Məhkəmə qərarları › İş №e-2(010)-1362/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1362/2022

12.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1362/2022 12.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə məxsus olan “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün tələb olunan 4242.46 manat məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 88.45 manat dövlət rüsumunun, ümumilikdə 4330.91 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etdiyini və məhkəmə iclaslarının onların iştirakları olmadan keçirilməsini, mülki işə baxılmasını və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, 14 sentyabr 2021-ci il tarixdə saat 03:05 radələrində Cavabdeh2 idarə etdiyi, mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan “Opel Astra G Caravan” minik markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binə qəsəbəsində üzü sovxoz istiqamətində hərəkət edərkən düzgün ara məsafəsi seçməyərək, yol nəqliyyat hadisəsi törətmiş və İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil də daxil olmaqla ümumilikdə iki avtomobilə maddi ziyan dəymişdir. Bakı şəhər Xəzər rayon DYPŞ-nin əməkdaşı tərəfindən 14 sentyabr 2021-ci il tarixində Cavabdeh2 barəsində protokol tərtib edilmiş və X3 Haqqında qərar qəbul edilərk 40 manat məbləğində cərimə edilmişdir. İddiaçı MMC Servis Mərkəzi tərəfindən tərtib olunmuş “Qüsür Aktına” əsasən “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 8775 manat məbəğində maddi ziyan dəymiş, ümumi zərər payının 90.65% hissəsi həcmində, yəni 4532.54 manat məbləğində İddiaçı MMC-nin hesabına sığorta ödənişi köçürülmüşdür. “Azərsığorta” DSKŞ tərəfindən köçürülmüş vəsait “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunmasına kifayət etməmişdir. Buna görə də İddiaçı MMC-yə məxsus olan “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəyə yararlı vəziyyətə gətirmək üçün 4242.46 manat pulu və iddia qaldırılması üçün ödənilmiş 88.45 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir. Qeyd edilənləri nəzərə alaraq iddia qanuni və əsaslı olduğundan təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ƏN-V № 463500 saylı etibarnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə özünə məxsus **-VL-*** dövlət qeydiyyat nişanlı Opel Astra-G-CARAVAN 2.0 minik markalı avtomobili idarə etməyi və digər səlahiyyətləri xx.xx.2026-cı il tarixə kimi Cavabdeh2 etibar etmişdir. İş materiallarına əlavə olunmuş X3 Haqqında Qərarın surətindən müəyyən olunur ki, Cavabdeh2 İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat cərimə olunmuşdur. İş materiallarına əlavə olunmuş qüsur aktından müəyyən olunur ki, “KHAZAR LX” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 8775 manat zərər dəymişdir. İş materiallarına əlavə olunmuş sığorta ödənişindən müəyyən olunur ki, 4532 manat sığorta ödənişi İddiaçı MMC-nin hesabına ödənilmişdir. İş materiallarına əlavə olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3746 saylı ekspertiza rəyindən müəyyən olunur ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli qüsur aktıəndakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı“Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci təxminən 8775 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət etməli, bu qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Mülki Məcəllənin 362-ci maddəsinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Mülki Məcəllənin 362.5-ci maddəsinə görə hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir. Mülki Məcəllənin 363.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz. Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 332-ci maddəsinin qeydində “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs” dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh2 idarə etdiyi, mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan “Opel Astra G Caravan” minik markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş və İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil də daxil olmaqla ümumilikdə iki avtomobilə maddi ziyan dəymişdir. X3 Haqqında Qərardan müəyyən olunur ki, Cavabdeh2 İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat cərimə olunmuşdur. Avtomobil sığortalı olduğundan vurulmuş 4532.54 manat zərər sığorta təşkilatı tərəfindən İddiaçı MMC-nin hesabına ödənilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 tərəfindən Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada etibarnamə verildiyindən və həmin avtomobil onun istifadəsində olduğundan vurulmuş zərəri ödəmək vəzifəsi də tək Cavabdeh2 üzərinə qoyulmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirlidir, belə ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və inzibati xəta nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə maddi ziyan dəymişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hüquqa zidd əməl nəticəsində dəymiş zərər sığorta təşkilatı tərəfindən qismən ödənildiyindən və iddiaçının yerdə qalan məbləğdə zərəri tələb etmə hüququ yarandığından 4242,46 manat məbləğində vurulmuş zərər və 88,45 manat məbləğində dövlət rüsumu zərərvuran şəxs Cavabdeh2 İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ekspertiza xərci - 100 (yüz) manat Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 İddiaçı MMC-yə məxsus “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi 4242.46 (dörd min iki yüz qırx iki manat, qırx altı qəpik) manat və 88.45 (səksən səkkiz manat, qırx beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Ekspertiza xərci - 100 (yüz) manat Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar