Məhkəmə qərarları › İş №e-2(010)-1522/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1522/2023

22.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1522/2023 22.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı, Cavabdeh Sadiq oğlunun iştirakı ilə İddiaçı Cavabdeh Sadiq oğluna qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı Cavabdeh Sadiq oğluna qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 220 manat məbləğində alimentin tutulması, tutmanın xx.xx.2023-cü ildən etibarən hesablanması, həmçinin, azyaşlının 3 yaşı tamam olana qədər iddiaçının (ananın) saxlanması üçün hər ay 261 manat məbləğində pulun tutulmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. O, İddiaçı Cavabdeh ilə rəsmi olaraq nikaha daxil olmuşdur. Bu nikahdan xx.xx.2021-ci il təvəllüdlü X2 anadan olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3584/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş, azyaşlı övladı onun himayəsində saxlanılmaqla cavabdehdən hər ay 193 manat aliment tutulması qət edilmişdir. Prezident cənab İlham Əliyev hər il azyaşlı uşaqlar üçün nəzərdə tutulan minimum yaşayış həddini artırır. Hazırda bu minimum hədd 220 manat təşkil edir. Eyni zamanda 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat məbləğində müəyyən edilmişdir.

Tərəflərin izahatları

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh Sadiq oğlu iddia tələbi ilə razı olmadığını bildirərək tələb edilən aliment məbləğini ödəməyə maddi imkanının olmadığını bildirdi.

İş materialları

5. Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3584/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı Ağabayeva Rəhı̇ mə Ədalət qızı ilə Cavabdeh Sadiq oğlu arasında 21 iyun 2021-ci il tarixdə 4 saylı Bakı ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış 1136 saylı nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 10 noyabr 2021-ci il təvəllüdlü X2 iddiaçı - anası Ağabayeva Rəhı̇ mə Ədalət qızının yanında saxlanılması, Cavabdeh Sadiq oğlundan xx.xx.2022-ci il tarixdən hesablanmaqla 10 noyabr 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ağabayeva Rəhı̇ mə Ədalət qızına ödənilməsi və mediasiya prosesi ilə əlaqədar ödənilmiş 50 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1517/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3584/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni uşaq 3 yaşına çatanadək iddiaçının özü üçün aliment tələbinə dair hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə təmin edilmiş və tərəflərin bigə nikahından anadan olmuş 10 noyabr 2021-ci il təvəllüdlü X2 3 yaşına çatanadək iddiaçının özü üçün xx.xx.2022-ci il tarixdən başlayaraq aylıq 100 (yüz) manat aliment Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir.

İşin faktiki halları

7. Tərəflərin rəsmi nikaha daxil olması, həmin rəsmi nikah münasibətlərindən bir uşaqlarının olması, daha sonra tərəflər arasında nikahın pozulması, uşağın anasının yanında qalması və məhkəmə qətnaməsi ilə hər ay cavabdehdən 193 manat sabit pul məbləğində alimentin və X2 3 yaşına çatanadək iddiaçının özü üçün xx.xx.2022-ci il tarixdən başlayaraq aylıq 100 (yüz) manat alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi dair hallar işin faktiki hallarıdır. Tərəflər arasında mübahisə obyektini tələb edilən alimentin məbləği təşkil edir. İddiaçı tərəf hesab edir ki, cavabdehdən azyaşlının saxlanılmasına görə tutulan alimentin miqdarı artırılmalıdır. İddiaçı, eyni zamanda hesab edir ki, cavabdehdən birgə nikahdan anadan olmuş uşağın 3 yaşına çatana kimi saxlanılması üçün öz xeyrinə tutulan aliment də artırılmalıdır. İddiaçı bu tələblərində ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu qiymətlərinə əsaslanır. Cavabdeh etirazında ona əsaslanır ki, onun maddi imkanı yalnız əvvəlki məhkəmə aktı ilə müəyyən edilmiş alimentin ödənilməsinə yetir. Tələb edilən məbləği isə o ödəmək iqtidarında deyil.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

9. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 84. Ər-arvadın bir-birini saxlamaq vəzifəsi 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə Alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

10. Uşaq Hüquqları haqqında Qanun

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

11. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə

6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Maddə 234.1. Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Maddə 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: Maddə 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında...

13. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

Məhkəmənin mövqeyi

14. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

15. Məhkəmə ilk öncə qeyd edir ki, iddia tələbi xx.xx.2021-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 220 manat məbləğində tutulması hissəsində tam əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsi əsasında cavabdehdən hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırkı halda tərəfin maddi və ailə vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu nəzərə alaraq, azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə dair iddiaçının tələbi təmin edilməli, məhkəmənin qərarına əsasən xx.xx.2021-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay 220 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bu xüsusda cavabdehin etirazını məhkəmə əsaslı hesab etmir. Belə ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir.

16. Məhkəmə hesab edir ki, iddia tələbi artırılmış aliment miqdarının xx.xx.2023-cü ildən etibarən hesablanması hissəsində əsassızdır. Belə ki, AR MPM-nin yuxarıda qeyd olunan maddələrinin tələbindən də göründüyü kimi, alimentin artırılması tələbi üzrə qətnamənin icraya yönəldilməsi ilə bağlı ümumi qaydadan istisna nəzərdə tutulmamışdır. Alimentin artırılması barədə iddia tələbi üzrə qətnamənin icrası o, qanuni qüvvəyə mindiyi vaxtdan hesablanır.

17. Məhkəmə hesab edir ki, iddia tələbi azyaşlının 3 yaşı tamam olana qədər iddiaçının (ananın) saxlanması üçün cavabdehdən hər ay 261 manat məbləğində pulun tutulması hissəsində də əsaslı deyildir. Məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsindən göründüyü kimi, 10 noyabr 2021-ci il təvəllüdlü X2 3 yaşına çatanadək iddiaçının özü üçün xx.xx.2022-ci il tarixdən başlayaraq aylıq 100 (yüz) manat aliment Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Ailə Məcəlləsinin 84-cü maddəsi baxımından tələbin bu hissədə əsaslı olması üçün iddiaçı tərəf cavabdehin tələb edilən aliment miqdarını verməyə maddi imkanının olmasını sübut etməlidir. Hazırda iddiaçı qət edilmiş həmin məbləğin artırılaraq hər ay 261 manat məbləğində müəyyən edilməsini tələb etsə də, lakin iddiaçı cavabdehin qeyd olunan həmin pul vəsaitini ödəməyə kifayət qədər maddi imkanının olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının istinad etdiyi yaşayış minimumu haqqında qanunla müəyyən edilən minimum dolanacaq həddi isə özü-özlüyündə tələbin bu hissədə təmin edilməsi üçün əsas deyildir. Çünki, ailə qanunvericiliyi istinad edilən maddə ilə sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. İddiaçı isə bu işdə həmin halı sübut edə bilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə təmin edilə bilməz.

Məhkəmə xərcləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Odur ki, mediasiya xərci olaraq ödənilmiş 50 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

19. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Sadiq oğlundan xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3584/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulan aliment miqdarı artırılaraq hər ay 220 manat məbləğində müəyyən edilsin. Artırılmış aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvə aldığı vaxtdan hesablansın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar