Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1311/2024 22.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh Alizade Eminə qarşı “pul” tələbinə dair ilkin, qarşılıq iddia üzrə iddiaçı Alizade Eminin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “İddiaçı ilə Alizade Emin arasında bağlanmış yalan əqd olan kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Alizade Emin və İddiaçı ilə arasında bağlanmış 05 oktyabr 2023-cü il tarixli müqavilə üzrə 67000 manat və dövlət rüsumu qismində ödənilmiş 291 manat məbləğində pul vəsaitinin Alizade Emindən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməsi. Qarşılıqlı iddia tələbi İddiaçı və Alizade Emin arasında 05 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri 41 saylı notariat ofisində bağlanmış yalan əqd olan kredit müqaviləsinin etibarsız hesab olunması, dövlət rüsumu qismində ödənilmiş 101 manat və vəkil xidmətinə görə ödənilmiş 520 manat məbləğində pul vəsaitinin qarşılıqlı iddia üzrə cavabdehdən alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi. İddia tələbinin dəlilləri İddiaçı ilə cavabdeh Alizade Emin ilə arasında 05 oktyabr 2023-cü il tarixində notarial qaydada təsdiqlənmiş kredit müqaviləsi bağlanmışdır. Bu müqavilə reyestrdə 3M- 448 nömrəsi ilə qeydə alınmışdır. Həmin müqaviləyə görə, İddiaçı cavabdehə 67 000 manat borc vermişdir. Cavabdeh isə bu məbləğin 34000 manatını xx.xx.2023-cü il tarixində, qalan 33000 (otuz üç min) manatı isə xx.xx.2023-cü il tarixində iddiaçıya qaytarmağı öhdəsinə götürüb. Lakin borclu nə borcun birinci hissəsini, nə də digərini icra müddətindən uzun müddət ötməsinə baxmayaraq qaytarmır. xx.xx.2023-cü il tarixində cavabdehə icra qeydinin aparılacağı barədə bildiriş və borcun qaytarılması barədə yazılı bildiriş ünvanlanmışdır. Əlavə olaraq dəfələrlə telefon vasitəsilə əlaqə yaratmışdır. Lakin şifahi və yazılı xəbərdarlıqlarına baxmayaraq o, müqavilənin icrasından yayınır. Qarşılıqlı iddia tələbinin dəlilləri İlkin iddia üzrə İddiaçı ilə Alizade Emin aralarında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə Eminə bir manat da olsun həqiqi niyyətlə borc verməmişdir. Bu müqavilə başqa bir əqdi pərdələmək üçün bağlanmış yalançı bir əqddir. Belə ki, 05 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri 41 saylı notariat ofisində cavabdeh İddiaçı ilə aralarında təsis payının alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən satıcı AR İN yanında DVX-nin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixində qeydiyyat nömrəsi **********, reystr nömrəsi **********1714400, hüquqi ünvanı AZ 1054, Baki şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ. Dəmiryol ev 16, VÖEN: ********** olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində olan nizamnamə kapitalının məbləği 10 manat 00 qəpik, nizamnamə kapitalındakı payı 2 pay, nizamnamə kapitalındakı payı 10 manat məbləğində Alıcının mülkiyyətinə verir, Alıcı isə payı qəbul edir və bu razılaşmanın müqabilində müqavilənin 2ci bəndində nəzərdə tutulmuş məbləği Satıcıya ödəyir. Həmin müqavilənin 2-ci maddəsinə əsasən tərəflər həmin müəssisəsinin Satıcıya məxsus olan payını (hissəsini) 100 manat 00 qəpik dəyərində qiymətləndirirlər. Həmin müqavilənin 3-cü maddəsinə əsasən müavilənin 2-ci bəndində nəzərdə tutulmuş məbləği Alıcı Satıcıya notariusun depozit hesabı vasitəsi ilə ödəyir. Həmin müqavilənin 5-ci maddəsinə əsasən satıcı müəssisədəki paya mülkiyyət hüququna malikdir və həmin payı Alcının mülkiyyətinə ipoteka öhdəliyindən, habelə bütün öhdəliklərdən, üçüncü şəxslərin hüquqlarından azad şəkildə verir. Alıcı isə onun qəbul edir. "xxxx" MMC ilə bağlı hüquqları xx.xx.2023-cü il tarixdə AR İN yanında DVX-nin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsində qeydiyyatdan keçirib işə başlayandan sonra məlum oldu ki, "xxxx" MMC-nin təmsilçisi İddiaçı ilə "xxxx" ASC arasında kredit müqaviləsi olmuşdur.Həmin müqaviləyə əsasən illik faiz dərəcəsi 15 % olmaqla 24 ay müddətinə 50.000 (əlli min) manat kredit götürmüşdir. Həmin kredit məbləğini də Emin ödəməli olmuşdur. Cavabdehin bu kimi qanunsuz əməlləri daha çoxdur, onun kimi insanların bir neçəsini də aldatmışdır. Satıcı "xxxx" MMC-də olan payını ona satmışdır. Həmin tarixdə, həmin notariat ofisində aralarında kredit ilə bağlı heç bir razılaşma olmamışdır. Cavabdeh ondan Bakı şəhəri Xətai RPİ-yə şikayət verəndən sonra bilmişdir ki, cavabdeh onu aldatmış, başqa bir əqdi pərdələyən real olmayan borc müqaviləsi bağlamışdır. Bu müqavilə isə satıcının "xxxx" MMC-də olan payının alqı-satqısı ilə bağlı olmuşdur. Ona bir manat da olsun pul verilməmişdir. Necə olur ki, ona həm payını satır, həm də borca pul verir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi (vəkili) X2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 3-cü şəxs Bakı şəhəri 41 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə iclasa gəlməyən 3-cü şəxs Bakı şəhəri 41 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəllki məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Alizade Emin izahatında göstərdi ki, o, ilkin iddia tələbini qəbul etmir. Əvvəllki məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) X3 qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərdi ki, ilkin iddia tələbini qəbul etmir. Belə ki, ilkin iddia üzrə iddiaçı tərəf cavabdehi aldadaraq onunla yalan əqd bağlamışdır. Notariusda eyni vaxtda əlavə müqavilə də olub və tərəflər arasında bağlanmış müqavilə formaldır. 67.000 (altmış yeddi min) min manat nə verilib, nə də alınıb. Faktiki olaraq tərəfdən ideyanın satışı üzrə 250.000 (iki yüz əlli min) min manat məbləğində pul götürülüb. İddiaçı cavabdehi aldadıb. Onlar arasında biznesin alqı-satqısı olub. Emin çoxdan Rusiya Federasiyasında yaşadığı üçün latın əlifbasını bilmədiyindən başına bu iş gəlib. Kredit müqaviləsindən əvvəl təsis payının alqı-satqısı olub, ona görə də müqaviləyə qol çəkilib. Eminin kredit müqaviləsi imzalamaq niyyəti olmayıb. İş materialları xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ilə Alizade Emin arasında bağlanmış kredit müqaviləsinə əsasən Əliyev X4 Eminə 67000 manat 00 qəpik (altmış yeddi min manat sıfır qəpik) məbləğində pul borc verir. “Borc alan" kreditin 34000 (otuz dörd min manat sıfır qəpik) məbləğində pulu xx.xx.2023-cü il tarixində, 33 000 (otuz üç min manat sıfır qəpik) məbləğində pulu xx.xx.2023 tarixinədək “Borc verənə" qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı cavabdeh Alizade Eminə ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, aralarında xx.xx.2023-cü il tarixdə notarial qaydada kredit müqaviləsi bağlanmış kredit müqaviləsinə əsasən ona 67000 (altmış yeddi min) manat məbləğində borc verilmişdir. Həmin kredit müqaviləsinin 2-ci bəndinə əsasən həmin pul vəsaitini xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin dəfələrlə cavabdehə xəbərdarlıq edilsə də, hazırkı tarixədək borcu qaytarmaqdan yayınmışdır. Bunu nəzərə alaraq, xx.xx.2023-cü il tarixdə Bakı şəhəti 41 saylı notariat ofisində təsdiq edilmiş kredit müqaviləsinə əsasən 67000 (altmış yeddi min) manat məbləğində pul vəsaitinin 3 (üç) gün ərzində qaytarılmasını tələb edir. Əks halda tərəfindən icra qeydinin çıxarılması üçün müvafiq notariusa və ya hüquq-mühafizə orqanları və məhkəməyə müraciət ediləcək və bununla bağlı bütün xərclərin çəkilməsi cavabdehdən tələb ediləcəkdir. Təsis payının alqı-satqısı müqaviləsindən görünür ki, İddiaçı ilə Alizade Emin arasında bağlanmış müqaviləyə əsasən Satıcı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2022 il tarixində qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********1714400, hüquqi ünvanı AZ1054, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ. Dəmiryol, ev 16, VÖEN:********** olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində olan nizamnamə kapitalının məbləği 10 manat 00 qəpik (on manat sıfır qəpik), nizamnamə kapitalındakı payı 2 pay, nizamnamə kapitalındakı faizi 100% olan payını 100 manat 00 qəpik (on manat sıfır qəpik) məbləğində Alıcının mülkiyyətinə verir, Alıcı isə payı (hissəni) qəbul edir və bu razılaşmanın müqabilində müqavilənin 2-ci bəndində nəzərdə tutulmuş məbləği Satıcıya ödəyir. Tərəflər həmin müəssisənin Satıcıya məxsus olan payını (hissəsini) 100 manat 00 qəpik (yüz manat sıfır qəpik) dəyərində qiymətləndirdilər. Notariusun "xxxx" ASC-nin Qərb filialına ünvanladığı məktubundan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı notariat qaydasında təsdiq ediləcək Kredit müqaviləsi üzrə ödənilməli olan 67000 (altmış yeddi min) manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra notariusun məktubu əsasında ünvan 4 ünvanında qeydiyyatda olan Alizade Eminə verilməsi üçün, bankda olan AZ70MUGA**********00005AZM11 №-li depozit hesabına qəbul olunmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli xəzinə mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən Notarius Qazı-zadə Natiqin depozit hesabına 67.000 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir (Təyinatı: alqı-satqı üzrə mədaxil (xx.xx.2023-cü il X-431 saylı məktuba əsasən). Notariusun xx.xx.2023-cü il tarixli X/O saylı məktubundan görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan İddiaçı notariat qaydasında təsdiq ediləcək kredit müqaviləsi üzrə ödənilməli olan 67.000 manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında ünvan 6 ünvanında qeydiyyatda olan Alizade Emin verilməsi üçün, bankımızda olan AZ70MUGA**********00005AZM11 №-li depozit hesabıma qəbul olunmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, xx.xx.2023-cü il tarixində İddiaçı ilə Alizade Emin arasında İddiaçı Alizade Eminə 67000 manat məbləğində pul borc verməsi barədə kredit müqaviləsi bağlanmışdır. Hazırda ilkin iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehin hərəkətlərinin öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməsini istəyir və vurulmuş zərərin ödənilməsini ilkin iddia üzrə cavabdehdən tələb edir. İlkin iddia üzrə cavabdeh ilkin iddia tələbini qəbul etmir və ona görə də qarşılıqlı iddia qaldıraraq, xx.xx.2023-cü il tarixində İddiaçı ilə Alizade Emin arasında bağlanmış kredit müqaviləsinin əslində başqa əqdi pərdələmək üçün bağlanmasına əsaslanmaqla həmin müqavilənin etibarsız hesab edilməsini tələb edir. İlkin iddiaçı qarşılıqlı iddianı qəbul etmir və etirazını onunla əsaslandırır ki, tərəflər arasında notarial qaydada imzalanmış müqavilə var, pul vəsaiti ilkin iddiaçı tərəfindən notariusun depozit hesabına köçürülmüşdür, vəsaitin ilkin cavabdeh tərəfindən həmin hesabdan çıxarılıb çıxarılmaması vəziyyəti dəyişmir. Məhkəmə vurğulayır ki, qarşılıqlı iddiaçı kredit müqaviləsinin etibarsızlığının əsası kimi həmin müqavilənin başqa əqdi pərdələmək üçün bağlanmış yalan əqd olmasını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2022-ci il 18 mart tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur: “Yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.” Qarşılıqlı iddiaçı kredit müqaviləsinin etibarsızlığının əsası kimi həmin müqavilənin başqa əqdi pərdələmək üçün bağlanmış yalan əqd olmasına əsaslansa da, əslində hansı əqdi bağlamaq niyyətində olmasını bildirməmiş və buna dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin vurğulayır ki, qarşılıqlı iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini əsaslandırdığı faktiki halları təkzib edən (qarşılıqlı iddiaçı iddia ərizəsində həmin müqaviləni başqa müqaviləni pərdələmək üçün bağladığına əsaslanmışdır) izahat verərək bildirmişdir ki, o, ilkin iddiaçı tərəfindən aldadılıb, qarşılıqlı iddiaçı ümumiyyətlə həmin anda kredit müqaviləsinə imza atdığından xəbəri olmamış, eyni gündə notariusda payın alqı-satqısı müqaviləsi bağlandığından həmin müqaviləyə imza atdığını düşünmüşdür, belə ki, Alizade Emin uzun müddət Rusiya Federasiyasında yaşadığı üçün latın əlifbasını bilmir. O, həmçinin tələbini onunla əsaslandırmışdır ki, payını ona satan şəxs niyə ona borc verməlidir. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla). Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; 2. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; 3. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdehin irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Məhkəmə vurğulayır ki, yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçını kredit müqaviləsini imzalamağa məcburetmə, yəni zorakılıq və ya hədələmə halları da məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, kredit müqaviləsinin başqa əqdi pərdələmək üçün bağlanan yalan əqd olmasının və ya həmin müqavilənin aldatma yolu ilə bağlanmasının məhkəmə iclasında təsdiqini tapmadığını, bununla da müqavilə bağlanarkən iddiaçının iradəsinin zədələnməsinin müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia tələbi əsaslı sayıla bilməz, ona görə də təmin edilməməlidir. İlkin iddia tələbinə münasibətdə məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından ilkin iddia üzrə cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, ilkin iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün ilkin iddia üzrə cavabdeh ilkin iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin şəxsə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, ilkin iddiaçı aralarında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə həmin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddiaçı ilkin iddia üzrə cavabdehdən müvafiq kredit müqaviləsi üzrə 67 000 manat tələb etməkdə haqlı olmuşdur. Məhkəmənin gəldiyi nəticə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh Alizade Eminə qarşı “pul” tələbinə dair ilkin iddiası təmin edilməli, ilkin iddia üzrə cavabdeh Alizade Emindən 67000 (altmış yeddi min) manat məbləğində pul vəsaiti tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Alizade Eminin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 291 (iki yüz doxsan bir) manat məbləğdə pul vəsaiti ilkin iddia üzrə cavabdehdən alınaraq ilkin iddiaçının xeyrinə ödənilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Alizade Emin tərəfindən ödənilmiş məhkəmə xərcləri onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh Alizade Eminə qarşı “pul” tələbinə dair ilkin iddiası təmin edilməli, ilkin iddia üzrə cavabdeh Alizade Emindən 67000 (altmış yeddi min) manat məbləğində pul vəsaiti tutularaq ilkin iddia üzrə İddiaçı ödənilsin. İlkin iddia üzrə İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 291 (iki yüz doxsan bir) manat məbləğdə pul vəsaiti ilkin iddia üzrə cavabdehdən alınaraq ilkin iddiaçıya ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Alizade Eminin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Alizade Emin tərəfindən ödənilmiş məhkəmə xərcləri onun özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-1311/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1311/2024
22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver