Məhkəmə qərarları › İş №e-2(010)-1474/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1474/2023

30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1474/2023 30.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə və Cavabdeh2 iştirakları ilə, İddiaçı “X4” Bakı filialının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı “X4” Bakı filialı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5795.81 manat (bundan 4990.76 manat əsas borc və 805.05 manat faiz borcu) məbləğində xx.xx.2023-cü il tarixinə olan kredit borcunun və ödənilmiş 77.96 manat dövlət rüsumunun tutularaq “X4” Bakı filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X4” Bakı filialı ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 915 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 19 faiz ödəmək şərtilə 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi “X4” Bakı filialı ilə Cavabdeh2 arasında 241 saylı zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən Borcalan ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlər də daxil olmaqla 183.28 manat ödəməli idi. Müqavilə şərtlərinə uyğun olaraq Borcalan xx.xx.2023-ci il tarixə Banka kredit borcu üzrə 2932.48 manat ödəniş yerinə yetirməli idi. Lakin xx.xx.2023-ci il tarixə kimi Borcalan tərəfindən Banka 600 manat ödəniş həyata keçirilmişdir. Borcalana kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar olunmuşdur. Lakin Borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər gün üçün borcalan banka illik 29 faiz ödəməlidir. xx.xx.2023-ci il tarixə cavabdehin banka olan borcu müqavilə şərtlərinə əsasən hesablanmış faizlərlə birlikdə 5795.81 manat təşkil edir. Bundan 4990.76 manat əsas borc və 805.05 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir göstərilməmişdir. Cavabdeh1 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 915 saylı kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Bankla Cavabdeh2 arasında 241 saylı zaminlik müqaviləsi imzalanmışdır.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Qanuni nümayəndə iddianı müdafiə edərək bildirdi ki, məhkəməyə müraciət edildikdən sonra cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Bu vaxta kimi borcdan cəmi 600 manat məbləğində pul ödənilmişdir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən həmin ödəniş nəzərə alınmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, o, Cavabdeh1 iddiaçı bankdan götürdüyü kreditə zamin durmuşdur. Rasim banka olan borcunu hissəhissə ödəyir. O, taksi fəaliyyəti ilə məşğul olur. Hazırda ayağı sındığı üçün məhkəmə iclasında iştirak edə bilməmişdir. Hər bir halda Rasim borcu ödəyəcək. Odur ki, iddianın özünə münasibətdə təmin edilməməsini xahiş etdi.

5. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. “X4” Bakı filialı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 915 nömrəli kredit müqaviləsindən görünür ki, müqaviləyə əsasən Bank tərəfindən Borcalana 36 ay müddətinə, illik 19% ödəmək şərtilə 5000 manat məbləğində kredit verməyi, Borcalan isə aldığı krediti və kredit üzrə faizləri bu müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürür.

7. “X4” Bakı filialı (Bank) və Cavabdeh2 (Zamin) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 241 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Bədirov X2 Cavabdeh1 və Bank arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 915 nömrəli kredit müqaviləsi əsasında Borcalana veriləcək 5000 manat məbləğində kreditlə əlaqədar olaraq və hesablanmış faizləri Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür.

8. xx.xx.2021-ci il tarixli xəzinə məxaric orderindən görünür ki, “X4” Bakı filialının kassasından Cavabdeh1 5000 manat məbləğində kredit verilmişdir.

9. xx.xx.2021-ci il tarixli, 915 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, 5000 manat məbləğində kreditin xx.xx.2021 – xx.xx.2024-cü il tarixləri arasında 36 ay ərzində, illik 19%-lə, aylıq 183.28 manat (sonuncu ay 183.32 manat) olmaqla ödənilməsi təsdiq edilmişdir.

10. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə “X4” Bakı filialı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 915 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə cavabdehin banka olan əsas borcu 4990.76 manat, faiz borcu 805.05 manat olmaqla, cəmi 5795.81 manat məbləğindədir.

11. xx.xx.2021-ci il tarixli bildirişlərdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş borcun məbləği barədə məlumat verilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

İşin faktiki halları.

12. İddiaçı “X4” Bakı filialı (Bank) və Cavabdeh1 (Borcalan) arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən Bank Borcalana 36 ay müddətinə, illik 19%-lə 5000 manat məbləğində kredit verməyi, Borcalan isə götürdüyü krediti müqavilə ilə müəyyən edilmiş müddətdə faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür.

13. İddiaçı “X4” Bakı filialı (Bank) və Cavabdeh2 (Zamin) arasında xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən Borcalan xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.

14. Hazırda iddiaçı Bank iddia edir ki, Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, bu səbəbdən iddiaçı “X4” Bakı filialı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə etmiş, cavabdeh (zamin) Cavabdeh2 isə iddianı özünə münasibətdə qəbul etməmişdir.

Tətbiq edilən hüquq.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 470. Zaminlik müqaviləsi. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

Məhkəmənin mövqeyi.

17. Məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçı “X4” Bakı filialı ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır və yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borc tələbi əsaslıdır. Belə ki, iddiaçı cavabdehlə aralarında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə pulu borcluya vermişdir. Borclu isə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Həmçinin, borclu zaminliklə təmin edilmiş öhdəliyi lazımınca icra etmədiyinə görə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən müştərək qaydada müvafiq kredit müqaviləsi üzrə ödənilməmiş əsas və faiz borcunu tələb etməkdə haqlı olmuşdur.

Məhkəmə xərcləri.

18. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək üçün 77.96 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hansı ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.

19. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 77.96 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

20. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə müştərək qaydada 4990.76 manat əsas borc və 805.05 manat faiz borcu olmaqla, cəmi 5795.81 manat məbləğində borc və 77.96 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “X4” Bakı filialının xeyrinə ödənilməlidir.

21. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4990.76 manat əsas borc və 805.05 manat faiz borcu olmaqla, cəmi 5795.81 manat (beş min yeddi yüz doxsan beş manat səksən bir qəpik) məbləğində borc və 77.96 manat (yetmiş yeddi manat doxsan altı qəpik) məbləğində dövlət rüsumu tutularaq iddiaçı “X4” Bakı filialına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar