Məhkəmə qərarları › İş №e-2(010)-1558/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(010)-1558/2022

29.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1558/2022 29.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh “KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 44.67 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 175 manat 07 qəpik məbləğində pulun tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22.08.2005-ci il tarixli, TR 057 saylı və 22.08.2011-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə Bakı şəhərinin müxtəlif rayonlarında kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xətləri çəkilir. Suraxanı rayonu ərazisində bir müddətdir ki, bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan və ya bağlanmış müqavilə münasibətlərinə xitam verdikdən sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında hüquqi yardım göstərilməsi barədə 29.03.2015-ci il tarixli müqavilə imzalanmışdır. İddia ərizəsinə əlavə olunmuş 63 saylı MKİS tərəfindən verilmiş 01.10.2015-ci il tarixli, 3291 nömrəli arayışdan görünür ki, qanunsuz qoşulmanın icra edildiyi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Əliyev küçəsi 4048, 14 saylı evin, 85 nömrəli mənzil cavabdehə məxsusdur. İddia ərizəsinə əlavə edilmiş 27.01.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Əliyev küçəsi 4048, 14 saylı evin, 85 nömrəli mənzilində yaşamış X2 ilə MMC arasında 07.01.2015-ci il tarixdə müqavilə bağlanmış, müqavilə əsasında mənzil “KATV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini 01.03.2015-ci il tarixinədək etmiş və həmin ünvan 25.04.2015-ci il tarixdə 16 manat 50 qəpik borc ilə şəbəkədən ayrılmışdır. Bundan sonra birinci dəfə, yəni 09.09.2015-ci il tarixdə "xxxx" hüquq firmasının və “KATV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 4214N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Daha sonra ikinci dəfə, yəni 19.09.2015-ci il tarixdə "xxxx" hüquq firmasının və “KATV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı təkrar aşkar edilmiş, bu barədə 4296N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə, tərtib edilmiş aktlardan görünür ki, cavabdeh “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmalar həyata keçirmiş və həmin qoşulmalar nəticəsində iddiaçı MMC-yə maddi ziyan dəymişdir. Eyni zamanda, qeyd edilir ki, baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31.08.2015-ci il tarixinədək 9 manat, 01.09.2015-ci il tarixdən isə 10 manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Mənzilin kabel şəbəkəsindən ayrıldığı 25.04.2015-ci il tarixdən qanunsuz qoşulma barədə sonuncu aktın tərtib olunduğu 19.09.2015-ci il tarixə qədər olan müddət hər iki akt üzrə 147 gün təşkil edir. Qanunsuz qoşulmanın mövcud olduğu 147 gündən 128 günü həmin dövr üçün yəni 31.08.2015-ci ilə qədər hər gün üçün 30 qəpik olmaqla 38 manat 40 qəpik, 19 günü isə hər gün üçün 33 qəpik olmaqla 6 manat 27 qəpik təşkil edir. Yəni müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərər cəmi 44.67 manat təşkil edir. Bundan əlavə, "xxxx" MMC "xxxx" hüquq firması ilə bağlanmış “hüquqi xidmətlərin göstərilməsinə dair” müqavilənin 4.1-ci bəndindən görünür ki, “Sifarişçi” bu müqaviləyə uyğun olaraq, özünə məxsus olan kabel şəbəkəsinə, yəni “KATV1”ə qanunsuz qoşulmalarla bağlı olaraq hər bir iş üzrə hüquqi xidmətlərin göstərilməsi üçün “İcraçı”ya 100 manat məbləğində pul ödəyir. Həmçinin, iddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, "xxxx" MMC ilə "xxxx" hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə əsasında 100 manat pul ödəmişdir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilmiş və məktub Mahmudov soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək cavabdehin iştirakı olmadıqda işə qiyabi icraat qaydasında baxılaraq iş üzrə qiyabi qətnamə qəbul edilməsinə etiraz etmədiklərini bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. İş materialları. 27.01.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC ilə ünvan 1 ünvanında yaşayan X1 arasında bağlanmış “KATV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 07.01.2015-ci il tarixində bu ünvan “KATV1” Kabel Televiziyasının şəbəkəsinə qoşulub 01.03.2015-ci il tarixinədək isə son ödəməsini edib. 25.04.2015-ci il 16.50 manat borc ilə şəbəkədən ayrılıb. 09.09.2015-ci il tarixli, 4214 N nömrəli aktın surətindən görünür ki, 09.09.2015-ci il tarixdə ünvan 2 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman, həmin binanın 85 saylı mənzilinin “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmiş, bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakinin iştirakını təmin etmək və tərtib edilmiş aktı təqdim etmək məqsədi ilə həmin mənzilin qapısını döymüşlər və nəticədə mənzil sakini etiraf etmiş, ancaq akta qol çəkməmiş, bu akt "xxxx" MMC-nin nəzarətçisi, “Katv-1” xətt nəzarətçisi, RYTN-nin texniki işçisi tərəfindən imzalanmışdır. 19.09.2015-ci il tarixli, 4296 N nömrəli aktın surətindən görünür ki, 19.09.2015-ci il tarixdə ünvan 2 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman, həmin binanın 85 saylı mənzilinin “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmiş, bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakinin iştirakını təmin etmək və tərtib edilmiş aktı təqdim etmək məqsədi ilə həmin mənzilin qapısını döymüşlər və nəticədə qapını açan olmamış, bu akt "xxxx" MMC-nin nəzarətçisi, “Katv-1” xətt nəzarətçisi, RYTN-nin texniki işçisi tərəfindən imzalanmışdır. "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış 29.03.2015-ci il tarixli “hüquqi xidmətlərin göstərilməsinə dair” müqavilədən görünür ki, bu müqaviləyə əsasən Sifarişçi bu müqavilədə nəzərdə tutulmuş xidmətlərin göstərilməsini sifariş verib İcraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, İcraçı isə Sifarişçinin bu müqavilə ilə müəyyən etdiyi qaydada xidmətləri göstərməyi öhdəsinə götürür. "xxxx" ASC tərəfindən verilmiş 17.02.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin hesabına “Hüquqi xidmət və nəzarət. “Cavabdeh” təyinatı ilə 100 manat məbləğində pul köçürülmüşdür. 63 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 01.10.2015-ci il tarixli arayışda qeyd edilmişdir ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Əliyev küçəsi 4048, 14 saylı evin, 85 nömrəli mənzilində yaşayır. Mənzil ona məxsusdur. CD-dən görünür ki, 19.09.2015-ci il tarixində ünvan 3 ünvanına baxış keçirilmiş, baxış videoya çəkilmişdir. Videoda 85 saylı mənzildən “KATV-1” kabel televiziyası şəbəkəsinə qanunsuz qoşulduğu görünür. İşin faktiki halları. İddiaçı MMC müqavilə əsasında kabel televiziyası xidmətləri göstərir. İddiaçı iddia edir ki, Cavabdeh yaşadığı ünvan 3 ünvanında yerləşən mənzildə 09.09.2015-ci il və 19.09.2015-ci il tarixlərində müqavilə olmadan, qanunsuz olaraq kabel şəbəkəsinə qoşulma halları aşkar edilmiş, bu qoşulmalar nəticəsində iddiaçı MMC-yə cəmi 44.67 manat məbləğində zərər dəymişdir. Eyni zamanda, "xxxx" MMC ilə "xxxx" MMC arasında hüquqi xidmətlərin göstərilməsi ilə bağlı müqavilə bağlanmışdır və bu müqaviləyə əsasən, cavabdeh tərəfindən törədilmiş qanunsuz qoşulma ilə bağlı hüquqi xidmətlərin göstərilməsi üçün "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə 100 manat məbləğində xidmət haqqı ödənilmişdir. Hazırda iddiaçı "xxxx" MMC həm qanunsuz qoşulma ilə bağlı dəymiş 44.67 manat məbləğində zərəri, həm də 100 manat xidmət haqqını cavabdehdən tələb edir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1 . Əsas anlayışlar. 1.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur: 1.0.1. telekommunikasiya - elektrik və ya elektromaqnit rabitə vasitələri (kabel, optik və radio əlaqəsi və digər vasitələr) ilə hər hansı siqnalın, səsin və təsvirin məsafəyə ötürülməsi və qəbul edilməsi; 1.0.2. telekommunikasiya şəbəkəsi - telekommunikasiyanın təmin edilməsi üçün vahid texniki və texnoloji sistemdə birləşdirilmiş müxtəlif növ vasitə və qurğuların məcmusu; 1.0.3. ümumistifadəli telekommunikasiya şəbəkəsi - müvafiq qaydalar, standartlar, xidmət göstərilməsi və ödəmə şərtləri əsasında abunəçinin istifadə edə biləcəyi telekommunikasiya xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulan və bütün istifadəçilərə qoşulma imkanını verən telekommunikasiya şəbəkəsi, yaxud onun bir hissəsi; 1.0.4. telekommunikasiya xidməti - müvafiq telekommunikasiya şəbəkəsi vasitəsilə hüquqi, fiziki şəxslərin və qanuni əsaslarla fəaliyyət göstərən digər subyektlərin telekommunikasiyaya olan tələbatının ödənilməsi məqsədilə həyata keçirilən fəaliyyət... Maddə 35. Telekommunikasiya şəbəkələrinin, vasitələrinin və qurğularının mühafizəsi. 35.3. Telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə” Qaydaları:

6. Telekommunikasiya şəbəkələri, vasitə və qurğularinin zədələnməsinə görə məsuliyyət. 6.2. Telekommunikasiya şəbəkələrinə, vasitə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 238. Qiyabi icraatın əsasları. 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Maddə 241. Qiyabi icraat qaydası. 241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat.

Məhkəmənin mövqeyi.

İş materiallarında olan müvafiq aktlardan və videogörüntüdən görünür ki, 09.09.2015ci il və 19.09.2015-ci il tarixlərdə ünvan 3 ünvanına iddiaçı "xxxx" MMC-nin nümayəndələri tərəfindən baxış keçirilmiş və kabel xəttinə qanunsuz qoşulma halları aşkar edilmişdir. Bundan sonra qanunsuz çəkilmiş kabel xətti şəbəkədən ayrılsa da aydındır ki, kabel şəbəkəsinin qanunsuz qoşulmaqla istismarı nəticəsində "xxxx" MMC-yə zərər dəymişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC bu qanunsuz qoşulma nəticəsində vurulmuş zərəri tələb etməkdə haqlı olmuşdur. "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ödənilmiş 100 manat xidmət haqqına münasibətdə də məhkəmə iddia tələbini əsaslı hesab edir. Belə ki, iddiaçı "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ödənilmiş 100 manat məbləğində pul cavabdehə məxsus mənzildə yol verilmiş qanunsuz qoşulma nəticəsində iddiaçıya dəymiş ziyanın tələb edilməsi ilə bağlı hüquqi xidmət göstərilməsinə görə ödənilmiş, bu pulun həqiqətən ödənildiyini təsdiq edən ödəniş tapşırığı iş materiallarına əlavə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC ödədiyi 100 manat xidmət haqqını da cavabdehdən tələb etməkdə haqlı olmuşdur.

Məhkəmə xərcləri.

İş materiallarından görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 30.40 manat dövlət rüsumu və xidmət haqqı ödəmişdir. Belə olan halda hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə.

Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 44.67 manat məbləğində vurulmuş zərər, 100 manat məbləğində ödənilmiş xidmət haqqı olmaqla, cəmi 144.67 manat məbləğində pul və 30.40 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 214, 216-220, 238-253, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 44.67 manat (qırx dörd manat altmış yeddi qəpik) məbləğində vurulmuş zərər, 100 (yüz) manat məbləğində ödənilmiş xidmət haqqı olmaqla, cəmi 144.67 manat (yüz qırx dörd manat altmış yeddi qəpik) məbləğində pul və 30.40 manat (otuz manat qırx qəpik) məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar