Məhkəmə qərarları › İş №e-2(010)-1496/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1496/2024

17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1496/2024 17.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5500 manat əsas, 485.71 manat faiz, cəmi 5985.71 manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 80.26 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Məcidov Dilavər Fitat oğluna şəxsi (istehlak) məqsədləri üçün 24 ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 5500 manat məbləğində krеdit vеrilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Məcidov Dilavər Fitat oğlu arasında xx.xx.2021-ci il tarixli ******* saylı Krеdit Müqaviləsi bağlanmışdır. Krеdit Müqaviləsinin şərtlərinə əsasən, Məcidov Dilavər Fitat oğlunun xx.xx.2024-cü il tarixinə əsas borcu 5500 manat, faiz borcu 485.71 manat təşkil edir. İş materiallarına əlavə olunmuş AZ-İİ №234086 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məcidov Dilavər Fitat oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin internet saytından əldə edilmiş məlumata əsasən Məcidov Dilavər Fitat oğlunun vəfatından sonra 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində vərəsəlik işinin açılması aşkarlanmışdır. Bankın xx.xx.2023cü il tarixdə qeyd olunan notariat ofisinə ünvanladığı sorğusuna cavab olaraq, xx.xx.2022ci il tarixində vərəsəlik işi açılmışdır və Məcidov Dilavər Fitat oğlunun vərəsəsi – ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdur. Bоrcun ödənilməsi tələbi ilə cavabdehin vərəsəsinə müraciət оlunmasına, məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Məcidov Dilavər Fitat oğlunun vərəsəsi Cavabdeh bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehin vərəsəsinə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Eyni zamanda qeyd etmək istəyirik ki, xx.xx.2021-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə Borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində Banka zərər vurmuşdur. Bununlа dа cavabdehin vərəsəsindən Krеdit Müqaviləsi üzrə yаrаnmış bоrcun tələb еdilməsi zərurəti yаrаnmışdır. Hаl-hаzırdа cavabdehin “Аzər - Türk Bаnk” Аçıq Səhmdаr Cəmiyyətinə оlаn əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 5985.71 manat təşkil еdir ki, bu bоrcun dа cavabdehin vərəsəsi tərəfindən ödənilməsi təmin еdilməlidir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, atası rəhmətə getdikdən sonra qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında ona verilən pulla atasının dəfn xərclərini qarşılamışdır. İddiaçı Bankın hazırkı iddiasını qəbul etmir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

İş materialları.

5. “X7” ASC və Məcidov Dilavər Fitat oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* nömrəli “fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsi”ndən görünür ki, Bank 5500 manat məbləğində krediti 24 ay müddətinə illik 15%-lə Məcidov Dilavər Fitat oğluna verməyi, sonuncu isə götürdüyü krediti müqavilədə göstərilən şərtlərlə qaytarmağı öhdəsinə götürmüşdür.

6. Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə ödənişlərin xx.xx.2022 – xx.xx.2023-cü il tarixlər arasında hər ay 266.67 manat (sonuncu ay 266.61 manat) olmaqla ödənilməsi təsdiq edilmişdir.

7. 29 dekabr 2021-ci il tarixli, ******* saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixə olan borcu göstərən maliyyə arayışdan görünür ki, Cavabdeh İddiaçı ASC-yə 29 dekabr 2021ci il tarixli, ******* saylı saylı kredit müqaviləsi üzrə 5500 manat əsas, 485.71 manat faiz olmaqla, cəmi 5985.71 manat məbləğində borcu vardır.

8. xx.xx.2023-cü il tarixli pretenziyanın surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcun məbləği barədə məlumat verilmiş, borcun ödənilməyəcəyi təqdirdə borcun tutulması ilə bağlı məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

9. Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ 234086 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məcidov Dilavər Fitat oğlu xx.xx.2022-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 117 nömrə ilə qeyd edilmişdir.

10. xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Məcidov Dilavər Fitat oğlunun vərəsəsi – oğlu Cavabdehdur və o, miras əmlakından tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak “Bakı şəhəri Təcili və X2 X5 Şəxs”in xx.xx.2022-ci il tarixli, 176 nömrəli məktubuna əsasən ödənilməmiş yekun haqq-hesab 2057.52 manat və işçinin vəfatı ilə əlaqədar orta aylıq əmək haqqının 3 misli miqdarında müavinət 2176.73 manatdan ibarətdir.

İşin faktiki halları.

11. İddiaçı ASC və Məcidov Dilavər Fitat oğlu arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən Bank tərəfindən Dilavər Məcidova illik 15 %-lə 24 ay müddətinə 5500 manat məbləğində kredit verilmiş, sonuncu, krediti müqavilədə göstərilən şərtlərlə Banka qaytarmağı öhdəsinə götürmüşdür.

12. Kredit müqaviləsi üzrə borclu Dilavər Məcidov xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.

13. Mərhum Dilavər Məcidovdan miras qalan əmlakla bağlı xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu şəhadətnaməyə əsasən, mərhuma ödənilməmiş 2057.52 manat yekun haqq-hesab və işçinin vəfatı ilə əlaqədar orta aylıq əmək haqqının üç misli miqdarında ödənilən 2176.73 manat məbləğində müavinət mərhumun oğlu olan vərəsəsi Cavabdeh miras əmlak kimi verilmişdir.

Tətbiq edilən hüquq.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1146. Mirasın açıldığı vaxt. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151. Miras əmlak. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarı.

Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarı.

Sığorta ödənişi hər bir halda sığortaolunanın ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlmişdir. Dövlət tərəfindən verilən on bir min manat məbləğində birdəfəlik ödənişin hüquqi təyinat və məqsədi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının birgə təsərrüfat şəraitində yaşadıqları ailə üzvlərinin məhrum olduqları mənəvi və maddi zərərin qismən də olsa azaldılmasıdır. Əks yanaşma, yəni hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşları üçün nəzərdə tutulan birdəfəlik ödənişin onların miras əmlakı olaraq dəyərləndirilməsi vərəsəlik institutunun hüquqi təbiətinə və mahiyyətinə zidd olardı. Belə ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1152-ci maddəsinə görə isə miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir. On bir min manat məbləğində birdəfəlik ödəmə isə hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ölümü ilə əlaqədar onların ailə üzvlərinə verilməklə sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyana məxsus əmlak dəyəri olmadığından miras əmlak sayıla bilməz. Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması çərçivəsində görülən əlavə tədbirlərin, xüsusilə birdəfəlik ödəmənin vərəsəlik hüquq münasibətləri ilə əlaqələndirilməsi vərəsəlik institutunun mahiyyətinə ziddir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.

Məhkəmənin mövqeyi.

19. İşin faktiki hallarından görünür ki, mərhum Məcidov Dilavər Fitat oğlu İddiaçı ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə borclu olmuşdur. İş üzrə Cavabdeh isə mərhum borclunun vərəsəsidir. Yuxarıda istinad edilmiş qanunvericilik normalarından da göründüyü kimi, borclunun ölümü ilə kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.

20. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Bank mərhum borclu ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə ödənilməmiş borcu mərhumun vərəsəsi olan iş üzrə cavabdehdən tələb etməkdə haqlı olmuşdur.

21. Vərəsə-cavabdehin məsuliyyətinin həddi, yəni ondan tutulmalı olan əsas borcun məbləği ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsənin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

22. İş materiallarından görünür ki, Cavabdeh atası Dilavər Məcidovdan mərhum atasının iş yerindən ona çatacaq son haqq-hesaba görə 2057.52 manat, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında ödənilən müavinət kimi 2176.73 manat məbləğində pul qalmışdır.

23. Bu vəziyyətdə Cavabdeh mərhum atasının iddiaçı Bank qarşısında olan icra edilməmiş öhdəliyinə görə qəbul etdiyi miras əmlak həddində məsuliyyət daşımalıdır. Bununla belə Cavabdehova atasının ölümündən sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında keçən mərhumun iş yerindən son haqq-hesab və vəfatı ilə əlaqədar ailə üzvlərinə ödənilən müavinətin miras əmlak kimi qəbul edilib-edilməməsi məsələsinə münasibət bildirilməlidir.

24. Məhkəmə, yuxarıda istinad edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına uyğun olaraq qeyd edir ki, vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir.

25. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı iş üzrə Cavabdeh mərhum atasının ölümündən sonra mərhumun sonuncu iş yeri üzrə işəgötürən tərəfindən son haqq-hesab üzrə ödənilmiş məbləğ miras əmlaka daxildir. Belə ki, işəgötürənin son haqq-hesabı istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələrdən ibarət olduğundan cavabdehin mərhum atası Dilavər Məcidovun sağlığında ona çatası məbləğ olmuşdur. Bunun əksinə, işçinin vəfatı ilə əlaqədar işəgötürən tərəfindən onun ailə üzvlərinə ödənilən müavinət mərhumun ölümündən sonra və məhz ölümü ilə bağlı ödənilən vəsait olduğundan mərhumun sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyana məxsus əmlak dəyəri hesab edilmir və bu səbəbdən miras əmlak sayıla bilməz.

26. Odur ki, Cavabdeh mərhum atası Dilavər Məcidovun iddiaçı Bank qarşısında icra edilməmiş öhdəliyinə görə qəbul etdiyi miras əmlak həcmində - 2057.52 manat son haqqhesab məbləği – məsuliyyət daşıdığından iddia qismən təmin edilməli, cavabdehdən həmin məbləğdə vəsait tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri.

27. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək üçün 79.86 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.

28. Odur ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olan dövlət rüsumu məbləği – 40.5 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

29. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 2057.52 manat məbləğində borc və 40.5 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

30. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 2057.52 manat (iki min əlli yeddi manat əlli iki qəpik) məbləğində borc və 40.5 manat (qırx manat əlli qəpik) məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar