Məhkəmə qərarları › İş №e-2(010)-1330/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1330/2023

02.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1330/2023 02.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən İddiaçı ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli kredit kartına dair müqaviləyə əsasən 282.46 manat əsas, 96.44 manat faiz, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2404.21 manat əsas, 22.37 manat faiz borcunun və 50.05 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 1330/2023 saylı qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

İddia tələbinin əsaslandırıldığı hallar.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit kartına dair müqaviləyə əsasən ona 100 manat kredit xətti ayrılmış, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən isə 35 ay müddətinə illik 26.9 % dərəcəsi ilə 7800 manat kredit verilmişdir. Kreditin təminatı kimi isə İddiaçı ASC Cavabdeh2 ilə xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi bağlamışdır. Bu müqavilənin 1-ci bəndinə əsasən zamin şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqavilələrinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdeh1 xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2020-ci il tarixli kredit kartına dair müqaviləyə əsasən 282.46 manat əsas, 96.44 manat faiz, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən isə 2404.21 manat əsas, 222.37 manat faiz borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq edilməsinə və rəsmi bildiriş göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən borcun qaytarılması təmin edilməmişdir.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin tam əsaslı və qanuni olduğunu bildirmiş, iş üzrə bütün məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 iddianı qəbul etdiyini bildirmişdir.

6. Cavabdehlərə məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

7. İddiaçı ASC (Bank), Cavabdeh1 (Müştəri) və Cavabdeh2 (Zamin) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BRED2080070A119 nömrəli kredit müqaviləsindən görünür ki, müqaviləyə əsasən Bank Müştəriyə “Birkart” ödəniş kartı verir, həmin karta bağlı bu müqavilədə qeyd edilən şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırır və xəttin istifadəsilə bağlı müvafiq hesablar açır. Müştəri həmin kredit xəttindən istifadə edir və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəyir. Zamin isə həmin öhdəliyin Müştəri tərəfindən icra edilməməsi və lazımınca icra edilməməsi hallarında, Müştərinin Bank qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür. Müştəri tərəfindən kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ Bank tərəfindən 100 manat müəyyən olunur. Kredit xəttinin illik faiz dərəcəsi: qeyri-taksit əməliyyatlar üzrə 25% (maksimal FİFD 4.5.2. Taksit əməliyyatları üzrə 0%, 26.29%). Kartın son istifadə tarixi: xx.xx.2023.

8. İddiaçı ASC (Bank), Cavabdeh1 (Müştəri) və Cavabdeh2 (Zamin) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GTKR2080067A119 nömrəli kredit müqaviləsindən görünür ki, müqaviləyə əsasən Bank Cavabdeh1 35 ay müddətinə illik 26.9 faiz dərəcəsi ilə 7800 manat məbləğində kredit verməyi, Borcalan isə aldığı krediti və kredit üzrə faizləri bu müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürür.

9. xx.xx.2022-ci il tarixli, GTKR2080067A119 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, müqavilə üzrə ödənişlərin xx.xx.2020 – xx.xx.2023-cü il tarixləri arasında hər ay 323.96 manat (sonuncu ay 330.43 manat) olmaqla ödənilməsi təsdiq edilmişdir.

10. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə xx.xx.2020-ci il tarixli kredit kartına dair müqaviləyə əsasən 282.46 manat əsas, 96.44 manat faiz, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən isə 2404.21 manat əsas, 222.37 manat faiz borcu var.

11. xx.xx.2020-ci il tarixli balansdankənar məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 bir ədəd kart təhvil verilmişdir.

12. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Bank tərəfindən Cavabdeh1 və Cavabdeh2 Qabil oğluna xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş borcun məbləği barədə məlumat verilmiş, borcun vaxtında ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

İşin faktiki halları.

13. İddiaçı ASC (Bank) və Cavabdeh1 (Borcalan) arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 100 manat məbləğində kredit xətti ayrılmışdır.

14. İddiaçı ASC (Bank) və Cavabdeh1 (Borcalan) arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Bank Borcalana 35 ay müddətinə, illik 26.9 %-lə 7800 manat məbləğində kredit vermiş, Borcalan isə həmin krediti müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada qaytarmağı öhdəsinə götürmüşdür.

15. Cavabdeh2 hər iki müqavilə üzrə Borcalanın öhdəliklərinin icrasına zamin durmuşdur.

16. İddiaçı Bank iddia edir ki, Borcalanın xx.xx.2020-ci il tarixli kredit kartına dair müqaviləyə əsasən 282.46 manat əsas, 96.44 manat faiz, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən isə 2404.21 manat əsas, 222.37 manat faiz borcu var.

Tətbiq edilən hüquq.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 470. Zaminlik müqaviləsi. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.

Məhkəmənin mövqeyi.

20. İşin halları və mülki qanunvericiliyin yuxarıda istinad edilmiş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı Bank Cavabdehlə aralarında bağlanmış hər iki kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə nəzərdə tutulmuş məbləğdə krediti borcluya (cavabdehə) vermişdir. Borclu isə bu kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödənişlər etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən hər iki kredit müqaviləsi üzrə ödənilməmiş əsas və faiz borcunu tələb etməkdə haqlı olmuşdur.

21. Həmçinin borclu zaminliklə təmin edilmiş öhdəliyi lazımınca icra etmədiyinə görə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Bank iddia tələbini hər iki cavabdehə qarşı yönəltməkdə də haqlı olmuşdur.

Məhkəmə xərcləri.

22. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək üçün 50.05 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.

23. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

24. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2020-ci il tarixli kredit müqavilələri üzrə 2686.67 manat əsas borc, 318.81 manat faiz borcu olmaqla, cəmi 3005.48 manat məbləğində borc və 50.05 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

25. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2020-ci il tarixli kredit müqavilələri üzrə 2686.67 manat əsas borc, 318.81 manat faiz borcu olmaqla, cəmi 3005.48 manat (üç min beş manat qırx səkkiz qəpik) məbləğində borc və 50.05 manat (əlli manat beş qəpik) məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar