Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1481/2023 24.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, iddiaçı "xxxx" Mənzı̇ l-Tı̇ kı̇ nti Kooperatı̇ vı̇ nin (bundan sonra mətndə "xxxx" MTK) Cavabdeh (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı “istismara yararsız mənzilin yenisi ilə əvəz edilməsi müqabilində mənzilin boşaldılması və s.” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* saylı “Çıxarış”ın surətindən görünür ki, ünvan 1 Cavabdeh adına xüsusi mülkiyyət kimi daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 230 reyestr kitabının 23048 nömrəli vərəqində xx.xx.2006-cı il il tarixdə qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” xx.xx.2016-cı il tarixli 86 saylı Qərarı ilə Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı rayonlarında mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən binaların müəyyən edilərək sökülməsi, yerində yeni yaşayış binalarının tikilməsi, tikiləcək binalardan sakinlərə mənzillərin ayrılması qərara alınmış, həmin qərarda qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını təmin etmək nəzərdə tutulmuş, qərarın icrası ilə əlaqədar Suraxanı rayon İHB-nın xx.xx.2018-ci il tarixli 63 saylı sərəncamı ilə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 32, Yaşar Əliyev küçəsi 1, 3, 5, 7, Qəzənfər Vəliyev küçəsi 5, 7, 9, 13 ünvanında yerləşən istismara yararsız 2 və 3 mərtəbəli olmaqla ümumilikdə 9 yaşayış binasının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirmək üçün 1,4 ha torpaq sahəsi "xxxx" MTK-nın daimi istifadəsinə verilmişdir.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarının 1.3-cü bəndində müvafiq icra hakimiyyəti orqanlarına tapşırılmışdır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını təmin etsinlər.
4. Suraxanı rayon İHB-nın xx.xx.2018-ci il tarixli 63 saylı sərəncamında MTK-a tapşırılmışdır ki, ərazidə yerləşən istismara yararsız tikililərin təhlükəsizlik qaydalarına əməl edilməklə sökülməsini, tullantıların daşınmasını, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq binaların sökülməsindən sonra yeni yaşayış binası tikilinədək köçürülən sakinlərlə fərdi qaydada bağlanılmış müqaviləyə və qanunvericiliyə uyğun olaraq onların müvəqqəti yaşayış sahəsi və ya kompensasiya ilə təmin edilməsini və söküləcək mənzilin hər birinin ümumi sahəsindən ən azı 15% artıq olmaq şərtilə həmin sakinlərə təmirli yeni mənzillərin verilməsini həll etsin.
5. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yaşar Əliyev küçəsi, ev 5 ünvanda yerləşən yaşayış binasına keçirilən texniki baxış haqqında xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin Əsaslı Tikinti və Təmir şöbəsinin müdiri F.Əliyev, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti sədrinin 1-ci müavini, Baş mühəndis R.Abdullayev, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin mühəndisləri Ə.Əlibəyli, V.Cəfərov, “Bakımənzilkommunallayihə" Layihə İnstitutunun direktoru C.Quliyev, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövləttikintilayihə" Dövlət Layihə İnstitutunun texniki şöbəsinin aparıcı mühəndisi M.İsgəndərov, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma şöbəsinin sektor müdiri N.Qəniyev, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma şöbəsinin mühəndisi C.Axundov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq X1 müdiri Y.Eminov, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Mənzil-Kommunal Siyasət şöbəsinin müdir müavini B.Rzayev, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının müavini E.Yolçiyev, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi R.Kazımov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli xx/xx/5185-12 saylı dərkənarı ilə yaşayış evlərinin texniki vəziyyətinin bir daha araşdırılması, tam qəzalı vəziyyətdə olan yaşayış evlərinin müəyyən edilməsi, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 542 №-li sərəncamının icrası ilə əlaqədar qeyd edilən ünvana baxış keçirilmiş və müəyyən olunmuşdur ki, bina 1955-ci ildə inşa olunmuşdur, 2 girişli, 2 mərtəbəlidir, mənzillərin sayı 8, sakinlərin sayı 25, ailələrin sayı 8-dir. Planda ölçüsü 26.2 x 12.6 m-dir. Binanın divarları but daşından olmaqla tikilmişdir. Divarların bəzi yerlərində suvaq qopmuş və iri ölçülü çatlar əmələ gəlmişdir. Dam örtüyü ağac elementlər üzrə asbest-sement vərəqlərdən örtülmüş, çardağın ağac elementləri bəzi yerlərdə çürüyüb yararsız vəziyyətə düşmüşdür. Binanın kommunal şəraiti yoxdur.
6. "xxxx" MTK tərəfindən Cavabdeh ünvanlanmış 23 yanvar 2023-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən mənzilin boşaldılaraq sökülməsi üçün təhvil verilməsi qarşılığında mənzildən sahə olaraq 25% artıq ölçüdə yeni və tam təmirli mənzil təklif edilir. Bundan əlavə aylıq 300-350 manat məbləğində kirayə haqqı da Sizə yeni mənzil təhvil verilənədək ödəniləcəkdir. Ayrılacaq yeni və tam təmirli mənzilin sahə ölçüləri müəyyən olunmuş sahədən çox olacağı təqdirdə satış qiymətindən olduqca aşağı məbləğdə satış şərtləri təqdim ediləcəkdir. Həmçinin, əldə olunmuş razılığa əsasən notarial qaydada müqavilə bağlanılacaqdır və müqavilənin şərtləri notarius tərəfindən Sizə tam izah olunmaqla bağlanılacaq, şərtlərlə bağlı hər hansı bir sualınız olduqda isə cavablandırılacaqdır. Yekun olaraq mənzilin sökülməsi ilə bağlı razılığa gəlməyəcəyiniz və təklifləri dəyərləndirməyib birbaşa olaraq rədd edəcəyiniz təqdirdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 nömrəli qərarının və Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 63 nömrəli sərəncamının icra edilməsinə əngəl yaratmış və maneəçilik törətmiş olacaqsınız. Belə olduğu halda isə MTK tərəfindən aidiyyəti qurumlara, eləcə də məhkəməyə müraciət olunacaqdır. Yuxarıda göstərilən təkliflərlə razı olmağınızı, razı olmadığınız təqdirdə öz təkliflərinizi bizə yazılı surətdə bildirməyinizi, bu mümkün olmadıqda isə qeyd olunmuş telefon nömrəsi ilə əlaqə yaradaraq satış ofisimizdə təklifinizi yazılı formada işçi heyətimizin köməkliyi ilə hazırlayıb təqdim etməyiniz Sizdən xahiş olunur.
İşin faktiki halları
7. İşin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdehə məxsus əmlakın yerləşdiyi ərazidəki istismar müddəti keçmiş tikililərinin sökülərək yerində hündürmərtəbəli binanın tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi dövlət orqanı tərəfindən MTK-nın istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi MTK-ya həvalə olunmuşdur.
İddia tələbi
8. İddiaçı "xxxx" MTK Cavabdeh (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı “istismara yararsız mənzilin yenisi ilə əvəz edilməsi müqabilində mənzilin boşaldılması, mülkiyyət hüququna xitam verilməsi, mülkiyyət hüququnu təsdiq edən sənədin ləğv edilməsi, mənzilin iddiaçının xeyrinə özgəninkiləşdirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin sökülməsi əvəzində Cavabdeh eyni ünvanda tikiləcək yeni binadan mülkiyyətində olan mənzil sahəsindən 25 faiz həcmində daha artıq sahəyə malik olan tam təmirli mənzilin verilməsi və bina tam hazır olan müddətə qədər aylıq 350 manat kirayə haqqı verilməsi şərti ilə cavabdehin və onunla birgə yaşayan digər şəxslərin həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmaları, qeyd olunan mənzilin iddiaçıya təhvil verilərək iddiaçının xeyrinə özgəninkiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdehin mülkiyyət hüquqlarına xitam verilərək adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tərəflərin izahatları
9. Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddiaçı cavabdehə sahib olduğu evi MTK-ya təhvil verməyi təklif etmiş, həmin mənzilin qarşılığında isə ona mülkiyyətində olan mənzilə dair istifadə hüquqlarına xitam verilməsi və sahib olduğu hazırki mənzildən 25% çox sahəyə malik tam təmirli mənzil verilməsi təklif edilmişdir. Lakin cavabdeh bugünədək heç bir razılığa gəlməmiş və razılıq əldə etmək niyyətində də deyil. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh onlarla hər hansı kompromisə getməmək və tikinti işlərinə mane olmaqda israrlıdır. MTK böyük tikinti şirkəti olmaqla, həmin ərazidə rezidens tikintisi ilə də məşğuldur. MTK tərəfindən orada 2- 3 bina tikilib və orada yüzlərlə sakin yaşayır. Hazırda sökülməsi aktual olan bina rezidensin yerləşdiyi sahədədir. Nazirlər Kabinetinin, Suraxanı Rayon İcra Hakimiyyətinin müvafiq sərəncamları ilə həmin sahə MTK-ya orada mənzil tikintisi ilə məşğul olması üçün ayrılmışdır və bu fəaliyyətlə məşğul olması üçün həmin ərazidə binalarda yaşayan sakinlərlə qarşılıqlı razılığa gələrək onların köçürülməsinı təmin etməlidir. Hazırda həmin sakinlərdən bəziləri MTK-nın bu fəaliyyəti həyata keçirməsinə qəsdən mane olurlar. Bu mane isə onlarla razılığa gəlmiş digər sakinlərin də hüquqlarını pozur. Bu, həmin binadan köçmək istəyən sakinlər və onların övladları üçün də təhlükə yaradır. Çünki bina 1955-ci ildə tikilmiş istismara tam yarasız binadır. Müvafiq dövlət orqanları tərəfindən binanın istismara yarasız olması barədə akt tərtib edilmişdir. Fövqəladə Hallar Nazirliyi və digər strukturlar aktda binanın yararsız olduğunu qeyd ediblər. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
11. Cavabdehin vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, cavabdehin yeni mənzil əldə etmək kimi bir fikri yoxdur. Onun əsas istəyi həmin mənzili satmaqdır. İddiaçı tərəfdən isə belə bir təklif gəlmədiyi üçün razılığa gəlmək mümkün deyil. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
13. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu
Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 203. Mülkiyyət hüququnun itirilməsi növləri 203.3. Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: 203.3.1. öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; 203.3.2. qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; 203.3.3. sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; 203.3.4. təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; 203.3.5. rekvizisiya; 203.3.6. müsadirə. 203.5. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir.
15. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
Maddə 28. Qəza vəziyyətində olan mənzillərin (yaşayış binalarının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması 28.3. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. 28.5. Mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər. 28.6. Qəza vəziyyətində olan və bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqlənmiş, lakin mülkiyyətçisi sökülməsindən və yenidən tikilməsindən imtina etmiş və ya onun tərəfindən məhkəmənin müəyyən etdiyi müddətdə sökülməsi həyata keçirilməmiş mənzil (yaşayış binası) bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərracda üç ay ərzində satılmadıqda həmin bina dövlət tərəfindən alınmalıdır. 28.7. Qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 85-ci maddəsinin müddəaları tətbiq edilir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
17. Məhkəmə iş materiallarını araşdıraraq tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia rədd olunmalıdır.
18. Belə ki, iddia tələbləri mülkiyyət hüququna müdaxilə və bu müdaxiləyə görə kompensasiya (əvəz) ödənilməsi ilə bağlı olduğundan, iddiaya mülkiyyət hüququnun müdаfiəsi ilə bаğlı qanunvericilik çərçivəsində qiymət verilməlidir.
19. Azərbaycan Respublikasının tərəf olduğu və mahiyyət etibarilə mülkiyyət hüququnu təmin edən Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş).
20. Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir.
21. Yuxarıda qeyd olunduğu kimi, cavabdehə məxsus əmlakın yerləşdiyi ərazidəki istismar müddəti keçmiş tikililərinin sökülərək yerində hündürmərtəbəli binanın tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi dövlət orqanı tərəfindən MTK-nın istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi MTK-ya həvalə olunmuşdur.
22. İstismar müddəti bitmiş, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması şübhəsizdir və əslində cavabdeh də mülkiyyətinə müdaxilənin qanuni məqsəd daşımasını mübahisələndirmədən ancaq təklif olunan kompensasiya (əvəz) ilə razılaşmadığını bildirmişdir.
23. Buna görə də məhkəmə, prosessual qənaət prinsipindən çıxış edərək birbaşa olaraq aşağıdakı sualı araşdıracaq: cavabdehin mülkiyyət hüququna müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə iddiaçının əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?
24. Bu kontekstdə məhkəmə hesab edir ki, cavabdehin əmlakının sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması qəbul edilsə belə, onun mülkiyyət hüququna edilməsi planlaşdırılan müdaxilə qanunla nəzərdə tutulmuş şərtlərə cavab verməmiş, əmlakının əvəzində ona təklif edilən kompensasiya (əvəz) ədalətli tarazlığa uyğun olmamışdır.
25. İlk növbədə qeyd olunmalıdır ki, cavabdehin mülkiyyətindəki əmlakın qəzalı (istismara yararsız) vəziyyətdə olduğu qanunla müəyyənləşdirilmiş qaydada təsdiq edilməmişdir.
26. Digər tərəfdən, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb-yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş).
27. Konvensiya (Avropa Konvensiyası) tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş).
28. Məhkəmə hesab edir ki, hazırki işdə mülkiyyətçiyə (cavabdehə) təklif olunan (iddiaçı MMC-nin razılaşdığı) kompensasiya (əvəz) məbləğinin mülkiyyətin dəyərinə mütənasib olmadığı qənaətinə gəlmək üçün əsaslar mövcuddur.
29. Belə ki, məhkəmə yuxarıda sadalanan normalara əsasən iş üzrə müəyyən edilən halları nəzərə alaraq belə hüquqi nəticəyə gəlir ki, mübahisəli mənzil cavabdehin mülkiyyətində olsa da, iddiaçı onun mülkiyyətinə əsassız olaraq müdaxilə edir. Lakin Konstitusiya və mülki qanunvericiliyə əsasən həmin hüququn müdafiəsinə dövlət tərəfindən təminat verilmişdir. Həmçinin bu hallar mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı kimi əsas prinsiplərin pozulması ilə nəticələnə bilər.
30. Hazırda qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 nömrəli Qərarından görünür ki, müəyyən ərazilərdəki tikililər qəzalı vəziyyətdə olduğu üçün mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə sökülərək yerində yeni binaların tikilməsi və mülkiyyətçilərin həmin binalarda müvafiq sahələrlə təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin Qərardan və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamının tələblərindən də görünür ki, mübahisəli əmlakların sökülməsinə və cavabdehlərin köçürülməsinə yalnız qanunvericiliyə uyğun olaraq mülkiyyətçilərin və ya qanuni istifadəçilərlə qarşılıqlı razılıq əsasında müvafiq müqavilələr bağlandıqdan sonra yol verilir.
31. Həmin qərarda sakinlərin könüllü olaraq köçürülməsi, tikinti təhvil verilənədək onlara başqa sahədə yaşamaq üçün kompensasiyalar verilməsi, sökülən sahələrin əvəzi olaraq qarşılıqlı razılaşma ilə yeni tikiləcək binalarda güzəştli şərtlərlə sahələr verilməsi (mülkiyyətçilərin hüquqlarının qorunması) nəzərdə tutulmuşdur.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli Qərarında Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyətinin, Binəqədi Rayon İcra Hakimiyyətinin, Qaradağ Rayon İcra Hakimiyyətinin, Suraxanı Rayon İcra Hakimiyyətinin, Nəsimi Rayon İcra Hakimiyyətinin, Xətai Rayon İcra Hakimiyyətinin, Nərimanov Rayon İcra Hakimiyyətinin, Nizami Rayon İcra Hakimiyyətinin, Yasamal Rayon İcra Hakimiyyətinin, Səbail Rayon İcra Hakimiyyətinin, Pirallahı Rayon İcra Hakimiyyətinin və Xəzər Rayon İcra Hakimiyyətinin bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə aşağıdakıları həyata keçirmələləri qərara alınmışdır: 4.1. mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması; 4.2. qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi; 4.3. ərazidə sosial təyinatlı obyektlər mövcud olduqda, həmin obyektlərin yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin təmin edilməsi. Həmin qərarla “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli Qərarı, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 22 yanvar tarixli 8 nömrəli Qərarı, “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərarı ləğv edilmişdir.
33. Qeyd olunan qərarlara və sərəncama əsasən mülkiyyətçilərin mülkiyyət hüquqlarına qarşılıqlı razılıq olmadan xitam verilməsi və əvəzləşdirilməsi müəyyən edilməmişdir. İddiaçı tərəfindən cavabdehin mülkiyyət (əmlak) hüquqlarına müdaxilə ilə bağlı tələbi əsassızdır və təmin oluna bilməz.
34. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassız olduğundan rədd edilməlidir.
Məhkəmə xərcləri
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
36. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
38. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MTK-nın Cavabdeh (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı “istismara yararsız mənzilin yenisi ilə əvəz edilməsi müqabilində mənzilin boşaldılması və s.” tələbinə dair iddiası rədd edilməlidir.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia rədd edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.