Məhkəmə qərarları › İş №e-2(010)-1352/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1352/2023

18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1352/2023 18.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X2 qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İşin halları:

1. Cavabdeh2 şəxsi (istehlak) məqsədləri üçün 48 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 5500 manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2022-ci il tarixli 1076634/27600 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh1 ona zamin durmuşdur. Zaminlik müqaviləsinin 1.1.-ci bəndinə görə, borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 xx.xx.2023-cü il tarixinə əsas borcu 5249,07 manat, faiz borcu 427,79 manat, cəmi 5676,86 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, onlar (Bank) tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh2 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununla da cavabdehlər, kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş və eyni zamanda hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiyindən kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehlərin, kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə olan əsas və ona hesablanmış faiz borcu 5676,86 manat təşkil edir ki, bu borcun da cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir.

İddia tələbi.

2. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* nömrəli kredit müqaviləsinə vaxtından əvvəl ləğv etməklə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının xeyrinə 5249,07 manat əsas və 427,79 manat faiz borcu olmaqla, cəmi 5676,86 manat məbləğində borcun və iddiaçı tərəfindən ödənilmiş 77,18 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

3. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə məhkəmə iclaslarının onların iştirakı olmadan keçirməklə, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Mülki iş üzrə xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, maddi vəziyyəti ilə əlaqədar bankdan götürdüyü borcu ödəyə bilməmişdir.

5. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər.

6. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları.

7. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* saylı fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsindən müəyyən olunur ki, bank tərəfindən müştəriyə 48 ay müddətinə illik 16% ödəmək şərti ilə 5500 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 1.1.3-cü bəndinə görə kredit ödənişinin gecikdirilməsinə görə gecikmə baş verdiyi gündən etibarən hər gecikdirilən gün üçün kreditin ödənilməmiş hissəsinə görə illik 5% ödənilməlidir.

8. İddiaçı ASC ilə Cavabdeh2 oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan Cavabdeh2 xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək olan dövr ərzində əsas borca görə 5500 manat, faiz borcuna görə 1981.59 manat olmaqla cəmi 7481.59 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür.

9. İddiaçı ASC tərəfindən verilmiş çeklərdən müəyyən olunur ki, Cavabdeh2 Bank tərəfindən verilən 3 çek üzrə vəsaiti xx.xx.2022-ci il tarixdə təhvil aldığını öz imzası ilə təsdiq etmişdir.

10. Azər-Türk Bank ASC, zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1076634/27600 nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, Azər-Türk Bank ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsi əsasında borcalana veriləcək 5500 manat məbləğində kreditlə əlaqədar borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.

11. Zaminlik müqaviləsinin 2.1-ci bəndindən müəyyən olunur ki, bu müqavilə ilə zaminliklə təmin olunan öhdəliyin əsası xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilədir.

12. Zaminlik müqaviləsinin 3.1-ci bəndindən müəyyən olunur ki, zamin bank qarşısında borcalanın xx.xx.2022-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə banka olan kredit və faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komissiya, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün məsuliyyət daşıyır.

13. Zaminlik müqaviləsinin 6.1-ci bəndindən müəyyən olunur ki, bu müqavilənin qüvvədə olma müddəti borcalan xx.xx.2022-ci il tarixində kredit müqaviləsindən irəli gələn öhdəliklərinin bank qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür.

14. Azər-Türk Bank ASC-nin cavabehlərə ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziyadan müəyyən olunur ki, bank borcluya və zaminə kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə, borc tələbinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.

11. İddiaçı ASC tərəfindən tərtib olunmuş maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2022-ci iİ tarixli ******* saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borca görə 5249,07 manat, faiz borcuna görə 427,79 manat olmaqla, cəmi 5676,86 manat borcu vardır.

15. Azər-Türk Bank ASC-nin xx.xx.2023-cü il tarixli kredit hesabından çıxarışından müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2022-ci iİ tarixli ******* saylı kredit müqaviləsi üzrə əsas borca görə 7750,58 manat, faiz borcuna görə 5249,07 manat olmaqla cəmi 427,79 manat borcu qalmışdır.

16. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ərizə verilərkən 77.18 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları.

17. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin; İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinin bağlanması və cavabdehlərin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.

Tətbiq edilən hüquq.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi.

20. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

21. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (MM-nin 421.1.,421.2.,422.2.-ci mad.)

22. Məhkəmə eyni zamanda iddia tələbinin digər Cavabdeh1 qarşı hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, Cavabdeh1 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun və digər pul tələblərinin ödənilməməsi üçün məsuliyyət daşıyır.

23. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, cavabdehlərin Azər-Türk Bank ASC ilə bağladıqları müqavilələrdən irəli gələn öhdəliklərini icra etməmələri tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə, cavabdehlərdən əsas borca görə 5249,07 manat, faiz borcuna görə 427,79 manat olmaqla cəmi 5676,86 manat borcun müştərək qaydada tutulmasına dair tələbləri əsaslıdır, ona görə də iddia ərizəsi tam həcmdə təmin edilməlidir.

24. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.

Məhkəmə xərcləri.

25. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 77,18 manat dövlət rüsumu ödəmişdir.

26. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Məhkəmə hesab edir ki, İddiaçı ASC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 77,18 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

28. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* saylı müqavilə ləğv edilməli; cavabdehlərdən müştərək qaydada 5249.07 manat məbləğində kredit borcu və 427.79 manat məbləğində faiz borcu olmaqla, cəmi 5676.86 manat məbləğində borc və ödənilmiş 77.18 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* nömrəli müqavilə ləğv edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli ******* saylı müqavilə üzrə 5249,07 manat əsas və 427,79 manat faiz olmaqla, cəmi 5676,86 (beş min altı yüz yetmiş altı manat səksən altı qəpik) manat məbləğində pul və dövlət rüsumuna görə 77,18 manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar