Məhkəmə qərarları › İş №e-2(010)-133/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-133/2024

06.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-133/2024 06.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiаçının nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən özünə məxsus “X4 Prado” markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh tərəfindən vurulmuş ziyana görə 2000 manat, baş vermiş hadisənin nəticəsində “X7” MMC şirkətindən məcburiyyət qarşısında qalaraq icarəyə götürdüyü avtomobilə görə 4000 manat, əlavə olaraq avtomobilin hazırda bazar qiyməti 20% aşağı düşdüyünə görə 8000 manat pulun və məhkəməyə müraciət etmək məcburiyyətində qaldığı üçün hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə görə 1000 manat, ümumilikdə 15000 manat və 135 manat rüsumun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki: “Bildirirəm ki, xx.xx.2022-ci il tarixdə, saat 16:15 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar şosesi ərazisində “Araz” marketin qarşısında Cavabdeh idarə etdiyi “Fiat Doblo” ** DD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə parklanmada olan mənə məxsus “X4 Prado” markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsinə ciddi şəkildə ziyan vurmuşdur. Bundan sonra hadisə yerinə “Azərsığorta” şirkətinin əməkdaşları yaxınlaşaraq sığorta ödənişi ilə bağlı 14091 saylı akt tərtib etmişdir. Bununla yanaşı, Bakı şəhəri Səbail rayon DYPŞ tərəfindən zərərvuran şəxs Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində xx.xx.2022-ci tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsinə müvafiq olaraq TP ******* saylı qərarla 40 manat məbləğində cərimə edilmişdir. Nəzərinizə çatdırım ki, mülkiyyətimdə olan “X4 Prado” markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilimə 7000 manat dəyərində zərər dəymişdir. Həmin dəymiş zərər məbləğindən 5000 (beş min) manat hissəsi “Azərsığorta” şirkəti tərəfindən qarşılanmışdır. Baş vermiş hadisədən sonra zərurət yarandığı üçün “X7” MMC-yə müraciət edərək “Hyundai Sonata” markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək icarəyə götürmüşəm. Həmin icarəyə götürdüyüm avtomobilin hər gününə görə 100, ümumilikdə isə 4000 manat ödəniş etmişəm. Əlavə olaraq qeyd edim ki, mənə məxsus olan “X4 Prado” markalı avtomobilin bazar qiyməti 40000 - 45000 manat aralığındadır. Lakin baş vermiş hadisədən sonra hazırda avtomobilimin qiyməti bazar qiymətindən 20% aşağı düşmüşdür. Bu da o deməkdir ki, zərərvuran şəxs əlavə olaraq mənə ən azı 8000 manat dəyərində zərər vurmuşdur. Təəssüflə qeyd etmək istəyirəm ki, zərərvuran şəxs Cavabdeh mənə xeyli miqdarda ziyan vurmaqla kifayətlənməyərək, zərəri ödəməkdən boyun qaçırır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Hüquqlarımın müdafiəsi üçün “De Fendo” vəkil bürosunun vəkili Vəkil ilə hüquqi yardım göstərilməsi haqqında 1000 manat dəyərində müqavilə bağlamışam”.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı qismən müdafiə edərək bildirdi ki, Cavabdeh təqsirindən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçı Günay xanımın idarə etdiyi avtomobilə maddi ziyan dəymişdir. Sığortaçı şirkət dövlət şirkəti olduğuna görə avtomobilə dəymiş zərər əvvəlcə 5300 manat məbləğində qiymətləndirilmişdi. Lakin onlar şikayət edəndən sonra dəymiş zərər 7720 manat qiymətləndirildi. Bu məbləğin bir hissəsi sığorta şirkəti tərəfindən ödənilmişdir. İddiaçı hazırda qalan məbləği cavabdehdən tələb edir. Həmçinin iddiaçı Günay xanım iş adamıdır. O, hadisədən sonra məcbur olub günü 100 manata 40 günlük “Hyundai” markalı avtomobil icarəyə götürmüş, bunun üçün 4000 manat pul vermişdir. İddiaçı icarəyə avtomobil götürməyə məcbur olmuşdur. Çünki onun işi elədir ki, hər gün ona avtomobildən istifadə etmək lazım olur. Bununla belə, məhkəməyə ərizə təqdim edərək bildirdi ki, icarəyə götürülmüş avtomobilə görə cavabdehdən bir aylıq icarə haqqının, yəni 3000 manat pul tutulmasına etirazları yoxdur. Həmçinin iddia tələbinin qalan hissədə ekspert rəyində müəyyən edildiyi kimi təmin edilməsini xahiş edirlər.

4. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, həqiqətən yol nəqliyyat hadisəsi baş vermişdir və hadisəni özü törətmişdir. Hadisədən sonra dərhal sığorta və yol polisi nümayəndələri hadisə yerinə gəlmişlər. Sonradan iddiaçı Günay xanımın qardaşı ona sığortanın dəymiş zərəri 2300 manat hesabladığını bildirmiş, ondan da 2000 manat pul istəmişdir. Ona görə ki, onlar qırılanı düzəltdirmək yox, təzəsini qoymaq istəyirlər. Bir sözlə, “nol” maşın istəyirlər. Hadisədən 15 gün sonra Günay xanım ona zəng vurub başına oyun açacağını, pulu ödəməli olduğunu demişdir. İddiaçının qardaşı da demişdir ki, Günay xanım 14-15 gündür ki, “rent a car”dan maşın götürüb və onun pulunu ödəməlidir. O demişdir ki, belə bir qayda-qanun yoxdur. Həm də iddiaçı 40 günlük icarə haqqının ondan tutulmasını tələb edir. Hansı ki, həmin avtomobilin təmiri bir aydan artıq vaxt tələb edə bilməzdi. O özü taksi sürücüsüdür. Dəfələrlə onun maşınını da vuran olub, amma o heç vaxt belə etməmişdir. İddiaçı isə onu pulu ödəməsi üçün narahat edir. Halbuki iddiaçının avtomobilinə dəymiş zərəri sığorta qarşılamışdır. Hesab edir ki, Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti iddiaçıya dəymiş zərəri ödədiyindən ondan pul tutulmamalıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

İş materialları.

5. Səbail rayon DYPŞ-də tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 17:03-də “Fiat Doblo” ** DD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

6. Səbail rayon DYPŞ-də tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 17:03-də, Badamdar qəsəbəsi istiqamətində “Fiat Doblo” ** DD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevretmə qaydalarını pozmuşdur. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və bu inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilməsi qərara alınmışdır.

7. Fiziki şəxs (fərdi sahibkar) X3 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, “X4 Prado” markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyat hissələri üçün 6410 manat məbləğində, işçilik üçün 1310 manat olmaqla, cəmi 7720 manat zərər dəydiyi hesablanmışdır.

8. “Hermes Avto MMC” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, “X4 Prado” markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyat hissələri üçün 4180 manat məbləğində, işçilik üçün 1120 manat olmaqla, cəmi 5300 manat zərər dəydiyi hesablanmışdır.

9. "xxxx" MMC (İcarəyə verən) və İddiaçı (İcarəyə götürən) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 116 nömrəli icarə müqaviləsindən görünür ki, icarə verən “Sonata”markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-xx.xx.2022-ci il tarixləri aralığında icarəyə götürənə icarəyə verir. İcarə müqaviləsinin qiyməti hər gün üçün 100 manat olmaqla, ümumilikdə 4000 manat təşkil edir.

10. İddiaçı və “De Fendo” Vəkil Bürosunun vəkili Vəkil arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 319 nömrəli müqavilədən görünür ki, birinci instansiya məhkəməsində vəkilin hüquqi yardımına görə haqq qarşılıqlı razılıqla 980 manat, 20 manat marka pulu, 1 manat bank xidməti xərci müəyyən olunur.

11. xx.xx.2023-cü il tarixli, 20177 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən “Hüquqi yardım. “De Fendo” Vəkil Bürosu” təyinatı ilə “De Fendo” Vəkil Bürosunun hesabına 1000 manat məbləğində pul köçürmüşdür.

12. xx.xx.2022-ci il tarixli, 42748 nömrəli ödəniş tapşırığından görünür ki, Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən “sığorta hadisələri üzrə ödəniş” təyinatı ilə İddiaçı 5000 manat məbləğində sığorta ödənişi edilmişdir.

13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/7526 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktı məlumatlarına əsasən, xx.xx.2022-ci ildə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində 2012-ci il buraxılışlı, mühərrik həcmi 2700 sm3 “Toyota” markalı, “X6” model, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 5320 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin qiyməti 4160 manat, təmir-bərpa işlərinin qiyməti 1160 manat; nəzəri hesablama yolu ilə iş materiallarında olan f/ş X3 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktı məlumatlarına əsasən, xx.xx.2022-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2012-ci il buraxılışlı, mühərrik həcmi 2700 sm3 “Toyota” markalı, “X6” model, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 5860 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin qiyməti 4655 manat, təmir-bərpa işlərinin qiyməti 1205 manat. Respublikada yerləşən avtobazarlada mövcud olan qiymətlərdən, yerli internet saytlarında, eləcə də Məhkəmə Ekspertizası Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda qeyd edilən 2012-ci il buraxılışlı, mühərrik həcmi 2700 sm3 “Toyota” markalı, “X6” model, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətində 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 43000 manat müəyyən olunur. Avtoservis müəssisələrinin səviyyəsindən və təmirin keyfiyyətindən asılı olaraq, eyni buraxılış illi, eyni modelli, təmir olunmamış avtomobilin bazar qiymətinə nisbətən qüsur aktlarıa əsasən təmirə məruz qalmış 2012-ci il buraxılışlı, mühərrik həcmi 2700 sm3 “Toyota” markalı, “X6” model, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiymətində 4300 manat (təxminən 10 %) fərq olması istisna edilmir. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2015-ci il tarixli, 422 nömrəli məktubunda göstərilənlərə əsasən, nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədəmüvafiq hesab olunduğundan 2012-ci il buraxılışlı, mühərrik həcmi 2700 sm3 “Toyota” markalı, “X6” model, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(010)-3527/2023 nömrəli mülki iş materiallarında olan qüsur aktı əsasında hesablanır.

İşin faktiki halları.

14. Cavabdeh xx.xx.2022-ci il tarixində idarə etdiyi “Fiat Doblo minik” markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozmuş, nəticədə İddiaçı məxsus “Toyota” markalı, “X6” model, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobili sol yan hissədən vurmuşdur.

15. Səlahiyyətli orqan tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində (...əks istiqamətli hərəkət zolağına çıxmadan... manevr etmə qaydalarının pozulmasına... görə) nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir.

16. İddiaçı xx.xx.2022-ci il tarixdə “X7 “ MMC ilə icarə müqaviləsi bağlamış, həmin tarixdən xx.xx.2022-ci il tarixədək hər gün üçün 100 manat olmaqla, cəmi 4000 manat icarə haqqı ödənilməsi şərtilə avtomobil icarəyə götürmüşdür.

17. xx.xx.2022-ci il tarixdə sığortaçı Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı 5000 manat məbləğində sığorta ödənişi edilmişdir.

Tətbiq edilən hüquq.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

20. İş materiallarında olan inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İddiaçı avtomobilinə zərər dəyməsi ilə nəticələnən yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin özü də hadisənin baş verməsində məsuliyyətini inkar etməmişdir. Bununla belə, cavabdeh həm iddiaçı tərəfindən avtomobilə dəymiş zərər kimi ondan tələb edilən pulun məbləği ilə razılaşmamış, həm də bu zərərə görə sığortaçı tərəfindən iddiaçıya 5000 manat sığorta ödənişi edilməsinə əsaslanaraq, iddianı qəbul etməmişdir.

21. Cavabdehin təqsirindən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş zərərin, eləcə də bu hadisədən sonra iddiaçıya məxsus avtomobilin bazar dəyərinin nə qədər aşağı düşməsinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Aparılmış ekspertiza tədqiqatı nəticəsində verilmiş ekspert rəyindən görünür ki, müvafiq rəy iş materiallarında olan iki ayrı qüsur aktındakı məlumatlara əsasən, nəzəri hesablama yolu ilə aparılmış tədqiqat nəticəsində verilmişdir. Belə ki, rəydə həm "xxxx" MMC tərəfindən, həm də X3 tərəfindən tərtib edilmiş qüsur aktlarına istinad edilmiş, birinci akt üzrə təmirbərpa xərci (dəyişilməli hissə, təmir-bərpa işlərinin qiyməti birlikdə) 5320 manat, ikinci akt üzrə 5860 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə X3 adından tərtib edilmiş qüsur aktının heç kim tərəfindən imzalanmadığını, heç bir möhürlə təsdiqlənmədiyini, həmçinin "xxxx" MMC tərəfindən verilmiş rəylə müəyyən edilmiş qiymətlərin ekspert rəyi ilə müəyyən edilmiş qiymətlərə çox daha yaxın olduğunu nəzərə alaraq, ekspert rəyinin "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktına əsasən hesablanmış hissəsi ilə razılaşır və hesab edir ki, cavabdehin təqsirindən baş vermiş yol nəqliyyat hadisəsində iddiaçıya məxsus avtomobilə dəymiş zərərin məbləği 5320 manat olmuşdur.

22. Buna baxmayaraq, məhkəmə hesab edir ki, həmin məbləğ tam həcmdə cavabdehdən tutula bilməz. Ona görə ki, iş materiallarından görünür ki, baş vermiş sığorta hadisəsinə görə sığortaçı tərəfindən iddiaçıya 5000 manat məbləğində sığorta ödənişi edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən dəymiş zərərin yalnız sığorta ödənişi ilə əhatə edilməyən hissəsi, yəni 320 (5320-5000) manat məbləğində pul tutulmalıdır.

23. Bundan əlavə, iddia tələbindən görünür ki, iddiaçı avtomobilinə dəymiş zərərdən sonra onun bazar qiymətinin aşağı düşmüş hissəsinin – 8000 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Bu zaman iddiaçı avtomobilin bazar qiymətinin 20 % aşağı düşdüyünü iddia etmişdir. İş materiallarında olan, yuxarıda istinad edilmiş ekspert rəyindən isə görünür ki, ekspert iş materiallarında olan qüsur aktlarındakı məlumatlara əsasən, baş vermiş hadisə nəticəsində iddiaçıya məxsus avtomobilin bazar qiymətinin 10 %, yəni 4300 manat məbləğində aşağı düşdüyünü müəyyən etmişdir. Məhkəmə, müvafiq rəyin bu sahədə xüsusi biliyə malik əmtəəşünas ekspert tərəfindən avtomobilin buraxılış ili, modeli, mühərrikinin həcmi kimi parametrlər nəzərə alınmaqla verildiyini nəzərə alaraq, hadisə nəticəsində avtomobilin bazar qiymətinin aşağı düşmüş hissəsinin 4300 manat məbləğində olduğu nəticəsinə gəlir. Məhkəmə, həmçinin hesab edir ki, bu məbləğ də dəymiş zərər kimi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ona görə ki, iddiaçıya məxsus avtomobilin bazar qiymətinin aşağı düşməsinə səbəb cavabdehin təqsirli hərəkətləri ilə törətdiyi yol nəqliyyat hadisəsi olmuşdur.

24. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarında qeyd edildiyi kimi, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 24.1. törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 24.2. əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 24.3. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 24.4. zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.

25. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.

26. Yuxarıda qeyd edilənləri hazırkı işin hallarına tətbiq edən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh mülki hüquq pozuntusu (delikt) törətmişdir və törətdiyi əmələ görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Bu səbəbdən cavabdehdən avtomobilə birbaşa vurduğu zərərin sığorta ödənişi ilə əhatə edilməyən hissəsindən əlavə, həm də avtomobilin bazar qiymətinin aşağı düşən hissəsi də tutulmalıdır.

27. İddia tələbindən görünür ki, iddiaçı cavabdehdən həm də icarəyə götürdüyü avtomobilə görə ödədiyi 4000 manat məbləğində pulu tələb etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) bildirmişdir ki, iddiaçının işi ilə əlaqədar gündəlik avtomobildən istifadəyə ehtiyacı olmuşdur. İş materiallarından da görünür ki, İddiaçı yol nəqliyyat hadisəsinin baş verməsindən cəmi iki gün sonra – xx.xx.2022-ci il tarixdə günü 100 manata, 40 günlük avtomobil icarəyə götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının avtomobil icarəyə götürməyə məcbur qalmasının səbəbi cavabdehin təqsirli hərəkətləri olduğundan iddiaçı icarəyə götürməli olduğu avtomobilə görə ödədiyi icarə haqqını dəymiş zərər kimi cavabdehdən tələb etməkdə haqlı olmuşdur.

28. Bununla belə məhkəmə, dəymiş zərər kimi tələb edilən icarə haqqının məbləği ilə razılaşmır. Belə ki, iş materialları əsasında iddiaçının avtomobili məhz 40 gün müddətində icarəyə götürməsinə zərurət, yəni ona məxsus avtomobilin təmirinin məhz 40 gün çəkməsi müəyyən olunmur. Məhkəmə hesab edir ki, işin halları, iddiaçının avtomobilinin zədələnmiş hissələri nəzərə alındıqda, bu müddət təmir üçün ağlabatan müddət kimi qəbul edilə bilməz. Elə məhkəmə iclasında iştirak edən cavabdeh də bu hala istinad etmiş, iddiaçının avtomobilinin təmirinin bir aydan artıq çəkməsinin mümkün olmadığını bildirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) də iddianı bu hissədə qismən müdafiə edib, məhkəməyə ərizə təqdim edərək, cavabdehdən dəymiş zərər kimi bir aylıq icarə haqqının tutulmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında avtomobilin hansı müddətdə təmirdə olduğunu təsdiq edən sübut olmasa da, qüsur aktları əsasında bu avtomobilin təmirə ehtiyacının olduğu müəyyən edildiyindən onun müəyyən müddət təmirdə olması mübahisəsizdir. İddiaçının yol nəqliyyat hadisəsindən cəmi iki gün sonra avtomobil icarəyə götürməsi də onun özünə məxsus avtomobildən müəyyən müddət istifadə edə bilmədiyini göstərir. Belə olan halda məhkəmə hesab edir ki, avtomobilin hansı müddətdə təmir olunduğunun məlum olmadığı hazırkı vəziyyətdə avtomobilin ağlabatan müddətdə - bir ay təmirdə olduğu müəyyən edilməli, iddiaçının həmin müddətdə ödəməli olduğu icarə haqqı – 3000 manat məbləğində pul dəymiş zərər kimi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri.

29. İş materiallarından görünür ki, iddiaçı bu iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 135 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddianın qiymətinə uyğun olmuşdur.

30. Bundan əlavə, iş materiallarında olan ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat məbləğində olmuşdur.

31. Həmçinin iş materiallarına əlavə edilmiş iddiaçı və vəkili arasında bağlanmış hüquqi yardımın göstərilməsinə dair müqavilədən və müvafiq ödəniş qəbzindən görünür ki, İddiaçı hazırkı iş üzrə peşəkar hüquqi yardım almaq məqsədilə “De Fendo” Vəkil Bürosunun vəkili Vəkillə hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlamaq üçün Vəkil Bürosunun hesabına 1000 manat (980 manat xidmət haqqı, 20 manat marka pulu) məbləğində pul köçürmüşdür. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər də işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

32. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 135 manat məbləğində dövlət rüsumunun 106.2 manatı cavabdehdən tutularaq iddiaçıya, 60 manat ekspertiza xərci cavabdehdən tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına, çəkilmiş 1000 manat məbləğində vəkil xərci isə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

33. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçıya məxsus avtomobilə vurduğu zərərə görə 320 manat məbləğində təmir-bərpa xərci, 4300 manat məbləğində avtomobilin azalmış bazar dəyəri, 3000 manat məbləğində icarə haqqı xərci olmaqla, cəmi 7620 manat məbləğində pul, 106.2 manat məbləğində dövlət rüsumu, 1000 manat məbləğində vəkil xərci tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, 60 manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

34. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh iddiaçıya məxsus avtomobilə vurduğu zərərə görə 320 (üç yüz iyirmi) manat məbləğində təmir-bərpa xərci, 4300 (dörd min üç yüz) manat məbləğində avtomobilin azalmış bazar dəyəri, 3000 (üç min) manat məbləğində icarə haqqı xərci olmaqla, cəmi 7620 (yeddi min altı yüz iyirmi) manat məbləğində pul, 106.2 manat (yüz altı manat iyirmi qəpik) məbləğində dövlət rüsumu, 1000 (min) manat məbləğində vəkil xərci tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 60 (altmış) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar