Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-137/2025 03.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh 4570 manat dəymiş ziyanın, sənədləri təhvil vermədiyi üçün 700 manat cərimənin, hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 150 manatın və ödənilmiş 75 manat dövlət rüsumunun tutulub İddiaçı ödənilməsi. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı ilə Cavabdeh arasına xx.xx.2024-cü il tarixində 15 saylı Notariat kontorunda 3M-357 saylı ilkin alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh 14944 manat dəyrində “Chevrolet Cruze” markalı avtomobil əldə etmişdir. Müqavilə şərtlərinə görə Cavabdeh avtomobili alan zaman 2200 manat ödəniş etmiş və 24 ay müddətinə hər ay 531 manat ödəniş edəyəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh elə ilk aydan ödəniş etməmiş və cavabdeh müqavilə şərtlərini kobud surətdə pozaraq ödəniş etməmişdir. Avtomobil nasaz vəziyyətdə GPS vasitəsi ilə təmir məntəqəsində tərk edilmiş vəziyyətdə tapılıb götürülmüşdür. Avtomobili Təmir məntəqəsinə apardıqda avtomobili təmir etmək üçün 4570 manat vəsait xərclənmişdir. Bundan əlavə Cavabdeh bu günə qədər avtomobilin texniki pasportunu təhvil verməmişdir. Müqavilənin 14-cü bəndinə əsasən avtomobilə aid sənədlər geri verilmədikdə sənədə görə 700 manat cərimə etməkdə haqlıdır. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, izahatında iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh öhdəlikləri yerinə yetirməmiş və avtomaşının aldığı aydan ödənişləri etməmişdir. Avtomobil nasaz vəziyyətdə GPS vasitəsi ilə təmir məntəqəsində tərk edilmiş vəziyyətdə tapılıb götürülmüşdür. Avtomobili təmir etmək üçün 4570 manat vəsait xərclənmişdir. Cavabdeh avtomobili bir dəfə yığdırdığını bildirsə də, iddiaçı tərəfindən maşın təmirə aparılan zaman müəyyən olunmuşdur ki, maşının yağı qır kimi olmuşdur, cavabdeh tərəfindən heç bir təmir işləri aparılmamışdır. Cavabdeh maşını servizdə qoyub getmişdir, onlar maşının yerini GPS-lə müəyyən etmişlər. Evakuatorla avtomobili aparıblar. Hazırda maşın iddiaçıdadır. «X1»in xx.xx.2024-cü il tarixli qüsus aktında Chevrolet Cruze minik sedan markalı **-CH-*** dövlət nömrə nişanlı avtomaşına ümumilikdə 4570.00 manat məbləğində zərər dəydiyi müəyyən olunur. İş üzrə verilmiş xx.xx.2024-cü il tarixli 9/7844 saylı rəyi ilə razı deyil. Belə Kİ, ehtiyat hissələrinin məbləğini ümumiyyətlə göstərməyib, internet saytlarında bu bərədə məlumat olmadığından ziyanı müəyyən etməyin mümkünsüz olduğunu bildirmişdir. Belə çıxır ki, internetdə məlumat yoxdursa, məhkəmə tərəfindən qoyulmuş suala ekspert heç bir cavab verməyəcək. Cavabdeh avtomaşını aldıqdan 3 gün sonra iddiaçıya avtomaşındakı nasazlıqla əlaqədar olaraq müraciət etdiyini və iddiaçı tərəfdən ona artıq kreditin ödənilməsinin vaxtından keçdiyini bildirərək kredit məbləğinin ödənilməsini ondan tələb etdiklərini bildirmişdir. Bu da onu göstərir ki, cavabdeh tərəfindən iddiaçıya avtomaşındakı narasazlıqla əlaqədar olaraq 3 gün sonra yox, düz bir aydan bir neçə gün keçdikdən sonra müraciət edildiyini göstərir. Məhkəmə iclasında dindirilmiş Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, Chevrolet Cruze minik sedan markalı **-CH-*** dövlət nömrə nişanlı avtomaşını notariat qaydasında almışdır. Avtomobilin satış qiyməti 14944 manat müəyyən edilmiş və müəyyən edilən pulun 2200 manatını müqavilə bağlandığı anında, qalan 12744 manat məbləği hər ay 531 manat olmaqla 24 ay ərzində iddiaçıya nağd və ya kart vasitəsilə ödəməyi öhdəsinə götürmüşdür. Maşını 7-8 gün sürdükdən sonra maşının mühərriki tökülmüşdür, belə ki, maşın yağ buraxırdı. O, maşının mühərriki yığılmışdır, lakin yenə də maşının mühərriki tökülmüşdür. O da maşını təmir etdirmədən servisdə qoyub getmişdir. Onun tərəfindən avtomaşının təmirinə 650 manat bir, 1200 manat mühərrikə xərci çıxıb. İddiaçı maşının yerini GPS vasitəsi ilə müəyyən etmiş və gəlib aparmışdır. Avtomobil ona saz vəziyyətdə verilməyib. Avtomaşını alandan sonra etdiyi təmirdən sonra iddiaçıya müraciət etmişdir ki, avtomaşın xarabdır, dedilər ki, avtomaşında olan xarablıq düzələn şeydir. Onun etdiyi təmirlərə baxmayaraq, avtomaşının nasazlıqları aradan qalxmadı. İş materialları İddiaçı (Satıcı) və Cavabdeh (Alıcı) arasında notarial qaydada bağlanmış xx.xx.2024cü il tarixli nəqliyyat vasitəsinin ilkin alğı-satqı müqaviləsindən görünür ki, Satıcı İddiaçı və Alıcı Cavabdeh bu müqavilədə müəyyən edilmiş şərtlərlə AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli BA 199248 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi: 1G1PF5S93B7124031, mühərrikin nömrəsi: GH6341 və buraxılış ili 2010 olan Satıcıya məxsus CHEVROLET CRUZE MİNİK SEDAN markalı **-CH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair gələcəkdə əsas alqı satqı müqaviləsi bağlamağı öhdələrinə götürürlər. Avtomobilin satış qiyməti 14944 (on dörd min doqquz yüz qırx dörd) manat müəyyən edilir. Alıcı bu müqavilənin 2-ci bənddə müəyyən edilən pulun 2200 (iki min iki yüz) manatını müqavilə bağlandığı anında, qalan 12744 (on iki min yeddi yüz qırx dörd) manatını bu müqavilənin 6-cı bəndinə uyğun olaraq ödəyəcəkdir. Alıcı bu müqavilənin 3-cü bəndində ilkin olaraq 2200 (iki min iki yüz) manat nəzərdə tutulan məbləği Satıcıya notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir. Avtomobilin qiymətinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir. Alıcı borclu olduğu 12744 (on iki min yeddi yüz qırx dörd) manat məbləği hər ay 531 (beş yüz otuz bir) manat olmaqla 24 ay ərzində Satıcıya nəğd və ya kart vasitəsilə ödəməyi öhdəsinə götürür. Alıcı avtomobilin idarə edilməsi ilə bağlı yol hərəkət qaydalarının pozulmasına və avtomobilə dəymiş ziyanla bağlı tam məsuliyyət daşıyır. Avtomobil tam saz vəziyyətdə alıcıya təhvil verilir və avtomobil və gələcəkdə avtomobildə yaranan nasazlıqlara görə satıcı məsuliyyət daşımır. “X1” tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş qüsur aktından görünür ki, buraxılış ili 2010-cu il olan, CHEVROLET CRUZE MİNİK SEDAN markalı **-CH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərcinin ümumilikdə 4570,00 manat (ehtiyat hissələri – 3660 manat; işçilik – 910 manat) məbləğində olması müəyyən edilmişdir. Elektron qaydada ödəniş qəbzi ilə müəyyən olunur ki, İddiaçı tərəfindən xx.xx.2024cü il tarixdə Vəkil 150 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/7844 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş “X1” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında 2010-cu il buraxılışlı “Chevrolet Cruze” markalı, **- CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin 25 adda ehtiyat hissələrinin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2381,00 manata müəyyən edilir. Digər 07 adda ehtiyat hissələrının yerli internet saytlarında qiyməti barədə ətraflı məlumat olmadığından dəymiş ziyanı müəyyən etmək mümkün olmadı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 324. Əqd anlayışı və onun növləri. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 402. İlkin müqavilə. 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. 402.6. Niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 567. Alğı-satqı müqaviləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601. Əşyanın hissə-hissə ödənilməsi. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi İşin hallarından görünür ki, tərəflər arasında avtomobilin ilkin alğı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, İddiaçı Cavabdeh avtomobil satmış, cavabdeh 24 ay müddətinə hər ay 531 manat ödəniş edəyəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh sözügedən müqavil üzrə ödəniş etməmişdir. İddiaçı avtomobili GPS vasitəsi ilə taparaq təmir məntəqəsindən götürmüşdür. Göründüyü kimi, Chevrolet Cruze minik sedan markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin faktiki sahiblik və istifadəsində olmuşdur. İddiaçı iddia edir ki, cavabdeh avtomobili nasaz vəziyyətə gətirmiş, buna görə iddiaçı, avtomobilə dəymiş zərərin müəyyən edilməsi üçün avto-servis mərkəzinə müraciət etmiş və onun maşınına dəyən zərər 3660 manat dəyişilməli ehtiyat hissələrinin xərci, 910 manat işçilik xərci olmaqla 4570 manat həddində müəyyən edilmişdir. Bundan başqa, məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, 2010-cu il buraxılışlı Chevrolet Cruze minik sedan markalı **-CH-*** qeydiyyat nişanlı avtomobilin dəyişilməli ehtiyat hissələrinin dəyəri təxminən 2381 təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbində qeyd etdiyi ehtiyat hissələrindən klapon salniki, kladış şatun, kladış korenoy, mühərrik yağı, germetika, kitab radiatoru, mühərrik yastığı komplektinin dəyərini ekspert müəyyənləşdirə bilməmişdir. Belə olan halda məhkəmə iddiaçının irəli sürdüyü məbləğlərlə (klapon salniki - 30 manat, kladış şatun - 80 manat, kladış korenoy - 90 manat, mühərrik yağı – 70 manat, germetika – 30 manat, kitab radiatoru – 55 manat, mühərrik yastığı komplekti – 300 manat) kifayətlənməyi ağlabatan hesab edir. Belə ki, cavabdeh bunun əksinə dair hər hansı bir başqa sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən Chevrolet Cruze minik sedan markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 3946 manatdır (ehtiyat hissələrinin dəyəri – 3036 manat, işçilik haqqı – 910 manat). İddia tələbinin “sənədlər təhvil verilmədiyi üçün 700 manat cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin 14-cü bəndində avtomobilə aid sənədləri təhvil verməyəcəyi təqdirdə 700 manat ödəyəcəyini öhdəsinə götürmüşdür. Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddianın təmin edildiyi hissəyə münasibətdə ödənilmiş dövlət rüsumuna görə 66 (altmış altı) manat, göstərilmiş hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Eləcə də aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh dəymiş zərərə görə 4646 (dörd min altı yüz qırx altı) manat, göstərilmiş hüquqi xidmətə görə 150 (bir yüz əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 66 (altmış altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş zərərə görə 4646 (dörd min altı yüz qırx altı) manat, göstərilmiş hüquqi xidmətə görə 150 (bir yüz əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 66 (altmış altı) manat manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-137/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-137/2025
03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver