Məhkəmə qərarları › İş №e-2(010)-135/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-135/2025

19.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-135/2025 19.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2330 manat maddi ziyan, 100 manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım xərci, etibarnamə alınması üçün 17,25 manat notariat qaydasında çəkilmiş xərclər, ödənilmiş 43,30 manat dövlət rüsumunun tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının dəyişdirilməsi. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Murad oğlu məhkəməyə xx.xx.2025 tarixli ərizə ilə müraciət edərək, İddiaçı əsl iddiaçı X6 ilə əvəz edilməsini xahiş etmiş, Suraxanı rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli qərarı ilə, İddiaçı əsl iddiaçı X7 ilə əvəz edilməsi qərara alınmışdır. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “RAVON NEXİA R3 MİNİK” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh avtomobili götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində nəqliyyat vasitəsinə zərər vurmuşdur. Belə ki, avtomaşın təmir olunması üçün “RS” Avtoservisə aparılmış və servis tərəfindən verilən dəymiş zərərin hesablanmasına dair akta əsasən avtomaşının bərpası üçün 2330 manat tələb olunmuşdur. Cavabdehə bu barədə şifahi məlumat verilsə də Cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Buna görə də, iddiaçı həmin vaxt avtomobili “RS Avtoservis”-də 2330 manat ödəyərək öz hesabına təmir etdirmişdir. Cavabdehə dəymiş ziyanın ödənilməsi üçün pretenziya göndərilmiş və cavabdeh tərəfindən pretenziya alınmışdır. Lakin cavabdeh yenə də həmin məbləği ödəməmişdir. Cavabdeh maddi ziyanın alınmasını mümkün olmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehlə iddiaçı arasında bağlanmış 29 yanvar 2024-cü il tarixli icarə müqaviləsinin - 2.1.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanmasını və təhlükəzliyini təmin etməyə; - 2.1.5-ci bəndinə əsasən nəqliyyat vasitəsinin sıradan çıxmış hissələrini (təkər, akkumlyator və s.) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməyə; - 2.1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini hər hansı bir səbəbdən icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrin dəyərini ödəməyə borcludur. İcarə müqaviləsinin 4.12-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini, o cümlədən detallarını məhv edərsə və zədələyərsə (sındırarsa, qırarsa, sökərsə, dəyişərsə və s.) Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə öhdəlik daşıyır. Həmçinin qeyd edilməlidir ki, cavabdehin qanunazidd əməlləri nəticəsində hüquqi xidmət olaraq 100 manat məbləğində vəkilə əlavə xərc çəkilmişdir ki, bu məbləğində cavabdehdən alınaraq iddiaçıya qaytarılması ədalətlidir. Məhkəməyə iddia ərizəsi verilərkən 43,30 manat dövlət rüsumu ödənilmişdir ki, bu məbləğ cavabdehdən tutulub iddiaçıya verilməlidir. İddiaçı tərəfindən məhkəmədə təmsil edilməsi üçün etibarnamə alınması ilə əlaqədar 17,25 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu məbləğ də cavabdehlərdən tutulmalı və iddiaçıya qaytarılmalıdır. Göründüyü kimi, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərin icrasından müxtəlif üsullarla yayınaraq dolayısıyla bundan imtina edir. Hesab edir ki, iddia tələbi haqlıdır və Cavabdeh 2.330 manat maddi ziyan, 100 manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım xərci, etibarnamə alınması üçün 17,25 manat notariat qaydasında çəkilmiş xərclər, ödənilmiş 43,30 manat dövlət rüsumu tutulmalı və iddiaçıya qaytarılması ilə bağlı qətnamə çıxarılmalıdır. Tərəflərin izahatları. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Murad oğlu məhkəməyə ərizə ilə müraciət edərək, icarə müqaviləsini verilmiş etibarnamə əsasında İddiaçı bağladığını, etibarnamə ilə bu səlahiyyətin verildiyini, iddiaçının əsl iddiaçı ilə əvəz edildiyini və iddianı müdafiə etdiklərini bildirmiş, mülki işə onun iştirakı olmadan baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, rəy ilə razıdırlar. Rəydə əsasən motorun qiyməti nəzərə alınıb. Qey edir ki, cavabdeh də məhkəmə iclasında iştirak etdiyi zaman motorda problem olduğunu etiraf etmişdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, avtomobil ona verilmişdi, o da təhvil almışdı. 17-18 gün sürdü, 2017-ci ilin avtomobili idi, öz servislərinə aparmışdılar işlək olduğunu dedilər. 3-4 gün sonra problem çıxdı, başqa ustanın yanına aparmağa qoymadılar. 500 manata yaxın pul qoyub, düzəltdirdi, Motorda problem olub. O da ustaların səhvidir. Maşını gündəliyi 25 manat götürmüşdü. 3 gündən 1 ödəyirdi. Maşını götürdüyü tarixi bilmir. Təhvil-təslim aktını imzaladığı gün olub. Servisə aparanda iştirak etməmişdir. Maşın xarab olmuşdu. Motor dağılmışdı. Öz ustasına aparmağı təklif etdi, onlar qəbul etmədilər. Öz ustaları düzəldə bilmədi. İddia tələb ilə tək motor hissəsində razıdır. Dəmirçi onluq deyil. Ancaq motorun yığılmasını qəbul edir. Maşının şəklini çəkməmişdir. Özləri əlaqə saxladı ki, maşını sürmürsən. Dedi ki, motorda problem var. Maşında GPS var. Zəng vurub, maşını apardılar. Aparanda orada olmuşdur. Su qızıdırmaqda problem var idi, əziyi yox idi. Motorun içində olan hissələri qəbul edir. İş materialları. İş materiallarına əlavə edilmiş İddiaçı (VÖEN:**********) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, müqavilənin predmetini “RAVON NEXİA R3 MİNİK” markalı avtomobil təşkil edir. Həmin Müqavilənin 2.1.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanmasını və təhlükəzliyini təmin etməyə; 2.1.5-ci bəndinə əsasən nəqliyyat vasitəsinin sıradan çıxmış hissələrini (təkər, akkumlyator və s.) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməyə; 2.1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini hər hansı bir səbəbdən icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrin dəyərini ödəməyə borcludur. Müqavilənin 4.12-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini, o cümlədən detallarını məhv edərsə və zədələyərsə (sındırarsa, qırarsa, sökərsə, dəyişərsə və s.) Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə öhdəlik daşıyır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən, xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən nəqliyyat vasitəsi İddiaçı tərəfindən təhvil verilmiş, Cavabdeh tərəfindən təhvil alınmışdır. Avtomobildə olan qüsurlar: təkərlər 80%; sağ qabaq krlo cızıqlar; kapot sağ zazor var; kapot batıq var. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “RAVON NEXİA R3 MİNİK” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, Ban nömrəsi XWBTF89Y9HA03848 olan, Buraxılış ili 2017-ci il olan sedan tipli avtomobil X2 mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə verilmiş etibarnamənin surətindən görünür ki, “RAVON NEXİA R3 MİNİK” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi X7 tərəfindən xx.xx.2025-ci il tarixədək nəqliyyat vasitəsini idarə etmək üçün Cavabdeh etibar edilmişdir. İş materiallarında olan dəymiş zərərin hesablanmasına dair fərdi sahibkar X7 (Avtoservis - VÖEN 8********) tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində “RAVON NEXİA R3 MİNİK” markalı, **-XX-*** dövlət nömrə nişanlı avtomobilə ehtiyat hissələri – 1100 manat, işçiliyə görə cəmi 1230 manat olmaqla (dəmirçi – 400 manat; rəngsaz – 350 manat; plastmastçı – 80 manat; motorçu – 400 manat), cəmi 2330 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh göndərilmiş pretenziya məktubundan görünür ki, ona “RAVON NEXİA R3 MİNİK” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 2330 manat məbləğində zərərin 10 gün ərzində ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Cavabdeh ərizəsindən görünür ki, o, avtomobil icarəsi üçün 300 manat ödəmişdir. Əgər avtomobili 3 ay ərzində qaytaracaqdırsa, qoyduğu depoziti tələb etməyə heç bir hüququ yoxdur və həmin müddətdə avtomobilə zərər verərsə, vurmuş olduğu zərər depozit məbləğindən çıxılmır. Əgər avtomobili 3 aydan sonra qaytarsa, verdiyi depozit qaytarılmış qalıq 90 manatdan avtomobilə dəymiş zərərlər çıxılaraq qalıq məbləğ qaytarılır. Qeyd edilir ki, cərimələrlə tanış olmuşdur. İş materiallarında olan X5 haqqında xx.xx.2024-cü il tarixli 454 nömrəli Müqavilədən görünür ki, İddiaçı ilə “Femida” Vəkil Bürosu arasında maddi ziyanın ödənilməsinə dair müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən, Bu müqaviləyə görə vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 100 manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. xx.xx.2024-cü il tarixli 454 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən e-manat vasitəsilə 100 manat ödənilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/2759 saylı rəyindən görünür ki, ekspert metodikalarına əsasən yolnəqliyyat hadisələri ekspertizasının tədqiqat obyektlərinə yol-nəqliyyat hadisələrində iştirak edən avtomotonəqliyyat, şəhər elektrik nəqliyyatı, traktor və özügedən maşınlar, onların aqreqatları, detallar, üzərindəki zədələr və izlər aiddir. Yol-nəqliyyat eksperti qarşısında qoyulan suallar yol-nəqliyyat hadisəsində iştirak edən nəqliyyat vasitələrinin sürücülərinin hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi, həmin nəqliyyat vasitə larinin texniki vəziyyəti, bununla hadisənin baş verməsi arasında səbəbli əlaqənin olubolmamasının müəyyən edilməsi ilə bağlıdır. Lakin yol-nəqliyyat hadisəsində iştirak etməyən nəqliyyat vasitəsində hər hansı nasazlığın müəyyən edilməsi bu növ ekspertizanın tədqiqat obyektinə aid deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2024-cü il tarixli 8/2759 saylı bildirişdən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/8028 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, vəsatətə cavab olaraq Mərkəzə xx.xx.2024-cü il tarixdə Suraxanı Rayon Məhəkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli məktub ilə birgə təqdim edilmiş "Fiziki X1 VÖEN **********" tərəfindən tərtib edilmiş qüsur aktı məlumatlarına əsasən 2017-ci il buraxılışlı, "Ravon Nexia R3" markalı, 77- XX-603 dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci təxminən 1236 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti – 734 manat (buraya aiddir: Klapan - 144 manat, Porşen - 80 manat, Sep başmaqlıq - 170 manat, Klapan salnik - 28 manat, Qalofka praklatka - 14 manat, Raspredval - 130 manat, Arxa salnik - 24 manat, Sveça - 36 manat, Pompa - 40 manat, Su turbası - 68 manat) , təmir-bərpa işlərinin qiyməti – 502 manat. (buraya aiddir: Motorçu - 400 manat, Antifriz (5 litr) - 15 manat, Motor yağı (ümumi) - 87 manat) 2017-ci il buraxılışlı, "Ravon Nexia R3" markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin hansı ehtiyyat hissələrinin zədələndiyi barədə məlumat olmadığından "Fiziki X1 VÖEN **********" tərəfindən tərtib edilmiş qüsur aktında qeyd edilən dəmirçi, plastmasçı və rəngsaz işlərinin qiymətlədirilməsi mümkün olmadı. xx.xx.2024-cü il tarixdə, 9/8028 saylı məhkəməyə göndərilmiş vəsatətdə qeyd edilən 2017-ci il buraxılışlı, "Ravon Nexia R3" markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobil ekspert baxışına edilmədiyi üçün, həmin avtomobil üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması İxtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 2017-ci il buraxılışlı, "Ravon Nexia R3" markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı vəsatətə cavab olaraq Mərkəzə xx.xx.2024-cü il tarixdə Suraxanı Rayon Məhəkəməsindən xx.xx.2024-cu il tarixli məktub ilə birgə təqdim edilmiş qüsur aktı əsasında hesablandı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2025-ci il tarixli, 9/8028 saylı bildirişdən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, X8 tərəfindən İddiaçı onun daşınar əmlakını idarə etməyi ve onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, qeydiyyata salmaq, qeydiyyatdan çıxartmaq, əmlakı İpoteka (girov) qoymaq ve ipotekanı qəbul etmək haqqında əqdləri bağlamaq və s. ilə bağlı səlahiyyətlər verilmişdir. İş materiallarında olan foto-şəkillərdən görünür ki, naməlum avtomobil zədələnmiş, onun üzərində cızıqlar va batıqlar əmələ gəlmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 359. Əqdlərdə təmsilçilik anlayışı 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.... Maddə 362. Etibarnamə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 54. Əsl olmayan tərəfin əvəz edilməsi 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 54.4. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə 78. Sübutların təqdim edilməsi və tələb olunması 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir.....Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. 78.3. Sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir. Maddə 81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: ... 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ...119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iş üzrə İddiaçı əsl iddiaçı ilə əvəz olunaraq, iddiaçı qismində X7 cəlb olunmuşdur. İşin faktiki hallarından görünür ki, xx.xx.2024-cü il tarixli icarə müqaviləsi Cavabdeh ilə İddiaçı arasında bağlanılmışdır. Lakin, iş materiallarından göründüyü kimi, “RAVON NEXİA R3” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin mülkiyyətçisi İddiaçı deyil, X7 olmuşdur. Belə ki, X7 tərəfindən İddiaçı onun adından müqavilə bağlanılması ilə bağlı səlahiyyəti nəzərdə tutan xx.xx.2024cü il tarixli etibarnamə verilsə də, o, bu müqaviləni X2 adından deyil, öz adından bağlamışdır. Bu səbəbdən, əsl iddiaçı avtomobilin mülkiyyətçisi – X7 hesab edilmişdir. İcarə müqaviləsində və nəqliyyat vasitəsinin təhvil verilməsinə dair təhvil-təslim aktında nəqliyyat vasitəsinin qeydiyyat nişanı və identifikasiya nömrəsi qeyd edilməsə də, X7 tərəfindən Cavabdeh “RAVON NEXİA R3” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin idarə edilməsi ilə bağlı etibarnamə verilmiş və müqavilə üzrə məhz həmin maşının təhvil alındığı cavabdeh tərəfindən təsdiqlənmişdir. İddiaçı avtomobil cavabdehin istifadəsində olan müddət ərzində nəqliyyat vasitəsinə zərər dəyməsi nəticəsində avtomobilin təmiri ilə bağlı onun tərəfindən ödənilmiş dəymiş zərərin hesablanmasına dair akta əsasən, avtomobilin bərpası üçün cəmi 2330 manat məbləğində xərclərin cavabdehdən tutulmasını tələb etmişdir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllənin sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Belə ki, iddiaçı dəymiş zərərin hesablanmasına dair xx.xx.2024-cü il tarixli aktı məhkəməyə təqdim etsə də, nəzərə alınmalıdır ki, həmin akt əsl iddiaçı özü, lakin fərdi sahibkar kimi X7 (VÖEN: 8********) tərəfindən tərtib edilmişdir. Həmçinin, həmin akt çıxarılan zaman cavabdehin iştirakı təmin edilməmişdir. Bununla da, məhkəmə hesab edir ki, verilmiş akta mötəbər sübut kimi yanaşmaq olmaz. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu (delikt) - zərərçəkənə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd hərəkət və hərəkətsizlikdir. Bu cür hərəkət (hərəkətsizlik) və baş vermiş ziyanlı nəticə ilə arasında səbəbli əlaqə mövcud olmalıdır. Lakin, iddiaçı avtomobilin qüsur aktında göstərilən ehtiyat hissələrinə məhz cavabdehin təqsirli hərəkətlərindən (hərəkətsizlikdən) zərər dəydiyini, iddiaçının isə bu zərərin öz hesabına aradan qaldırılmasını sübut edə bilməmişdir. Eyni zamanda, avtomobilə dəymiş zərərin məbləğinin hesablanması üçün mülki iş məhkəmə tərəfindən ekspertizaya göndərilmişdir. Lakin ekspert tərəfindən verilən rəy dəymiş zərərin hesablanmasına dair xx.xx.2024-cü il tarixli akta əsaslanır və sözügedən avtomobil ekspertin müayinəsində olmayıbdır. Belə olan halda, ekspert rəyi ilə tam razılaşmaq mümkün deyildir. Lakin, ekspert rəyində motorla bağlı avtomobilin təmir bərpa xərcinin təxminən 1236 manat, o cümlədən: dəyişilməli hissələrin qiyməti – 734 manat (buraya aiddir: Klapan - 144 manat, Porşen - 80 manat, Sep başmaqlıq - 170 manat, Klapan salnik - 28 manat, Qalofka praklatka - 14 manat, Raspredval - 130 manat, Arxa salnik - 24 manat, Sveça - 36 manat, Pompa - 40 manat, Su turbası - 68 manat), təmir-bərpa işlərinin qiyməti – 502 manat (buraya aiddir: Motorçu - 400 manat, Antifriz (5 litr) - 15 manat, Motor yağı (ümumi) - 87 manat) olduğu müəyyən edilmiş, cavabdeh isə məhkəmə iclasında izahat verərək, motorda problem olduğunu təsdiq və etiraf etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, motorun təmiri ilə bağlı ekspert rəyi ilə razılaşaraq, iddia tələbi bu hissədə təmin edilməlidir. Hüquqi yardım göstərilməsi ilə bağlı vəkilə ödənilmiş haqqın tələbi hissəsində məhkəmə qeyd edir ki, iş materiallarında olan X5 haqqında müqavilədən görünür ki, İddiaçı ilə “Femida” Vəkil bürosu arasında hüquqi yardıma dair müqavilə imzalanmış, İddiaçı tərəfindən “Femida” vəkil bürosuna X5 ilə bağlı 100 manat məbləğində pul ödənilmişdir. Lakin məhkəmə hesab edir ki, həmin məbləğ əsl olmayan İddiaçı tərəfindən ödənildiyindən və onun hazırki mübahisə ilə bağlı məhkəməyə müraciət etmə hüququ olmadığından, iddia tələbi bu hissədə təmin edilə bilməz. Etibarnamə alınması üçün 17,25 manat notariat qaydasında çəkilmiş xərclərin cavabdehdən tutulması hissəsində məhkəmə qeyd edir ki, həmin məbləğ məhkəmədə uzunmüddətli təmsil edilmə ilə bağlı etibarnamə alınması ilə əlaqədar olduğundan, iddia tələbi bu hissədə də təmin edilə bilməz. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 1236 manat maddi ziyanın əvəzi tutulub iddiaçı X4 verilməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 32,36 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilmiş mülki prosessual qanunvericiliyinin tələblərinə əsasən, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri qismində 8/2759 saylı ekspertiza üzrə 50 manat, 9/8028 saylı ekspertiza üzrə 50 manat, ümumilikdə 100 manat məbləğində pul Cavabdeh aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1236 manat maddi ziyanın əvəzi tutulub iddiaçı X4 verilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının dəyəri qismində 8/2759 saylı ekspertiza üzrə 50 manat, 9/8028 saylı ekspertiza üzrə 50 manat, ümumilikdə 100 manat məbləğində pul Cavabdeh alınaraq dövlət büdcəsinə göstərilən hesaba keçirilsin: AZ34CTRE******************** (VÖEN: **********, Məhkəmə Ekspertiza Mərkəzi; X3, KOD 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar