Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1513/2024 28.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh vurduğu ziyana görə 9063.58 manat və mediasiya xidmətinə görə ödənilmiş 50 manat, ümumilikdə 9.113.58 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi. İddia tələbinin dəqiqləşdirilməsi İddiaçının nümayəndəsi Nümayəndə «iddia tələbini həcminin azaldılması» barədə ərizə təqdim edərək, Cavabdeh vurduğu ziyana görə 5337.14 manat və mediasiya xidmətinə görə ödənilmiş 50 manat, cəmi 5387.14 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya "xxxx" MMC-yə ödənilməsi. İddia tələbinin dəlilləri İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış əmək müqaviləsi ilə sonuncu cəmiyyətdə sürücü vəzifəsinə qəbul edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə cəmiyyətə məxsus olmaqla istifadəsində olan “Fiat Doblo” minik markalı, markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını təqsirli olaraq pozmuş və yaranmış avtomobil qəzası ilə cəmiyyətin sözügedən avtomobilinə 6301 manat dəyərində ziyan dəymişdir. Əlavə olaraq avtomobilin təmiri xidmətinə görə 1380 manat, əlavə dəyər vergisi kimi isə 1382.58 manat cəmiyyət tərəfindən müvafiq servisə ödənilmiş, ümumilikdə cəmiyyətə 9063.58 manat maddi ziyan dəymişdir. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, işçi cəmiyyətə bildirişlə müraciət edərək qəza törətməkdə təqsirli olmasını, habelə bunun nəticəsində avtomobilə zərər dəyməsini etiraf edir. İşin hüquqi və faktiki hallarından bəlli olur ki, cavabdeh cəmiyyətə 9063.58 manat dəyərində maddi ziyan vurmuşdur. Odur ki, göstərilən məbləğ cavabdehdən alınaraq cəmiyyətə ödənilməlidir. İşin məhkəməyədək həlli məqsədi ilə iddiaçı tərəfindən mediasiyaya müraciət edilmiş, lakin cavabdeh ilkin mediasiya sessiayasmda iştirak etməmiş və bu barədə müvafiq arayış alınmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O, bildirdi ki, iddiaçı Cəmiyyət avtomobilə ilkin iddia ərizəsində qeyd edilən məbləğdə ziyan dəysə də, təmir üçün 5337.14 manat xərc çəkdiyi üçün cavabdehdən həmin məbləğdə ziyanın ödənilməsini tələb edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 AZEMİS vasitəsi ilə xx.xx.2024-cü il tarixdə məlumat ünvanlayaraq, xidməti ezamiyyət ilə bağlı Bakıda olmadığı üçün üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək işə iştirakı olmadan baxılıb qərar çıxarılmasını xahiş etmişdir. İş materialları xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, "xxxx" MMC-nin İşəgötürəni direktor X1 ilə işçi Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən AR ƏM və AR-nın digər qanunvericilik aktlarına uyğun olaraq Sürücü vəzifəsinin səlahiyyətlərindən irəli gələn bütün vəzifələri öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən işin birinci 3 ayı sınaq müddəti hesab edilir. xx.xx.2022-ci il tarixli İşçinin tam maddi məsuliyyət daşıması barədə müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən Cəmiyyətin hüquq və vəzifələri: Əmlakdan təyinatına uyğun istifadə edilməsini, saxlanılmasını, korlanmamasını, habelə İşçinin təqsiri ucbatından Əmlakın məhv olması və pisləşməsi (İşçinin Əmlakdan istifadəsi nəticəsində onun müvafiq aşınma normaları nəzərə alınmaqla dəyişməsi və ya normal köhnəlməsi (amortizasiya) halları istisna olmaqla) riskinin aradan qaldırılmasının təmin edilməsini İşçidən tələb etmək; Əmlakın vəziyyəti barədə müntəzəm hesabat almaq; Əmlakı korladıqda, məhv etdikdə, habelə digər hərəkəti (hərəkətsizliyi) ilə Cəmiyyətə ziyan vurduqda, vurulmuş ziyanın ödənilməsini təmin etmək məqsədilə İşçinin yazılı izahatını almaq, onun əməlinin qanunauyğunluğunu, vurulmuş ziyanla İşçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni və dəymiş ziyanın həqiqi miqdarını araşdırmaq; Vurulmuş ziyanın məbləğini müəyyən etmək və qanunvericiliyə uyğun olaraq İşçidən vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb etmək; Vurulmuş ziyanın ödənilməsi məqsədilə möhlət müəyyən etmək; Qanunvericiliklə müəyyən olunmuş və bu Müqavilədən irəli gələn digər hüquqlardan istifadə etmək. Qanunvericiliklə müəyyən olunmuş və bu Müqavilədən irəli gələn digər vəzifələri yerinə yetirmək. İşçinin hüquqları: Bu Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi Cəmiyyətdən tələb etmək; Qanunvericiliklə müəyyən olunmuş və bu Müqavilədən irəli gələn digər hüquqlardan istifadə etmək. Əmlakdan təyinatına uyğun istifadə edilməsini, saxlanılmasını, korlanmamasını, habelə İşçinin təqsiri ucbatından məhv olması və pisləşməsi (İşçinin Əmlakdan istifadəsi nəticəsində onun müvafiq aşınma normaları nəzərə alınmaqla dəyişməsi və ya normal köhnəlməsi (amortizasiya) halları istisna olmaqla) riskinin aradan qaldırılmasını təmin etmək. İXP seriyalı ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta protokolu tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli İşlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə Təhvil-təslim aktından görünür ki, “Fiat Doblo” markalı 90PU117 dövlət nömrə nişanlı avtomobildə görülən işlər -Detalların sökülüb yığılması; Ekranın orta və sol hissəsinin dəyişilməsi, sol bokavinin uc və üst hissəsinin təmiri, ön sol qapının təmiri, ön hissə arametrlərin yerinə yetirilməsi, ön sağ fara bağlantı yerinin təmiri, ön sağ qanadın təmiri, dəyişən və təmir olunan detalların boyanması, Airbag sisteminin yığılması və kompyuterlə aktivləşdirilməsi, mühərrik bölümündə blok naqillərin təmiri işləri cəmi 1380.00 manat məbləğində; istifadə olunan ehtiyyat hissələri -1 ədəd ön bamper -507.00 manat; 1 ədəd ön ablisovka 258.00 manat; 1 ədəd ön sol fara (qara)-489.00 manat; 1 ədəd motor kapotu 564.00 manat; 1 ədəd ön alın şüşəsi 476.00 manat; 1 ədəd yapışdırıcı dəsti 72.00 manat; 1 ədəd ekranın orta hissəsi 166,00 manat; 1 ədəd ekranın sol hissəsi 136.00 manat; 1 ədəd akumlyator alt plasması 98.00 manat; 1 ədəd ön sol qanad 313,00 manat; 1 ədəd ön sol qanadaltı plasmas 76.00 manat; 1 ədəd sol ön salacko 24.00 manat; 3 ədəd zaklyapka 9.00 manat; 1 ədəd sükanAERBAĞ-ı 793.00 manat; 1 ədəd ön bamperin alt penoplastı 42.00 manat; 1 ədəd ön sol təhlükəsizlik kəməri 656.00 manat; 1 ədəd ön sağ təhlükəsizlik kəməri 656.00 manat; 1 ədəd AERBAĞ 801.00 manat və 1 ədəd AERBAĞ sensoru 165.00 manat olmaqla, cəmi 6301.00 manat olmaqla ümumilikdə 9063.58 manatdır. Cavabdeh "xxxx" MMC-nə ünvanladığı bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixdə ona təkhim edilmiş 90PU117 qeydiyyat nişanlı “Fiat Doblo” markalı minik avtomobili ilə əmək funksiyanın icrasını həyata keçirən zaman baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərəri öz hesabına avtomobili təmir etməklə aradan qaldırmağa hazırdır. Bu səbəbdən də avtomobilin ona təqdim edilməsini xahiş etmişdir. O, avtomobilə dəymiş zərərin əvəzi kimi hesablanmış 7000 (yeddi min) manatla razı deyil və hesab edir ki, zərərin həcmi düzgün hesablanmamışdır. Bu faktı özü tərəfindən dəvət etdiyi mütəxəsislər avtomobilə ilkin baxışı zamanı bildirməklə yanaşı zərərin həcminin təxmini 1500-2000 manat aralığında olduğunu bildirdilər. Baş vermiş hadisədən onun keçirtdiyi sarsıntı səbəbindən səhhətində qəfil problemlər yarandı. Bu səbəbdən bir müddət üzürlü səbəbdən işə çıxa bilməyəcəyi və bu müddət üçün xəstəlik vərəqəsi təqdim edəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktından görünür ki, "xxxx" MMC-nin mülkiyyətiində olan “Fiat Doblo” minik markalı, markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilinə ümumilikdə 9063,58 manat məbləğində ziyan dəymişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 01-14/23A saylı əmrindən görünür ki, Spektr Med MMC-də sürücü vəzifəsində işləyən Cavabdeh xx.xx.2023-cü il tarixindən əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70."ç" (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) maddəsinə əsasən xitam verilmişdir. xx.xx.2023-cü il tarixli ödəmə tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən Autouniversal MMC-nin hesabına 4523 manat məbləğində ödəniş edilmişdir. Bakı 20 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/20/2024-00014 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, "xxxx" MMC-nin təsvir etdiyi «vurulmuş zərərin ödənilməsi» mübahisəsi üzrə ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 avqust 2024-cü il tarixli 9/4097 №-li ekspert rəyindən görünür ki, Nəzəri hesablama yolu ilə, iş materiallarında "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Fiat Doblo” minik markalı 90PU117 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 6988,00 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 5688,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 1300,00 manat. Avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6335,00 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 5035.0 manat; Təmir-bərpa işlərinin qiyməti - 1300,00 manat. İşin faktiki halları “Fiat Doblo” minik markalı, 90PU117 dövlət qeydiyyat nişanlı avtomobili iddiaçı "xxxx" MMC-nin mülkiyyətindədir. xx.xx.2022-cü il tarixdə iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsi ilə müəyyən olunmuşdur ki, işin birinci 3 ayı sınaq müddəti hesab edilməklə sürücü vəzifəsinə işə götürmüşdür. xx.xx.2022-cü il tarixli işçinin tam maddi məsuliyyət daşıması barədə müqaviləsi ilə işçi Cavabdeh "xxxx" MMC ilə olan əmək münasibətləri prosesində ona etibar edilmiş əmlakın maddi və ya digər sərvətlərin (bundan sonra birlikdə - "Əmlak”) korlanması üzrə İşçinin tam maddi məsuliyyətinin əsasları müəyyən edilmişdir. İXP seriyalı ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolu ilə müəyyən olunmuşdur ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilərək inzibati məsuliyətə cəlb olunmuşdur. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 01-14/23A saylı əmri ilə müəyyən olunur ki, MMC-də Sürücü vəzifəsində işləyən Cavabdeh xx.xx.2023-cü il tarixindən əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 "ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşəkildə pozduqda maddəsinə əsasən xitam verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 2. Azərbaycan Respublikasının mülki qanunvericiliyi. 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq. Maddə 11. İşəgötürənin əsas hüquqları.
1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: e) işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək. Maddə 191. İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti.
1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 192. Maddi məsuliyyətin başlanması və onu sübut etmək şərtləri.
1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.
2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Maddə 194. Vurulan ziyanın ödənilməsinin təmin edilməsi şərtləri.
1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.
2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Maddə 199. İşçinin tam maddi məsuliyyəti. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda. Maddə 200. Tam maddi məsuliyyət daşınması barədə yazılı müqavilələrin bağlanması.
1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Maddə 202. Ziyanın məbləğinin müəyyən edilməsi.
1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Maddə 205. İşəgötürənə vurulan ziyanın məbləğinin işçidən tutulması qaydası
2. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
“Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.
Məhkəmənin mövqeyi İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı "xxxx" MMC və Cavabdeh arasında əmək münasibətləri olmuşdur. Belə ki, Cavabdeh əmək müqaviləsi əsasında "xxxx" MMC-də sürücü işləmişdir. "xxxx" MMC mülkiyyətində olan Fiat Doblo minik markalı, 90PU117 dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi məhz əmək funksiyalarının icrası ilə əlaqədar Cavabdeh etibar etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin mülkiyyətində olan “Fiat Doblo” minik markalı, 90PU117 dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş hadisədə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə törətməkdə təqsirləndirilərək inzibati məsuliyətə cəlb olunmuşdur. Yol nəqliyyat hadisəsi Cavabdeh idarə etdiyi “Fiat Doblo” minik markalı, 90PU117 dövlət qeydiyyat nişanlı avtomobilin digər avtomobili vurması ilə baş verdiyindən hadisə nəticəsində Cavabdeh də idarə etdiyi avtomobilə də maddi ziyan dəymişdir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC işəgötürən kimi avtomobilə dəymiş ziyanın keçmiş işçisi olan Cavabdeh tutulmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, yuxarıda (§ 21) istinad edilmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, ziyanın həqiqətən vurulduğu aşkar olduqda; təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda işəgötürən və ya işçinin birinin digərinə vurduğu ziyana görə qarşılıqlı maddi məsuliyyəti yaranır. Bundan başqa, həmin Məcəllənin 199-cu maddəsində işçinin qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı hallar müəyyən edilmişdir ki, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın salamatlığını təmin etməməyə görə əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağladığı; işçinin inzibati xətalar və digər qanunvericiliklə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətlərinin olduğu və əmlakı qəsdən korladığı, məhv etdiyi, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduğu hallar da işçinin vurduğu ziyana görə tam maddi məsuliyyətini yaradan hallara daxildir. Üstəlik, Məcəllənin 194-cü maddəsinə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq, müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Eləcə də ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Hazırkı iş materiallarından görünür ki, tərəflər arasında əmək müqaviləsi bağlandığı gün tam maddi məsuliyyət haqqında müqavilə də bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh işçi kimi işəgötürənə öz təqsirli hərəkətləri ilə vurduğu maddi ziyanın ödənilməsi öhdəliyini götürmüşdür. Bundan əlavə, Cavabdeh inzibati xətalar qanunvericiliyi ilə cəza (tənbeh) verilməsi nəzərdə tutulmuş hərəkətləri ilə işəgötürənə maddi ziyan vurmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı "xxxx"ə vurduğu maddi ziyana görə tam maddi məsuliyyəti yaranmışdır. Vurulmuş maddi ziyanın məbləğinə gəldikdə isə məhkəmə qeyd edir ki, ekspert tərəfindən avtomobilin istismarda olma müddəti nəzərə alınmaqla dəyişilməli hissələrin dəyərinə illik 3% aşınma (köhnəlmə faizi) tətbiq edilməklə dəyişilməli hissələrin dəyəri 5035 manat məbləğində qiymətləndirilmiş, 1300 manat məbləğində təmir xərci də nəzərə alınmaqla, avtomobilin təmir-bərpa xərci 6335 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə Cavabdeh təqsirli hərəkətləri nəticəsində “Fiat Doblo” minik markalı, 90PU117 dövlət qeydiyyat nişanlı avtomobilə 6335 manat məbləğində maddi ziyan dəydiyini müəyyən etsə də, nəzərə alır ki, iddiaçı "xxxx" MMC Cavabdeh 5337.14 manat məbləğində maddi ziyanın ödənilməsini tələb edir. Belə olan halda məhkəmə hesab edir ki, vurulmuş maddi ziyana görə Cavabdeh cəmi 5337.14 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş zərərə görə 5337.14 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir.
Məhkəmə xərcləri Məhkəmə hesab edir ki, mediasiya prosesi üçün ödənilmiş 60 manat və dövlət rüsumuna görə ödənilmiş 73.37 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, aparılmış ekspertiza tədqiqatına görə dəyəri 50 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 5337,14 (beş min üç yüz otuz yeddi manat on dörd qəpik) manat, mediasiya prosesi üçün ödənilmiş 60 (altmış) manat və dövlət rüsumuna görə ödənilmiş 73.37 (yetmiş üç manat otuz yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova