xx.xx.2018-ci il tarixli, 2-xx-xx-2018-AF-QQ nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə olan ödəniş qrafikindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borcun 210 ay müddətinə hər ay 1294 manat məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. "xxxx" ASC (Kreditor), Cavabdeh3 (Borclu) və Cavabdeh1 (Zamin) arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 2-xx-xx-2018-AF-QQ nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, “Kreditor”la “Borclu” arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 2-xx-xx- 2018-AF-QQ nömrəli kredit müqaviləsinə əsasən, 146009 manat məbləğində, 210 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi “Zamin” “Borclu”nun öhdəliklərinin yerinə yetirilməsinə görə “Kreditor” qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürür. "xxxx" ASC (Kreditor), Cavabdeh3 (Borclu) və Cavabdeh2 (Zamin) arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 2-xx-xx-2018-AF-QQ nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, “Kreditor”la “Borclu” arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 2-xx-xx- 2018-AF-QQ nömrəli kredit müqaviləsinə əsasən, 146009 manat məbləğində, 210 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi “Zamin” “Borclu”nun öhdəliklərinin yerinə yetirilməsinə görə “Kreditor” qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürür. xx.xx.2018-ci il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, borcalan Cavabdeh3 iddiaçı bankın kassasından 146009 manat məbləğində pul vəsaiti verilmişdir. "xxxx" ASC (İpoteka saxlayan) və Cavabdeh3 (İpoteka qoyan) arasında xx.xx.2019cu il tarixdə notarial qaydada bağlanmış ipoteka müqaviləsindən müəyyən olunur ki, “İpoteka qoyan” mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını xx.xx.2018-ci il tarixli, 2xx-xx-2018-AF-QQ nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə “İpoteka saxlayan”ın xeyrinə ipoteka ilə yüklü edir. İpoteka predmeti – ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 98.4 m2, yaşayış sahəsi 60.4 m2 olan 3 otaqlı mənzildən ibarətdir. İpoteka predmetinin dəyəri – “İpoteka qoyan” və “İpoteka saxlayan” arasında əldə edilmiş razılaşmaya əsasən 171509 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən müəyyən olunur ki, X3 arvadı - Cavabdeh3 məxsus olan ünvan 2 ünvanda inşa edilmiş 2 saylı binanın, 3-cü mərtəbəsindəki 9 nömrəli mənzilin ipoteka qoyulmasına razıdır, borc öhdəliyi yerinə yetirilməzsə və bununla əlaqədar mənzilə tutma yönəldilərsə (yəni, notariusun icra qeydi vasitəsilə əmlakın iki ay müddətində açıq bazarda, bu baş tutmadıqda hərracda, habelə məhkəmə qərarının icrası çərçivəsində özgəninkiləşdirilməsi) hər hansı şərtsiz mənzili qeydiyyatdan çıxmaqla tərk edəcəyini və həmin əmlaka qarşı hüquqlarından imtina edəcəyini bildirmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, **********30-05301-093027 reyestr nömrəli, ümumi sahəsi 98.4 m2 olan, ünvan 1 ünvanında yerləşən 9 nömrəli mənzil Cavabdeh3 mülkiyyətindədir və həmin mənzil üzərində Cavabdeh3 (tam hissədə olmaqla) xüsusi mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, **********30-05301-093027 reyestr nömrəli, ümumi sahəsi 98.4 m2 olan, ünvan 1 ünvanında yerləşən 9 nömrəli mənzil üzərində hüquqlar xx.xx.2018-ci il tarixli, 2-xx-xx- 2018-AF-QQ nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2035-ci il tarixinədək "xxxx" ASCnin xeyrinə yüklü edilmişdir. Daşınmaz əmlak dövlət reyestrində 2964 nömrəli reyestr kitabının 276667 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli, 6-2-22/2-9139/2024 saylı bildirişdən müəyyən olunur ki, Cavabdeh3 tərəfindən öhdəliklərin 5 (beş) gün müddətində icra edilmədiyi təqdirdə ipoteka predmetinə tutmanın yönədilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatı orqanın müraciət ediləcəyi bildirilmişdir. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə ünvanlanmış məktubdan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli, 6-2-22/2- 9139/2024 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 9 nömrəli mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan müəyyən olunur ki, tutmanın ipoteka predmetinə yönədilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün iddiaçı tərəfindən 52.48 manat məbləğində rüsum ödənilmişdir. xx.xx.2024-cü il tarixli, 6-2-22/2-13396/2024 nömrəli bildirişdən müəyyən olunur ki, "xxxx" ASC tərəfindən borcalan, zaminlər və hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş şəxsə xx.xx.2018-ci il tarixli, 2-xx-xx-2018-AF-QQ nömrəli kredit müqaviləsi üzrə yaranmış borc məbləği barədə məlumat verilmiş və həmin borcun 3 (üç) gün müddətində ödənilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Müvafiq bildiriş məktublarının göndərilməsinə dair poçt xəbərnamələri iş materiallarına əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh3 xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə həmin tarixə "xxxx" ASC-yə 131269.14 manat məbləğində əsas borc və 15743.39 manat məbləğində faiz borcu olmaqla, cəmi 147012.53 manat məbləğində borcu vardır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh3 xx.xx.2018-ci il tarixli, 2-xx-xx-2018-AF-QQ nömrəli kredit müqaviləsi üzrə həmin tarixə "xxxx" ASC-yə 131269.14 manat məbləğində əsas borc və 21898.39 manat məbləğində faiz borcu olmaqla, cəmi 153157.63 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 9/6454 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh3 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, maliyyə arayışı məlumatları, xx.xx.2018-ci il tarixli, 2-xx-xx-2018-AF-QQ nömrəli kredit müqaviləsinin şərtləri əsas götürülməklə, Cavabdeh3 xx.xx.2024-cü il tarixədək banka olan borcu - əsas borc üzrə - 131779.48 manat, faiz borcu üzrə - 15488.66 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 9/65xx-xx/6247 nömrəli ekspert rəyindən müəyyən olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş ünvan 1 ünvanında yerləşən 9 saylı təmirli mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 225040 manat (98.4 m2 x 2287 manat), 10% azalma əmsalı tətbiq edilməklə həmin evin likvid dəyəri təqribən 202536 manat (225040 – 10%) məbləğində müəyyən edilir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli və xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzlərindən müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edilməsi üçün ümumilikdə 443.17 (437.01 + 6.16) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 449.4 Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə 470.1.Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması. 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Maddə 39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması. 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda - 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini, ona əlavə edilən sənədləri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İlk növbədə qeyd edilməlidir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. İş materialları ilə təsdiq olunur ki, "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 2-xx-xx-2018-AF-QQ nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən borcalana 210 ay müddətinə, illik 8% ödənilmək şərtilə 146009 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi borcalanla bank arasında xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmış və borcalan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını (ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 98.4 m2, yaşayış sahəsi 60.4 m2 olan 3 otaqlı mənzil) xx.xx.2018-ci il tarixli, 2-xx-xx-2018-AF- QQ nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Eyni zamanda həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi digər cavabdehlərlə bank arasında qanunvericiliklə nəzərdə tutulmuş formada zaminlik müqaviləsi bağlanmış, zaminlər borclu tərəfindən kredit müqaviləsi üzrə öz üzərinə müəyyən olunmuş öhdəliklərin icra edilməməsi və ya lazımı qaydada icra edilməməsi halında məsuliyyəti üzərlərinə götürmüşlər. Kredit müqaviləsi üzrə ödənilməmiş borcun tutulması tələbinə münasibətdə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd edilmiş normaları baxımından Cavabdeh3 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən, iddiaçının cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə ödənilməmiş borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə bu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə ödənilməmiş borcu tələb etməkdə haqlı olmuşdur. Lakin, tələb edilən borcun məbləği ilə məhkəmə qismən razılaşmır. Belə ki, iddiaçı Bank cavabdehdən 131269.14 manat məbləğində əsas borc və 21898.39 manat məbləğində faiz borcunun tutulmasını xahiş etmişdir. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı Bank tərəfindən cavabdehlərə xx.xx.2024-cü il tarixli bildirişlə müraciət edilmişdir. Həmin bildirişdə qeyd edilmişdir ki, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə Borcalan müqavilə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün onun Bank qarşısında 15743.39 manat məbləğində faiz borcu yaranmışdır və üç gün müddətində müqavilə üzrə ödənilməmiş əsas borc və faiz borcunun ödənilməsi tələb edilir. Məhkəmə hesab edir ki, iddiaçı Bankın cavabdeh Borcalandan müqavilə üzrə icra edilməmiş öhdəliyin tam olaraq icrasını tələb etdiyi və borclunun bunu təmin etmədiyi andan artıq tərəflər arasında bağlanmış kredit müqaviləsi birtərəfli qaydada ləğv edilmiş hesab edilir. Ona görə ki, iddiaçı Bank bununla kredit müqaviləsindən birtərəfli qaydada imtina etmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir... O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı Bank aralarında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməyən cavabdeh Borcalandan icra edilməmiş öhdəliyin tam olaraq icra edilməsini tələb etdiyi və Borcalanın bunu təmin etmədiyi andan kredit müqaviləsindən imtina etmiş sayılır. Bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsi həmin andan ləğv edilmiş hesab edilməlidir. Konstitusiya Məhkəməsi Plenumun yuxarıda istinad edilmiş qərarında, həmçinin qeyd edilmişdir ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Qərarda o da qeyd edilmişdir ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyini hazırkı işə tətbiq edərək hesab edir ki, iddiaçı Bank Cavabdeh3 yalnız kredit müqaviləsindən imtina etdiyi anadək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırkı işdən isə belə görünür ki, Borcalanın müqavilə ləğv edildiyi ana olan faiz borcu 15743.39 manat məbləğində olsa da, iddiaçı Bank müqavilədən imtina edildiyi andan sonrakı dövr üçün də əlavə faiz hesablayaraq cavabdehdən 21898.39 manat məbləğində faiz borcunun tutulmasını tələb etmişdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilmiş mövqeyinə istinadla hesab edir ki, iddiaçı Bankın belə bir hüququ olmamış, onun cavabdehdən tələb edə biləcəyi faizin məbləği kredit müqaviləsinin ləğv edildiyi anadək olan faiz borcunun məbləği ilə məhdudlaşmışdır. Odur ki, iddia tələbi faiz borcuna münasibətdə qismən – 15743.39 manat həcmində təmin edilməlidir. Digər tərəfdən, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə annuitet məbləğin (əsas borc və faiz borcu) müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 9/6454 nömrəli ekspert rəyi ilə Cavabdeh3 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, maliyyə arayışı məlumatları, xx.xx.2018-ci il tarixli, 2-xx-xx-2018-AF-QQ nömrəli kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh3 xx.xx.2024-cü il tarixədək ( maliyyə arayışı və bildirişin verildiyi tarixin eyni olması nəzərə alınmaqla) banka olan borcu - əsas borc üzrə - 131779.48 manat, faiz borcu üzrə - 15488.66 manat məbləğində müəyyən edilmişdir. Ekspert rəyində əsas borc iddia tələbində qeyd edilən məbləğdən yüksək qeyd edilsə də, məhkəmə iddia tələbindən kənara çıxmamaqla əsas borcun 131269.14 manat (iddia tələbində qeyd olunduğu kimi) məbləğində hesablanmalı olması nəticəsinə gəlir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və müvafiq ekspert rəyi iş üzrə toplanmış digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Eyni zamanda məhkəmə borcun cavabdehlərdən müştərək qaydada tutulmasına münasibətdə qeyd edir ki, Cavabdeh1 və Cavabdeh2 ilə bank arasında qanunvericinin tələb etdiyi formada zaminlik müqaviləsi bağlanmış və onlar Cavabdeh3 "xxxx" ASC qarşısında öhdəliklərinin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün birgə məsuliyyət götürmüşlər. Bu isə öhdəliyin borcalan tərəfindən icra edilməməsi və ya lazımı şəkildə icra edilməməsi halında banka bu öhdəliyin icrasını birbaşa zaminlərə yönləndirmək hüququna verir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada iddiaçı Bankın kredit müqaviləsindən imtina etdiyi xx.xx.2024-cü il tarixə qədər olan gecikdirilmiş annuitet ödənişlər (əsas və faiz borcu), yəni 131269.14 manat əsas borc və 15743.39 manat məbləğində faiz borcu tutularaq iddiaçı Banka ödənilməlidir. Tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh3 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi pozduğundan və mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 98.4 m2, yaşayış sahəsi 60.4 m2 olan 3 otaqlı, 9 nömrəli mənzil bu müqavilə üzrə öhdəliklərin təminatı kimi iddiaçı Bankın xeyrinə ipoteka ilə yüklü edildiyindən iddiaçı Bankın kredit müqaviləsi üzrə tələbi ipoteka predmetinə yönəltmək hüququ yaranmışdır. Belə ki, Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən məhkəməəmtəəşünaslıq ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 9/65xx-xx/6247 nömrəli ekspert rəyi ilə ekspertiza tədqiqatına təqdim edilmiş ünvan 1 ünvanında yerləşən 9 saylı təmirli mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 225040 manat (98.4 m2 x 2287 manat), 10% azalma əmsalı tətbiq edilməklə həmin evin likvid dəyəri təqribən 202536 manat (225040 – 10%) məbləğində müəyyən edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 202536 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına iddiaçı "xxxx" ASC-yə olan borc həcmində ödəniş edilməlidir. Bununla yanaşı iddiaçı Bank iddia tələbində “ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması”nı ayrıca tələb kimi göstərsə də, məhkəmə bu tələbi iddia tələbi kimi qiymətləndirmir. Ona görə ki, artıq yuxarıda cavabdehlərin iddiaçı Banka olan borcunun ümumi qaydada ondan tutulması nəticəsinə gəlinmişdir. İpoteka predmeti olan əmlakın hərracdan hansı qiymətə satılacağı, bu satışdan əldə olunan vəsaitin borcun məbləğindən az, yaxud çox olacağı qətnamənin icrası ilə bağlı məsələlərdir. İstənilən halda məhkəmə, müvafiq borcun cavabdehlərdən tutulması nəticəsinə gəldiyindən bu qətnamə qanuni qüvvəsini alacağı təqdirdə qətnamə tam icra olunmalıdır. Bu səbəbdən ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlərdən tutulmasının qətnamədə xüsusi qeyd edilməsinə ehtiyac yoxdur. Məhkəmə həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52.48 manat məbləğində rüsumun və xidmən haqqının, eyni zamanda 443.17 manat dövlət rüsumu və 0.80 manat xidmət haqqının tutulması tələbinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş müvafiq ödənişlərin həyata keçirilməsinə dair qəbzlər iş materiallarına əlavə edilməklə öz təsdiqini tapmışdır. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 443.17 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə (147065.01) mütənasib olan hissəsi 437.06 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Bundan əlavə, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları nəticəsində verilmiş ekspert rəylərinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100+100=200 manat məbləğində müəyyən edilmişdir. Odur ki, 200 manat məbləğində ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq ekspertiza həyata keçirən orqanın hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 131269.14 manat əsas borc və 15743.39 manat faiz borcu olmaqla, cəmi 147012.53 manat məbləğində borc, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 437.06 manat məbləğində dövlət rüsumu, 0.80 manat məbləğində xidmət haqqı və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 52.48 manat məbləğində rüsum tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, tutma ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 98.4 m2 olan 9 nömrəli mənzilə yönəldilməli, ipoteka predmetinin likvid dəyəri 202536 manat məbləğində müəyyən edilməklə həmin qiymətlə açıq hərracdan satılmalı və satışdan əldə olunan vəsait hesabına Cavabdeh3 xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı "xxxx" ASC-yə olan borcu həcmində ödəniş edilməli, iddia qalan hissədə təmin edilməməli və cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada 200 (iki yüz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 131269.14 (yüz otuz bir min iki yüz altmış doqquz manat on dörd qəpik) manat əsas borc və 15743.39 (on beş min yeddi yüz qırx üç manat otuz doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 147012.53 (yüz qırx yeddi min on iki manat əlli üç qəpik) manat məbləğində borc və 437.06 (dörd yüz otuz yeddi manat altı qəpik) manat məbləğində dövlət rüsumu, 0.80 (səksən qəpik) manat məbləğində xidmət haqqı və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 52.48 (əlli iki manat qırx səkkiz qəpik) manat məbləğində rüsum tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 98.4 m2 olan 9 nömrəli mənzilə yönəldilsin. İpoteka predmetinin likvid dəyəri 202536 (iki yüz iki min beş yüz otuz altı) manat məbləğində müəyyən edilməklə həmin qiymətlə açıq hərracdan satılsın və satışdan əldə olunan vəsait hesabına Cavabdeh3 xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu həcmində ödəniş edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada 200 (iki yüz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP (XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-130/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-130/2025
23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver