Məhkəmə qərarları › İş №e-2(010)-1383/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1383/2025

03.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1383/2025 03.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı Cavabdeh2nə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi və tələbin əsaslandırıldığı hallar İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – cavabdeh) qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya vurulmuş maddi ziyana görə 20442.47 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 151 manat məbləğində pulun cavabdehlərdən İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində "xxxx" MMC-yə məxsus, **-JK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 tərəfindən iddiaçının Elşən Süleymanov 49 ünvanında yerləşən 8-ci km-4 adlı mağazasına ziyan vurmaqla nəticələnən yol-nəqliyyat hadisəsi törədilmişdir. Həmin qəza nəticəsində iddiaçıya 25442.47 manat məbləğində maddi ziyan vurulmuşdur. Sığorta hadisəsi üzrə Dövlət Sığorta Şirkəti qanunvericiliyin tələblərinə uyğun olaraq 5000 manat məbləği iddiaçıya ödəmişdir. İddiaçı tərəfindən əmlakına vurulmuş zərərin dəyərinin müəyyən olunması ilə bağlı "xxxx"nə müraciət olunmuşdur. Ekspertiza Mərkəzinin ƏEM/D 76- 1121/22 nömrəli, xx.xx.2022-ci il tarixli rəyinə əsasən, iddiaçıya 25589.20 məbləğində ziyan vurulması müəyyən olunmuşdur. Sığorta şirkəti tərəfindən vurulmuş zərərin 5000 manat hissəsi ödənildiyi təqdirdə, 20442.47 manat hissəsi cavabdehlər tərəfindən iddiaçıya ödənilməmişdir. İddia tələbinin dəqiqləşdirilməsi İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə aktı qəbul edilməsi zamanı Cavabdeh1 cavabdeh kimi nəzərə alınmamasını və onun cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus mağazaya maddi zərər vurulsa da, vurulmuş zərərin məbləği ilə razı deyildir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qiymətləndirici rəyində natamamlıqlar, boşluqlar kifayət qədərdir. Zərər dəymiş kondensatorların, eləcə də generatorların aşınma və köhnəlmə faizləri nəzərə alınmamış, əmlak bazarında həmin əşyaların real bazar qiymətləri müqayisə edilməmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2022-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında qərardan müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Cavabdeh1 xx.xx.2022ci il tarixdə, saat 19:25-də Bakı şəhəri, Naxçıvanski küçəsi 90 adlanan ərazidə “BMC Procity 12M CNG” avtobus markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın (əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması) törədilməsində təqsirli bilinmiş və barəsində 40 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli aktdan müəyyən olunur ki, iddiaçıya məxsus mağazada yerləşən əşyalara cavabdehə məxsus **-JK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində ümumilikdə 25422.47 manat məbləğində zərər vurulmuşdur. xx.xx.2022-ci il tarixli maddi vəsaitlərin siyahıdan çıxarılması barədə aktdan müəyyən olunur ki, iddiaçıya məxsus “8-ci km-4” adlanan mağazada yerləşən xx.xx.2020-ci il tarixdə alınmış, 190004306-DV markalı, 14650 manat dəyərinə mərkəzi soyutma sistemi, kondensator baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində tam yararsız hala düşmüş, istifadəyə yararlı olmadığına görə hazırkı qiyməti 1000 manat müəyyən edilərək maddi vəsaitlərin siyahısından çıxarılmışdır. Yararsız hala düşmüş avadanlığın əvəz olunması məqsədilə depodan dəyəri 7735 manat olan yeni 4 pərli kondensator qrupu təmin edilərək mağazaya təhvil verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş ƏEM/D 76-1121/22 nömrəli dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan müəyyən olunur ki, aparılan araşdırma və təhlillərə əsasən, Bakı şəhəri, Süleyman Rüstəm 130 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (Neftçilər – 1 Araz Supermarket) və iddiaçı tərəfindən siyahı üzrə təqdim edilmiş mal qalığına dəymiş zərərin xx.xx.2022-ci il tarixinə dəyəri ümumilikdə 25589.20 (qeyri-yaşayış sahəsi üzrə - 24001 manat, mal qalığı üzrə - 1588.2 manat) manat təşkil edir. xx.xx.2022-ci il tarixli pretenziyadan müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin məbləği barədə məlumat verilmiş, həmin məbləğin tam şəkildə 5 (beş) iş günü ərzində ödənilməsi tələb edilmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli, 52180 nömrəli ödəniş tapşırığından müəyyən olunur ki, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 5000 manat məbləğində sığorta ödənişi iddiaçının AZ77İBAZ******************** nömrəli bank hesabına mədaxil edilmişdir. xx.xx.2024-cü il tarixli, **********11 nömrəli və xx.xx.2025-ci il tarixli, **********16 nömrəli mədaxil qəbzlərindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ümumilikdə 151 manat məbləğində dövlət rüsumu ödənilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş 412/E nömrəli yazılı mütəxəssis məsləhətindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə cavabdehə məxsus “BMC Procity 12M CNG” avtobus markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 tərəfindən iddiaçının Süleyman Rüstəm 49 ünvanında yerləşən 8-ci km-4 adlı mağazasına ziyan vurmaqla nəticələnən yolnəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin ümumi məbləği 20876.20 manat təşkil edir. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, iddiaçı tərəfindən 500 manat məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus AZ37AİİB******************** nömrəli bank hesabına mədaxil edilmişdir. xx.xx.2025-ci il tarixli, AZ-İİ seriyalı, 502676 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2025-ci il tarixdə “durğunluq ürək çatışmazlığı” səbəbindən Bakı şəhərində ölmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. “Yol hərəkəti” haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur: 43) yol-nəqliyyat hadisəsi — yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir. Maddə 36. Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları. İ. Yol hərəkətinin iştirakçıları: 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər... 3) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0.3 faizi. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 2) əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı). Məhkəmə iclasında təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, mərhum Cavabdeh1 xx.xx.2022-ci il tarixdə iş üzrə Cavabdeh2 ilə aralarında yaranmış əmək hüquq münasibətlərinə əsasən, yəni birbaşa əmək (qulluq, mənsəb) vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olaraq istifadəsində olan “BMC Procity 12M CNG” avtobus markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, müvafiq hadisənin törədilməsi ilə bağlı mərhumun hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati məsuliyyətə cəlb edilmiş və barəsində 40 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Müvafiq yolnəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “8-ci km-4” adlanan mağazaya və onun daxilində yerləşən ərzaq məhsullarına zərər vurulmuş, vurulmuş zərərin məbləği iddiaçı tərəfindən yaradılmış müvafiq komissiyanın aktına əsasən, 25422.47 manat məbləğində qiymətləndirilmişdir. Yəni, mərhum Cavabdeh1 təqsirli hərəkətləri bilavasitə iddiaçıya məxsus əmlaka zərər vurulması ilə nəticələnmiş, qanunla qorunan obyektlərə, dəyərlərə zərər vurulmuşdur. Hadisənin baş verməsində mərhum Cavabdeh1 təqsirli olması, yəni hüquqa zidd əməlin baş verməsində iradəsində nöqsan olan şəxsin məhz mərhum olması hadisə ilə bağlı tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərarla müəyyən edilir. Nəticədə mərhum barəsində inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci (əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına görə) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Daha sonra iddiaçıya vurulmuş zərərin 5000 manat məbləği Dövlət Kommersiya Sığorta Şirkəti tərəfindən kompensasiya edilmiş və sığorta ödənişi təyinatı ilə iddiaçıya məxsus bank hesabına mədaxil edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi (hüquqa zidd əməlin baş verməsi, hüquq qaydasının pozulması halı) ilə bağlı mərhumun təqsirli hərəkətləri nəticəsində (hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsan olması) iddiaçının mülkiyyətində olan “8-ci km-4” adlanan mağazaya və onun daxilində yerləşən avadanlıqlara və ərzaq məhsullarına zərər vurulması (törədilmiş əməl nəticəsində başqa şəxsə zərər vurulması) və həmin zərərin məhz törədilmiş əməl nəticəsində əmələ gəlməsi (zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması) işin mübahisəsiz halı olmaqla iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmışdır. Qanunla mülki hüquq pozuntusunun yaranması üçün müəyyən edilən şərtlərin hər biri mövcud olduğu üçün vurulmuş zərərin əvəzi kompensasiya edilməklə iddiaçının hüquqlarının və qanuni mənafelərinin müdafiəsi təmin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi ilk növbədə həm işçi qismində mərhum Cavabdeh1, həm də işəgötürən qismində Cavabdeh2 MMC-yə qarşı qaldırılsa da, məhkəmə icraatı gedişində (xx.xx.2025-ci il tarixdə) Cavabdeh1 vəfat etmiş, iddiaçı tərəfin ərizəsinə əsasən cavabdehlər siyahısından çıxarılmışdır. Belə olan halda, işəgötürən Cavabdeh2 MMC-nin sözügedən yol-nəqliyyat hadisəsi ilə bağlı məsuliyyət daşıması məsələsi ətrafında araşdırma aparılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İstinad edilən maddi hüquq normasının dispozisiya şərtləri baxımından qeyd edilməlidir ki, hüquqi və ya fiziki şəxs olan işəgötürənin işçisinin vurduğu zərərə görə yaranan mülki-hüquqi məsuliyyəti bilavasitə özü tərəfindən yol verilən təqsirli hərəkətlərə görə deyil, həmin təqsirli hərəkətlərin zərərli nəticələrinə görə meydana gəlir. Yəni, işəgötürən bilavasitə əmək prosesi gedişində öz işçisinin törətdiyi hüquqazidd əmələ (hərəkət və ya hərəkətsizlik) görə təqsirsiz olaraq məsuliyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında da qeyd edilir ki, işəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Konstitusiya Məhkəməsi Plenumu yuxarıda qeyd edilən qərarında həmçinin göstərmişdir ki, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Hazırkı işin mübahisə edilən halı, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya vurulmuş zərərin məbləğinin müəyyən edilməsi məqsədilə, məhkəmə tərəfindən iş materialları "xxxx" MMC-yə göndərilmiş və iş üzrə yazılı mütəxəssis məsləhətinin verilməsi vəzifəsi müstəqil qiymətləndirici – mütəxəssisə həvalə edilmişdir. xx.xx.2025-ci il tarixli yazılı mütəxəssis məsləhətindən müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin ümumi məbləği 20876.20 manat təşkil edir. Həmin qiymətləndirmə aktı (yazılı mütəxəssis məsləhəti) əsas fəaliyyət sahəsi qiymətləndirmə fəaliyyəti olan və qiymətləndirmə fəaliyyətinin istiqaməti (istiqamətləri) üzrə ixtisaslaşmış kommersiya hüquqi şəxsi – qiymətləndirici təşkilat tərəfindən qiymətləndirmə fəaliyyəti haqqında qanunvericiliyin tələbləri əsas götürülməklə tərtib edilmişdir. Müvafiq aktda əşyaların və ərzaq məhsullarının fərdi xüsusiyyətləri (çəkisi, uzunluğu, markası və s.), qiymətləndirmənin hansı meyarlar üzrə aparılmasına dair kifayət qədər məlumatlar əks olunmuş, akt əmlak bazarında analoji qiymətləndirmə obyektlərin təhlili və qiymətləndirilən əşyaların aid olduğu bazarın tədqiqi əsasında tərtib edilmişdir. Digər tərəfdən, cavabdeh tərəfindən vurulmuş zərərin həcmi barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, etirazın dəlili kimi vurulmuş zərərin məbləği ilə razılaşmayan cavabdeh müstəqil qiymətləndirici və ya qiymətləndirmə təşkilatı ilə qiymətləndirmə işinin təşkili üzrə fəaliyyət həyata keçirilərək əldə edilmiş istənilən yazılı rəyi məhkəməyə təqdim etmək imkanına malik olsa da, bunu etməmiş və iddia tələbinə etirazı yalnız formal mülahizələrə söykənmişdir. Odur ki, məhkəmə öz sifarişi üzrə əldə edilmiş yazılı mütəxəssis məsləhəti ilə razılaşmamaq üçün hər hansı əsaslar müəyyən edilmədiyi qənaətinə gələrək hesab edir ki, rəydə göstərilən məbləğdən iddiaçıya verilmiş 5000 manat sığorta ödənişi məbləği çıxıldıqdan sonra vurulmuş zərərin məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi zamanı 151 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə (15876.20 manat) mütənasib olan 137.63 manat hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Bundan əlavə, iş üzrə müstəqil qiymətləndirici – mütəxəssis məsləhətinin alınması üçün iddiaçı tərəfindən 500 manat məbləğində pul vəsaiti ödənilmişdir. İddia tələbi qismən təmin edildiyindən iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq yazılı mütəxəssis məsləhətinin alınması üçün ödənilən 300 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən vurulmuş zərərin əvəzi kimi 15876.20 manat, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq mütəxəssis məsləhətinin alınması üçün ödənilən 300 manat məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 137.63 manat məbləği tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2ndən vurulmuş zərərin əvəzi kimi 15876.20 (on beş min səkkiz yüz yetmiş altı manat iyirmi qəpik) manat, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq yazılı mütəxəssis məsləhətinin alınması üçün ödənilən 300 (üç yüz) manat məbləğində pul vəsaiti və 137.63 (yüz otuz yeddi manat altmış üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar