Məhkəmə qərarları › İş №e-2(010)-1480/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1480/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1480/2024 22.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********20797 olan X8 9 markalı telefon üçün 291.61 manat ödənilməmiş hissə, 29.39 manat cərimə, ümumilikdə 321 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh etirazı nəzərə alınaraq, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-1480/2024 saylı qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

İddia tələbinin əsaslandırıldığı hallar.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********20797 olan X8 9 markalı telefon almış və nəticədə 321 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 441.6 manat (12 ay x 36.8 manat + 0 ilkin ödəniş) İMEİ kodu **********20797 olan X8 9 markalı telefon üçün ümumilikdə 321 manat olmaqla ondan, 291.61 manat ödənilməmiş hissə, 29.39 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********20797 olan X8 9 markalı telefondan xx.xx.2023-cü il tarixində imtina etmiş və məhsul 149.99 manat qiymətləndirilərək, borcundan silinmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 149.99 manat, ümumilikdə 149.99 manat təşkil edir. Cavabdehlə bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edərək əlavə etdi ki, cavabdehlə aralarında bağlanmış müqaviləyə əsasən, cavabdehə mübahisə predmeti olan telefon üzərində yalnız istifadə hüququ verilmiş, telefonun dəyəri tam ödənilənədək telefonun iddiaçının əmlakı olaraq qalması nəzərdə tutulmuşdur. Cavabdeh telefonu qaytardıqdan sonra telefon aşağı qiymətə satılmış, həmin pul cavabdehin borcundan çıxılmışdır. Əgər telefonda hansısa qüsur olsa idi, ümumiyyətlə, onun yenidən qiymətləndirilməsi və satışa çıxarılması mümkün olmazdı. Belə ki, onlar yalnız işlək olan, sadəcə olaraq xarici görünüşündə problem olan telefonları yenidən qiymətləndirərək satışa çıxarırlar. Hazırkı iş üzrə cavabdehə satılan mal da qüsurlu mal olmamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

5. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, telefonu aldıqdan bir müddət sonra telefonda nasazlıq yarandığından xx.xx.2021-ci il tarixdə telefonu “Kontakt” servis mərkəzinə təqdim etmişdir. Telefonu donduğuna və ümumiyyətlə işləmədiyinə görə servisə vermişdir. Telefonu təqdim etdikdən sonra dəfələrlə telefonla maraqlanmış, lakin ona bildirmişlər ki, telefonda qüsur yoxdur və təhvil götürməlidir. Hesab edir ki, telefonda olan qüsur onun istehsalından qaynaqlanır.

6. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

7. "xxxx" MMC və Cavabdeh (Müştəri) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22258978 nömrəli müqaviləyə əsasən, "xxxx" MMC “X8 9” markalı telefonu Müştəriyə müqavilədə göstərilən şərtlərlə verir, müştəri isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir.

8. xx.xx.2021-ci il tarixli, 22258978 nömrəli müqaviləyə əlavə olunan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə ödənişlərin xx.xx.2021 - xx.xx.2022-ci il tarixləri arasında hər ay 36.8 manat məbləğində olmaqla ödənilməsi razılaşdırılmışdır.

9. xx.xx.2021-ci il tarixli bildiriş və həmin tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh müqavilənin şərtləri ilə tanış olmuş, ona müqavilənin şərtləri pozulduğu təqdirdə baş verəcəklər barədə məlumat verilmiş, həmçinin müqavilədə göstərilən əşyaları tam qüsursuz təhvil almış, bu barədə bildirişə və akta imza etmişdir.

10. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə borcundan cəmi 0 ödəmiş, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 149.99 manat çıxılmaqla, 291.61 manat əsas borca görə ödənilməmiş məbləğ, 29.39 manat cərimə olmaqla, cəmi 321 manat məbləğində borcu qalmışdır.

11. “Kontakt Servis” tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli təmir aktından görünür ki, “X8 9” markalı telefon üzərində diaqnostika aparılmış, qüsur aşkar olunmadığı müəyyən edilmişdir.

12. xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktından görünür ki, müştəri Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, 22258978 saylı müqavilə əsasında "xxxx" MMC-dən nisyə şəkildə əldə edilən İMEİ kodu **********20797 olan “X8 9” markalı telefonun sensorunda yerləşən zavod üzlük üzərində cızıqlar, üzlük altında boşluq, korpusda cızıqlar, usb konda sürtünmə aşkar edilmiş və məhsul 149.98 manat məbləğində qiymətləndirilmişdir.

13. "xxxx" MMC tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, “X8 9”, 3 GB/64 GB – grey markalı telefon xx.xx.2024-cü il tarixdə müştəri X3 tərəfindən “Kontakt Home (Sumqayıt – 3 outlet)” mağazasından nəğd şəkildə 109.99 manata satın alınmışdır.

14. xx.xx.2024-cü tarixli xəbərdarlıqlardan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh “Xiaomi” markalı telefonun 150 manat məbləğində qiymətləndirilməsi və ümumi borcundan silinməsi barədə məlumat verilmiş, qalan borcun ödənilməsi, əks təqdirdə qalıq borcun ödənilməsi barədə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

İşin faktiki halları.

15. İddiaçı "xxxx" MMC və Cavabdeh arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, iddiaçı MMC Cavabdehə “X8 9” markalı telefon satmağı, Cavabdeh isə telefonu müqavilədə göstərilən şərtlərlə almağı öhdəsinə götürmüşdür.

16. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən, müqavilə üzrə ödənişlərin xx.xx.2021 – xx.xx.2023-cü il tarixləri arasında hər ay 36.8 manat olmaqla ödənilməsi nəzərdə tutulmuşdur.

17. xx.xx.2021-ci il tarixdə Cavabdeh yuxarıda qeyd edilmiş xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında aldığı telefonda qüsur olduğunu bildirərək telefonu servisə təhvil vermişdir. xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktı əsasında telefonun qiyməti 149.98 manat məbləğində müəyyən edilmişdir.

Tətbiq edilən hüquq.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390. Müqavilə azadlığı. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 567. Alqı-satqı müqaviləsi. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 581. Əşyaların keyfiyyəti. 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Maddə 587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri. 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Maddə 595. Alğı-satqı müqaviləsinin lazımınca icra edilməməsi haqqında satıcıya bildiriş verilməsi. 595.1. Alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601. Əşyanın hissə-hissə ödənilməsi. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 624. Alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda onun hüquqları. 624.1. Alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: 624.1.1. keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; 624.1.2. alış qiyməti mütənasib surətdə azaldılsın; 624.1.3. malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın; 624.1.4. malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin. 624.4. Bu Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

Məhkəmənin mövqeyi.

20. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçı "xxxx" MMC-dən mobil telefon almış, lakin xx.xx.2021-ci il tarixdə telefonda nasazlıq olduğunu iddia edərək telefonu iddiaçıya məxsus servisə vermişdir. Müəyyən edilmişdir ki, Cavabdeh bundan sonra bir daha telefonu geri almamışdır. Məhkəmə hesab edir ki, bununla da cavabdeh telefondan imtina etmiş hesab edilir. Belə ki, cavabdeh telefonu iddiaçıya təhvil verərkən telefonda nasazlıq (qüsur) olmasına istinad etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə satıcı tərəfindən alıcıya lazımi keyfiyyətli olmayan əşya satıldıqda alıcının hüquqları müəyyən edilmişdir. Belə ki, Məcəllənin 587.1-ci maddəsinə əsasən, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə tələb etsin: alış qiymətinin mütənasib azaldılması; əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Bənzər şəkildə Mülki Məcəllənin 624.1-ci maddəsində də alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda onun müqavilədən birbaşa imtina etmək hüququ nəzərdə tutulmamışdır.

21. Lakin hazırkı iş üzrə Cavabdeh bu hüquqlarından istifadə etməmiş, telefonu iddiaçıya təhvil verdikdən sonra bir daha geri götürməmişdir. Nəzərə alınmalıdır ki, cavabdehin telefonu servisə verdiyi vaxtla telefonun yenidən qiymətləndirilib satıldığı vaxt arasında iki ildən çox zaman keçmişdir. Bu qədər müddət ərzində cavabdehin telefonu geri götürməməsi alınan maldan imtina kimi qəbul edilməlidir.

22. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıda istinad edilmiş 587-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuşdur ki, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.

23. Göründüyü kimi, qanunvericiliklə yalnız əşyanın keyfiyyətinə aid tələblərin əhəmiyyətli dərəcədə pozulması halı alqı-satqı müqaviləsinin icrasından imtina etmək üçün əsas kimi müəyyən edilmişdir. Lakin hazırkı işdə belə bir hal, yəni əşyada aradan qaldırıla bilməyən qüsurlar olduğu müəyyən edilmir. Məhkəmə hesab edir ki, Cavabdeh telefonu iddiaçıya təhvil verdikdən sonra heç vaxt geri götürmədiyindən telefonda hansısa aradan qaldırıla bilməyən, təmirdən sonra təkrar aşkar edilən qüsur olduğunu iddia edə bilməz. Belə olan halda cavabdehin yuxarıda qeyd edilmiş maddəyə istinadla müqavilədən imtina etməsi istisna edilməlidir.

24. Üstəlik, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 595.1-ci maddəsinə əsasən, alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. Lakin hazırkı işdə cavabdeh tərəfindən iddiaçıya belə bir bildiriş verildiyi müəyyən edilmir.

25. Belə olan halda hazırkı iş üzrə Cavabdeh iddiaçı "xxxx" MMC qarşısındakı öhdəliklərini pozmuş hesab edilir. Hansı ki, tərəflər arasında bağlanmış müqavilənin 3.15ci bəndində qeyd edilir ki: “Müştəri “ABC”-nin razılığı olmadan Mal(lar)ı “ABC”-yə, yaxud “ABC”-nin əməkdaşlıq etdiyi servis mərkəzinə aid olan hər hansı daşınar, daşınmaz obyektdə (məkanda) saxlayarsa və ya sahibsiz buraxarsa, bu halda “ABC” Mala cavabdehlik daşımır, həmçinin belə hal Müştərini həmin Mal ilə əlaqədar ödəniş öhdəliklərindən azad etmir. Müştəri həmin malı 5 təqvim günü ərzində geri götürmədiyi təqdirdə 3.2-ci bənd tətbiq edilir”. Müqavilənin 3.2-ci bəndinə əsasən: “”ABC” 3.1-ci bənddə müəyyən edilmiş qaydada qaytarılmış Malın (ödənişsiz təqdim edilmiş mal istisna olmaqla), həmçinin 3.15-ci bənddəki hala aid olan Malın qalıq dəyərini birtərəfli aktla qiymətləndirib Müştərinin ABC-yə olan borcunun bağlanmasına yönəltmək hüququna malikdir”.

26. İş materiallarından görünür ki, Cavabdeh tərəfindən iddiaçıya məxsus servisə buraxılmış mal xx.xx.2023-cü il tarixdə yenidən qiymətləndirilmiş, müəyyən edilmiş 149.98 manat məbləğində pul cavabdehin müqavilə üzrə ümumi borcundan çıxılmış, qalan 291.61 manat məbləğində borc isə cavabdehdən tələb edilmişdir Yuxarıda qeyd edilənlərdən görünür ki, iddiaçının hərəkətləri tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olmuşdur.

27. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və iddiaçının cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Odur ki, cavabdehdən alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc (291.61 manat) tutularaq iddiaçıya verilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, tələb edilən cərimə məbləği (29.39 manat) əsas borca mütənasibdir və tənasübsüz surətdə yüksək məbləğ deyil. Odur ki, iddia cəriməyə münasibətdə də təmin edilməlidir. Məhkəmə xərcləri.

28. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmin məbləğ iddianın qiymətinə uyğun olmuşdur.

29. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

30. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 291.61 manat məbləğində əsas borc və 29.39 manat məbləğində cərimə olmaqla, ümumilikdə 321 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir.

31. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 291.61 manat məbləğində əsas borc və 29.39 manat məbləğində cərimə olmaqla, cəmi 321 (üç yüz iyirmi bir) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar