Məhkəmə qərarları › İş №e-2(010)-1363/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1363/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1363/2025 03.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********53413 İPHONE 14 PRO MAX markalı telefon, APPLE ADAPTER üçün 4690.98 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 1407.29 manat dəbbə pulu, ümumilikdə, 6121.87 manat borc və 81.22 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********53413 İPHONE 14 PRO MAX markalı telefon, APPLE ADAPTER almış və nəticədə 6121.87 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 4690.98 manat (18 ay x 260.61 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********53413 İPHONE 14 PRO MAX markalı telefon, APPLE ADAPTER üçün ümumilikdə, nəticədə 6121.87 manat olmaqla, ondan 4690.98 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, müştəriyə güzəşt olunaraq 1407.29 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanarsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İddiaçının nümayəndəsinin vəsatəti. İddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 məhkəməyə vəsatətlə müracət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli 13982723 nömrəli müqavilə üzrə cəmiyyətə təqdim edilmiş saxta arayışla Cavabdeh əslində qeyd edilən hüquqi şəxsin işçisi olmaması, yalançı sahibkarlıq, dələduzluq və vəzifə saxtakarlığı faktları ilə bağlı xüsusi qərardad çıxarılmasını və prokurorluq orqanına məlumat verilməsini xahiş etmişdir. Tərəflərin izahatları. İş üzrə iddiaçının nümayəndəsi X3 iddia ərizəsində qeyd edilənlərə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Qeyd edir ki, ayrıca xüsusi qərardad çıxarılması barədə də ərizə vermişdirlər. Cavabdeh saxta sənədlər düzəldərək, şirkətə müraciət etmişdir. Bir qrup şəxs saxta arayışla müraciət etmişdir, bu xanım da həmin qrupda olub. Adları portala salınıb, sonra çıxarılıb. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəblərini məhkəməyə bildirməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları. İş materiallarında olan "xxxx" MMC-i tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə və onun tərkib hissəsi olan müvafiq əlavəsinə əsasən, İmei kod **********53413 İPHONE 14 PRO MAX markalı telefon, APPLE ADAPTER üçün 4690.98 manat ödənilməmiş məbləğ və 1407.29 manat dəbbə borcu vardır. Cəmi borcun məbləği 6121.87 manatdır. İş materiallarında olan 13982723 saylı xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsindən və onun əlavəsindən görünür ki, "xxxx" MMC – “ABC”, Cavabdeh – “Müştəri” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 4622.04 manat olan İmei kod **********53413 İPHONE 14 PRO MAX 256 GB DEEP BLUE markalı telefon, dəyəri 68.94 manat olan APPLE 20W USB-C ADAPTER üçün hər ay 260.61 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. Müqaviləyə əlavənin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. Həmin Müqavilənin 3.14-cü bəndinə əsasən, müştərinin ümumi borc üzrə 'ABC' qarşısında icra edilməmiş hər hansı pul öhdəliyi yaranarsa, bu halda 'ABC' dəyəri tam ödənilməmiş istənilən malın istifadəsini mümkünsüz edə, o cümlədən əşyanın AR-in rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 13982723 saylı müqaviləyə əsasən İmei kod **********53413 İPHONE 14 PRO MAX markalı telefonu, APPLE ADAPTER-i tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə yaranmış borc barədə məlumat verilmiş, borcu 3 iş günü ərzində ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan Cavabdeh Razılıq ərizəsinə əsasən o, haqqında toplanmış məlumatların kredit bürosundan əldə edilməsinə, təqdim edilməsinə, toplanılmasına və işlənilməsinə, transsərhəd ötürülməsinə, qanunla nəzərdə tutulmuş hallarda başqa kredit bürosuna ötürülməsinə, məlumatın saxlanma müddəti başa çatdıqdan və ya kredit tarixçəsi subyektinin ölümündən sonra arxivləşdirilməsinə, kredit tarixçəsi subyektlərinin ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsi və kredit tarixçəsinin subyektlərinə fərdi kredit reytinqlərinin verilməsinə razılıq vermişdir. İş materiallarında olan Azərbaycan Kredit Bürosundan çıxarışdan görünür ki, borcalan Fatimə Vidadi qızının kredit hesabatı məlumatları təqdim olunmuşdur. İş materiallarında olan Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, "xxxx" MMC (VÖEN **********) ilə nisyə alqı-satqı müqaviləsinin bağlanması məqsədilə, fərdi məlumatların müvafiq informasiya sistemində mövcud olan və kimliyini müəyyənləşdirməyə imkan verən bütün fərdi məlumatların nisyə alqı-satqı müqaviləsi ilə əlaqəli rəsmiləşdirmə əməliyyatları zamanı 15 gün ərzində (müqavilənin bağlanmasından imtina edildiyi hallar istisna olmaqla) qeyd olunan Cəmiyyət tərəfindən işlənilməsinə və bu müddət bitdikdən sonra ona dair fərdi məlumatların yayılmaması şərti ilə, qanunvericiliyin tələbləri nəzərə alınmaqla "xxxx" MMC-nin müəyyən etdiyi qaydada arxivləşdirilməsinə razılıq vermişdir. İş materiallarında olan 30 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh, nisyə alqı-satqı müqaviləsi əsasında satılmış, İmei kod **********53413 İPHONE 14 PRO MAX markalı mobil telefonun açılıb bağlanması xidmətinə görə, X1 23.60 manat pul ödənilmişdir. (Ödəniş cədvəli əlavə edilir). Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır... Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601. Əşyanın hissə-hissə ödənilməsi 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir... Maddə 265. Məhkəmənin xüsusi qərardadları ...265.4. Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Göründüyü kimi, "xxxx" MMC ilə Cavabdeh arasında nisyə alğı-satqı müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. "xxxx" MMC həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, malları cavabdehə təhvil vermişdir. Cavabdeh isə müqavilə üzrə öz üzərinə götürülmüş öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bununla da, iddiaçı Cavabdeh alınmış malların ödənişini tələb etməkdə haqlı olmuşdur. Müqavilə üzrə tərəflər arasında cavabdeh öz öhdəliklərini icra etmədiyi halda dəbbə razılaşdırılmışdır. İddiaçı güzəşt edərək, cərimə məbləğinin müəyyən hissəsini tələb etmiş, məhkəmə isə cəriməni tənəssübsüz surətdə yüksək hesab etmişdir. Məhkəmə eyni zamanda, iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin xüsusi qərardad çıxarılmasını və prokurorluq orqanına məlumat verilməsi barədə vəsatətinə münasibətdə hesab edir ki, cavabdehin əməlində cinayət əməlinin olması ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədikdən, vəsatət təmin edilməməlidir. Tələbin "xxxx" QSC-yə ödənilmiş 23.6 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində "xxxx" MMC-nin dəyəri tam ödənilməmiş istənilən malın istifadəsini mümkünsüz edə, o cümlədən əşyanın AR-in rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya biləcəyi ilə bağlı şərt razılaşdırılmışdır. İş materiallarında olan arayışdan görünür ki, əşyanın AR-in rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoyulması üçün mobil telefonun açılıb bağlanması xidmətinə görə, İnnovativ Layihələr Mərkəzinə 23.60 manat pul ödənilmişdir. Nəzərə alaraq ki, cavabdeh malın qiymətini vaxtında ödəməmişdir, iddiaçı malın istifadəsinə məhdudiyyət qoyulması ilə bağlı məbləğin cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sənədlərə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********53413 İPHONE 14 PRO MAX markalı telefon, APPLE ADAPTER üçün 4690.98 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 234 manat dəbbə pulu, ümumilikdə, 4924,98 manat borc Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə xərcləri. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 69.49 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********53413 İPHONE 14 PRO MAX markalı telefon, APPLE ADAPTER üçün 4690.98 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum və 234 manat dəbbə pulu, ümumilikdə 4924,98 manat borc və 69.24 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar