Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1450/2022 14.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı «X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı «X1 Azərbaycan” QSC Cavabdeh qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh «X1 Azərbaycan” QSC-nin xeyrinə 3454.74 manat əsas borcun, 11.19 manat faiz borcun, 0.45 manat cərimə borcu olmaqla cəmi 3466.38 manat məbləğində borc, bildiriş və pretenziyaların göndərilməsi üçün 3.40 manat və 54.69 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı «X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış 30.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 1 faiz ödəmək şərtilə 3937 manat məbləğində kredit verilmişdir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirsədə, cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Ona dəfələrlə iddiaçı tərəfindən yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq borcunu ödəməmişdir. İddiaçı “X1 Azərbaycan” QSC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olduğunu və qeyd olunan məbləğdə borcu olduğunu bildirdi. Məhkəmə iş üzrə cavabdehin izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan «X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış 30.12.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, cavabdehə 60 ay müddətinə illik 1 faiz ödəmək şərtilə 3937 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 3454.74 manat əsas borc, 11.19 manat faiz borcu, 0.45 manat cərimə borcu olmaqla cəmi 3466.38 manat borcu mövcuddur. İş matariallarına əlavə edilmiş bildirişdən görünür ki, Cavabdeh borc məbləğini ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 54.69 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı "X1 Azərbaycan" QSC-nin xeyrinə 3454.74 manat əsas borc, 11.19 manat faiz borcu, 0.45 manat cərimə borcu olmaqla cəmi 3466.38 manat məbləğində borc, bildiriş və pretenziyaların göndərilməsi üçün 3.40 manat və 54.69 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "X1 Azərbaycan" QSC-nin xeyrinə 3454.74 manat əsas borc, 11.19 manat faiz borcu, 0.45 manat cərimə borcu olmaqla cəmi 3466.38 manat borc, cavabdehə bildiriş və pretenziyaların göndərilməsi üçün 3.40 manat poçt xidmətləri və iş üzrə ödənilmiş 54.69 manat məbləğində dövlət rüsumu pul ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-1450/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1450/2022
14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver