Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1392/2025 11.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X7 iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – "xxxx" ASC) Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASCnin xeyrinə nağd kredit üzrə 1566.17 manat məbləğində borcun və ödənilmiş 35.67 manat məbləğində dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Sabunçu fillialı ilə X5 arasında bağlanmış BPM**********67 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, X3 illik 22% ödənilmək şərti ilə, 24 ay müddətinə, 1700 manat məbləğində nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 109263 saylı ölüm haqqında şəhadətnaməyə əsasən, X5 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təqdim edilmiş məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh X2 vərəsəsi kimi tanınmışdır. Bankın Sabunçu fillialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X2 xx.xx.2024-cü il tarixədək banka ödənilməmiş nağd kredit üzrə 1566.17 manat əsas borc olmaqla, cəmi 1566.17 manat borcu qalmışdır. Eyni zamanda, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 35.67 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq, miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-46503/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar "xxxx" ASC (Bank) və X5 (Müştəri) arasında xx.xx.2020-cu il tarixdə bağlanmış BPM**********67 nömrəli tam kart çərçivə müqaviləsindən müəyyən olunur ki, “Bank” “Müştəri”nin adına ikitərəfli ödəniş kartını buraxmağı, “Müştəri”nin adına bank hesablarını açmağı, “Müştəri”yə “Tam kart”ın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə, 15000 manat məbləğinədək, kreditdən istifadəyə görə illik 24% ödəmək şərti ilə kredit limitini ayırmağı, “Müştəri” isə “Tam kart”, eləcə də hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən “Tam kart”dan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, “Bank” tərəfindən ayrılmış kreditdən şəxsi ehtiyaclarının ödənilməsi (istehlak) məqsədilə istifadə etməyi, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri “Bank”a ödəməyi öz öhdəsinə götürür. xx.xx.2020-ci il tarixli ödəniş qrafikindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və illik 22% ödənilmək şərti ilə 24 ay müddətinə, 1700 manat məbləğində borcun xx.xx.2020 – xx.xx.2022-ci il tarixləri arasında hər ay 88.2 manat (sonuncu ay 87.98 manat) məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. xx.xx.2020-ci il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, borclu X3 iddiaçı bankın kassasından 1680 manat məbləğində pul vəsaiti verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan X2 xx.xx.2020-ci il tarixli, BPM**********67 nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixə 1566.17 manat məbləğində borcu vardır. Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 109263 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 xx.xx.2020-ci il tarixdə “ürəyin zədələnməsi ilə hiperenziv (hipertoniya)” xəstəliyi səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 1160 nömrə ilə qeyd edilmişdir. Cavabdeh tərəfindən 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə ünvan 2 ünvanında yaşayan arvadı – X5 ölmüş, miras qoyan tərəfindən Əzizbəyov rayon X11 İcraiyyə Komitəsi tərəfindən verilmiş qərar ondan irs qalmış, həmin qərardan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi xahiş edilmişdir. Əzizbəyov rayon X11 İcraiyyə Komitəsi tərəfindən xx.xx.1990-cı il tarixdə qəbul edilmiş 17 nömrəli qərarın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, 2Q nömrəli evdə yaşayan, Bakı İstehsalat Nəqliyyat Birliyində fəhlə işləyən, mənzil növbəsində olmayan, amma evə şəraitini yaxışlaşdırmaq üçün bütün əsasları olan, ailə tərkibi 4 nəfərdən ibarət X4 Buzovna qəsəbəsində 405/T nömrəli sahədə fərdi yaşayış evi tikmək üçün 875 m2 torpaq sahəsi ayrılması, tikintinin yalnız təsdiq edilmiş T45-000- T129 seriyalı layihə əsasında aparılması qərara alınmışdır. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 81 nömrəli məktubun surətindən müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş mərhum X2 vərəsəsi olan Bakı şəhəri, Suraxanı rayonu, Balandin 42 ünvanında qeydiyyatda olan əri Cavabdeh ərizəsi əsasında 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə ondan qalmış miras əmlaka dair vərəsəlik işi açılmış, mərhumdan qalan hər hansı bir daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsinin təmin edilməsi xahiş edilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, "xxxx" tərəfindən borclu X2 vərəsəsi Cavabdeh xx.xx.2020-ci il tarixli, BPM**********67 nömrəli kredit müqaviləsi üzrə yaranmış borc məbləği barədə məlumat verilmiş, həmin borcun tam şəkildə 3 (üç) gün müddətində ödənilmədiyi təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Müvafiq xəbərdarlığın qəbul edilməsi barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı "xxxx" ASC tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 35.67 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini, ona əlavə edilən sənədləri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri də vərəsəlik institutudur. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qərarı). İş materialları ilə təsdiq olunur ki, mərhum X5 ilə "xxxx" ASC arasında xx.xx.2020-ci il tarixdə kredit müqaviləsi bağlanmış, X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Hazırda isə mərhum X2 xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə görə "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixə olan borcunun ümumilikdə 1566.17 manat məbləğində olması iş materialları ilə müəyyən edilir. Borclu vəfat etdiyindən kredit müqaviləsi üzrə öhdəlik tam icra edilməmişdir. Cavabdeh onun vərəsəsi olaraq mərhum X1 qalmış mirası qəbul etmək üçün notariusa müraciət etmişdir. Lakin ona xəbərdarlıq edilməsinə baxmayaraq mərhumdan qalan kredit borcunu ödəməmişdir. Halbuki, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh vərəsə olaraq miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə payına mütənasib surətdə borclu kimi ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında müəyyən edilmiş mövqeyə əsasən, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Məhkəmə nəzərə çatdırır ki, Mülki Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Başqa sözlə, qanunvericilik bir halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək yükündən azad etmişdir ki, bu da mirasın notarius tərəfindən siyahıya alındığı haldır. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Hazırkı işdə isə cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlı olsa da, məhkəmə prosesində iştirak etməmiş, iddia tələbinə etiraz və ya iddiaçının irəli sürdüyü dəlilləri təkzib edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. xx.xx.2020-ci il tarixdə vəfat edən borclu X2 adına 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində açılmış xx.xx.2021-ci il tarixli vərəsəlik işin materiallarından görünür ki, miras qoyan X1 miras əmlak kimi Əzizbəyov rayon X11 İcraiyyə Komitəsi tərəfindən verilmiş qərar qalmış və hazırkı iş üzrə cavabdeh həmin miras əmlakdan ona çatası pay həcmində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İşdə olan materiallar əsasında məhkəmə mərhum X1 vərəsəsinə miras qalmış əmlakların kreditor qarşısında öhdəliyin icrası üçün kifayət hesab edilməsi qənaətinə gəlir. Beləliklə göstərilən normaların məzmunundan çıxış edərək məhkəmə qeyd edir ki, mirası qəbul etmiş vərəsə miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildikləri üçün onlar miras qoyanın kreditoru qarşısında öhdəliyin icrasına görə məsuliyyət daşıyır. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 35.67 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 35.67 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməli, X2 vərəsəsi Cavabdeh xx.xx.2020-ci il tarixli, BPM**********67 nömrəli kredit müqaviləsinə əsasən, 1566.17 manat məbləğində borc və ödənilmiş 35.67 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq "xxxx" ASCyə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, BPM**********67 nömrəli kredit müqaviləsi üzrə 1566.17 (min beş yüz altmış altı manat on yeddi qəpik) manat məbləğində borc və ödənilmiş 35.67 (otuz beş manat altmış yeddi qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-1392/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1392/2025
11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver