Məhkəmə qərarları › İş №e-2(010)-1479/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1479/2023

11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1479/2023 11.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X1 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC-15446İB/2019 saylı razılıq ərizəsi imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Qeyd edilən ümumi şərtlər toplusu çərçivəsində 0064075AZN05899 saylı xx.xx.2019cu il tarixli fərdi müştərinin maliyyələşdirilməsi üçün ərizəyə əsasən borcalana xx.xx.2021ci il tarixədək illik faiz dərəcəsi 26.00%, illik cərimə faizi 180% olmaqla 2000 manat məbləğində istehlak xərcləri məqsədi ilə işçi krediti verilmişdir. Bundan əlavə ümumi şərtlər toplusu çərçivəsində AVNS 829 saylı xx.xx.2019-cu il tarixli fərdi müştərinin maliyyələşdirilməsi üçün ərizəyə əsasən borcalana xx.xx.2020-ci il tarixədək illik faiz dərəcəsi 20.00%, illik cərimə faizi 24% olmaqla 200 manat məbləğində şəxsi istehlak məqsədi ilə kredit xətti açılmışdır. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyi günlərin sayı 0064075AZN05899 saylı maliyyələşdirmə üçün ərizə üzrə 997 gün və AVNS 829 saylı maliyyələşdirmə üçün ərizə üzrə 391 gün təşkil edir. Bank tərəfindən borcalana xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında borcu: 0064075AZN05899 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1403,56 manat əsas borc, 361,98 manat faiz borcu, 2752,68 manat cərimə borcu olmaqla, cəmi 4518,22 manat; AVNS 829 (41010AZNFK**********) saylı maliyyələşdirmə üçün ərizə üzrə 200,01 manat əsas borc, 16,43 manat faiz borcu, 58,13 manat cərimə borcu olmaqla, cəmi 274,57 manat təşkil edir. Ümumi şərtlər toplusuna əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Eyni zamanda ÜŞT-nin Bank xidmətlərinin göstərilməsi ilə bağlı tərəflərin hüquq və vəziflərinə dair hissəsinə əsasən Bankın qüvvədə olan tariflərində nəzərdə tutulmuş müvafiq xidmət haqqını Banka ödəmək müştərinin vəzifəsidir. Eyni zamanda Ümumi şərtlər toplusuna əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək bankın hüququdur. İddiaçı ASC iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 68 manat dövlət rüsumu ödəmişdir.

İddia tələbi.

2. Cavabdeh 10064075AZN05899 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1403,56 manat əsas borc, 361,98 manat faiz borcu, 2752,68 manat cərimə borcu olmaqla, cəmi 4518,22 manat; AVNS 829 (41010AZNFK**********) saylı maliyyələşdirmə üçün ərizə üzrə 200,01 manat əsas borc, 16,43 manat faiz borcu, 58,13 manat cərimə borcu olmaqla, cəmi 274,57 manat borcun; iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 68 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri.

3. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək ərizəsində qeyd etmişdir ki, onunla İddiaçı ASC arasında xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi bağlanmışdır. Qeyd olunan kredit müqaviləsinə görə 2000 manat və 200 manat məbləğində kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə vaxtlı-vaxtında yerinə yetirib. 2020ci il tarixdə baş verən Covid-19 pandemisiyası zamanı işdən çıxmış və bundan sonra öhdəliklərini üzrlü səbəbə görə yerinə yetirə bilməmişdir. Banklar haqqında qanununun 1.0.9-maddəsinə əsasən “Bank krediti (bundan sonra kredit) - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir. Göründüyü kimi verilmiş kredit üzrə faiz hesablanması nəzərdə tutulub, amma cərimə faizinin hesablanması nəzərdə tutulmamışdır. Həmçinin bank bazarda olan tutduğu üstün mövqeyi nəzərə alaraq, müqaviləyə əsassız olaraq, həm də cərimə faizinin məbləğini yüksək yazmışdır. Kredit verilən vaxt borclunun həmin faiz dərəcəsinin dəyişdirmək imkanı olmur, digər tərəfdən kredit götürən zaman o bilə bilməzdi ki, pandemiya başlayacaq, bir çox iş yerləri bağlanacaq və onu məcburi işdən azad edəcəklər və öhdəliyini yerinə yetirə bilməyəcək. Lakin, iddiaçı çox ağır şərtlərlə kredit üzrə cərimə hesablamışdır. Digər tərəfdən AR Mərkəzi bank tərəfindən qoyulmuş tələbə əsasən istehlak kreditləri üzrə verilmiş kredit üzrə effektiv faiz dərəcəsi 29 faizdən çox olmamalıdır. İddiaçı bu normanı da pozmuşdur. İddiaçının iddia tələbinə xx.xx.2019-cu il tarixli müqavilə üzrə cərimə faizi hissəsində etiraz edir və bildirir ki, digər AVNS krediti üzrə isə öhdəliyi iddiaçının tələbi həcmindədir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faiz və cərimənin cavabdehdən turulması barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

Tərəflərin izahatları.

4. İddiaçı ASC “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxış iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, bildirdi ki, bankdan kredit götürmüşdür. Bir müddət ödəniş etdikdən sonra pandemiya elan olunduğu üçün işdən çıxmışdır və o, ödənişləri həyata keçirə bilməmişdir. Buna görə də borcu yaranmışdır. O, ödəniş etməyə razıdır. O, yalnız 2752,68 manat cərimə məbləği ilə razı deyil, belə ki, həmin məbləğ şişirdilmişdir. Buna görə də, iddianın qismən təmin edilməsini xahiş etdi.

İş materialları.

6. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2019-cu il tarixli 1.1.2 №-li versiyasının şərtlərinin qəbul etməsi barədə xx.xx.2019-cu il tarixli GTC- 15446İB/2019 nömrəli razılıq ərizəsindən müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında 1.1.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir.

7. Ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2019-cu il tarixli, 0064075AZN05899 saylı fərdi müştərinin maliyyələşdirilməsi üçün ərizədən müəyyən olunur ki, borcalana xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək kreditin nominal illik 26% faiz dərəcəsi, kreditin faktiki illik 27,4% faiz dərəcəsi, illik 180% cərimə faizi olmaqla istehlak xərcləri məqsədi ilə 2000 manat məbləğində işçi krediti verilmişdir.

8. Ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2019-cu il tarixli, AVNS 829 saylı fərdi müştərinin maliyyələşdirilməsi üçün ərizədən müəyyən olunur ki, borcalana xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək kreditin nominal illik 20% faiz dərəcəsi, illik 24% cərimə faizi olmaqla 200 manat məbləğində şəxsi istehlak məqsədi ilə kredit xətti açılmışdır.

9. 15 oktyabr 2019-cu il tarixli fiziki şəxslərin maliyyələşdirilməsi üzrə sifariş ərizəsindən müəyyən olunur ki, Cavabdeh 18 ay müddətinə 2000 manat kredit məbləğində maliyyə vəsaiti ayrılmasını xahiş etmişdir. 10 15 oktyabr 2019-cu il tarixli fiziki şəxslərin maliyyələşdirilməsi üzrə sifariş ərizəsindən müəyyən olunur ki, Cavabdeh 12 ay müddətinə 200 manat kredit məbləğində maliyyə vəsaiti ayrılmasını xahiş etmişdir.

11. İddiaçı ASC tərəfindən verilən xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan Cavabdeh hesabından çıxarışdan müəyyən olunur ki, Cavabdeh hesabına xx.xx.2019-cu il tarixdə 0064075AZN05899 saylı müqavilə üzrə 2000 manat miqdarında və xx.xx.2019-cu il tarixdə kredit xətti üzrə limit artımı əməliyyatı üzrə 200 manat miqdarında pul vəsaiti mədaxil edilmişdir.

12. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 0064075AZN05899 nömrəli kredit müqaviləsinə ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində əsas borca görə 2000 manat, faiz borcuna görə 413,65 manat olmaqla, cəmi 2413,65 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür.

13. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh borcu 0064075AZN05899 saylı maliyyələşdirilmə üçün ərizə üzrə 1403,56 manat əsas, 361,98 manat faiz borcu, 2752,68 manat cərimə borcu olmaqla, cəmi 4518,22 manat təşkil edir. Gecikmə gününün sayı 997 gün təşkil edir. AVNS 829 (41010AZNFK**********) saylı maliyyələşdirilmə üçün ərizə üzrə 200,01 manat əsas, 16,43 manat faiz borcu, 58,13 manat cərimə borcu olmaqla, cəmi 274,57 manat təşkil edir. Gecikmə gününün sayı 391 gün təşkil edir.

14. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə borc tələbinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.

15. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə ərizə verilərkən 68 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

16. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan ərizədən müəyyən olunur ki, iddianı qismən qəbul etdiyini, avans krediti üzrə cərimə və faizi qəbul etdiyini, əsas borc yəni 1403,56 manat və hesablanmış faiz borcunu qəbul etdiyini, cərimə borcunu qəbul etmədiyini qeyd etmişdir.

İşin faktiki halları.

17. İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqavilələrinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.

Tətbiq edilən hüquq.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

20. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

21. Belə ki, cavabdeh kredit müqaviləsi əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuş, lakin öhdəliyini lazımınca icra etməmişdir.

22. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla cavabdehin müqavilə öhdəliklərini icra etməməsi nəticəsində borc verənə 0064075AZN05899 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə əsas borca görə 1403,56 manat və 361,98 manat faiz; AVNS 829 saylı maliyyələşdirmə üçün ərizə üzrə 200,01 manat əsas, 16,43 manat faiz borcunun yaranması öz təsdiqini tapdığından məhkəmə iddiaçının 0064075AZN05899 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borca görə 1403,56 manat və 361,98 manat faiz; AVNS 829 saylı maliyyələşdirmə üçün ərizə üzrə 200,01 manat əsas, 16,43 manat faiz borcunu əsaslı hesab edib təmin edir.

23. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur.

24. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin borclunun borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.)

26. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, kreditor pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, kreditor bağladığı müqavilənin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi.

26. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən 0064075AZN05899 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 50 manat, AVNS 829 saylı maliyyələşdirmə üçün ərizə üzrə 20 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir.

27. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.

Məhkəmə xərcləri.

28. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 68 manat dövlət rüsumu ödəmişdir.

29. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Məhkəmə hesab edir ki, İddiaçı ASC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 68 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

31. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 0064075AZN05899 saylı maliyyələşdirmə üçün ərizə üzrə cavabdehdən 1403,56 manat məbləğində kredit borcu, 361,98 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1815,54 manat borc; xx.xx.2019-cu il tarixli, AVNS 829 saylı maliyyələşdirmə üçün ərizə üzrə 200,01 manat məbləğində kredit borcu, 16,43 manat məbləğində faiz borcu və 20 manat məbləğində cərimə borcu olmaqla, cəmi 236,44 manat borc, ümumulikdə, cəmi 2 051,98 manat məbləğində borc və ödənilmiş 68 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 0064075AZN05899 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 1403,56 manat əsas, 361,98 manat faiz, 50 manat cərimə olmaqla, cəmi 1815,54 manat; xx.xx.2019-cu il tarixli, AVNS 829 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 200,01 manat əsas, 16,43 manat faiz, 20 manat cərimə borcu olmaqla, cəmi 236,44 manat borcun, ümumulikdə, cəmi 2 051,98 (iki min əlli bir manat doxsan səkkiz qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar