Məhkəmə qərarları › İş №e-2(010)-1432/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1432/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1432/2025 08.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – "xxxx" ASC) Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə kredit borcu üzrə ödənilməmiş 599.29 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh Masimov Teymur Masim oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********90 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 600 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X7 Masim oğlu xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilən məlumata əsasən, Masimov Teymur Masim oğlunun vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, vərəsə Cavabdeh vərəsəlik şəhadətnaməsi verilmişdir. Maliyyə arayışına əsasən, Masimov Teymur Masim oğlundan kredit borcu üzrə banka ödənilməmiş borcu – 599.29 manat əsas borc olmaqla, cəmi 599.29 manat borcu qalmışdır. Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait banka geri qaytarılmamışdır. Bundan başqa, hazırkı mübahisə üzrə iddia qiyməti 599.29 manat olduğundan, 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək bildirdi ki, mərhum atası Masimov Teymur vəfat etdikdən sonra, ondan miras əmlak kimi hər hansı daşınar və ya daşınmaz əmlak vərəsələrinə keçməmiş, yalnız "xxxx" QSC tərəfindən 5000 manat həcmində kompensasiya məbləği verilmişdir. O, həmin kompensasiya məbləğindən istifadə edərək mərhum atasının digər bankda olan və 5000 manatdan yuxarı məbləğ təşkil edən kredit borcunu bağlamışdır. Həmçinin, rəsmi olmasa da, mərhum atası çalışdığı müəssisə daxilində iş yoldaşları ilə aylıq 400 manat olmaqla “lotoreya” oynamış, atası öldükdən sonra onun digər iş yoldaşlarına verilməli olan aylıq 400 manat məbləğini öz vəsaiti hesabına ödəmişdir. Mərhum atasından miras qalmış əmlakın qəbul edilməsində məqsəd məhz atasına iş yerindən veriləcək olan kompensasiya məbləğini almaq olmuşdur. Belə ki, o, digər bir məhkəmə işi üzrə atasının banka olan borcu ilə bağlı cavabdeh qismində iştirak etdiyi üçün atasına iş yerindən verilən kompensasiya məbləğini əldə edərək həmin borcun ödənilməsinə yönəltmişdir. Hazırda o, iddiaçı banka olan borcun qaytarılmasından yayınmır. Lakin, nəzərə alınmalıdır ki, atasının banka kredit müqaviləsi üzrə borcunun olması ona məlum olmamışdır. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar "xxxx" ASC (Bank) və Masimov Teymur Masim oğlu (Borcalan) arasında xx.xx.2023cü il tarixdə bağlanmış BPM**********90 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, bu müqavilə “Bank” və “Borcalan” arasında sonuncunun adına “Bank” tərəfindən ikitərəfli ödəniş kartının buraxılmasına, “Borcalan”ın adına bank hesablarının, kredit xəttinin açılmasına, “Borcalan” tərəfindən “Tam kart” vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən “Tam kart”dan istifadəyə görə bank xidmətlərinin haqlarının ödənilməsinə, “Bank” tərəfindən ayrılmış kreditdən şəxsi ehtiyaclarının ödənilməsi (istehlak) məqsədi ilə istifadə edilməsinə, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditin qaytarılmasına və ona hesablanmış faizlərin “Bank”a ödənilməsinə dair xüsusi şərtləri tənzimləyir (Tam kartın müddəti – 60 ay, tam kartın valyutası – AZN, tam kart üzrə kredit limitinin məbləği – 15000 manat, kredit xəttinin məbləği – 600 manat, kredit xəttinin müddəti – 36 ay, kredit xətti üzrə illik faiz dərəcəsi – 24%). xx.xx.2023-cü il tarixli bank kartına kredit limitinin təyin olunmasına dair razılaşmadan müəyyən olunur ki, borcalan Masimov Teymur Masim oğluna xx.xx.2023-cü il tarixli, BPM**********90 nömrəli kredit müqaviləsi üzrə 36 ay müddətinə, illik 24% ödənilmək şərti ilə 600 manat məbləğində kredit xətti açılmışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Masimov Teymur Masim oğlunun xx.xx.2023-cü il tarixli, BPM**********90 nömrəli kredit müqaviləsi üzrə həmin tarixə "xxxx" ASC-yə 599.29 manat məbləğində əsas borcu vardır. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 047645 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh (atası Masimov Teymur Masim oğlu, anası X3) xx.xx.1996cı il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1997-ci il tarixdə 118 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 411905 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Masimov Teymur Masim oğlu xx.xx.2024-cü il tarixdə “Sümük və sümük iliyinin ikinci bədxassəli yeni törəməsi” səbəbindən Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 226 nömrə ilə qeyd edilmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin (vərəsəlik işinin nömrəsi – V-107/2024) təsdiq edilmiş surətindən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş Masimov Teymur Masim oğlunun vərəsəsi – ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdur və o, miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak – "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 13-19/2- 452/2024 nömrəli məktubuna əsasən, miras qoyan Masimov Teymur Masim oğlunun əmək haqqının üç misli miqdarında müavinət – 3235.68 manat, maddi yardım – 2360 manat, DSMF tərəfindən ödəniləcək xəstəlik vərəqəsi – 345.35 manat məbləğində pul vəsaitindən ibarətdir. Reyestrdə 2V-755 nömrə ilə qeyd edilərək informasiya sisteminə daxil edilmişdir. xx.xx.2024-cü il tarixli 6-2-22/2-49217/2024 saylı bildirişdən müəyyən olunur ki, mərhum Masimov Teymur Masim oğlunun vərəsəsi Cavabdeh ödənilməmiş borc məbləği barədə xəbərdar edilmiş, borcun 3 (üç) gün müddətində ödənilməyəcəyi təqdirdə borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Müvafiq bildirişin qəbul edilməsi barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda – 30 manat. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-ci maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini, ona əlavə edilən sənədləri və işin faktiki hallarını araşdıraraq, təqdim edilmiş sübutlara tam, obyektiv, qərəzsiz və hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materialları ilə təsdiq olunur ki, mərhum Masimov Teymur Masim oğlu ilə "xxxx" ASC arasında xx.xx.2023-cü il tarixdə kredit müqaviləsi bağlanmış, Masimov Teymur Masim oğlu xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Hazırda isə mərhum Masimov Teymur Masim oğlunun xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə görə "xxxx" ASC-yə xx.xx.2025ci il tarixə olan borcunun ümumilikdə 599.29 manat məbləğində olması iş materialları ilə müəyyən edilir. Borclu vəfat etdiyindən kredit müqaviləsi üzrə öhdəlik tam icra edilməmişdir. Cavabdeh onun vərəsəsi olaraq mərhum Masimov Teymur Masim oğlundan qalmış mirası notarial qaydada qəbul etmiş, lakin onlara xəbərdarlıq edilməsinə baxmayaraq mərhumdan qalan kredit borcunu ödəməmişdir. Halbuki, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlər vərəsə olaraq miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə payına mütənasib surətdə borclu kimi ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında müəyyən edilmiş mövqeyə əsasən, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Vərəsənin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsənin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşdə olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə mərhumun vərəsəsi Cavabdeh şəhadətnamə verilən miras əmlakın "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 13-19/2-452/2024 nömrəli məktubuna əsasən, miras qoyan Masimov Teymur Masim oğlunun əmək haqqının üç misli miqdarında müavinət – 3235.68 manat, maddi yardım – 2360 manat, DSMF tərəfindən ödəniləcək xəstəlik vərəqəsi – 345.35 manat məbləğində pul vəsaitindən ibarət olması müəyyən edilir. İşdə olan materiallar əsasında məhkəmə mərhum Masimov Teymur Masim oğlundan vərəsəsinə miras qalmış əmlakların kreditor qarşısında öhdəliyin icrası üçün kifayət hesab edilməsi qənaətinə gəlir. Beləliklə göstərilən normaların məzmunundan çıxış edərək məhkəmə qeyd edir ki, mirası qəbul etmiş vərəsə miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildikləri üçün onlar miras qoyanın kreditoru qarşısında öhdəliyin icrasına görə məsuliyyət daşıyır. Cavabdehin nümayəndəsi X4 mərhum atası, həmçinin miras qoyan Masimov Teymur Masim oğlu ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə həmin münasibətlərdə zamin olduğunu, mərhum atasından miras qalmış müvafiq pul məbləğini özünün zamin kimi birgə məsuliyyət daşıdığı müqavilə üzrə borcun ödənilməsinə yönəltdiyini bildirmiş və iddia tələbinin rədd edilməsinə dair mövqeyini bu istiqamətdə əsaslandırmışdır. Halbuki, qeyd edilən müvafiq müqavilə üzrə yaranmış öhdəlik hüquq münasibətlərinin (digər bank ilə Masimov Teymur Masim oğlu arasında zaminlik münasibətləri) hazırkı iddiaya hər hansı aidiyyəti yoxdur. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, qanunla yalnız borclunun ölümündən sonra ondan miras qalmış əmlakı qəbul etmiş vərəsələrin miras açıldığı gündən onlara çatası miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşımasının mümkünlüyü təsbit edilmiş, digər şəxslərin bu cür məsuliyyətə cəlb edilməsi qanunla bir mənalı olaraq istisna edilmişdir.

Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat məbləğində xidmət haqqı ödənilmişdir. Bu məbləğ, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat məbləğində bank xidmət haqqı Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Masimov Teymur Masim oğlunun vərəsəsi Cavabdeh xx.xx.2023-cü il tarixli, BPM**********90 nömrəli kredit müqaviləsi üzrə 599.29 manat məbləğində borc, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat məbləğində xidmət haqqı tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Masimov Teymur Masim oğlunun vərəsəsi Cavabdeh xx.xx.2023-cü il tarixli, BPM**********90 nömrəli kredit müqaviləsi üzrə 599.29 (beş yüz doxsan doqquz manat iyirmi doqquz qəpik) manat məbləğində əsas borc, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar