Məhkəmə qərarları › İş №e-2(010)-1344/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1344/2025

13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1344/2025 13.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarov Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi X2 mirasını qəbul etmiş vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, BPM**********07 saylı Kredit müqaviləsi üzrə ödənilməmiş 368,55 manat əsas borcu və vəfat etdiyi tarixə ödənilməmiş 0.04 manat faiz borcu olmaqla, cəmi 368.59 manat məbləğində vəsaitin, ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2019-cu il tarixli, BPM**********07 saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 48 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 3600 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 147589 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X4 xx.xx.2021-cİ il tarixdə vəfat etmişdir. Bakı şəhəri 35 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 664 saylı məktubuna əsasən X2 mirası qəbul etmiş vərəsəsi Cavabdeh Bakı şəhəri 35 saylı notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixli 2V-29 nömrəli vərəsəlik hüquq haqqında şəhadətnamə verilmişdir. Bankın Nizami filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2025-ci ilədək BPM**********07 nömrəli kredit müqaviləsi üzrə Banka ödənilməmiş 368.55 manat əsas borcu və vəfat etdiyi tarixə 0.04 manat faiz borcu qalmışdır. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-45215/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi Nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları "xxxx" ASC (Borc verən) və X4 (Borc alan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********07 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən “Borcverən” “Borcalan”a 48 ay müddətinə (xx.xx.2023-cü il tarixədək) 3600 manat məbləğində, kreditdən istifadəyə görə illik 20% ödəmək şərti ilə kredit verməyi, “Borcalan” isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri “Borc verən”ə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə (digər banklardakı öhdəliklərin bağlanması) istifadə etməyi öhdəsinə götürür. xx.xx.2019-cu il tarixli, BPM**********07 nömrəli kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və ödənişlərin xx.xx.2019 – xx.xx.2023-cü tarixləri arasında hər ay 109.6 manat (sonuncu ay 105.95 manat olmaqla) ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. Maliyyə arayışından görünür ki, borcalan X4 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-yə olan borcundan xx.xx.2025-cü il tarixədək 3231,45 manat əsas borc, 942,16 manat faiz borcu ödəmiş, kredit üzrə əsas borcun qalığı 368.55 manat, faiz borcunun qalığı isə 0.04 manat olmaqla, ümumilikdə 368.59 manat təşkil etmişdir. Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi – ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə dövlət agentliyi “Tibbi Ərazi bölmələri İdarəetmə Birliyi” Publik Hüquqi şəxs Bakı şəhəri, Baş səhiyyə idarəsi tərəfindən xx.xx.2021-ci il tarixli 41-01/8№li məktubuna əsasən mərhumə X2 varislərinə verilməli olan əmək haqqının 3 misli qədəri müavinət 1005,48 manat puldan ibarətdir. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, borcalan X2 vərəsəsi Cavabdeh müqavilə üzrə ödənilməmiş borcun məbləği barədə xəbərdar edilmiş, borcun 3 gün müddətində ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2021-ci il tarixli 5 saylı Bakı Asan xidmət Mərkəsi Qeydiyyat mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1146. Mirasın açıldığı vaxt. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151. Miras əmlak. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarı. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı Bankla aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün Heydərova Zəhra iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Ona görə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Lakin boclu X4 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və onun ölümündən sonra ondan qalan miras əmlak xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh keçmişdir. Yuxarıda istinad edilmiş qanunvericilik normalarından da göründüyü kimi, borclunun ölümü ilə kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Ona görə ki, borclu Heydərova Zəhra ölümündən əvvəl bağladığı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasına görə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Bu baxımdan müvafiq öhdəlik onun ölümünə qədər icra edilmədiyindən ölümündən sonra miras passivi kimi onun vərəsəsinə keçmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Bank borclu ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə ödənilməmiş əsas və faiz borcunu mərhumun vərəsəsindən tələb etməkdə haqlı olmuşdur. Vərəsə-cavabdehin məsuliyyətinin həddi, yəni ondan tutulmalı olan borcun məbləği ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsənin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İş materiallarından görünür ki, Cavabdeh mərhum Heydərova Zəhradan miras əmlak kimi mərhumun varislərinə verilməli olan əmək haqqının 3 misli qədəri müavinət, yəni 1005,48 manat məbləğində pulu qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh borclunun vərəsəsi kimi qəbul etdiyi mirasın həcmi həddində məsuliyyət daşımalıdır. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 368,55 manat və faiz borcuna görə 0.04 manat olmaqla, ümumilikdə 368,59 manat məbləğində borc, ödənilmiş dövlət rüsumuna görə 30 manat və bank xidməti haqqına görə 0.40 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 368,55 manat və faiz borcuna görə 0.04 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat və bank xidməti haqqına görə 0.40 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar