Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1445/2025 01.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə . MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 324443-1-23107 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə Banka borclu olduğu 4.807,47 (dörd min səkkiz yüz yeddi manat qırx yeddi qəpik) manat manat məbləğində əsas borc, 66,21 (altmış altı manat iyirmi bir qəpik) manat manat məbləğində faiz borcu, 175,10 (yüz yetmiş beş manat on qəpik) manat manat məbləğində cərimə borcu, ümumilikdə isə 5.048,78 (beş min qırx səkkiz manat yetmiş səkkiz qəpik) manat məbləğində pulun, 71,48 (yetmiş bir manat qırx səkkiz qəpik) manat manat məhkəmə üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi. İddia tələbinin dəlilləri İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 324443-1-23107 saylı “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”nə əsasən Cavabdeh illik 16.9% faiz hesablanması şərti ilə 60 ay müddətinə 14.530 (on dörd min beş yüz otuz) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka xx.xx.2024-cü il tarixə 4807,47 (dörd min səkkiz yüz yeddi manat qırx yeddi qəpik) manat məbləğində əsas borc, 66,21 (altmış altı manat iyirmi bir qəpik) manat məbləğində faiz borcu, 175,10 (yüz yetmiş beş manat on qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 5.048,78 (beş min qırx səkkiz manat yetmiş səkkiz qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən H. Kərimova dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, izahatında iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında dindirilən Cavabdeh iddia ərizəsini qəbul edərək, izahatında göstərdi ki, təxminən 4 il əvvəl 14500 manat məbləğində iddiaçı bankdan kredit götürmüşdür. Həmin kredit məbləğinin 8000 manatını özü üçün, 6000 manat isə tanıışı üçün götürmüşdür. 3 il müəyyən edilmiş ödəniş cədvəlinə uyğun ödənişləri həyata keçirmişlər. O, və tanışı banka demişdik ki, imkanı olduqca ödəniş edəcəklər və kredit məbləğinə hesablanan faiz yüksəkdir. Buna görə də, ödənişlər faizə gedir. Bank onlara bildirmişdir ki, hazırda faizin hesablanması dayandırılıb. O, öz ödənişlərini, demək olar, bitirmişdir. İş materialları xx.xx.2021-ci il tarixli, 324443-1-23107 saylı «Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi»ndən görünür ki, Cavabdeh "Bank VTB (Azərbaycan)" ASC ilə bağladığı kredit sazişinə əsasən, bank Cavabdeh illik 16.9% faiz hesablanması şərti ilə 60 ay müddətinə 14.530 (on dörd min beş yüz otuz) manat məbləğində kredit vermişdir. «Bank VTB (Azərbaycan)” ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdeh kredit müqaviləsi üzrə ödənilməmiş borcunun məbləği (4.807,47 manat məbləğində əsas borc, 165,21 manat məbləğində faiz borcu, 175,1 manat məbləğində cərimə borcu, ümumilikdə 5147,78 manat məbləğində) barədə məlumat verilmiş, həmin borcun 3 iş günü ərzində ödənilməsi tələb edilmiş, borcun vaxtında ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə "Bank VTB (Azərbaycan)" ASC-nə əsas borc üzrə 4807,47 manat, faiz borcu üzrə 66,21 manat, cərimə borcu üzrə 175,10 manat olmaqla, cəmi 5048,78 manat məbləğində borcu yaranmışdır. Müqavilə üzrə öhdəliyini xx.xx.2024-cü il tarixdən icra etmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir.
Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, Cavabdeh ilə kreditor İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 324443-1-23107 saylı “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”nə əsasən cavabdehə 16.9% faiz hesablanması şərti ilə 60 ay müddətinə 14.530 manat məbləğində kredit verilmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. İddiaçı aralarında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə bu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə ödənilməmiş borcu tələb etməkdə haqlı olmuşdur. Cavabdeh xx.xx.2025-ci il tarixə "Bank VTB (Azərbaycan)" ASC-yə əsas borcu 4807,47 manat, faiz borcu 66,21 manat, cərimə borcu 175,10 manat təşkil etmişdir. Məhkəmə həmçinin müəyyən edir ki, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və banka ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən əsas borc üzrə 4807.47 manat, faiz borcu üzrə 66,21 manat, cərimə borcu üzrə 175,10 manat olmaqla, cəmi 5048,78 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlı olmuşdur.
Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 71,48 manat məbləğdə pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borc üzrə 4.807,47 (dörd min səkkiz yüz yeddi manat qırx yeddi qəpik) manat, faiz borcu üzrə 66,21 (altmış altı manat iyirmi bir qəpik) manat, cərimə borcu üzrə 175,10 (yüz yetmiş beş manat on qəpik) manat olmaqla, cəmi 5.048,78 (beş min qırx səkkiz manat yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nin xeyrinə ödənilməlidir. Eləcə də, ödənilmiş dövlət rüsumuna görə 71,48 (yetmiş bir manat qırx səkkiz qəpik) manat məbləğdə pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 4.807,47 (dörd min səkkiz yüz yeddi manat qırx yeddi qəpik) manat, faiz borcu üzrə 66,21 (altmış altı manat iyirmi bir qəpik) manat, cərimə borcu üzrə 175,10 (yüz yetmiş beş manat on qəpik) manat olmaqla, cəmi 5.048,78 (beş min qırx səkkiz manat yetmiş səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 71,48 (yetmiş bir manat qırx səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova