Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1560/2022 04.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 342 manat 06 qəpik məbləğində vurulmuş zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə ödənilmiş150 (yüz əlli) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqının, ümumilikdə 472 manat 46 qəpik məbləğində vurulmuş ziyanın alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: 01.04.2022 və 18.04.2022-ci il tarixli məhkəmə iclaslarında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, cavabdehin mülkiyyətində olan ünvan 1, mənzil 52 və ünvan 4 qanunsuz olaraq iddiaçıya məxsus kabel şəbəkəsinə qoşulmuşdur. İddia ərizəsinə əlavə edilmiş 176 №-li MTK tərəfindən verilmiş arayışdan müəyyən olur ki, Bakı şəhəri,ünvan 4 cavabdehə məxsusdur. Bakı şəhəri İcra Başçısı Aparatı yanında Mənzil Tikinti Kooperativi 155 №-li MTK tərəfindən verilmiş 1089 №-li, 15.10.2019-cu il tarixli Arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli massiv D 18 saylı binanın, 52 nömrəli mənzil cavabdehin adınadır. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş 09.02.2022-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli massiv D 18 saylı binanın, 52 nömrəli mənzili Rüfət Mahmudbəyov adlı şəxslə bağlanmış müqavilə əsasında 28.07.2008-ci il tarixdə şəbəkəyə qoşulmuş, 01.04.2011-ci il tarixdə son ödəmə edilmiş və 13.06.2011-ci il tarixdə , Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli massiv D 18 saylı binanın, 52 nömrəli mənzil şəbəkədən ayrılmışdır. İddiaçı tərəfindən təqdim edilmiş 09.02.2022-ci il tarixli digər Arayışdan müəyyən olur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli massiv D 18 saylı binanın, 52 nömrəli mənzilinə 0113 N saylı akt tərtib edilənədək sonuncu dəfə 08.06.2013-cü il tarixdə həmin binaya baxış keçirilmişdir."xxxx" hüquq firmasının və “KATVİ” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli massivi D 18 saylı binanın, 52 nömrəli mənzilinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş və qanunsuz qoşulma barədə 06.03.2015-ci il tarixli, 0113 N savlı akt tərtib edilərək şəbəkəvə qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş 22.11.2021-ci il tarixli Arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Y/S D 25 saylı binanın, 13 nömrəli mənzili X1 ilə bağlanmış müqavilə əsasında 26.06.2013-cü il tarixdə kabel televizyası şəbəkəsinə qoşulmuş, 01.01.2015-ci il tarixədək son ödəməsini etmiş 10.03.2015-ci il tarixdə 21 manat borcla şəbəkədən ayrlmışdır. "xxxx" hüquq firmasının və “KATVİ” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Y/S D 25 saylı binaya baxış keçirilən zaman cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Y/S D 25 saylı binanın, 13 nömrəli mənzilinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 4222 N saylı, 31.08.2015-ci il tarixli akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. İddiaçı tərəfindən təqdim edilmiş 22.11.2021-ci il tarixli digər Arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Y/S D 25 saylı binanın, 13 nömrəli mənzilinə 8068 N saylı akt tərtib edilənədək sonuncu dəfə 16.05.2018-ci il tarixdə binaya baxış keçirilmişdir. Yəni 31.08.2015-ci il tarixli, 4222 N saylı akt tərtib edilib qanunsuz qoşulmuş kabel şəbəkədən ayrıldıqdan sonra həmin binaya sonuncu baxış 16.05.2018-ci il tarixdə keçirilmişdir.Beləliklə tərtib edilmiş aktlardan görünür ki, cavabdeh “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmalar həyata keçirmiş və həmin qoşulmalar nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir.Eyni zamanda qeyd edirk ki, baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Cavabdehə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli massivi D 18 saylı binanın, 52 nömrəli mənzilə son baxış keçirildiyi 08.06.2013-cü il tarixdən qanunsuz qoşulma barədə 0113 N saylı aktın tərtib olunduğu 06.03.2014-cü il tarixə qədər olan müddət 271 gün təşkil edir. Bu da həmin dövr üçün hər gün üçün 30 qəpik olmaqla 81,30 manat təşkil edir. Cavabdehə məxsus digər mənzil olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Y/S D 25 saylı binanın, 13 nömrəli mənzilin şəbəkədən ayrıldığı 10.03.2015ci il tarixdən qanunsuz qoşulma barədə 4222 N saylı aktın tərtib olunduğu 31.08.2015-ci il tarixədək olan müddət 174 gündür. Bu da həmin dövrdə hər gün üçün 30 qəpik olmaqla 52,20 manat təşkil edir. Daha sonra cavabdehə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Y/S D 25 saylı binanın, 13 nömrəli mənzilinə 4222 N saylı akt tərtib edildikdən sonra qeyd edilən ünvana sonuncu dəfə 16.05.2018-ci il tarixdə baxış keçirilmiş və baxış keçirilən zaman hər hansı qanunsuz qoşulma faktı müəyyən edilməmişdir. Lakin sonradan "xxxx" hüquq firmasının və “K@TVİ” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə təkrarən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Y/S D 25 saylı binaya təkrarən baxış keçirilən zaman cavabdehə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Y/S D 25 saylı binanın, 13 nömrəli mənzilinin şəbəkəyə qanunsuz qoşulma faktı müəyyən edilmiş və 07.02.2020-ci il tarixli, 8068 N saylı akt tərtib edilərək qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Cavabdehə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Y/S D 25 saylı binanın, 13 nömrəli mənzilinə 16.05.2018-ci il tarixdə keçirilmiş sonuncu baxışdan qanunsuz qoşulma barədə 8068 N saylı aktın tərtib olunduğu 07.02.2020-ci il tarixədək olan müddət 632 gündür. Bu da həmin dövrdə hər gün üçün 33 qəpik olmaqla 208,56 manat təşkil edir. Beləliklə sadalanan hallardan müəyyən edilir ki, cavabdehə məxsus hər iki mənzil üzrə müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulmalar nəticəsində iddiaçıya vurulmuş maddi zərər ümumilikdə 342 manat 06 qəpik təşkil edir. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə əsasında xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 100 manat pul ödənilmişdir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilmiş, məktublar qəbul edilməsinə baxmayaraq vurulmuş maddi zərər bu günə kimi ödənilməmişdir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 04.05.2022-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, mülki işə onların iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, o, mənzili 2010-cu ildə almışdır. Həmin mənzili alanadək orada kimin yaşadığından və kiminlə müqavilə bağlandığından xəbəri yoxdur. O, evi aldıqdan sonra burada yaşamamışdır. Onun oğlu xəstədir və 18 ildir ki, onu Rusiyada müalicə elətdirir. Mənzillərin ikisi də onun mülkiyyətindədir. Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, massiv D bina 18, 52 saylı mənzili 2010-cu ildə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Y/S D 25 saylı binanın, 13 saylı mənzili isə 2007-ci ildə almışdır. Təqdim etdiyi arayışlardan da görünür ki, 13 saylı mənzildə heç vaxt yaşamamış, 52 saylı mənzildə isə 2015-ci ilin axırlarından yaşamışdır. O, 2016-cı ildə qızının toyu olanda Bakıya gəlmişdir. Əgər borcu olsaydı KATV-nin əməkdaşları gəlib borcu ondan tələb edə bilərdilər. O, yalnız AİLƏ TV-dən istifadə etmişdir. KATV-nin əməkdaşları isə heç vaxt ona müqavilə bağlamaq üçün müraciət etməyiblər. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: 06.03.2014-cü il tarixli, 0113 №-li aktdan görünür ki, "xxxx" hüquq firmasının və İddiaçı kabel televiziyasının əməkdaşları ünvan 1 ünvanında kabel şəbəkəsinə baxış keçirmiş və həmin ünvanda yerləşən 52 saylı mənzildə qanunsuz olaraq kabel şəbəkəsinə qoşulması aşkar edilərək bu akt tərtib edilib imzalanmışdır. Bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək üçün və tərtib edilmiş aktı təqdim etmək məqsədilə həmin mənzilin qapısı döyülmüş, lakin qapını açan olmamışdır. 31.08.2015-ci il tarixli, 4222 №-li aktdan görünür ki, "xxxx" hüquq firmasının və İddiaçı kabel televiziyasının əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Y/S D 25 saylı binada kabel şəbəkəsinə baxış keçirmiş və həmin ünvanda yerləşən 13 saylı mənzildə qanunsuz olaraq kabel şəbəkəsinə qoşulması aşkar edilərək bu akt tərtib edilib imzalanmışdır. Bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək üçün və tərtib edilmiş aktı təqdim etmək məqsədilə həmin mənzilin qapısı döyülmüş, lakin mənzil sakini özünü təqdim etməkdən və akta imza etməkdən imtina etmişdir. 07.02.2022-ci il tarixli, 8068 №-li aktdan görünür ki, "xxxx" hüquq firmasının və İddiaçı kabel televiziyasının əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Y/S D 25 saylı binada kabel şəbəkəsinə baxış keçirmiş və həmin ünvanda yerləşən 13 saylı mənzildə qanunsuz olaraq kabel şəbəkəsinə qoşulması aşkar edilərək bu akt tərtib edilib imzalanmışdır. Bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək üçün və tərtib edilmiş aktı təqdim etmək məqsədilə həmin mənzilin qapısı döyülmüş, lakin qapını açan olmamışdır. 09.02.2022-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri Suraxanı r., Massiv D 18 mənzil 52 0113 N saylı akt tərtib olunana qədər sonuncu dəfə 08.06.2013-cü il tarixində həmin binaya baxışı keçirilmişdir. 09.02.2022-ci il tarixli arayışdan görünür ki, “AG Telekom" MMC ilə ünvan 2 ünvanında yaşayan Mahmudbəyov Rüfət arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 28.07.2008-ci il tarixində bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulub. 01.04.2011 il tarixinədək isə son ödəməsini edib. 13.06.2011 il 21,90 azn borc ilə şəbəkədən ayrılıb. 22.11.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri Suraxanı r., Massiv D 25 mənzil nömrəli mənzil 8068 N saylı akt tərtib olunana qədər sonuncu dəfə 16.05.2018-ci il tarixində həmin binaya baxışı keçirilmişdir. 22.11.2021-ci il tarixli arayışdan görünür ki, “AG Telekom" MMC ilə ünvan 3 ünvanında yaşayan X2 arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 26.06.2013-ci il tarixində bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulub. 01.01.2015 il tarixinədək isə son ödəməsini edib. 10.03.2015 il 21 azn borc ilə şəbəkədən ayrılıb. Təqdim olunmuş videodiskdən görünür ki, qanunsuz olaraq kabel şəbəkəsinə qoşulma faktı aşkar olunmuşdur. 17.02.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC Cavabdeh məhkəmə iddiası üzrə hüquqi xidmətə görə "xxxx" MMC-yə 150 manat məbləğində ödəniş etmişdir. 16.02.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş: 176 saylı MTK-nın sədri tərəfindən verilmiş 03.05.2022-ci il tarixli, 84 №-li arayışdan görünür ki, Bakı şəhəri Suraxanı rayonu, “D” y/s-də yerləşən 25 №-li evin 13 №-li mənzili Cavabdeh məxsusdur, lakin 2008-ci ildən, mənzili alandan orada yaşamayıb. 155 saylı MTK-nın sədri tərəfindən verilmiş 04.05.2022-ci il tarixli, 75 №-li arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri Suraxanı rayonu, “D” y/s-də yerləşən 18 №-li evin 52 №-li mənzilində 2015-ci ildən yaşayır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* №-li “Çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayonu, “D” y/s-də yerləşən 25 №-li evin 13 №-li mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına 24.09.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* №-li “Çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayonu, “D” y/s-də yerləşən 18 №-li evin 52 №-li mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına 19.11.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, Cavabdeh ünvan 1, mənzil 52 və ünvan 4 ünvanında xətdən kənar qoşulmadan qanunsuz istifadə etməsi iş materialları ilə təsdiqini tapmır. Belə ki, işə əlavə edilən aktlardan görünür ki, "xxxx" hüquq firmasının və İddiaçı kabel televiziyasının əməkdaşları qeyd olunan mənzillərə baxış keçirmiş və qanunsuz olaraq kabel şəbəkəsinə qoşulma aşkar edilərək akt tərtib edilib imzalanmışdır. Bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək üçün və tərtib edilmiş aktı təqdim etmək məqsədilə həmin mənzilin qapısı döyülmüş, lakin qapını açan olmamış, mənzil sakini özünü təqdim etməkdən və akta imza etməkdən imtina etmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən sözügedən mənzilə televiziya yayımı üçün cavabdeh tərəfindən kənar xəttin qoşulmasını əks etdirən disk təqdim olunsa da, mənzilə kənar xəttin cavabdeh tərəfindən çəkilməsi və həmin qanunsuz qoşulmadan onun istifadə etməsi faktı işə əlavə edilən sənədlərlə və işin halları ilə öz təsdiqini tapmır. İddiaçı müvafiq mənzildə kabel şəbəkəsinə kənar qoşulma olduğunu bildirsə də bu qoşulmanın məhz cavabdeh tərəfindən edildiyini sübuta yetirə bilməmişdir. Həmçinin, iddiaçı belə bir pozuntunun olmasını yalnız bir aktla və disklə təsdiq edir ki, bu aktda da nə cavabdehin, nə də kənar hal şahidlərinin imzası yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının kabel şəbəkəsinə çəkilmiş kənar xəttə görə dəymiş zərərin ödənilməsini tələb etmək hüququ olsa da bunun məhz cavabdeh tərəfindən edildiyi, yəni cavabdehin təqsiri sübut edilmədiyindən iddiaçının hüququnun cavabdeh tərəfindən pozulubpozulmaması sübut edilmir. Həmçinin, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Mahmudbəyov Rüfət və X2 arasında KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. İddiaçı tərəfin özünün iş materiallarına əlavə etdiyi arayışdan isə görünür ki, mənzilin sahibi Cavabdehdır. Belə olan halda, kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqavilənin mənzildə yaşayan, lakin mülkiyyətçi olmayan şəxslə bağlanması və həmin müqavilə üzrə borcun mülkiyyətçidən tələb olunması yolverilməzdir. Bundan əlavə, cavabdeh tərəfindən təqdim olunmuş arayışlardan görünür ki, o, Bakı şəhəri Suraxanı rayonu, “D” y/s-də yerləşən 25 №-li evin 13 №-li mənzilində 2008-ci ildən, yəni mənzili alandan yaşamayıb, digər mənzildə, yəni Bakı şəhəri Suraxanı rayonu, “D” y/s-də yerləşən 18 №-li evin 52 №-li mənzilində isə 2015-ci ildən yaşayır. Belə olan halda cavabdehin həmin mənzillərdə yaşamamasına baxmayaraq ondan borcun tələb olunması əsassızdır. Belə ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Beləliklə, əgər İddiaçı MMC Cavabdeh qanunazidd hərəkətləri nəticəsində ona hər hansı məbləğdə zərər dəydiyini iddia edirsə, ilk növbədə qanunazidd hərəkətin həqiqətən törədildiyini, daha sonra bu hərəkətin məhz cavabdeh tərəfindən törədildiyini, ən sonda isə bu qanunazidd hərəkətlə dəymiş zərər arasında birbaşa səbəbli əlaqə olduğunu sübut etməlidir. Lakin hazırkı iş üzrə iddiaçı bu qeyd edilənlərin heç birini sübut edə bilməmişdir. Halbuki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdiklər sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi baxımından sübut edilməmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia tələbi, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manatın cavabdehdən tutulması hissəsində də, əsassızdır. Belə ki, tələbin hüquqi xidmətlərin göstərilməsi üçün ödənilən pul məbləğinin cavabdehə aid edilməsi hissəsi, hazırkı iddiada cavabdehin təqsiri sübuta yetirilmədiyinə görə əsaslı deyildir. Həmçinin, qrafik üzrə nəzarət baxışı zamanı binaların yoxlanılması iddiaçı şirkətin daima apardığı profilaktik hərəkətlərdir və cavabdehin qanuna zidd hərəkətlərinə görə bu yoxlamanın aparılması və ya növbədən kənar yoxlamanın keçirilməsi iş materialları ilə öz təsdiqini tapmır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İddia rədd edildiyi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(010)-1560/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1560/2022
04.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver